Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Ustadlar. Rafiq Əliyev: "Elmdə əxlaq norma olmalıdır"

Müəllif:

Bələdçi


Kateqoriya:

"Art-İnfo" İnternet Mədəniyyət İnformasiya Agentliyi



Qısa Təsvir:

AZƏRBAYCANLI ALİMİN YENİ NƏZƏRİYYƏSİ ABŞ-DA MÜZAKİRƏ OLUNUR


Baxış sayı: 90
    
    


Görkəmli Azərbaycan alimi, professor Rafiq Əliyev bu günlərdə ABŞ-dan qayıdıb. O, Berklidəki Koliforniya Universitetində, Sinsinati Universitetində və başqa universitetlərdə seminarlar keçib və mühazirələr oxuyub. R.Əliyevlə söhbətimiz də elə bu məsələlər ətrafındadır.

  - Rafiq müəllim, ABŞ-a bu dəfəki səfəriniz kimlərin dəvəti ilə baş tutdu?

   - Bu səfərim əsasən ABŞ-ın iki universitetinin dəvəti və xahişi ilə səbəblənmişdi. Əvvəlan Berkli Universitetinin BISC (Berkeley Initiative in Soft Computing) qurumunda seminar keçirmək üçün professor L.Zadə tərəfindən dəvət olunmuşdum. Bu dəvətin başqa bir məqsədi Berkli Universiteti ilə olan elmi kontraktımız üzrə apardığımız tədqiqatların nəticələrini təhlil etmək, gələcək elmi araşdırmalarımızı müzakirə etmək idi.

   Başqa bir dəvət isə Sinsinati Universiteti tərəfindən idi. İyun ayının 14-17-də bu universitetdə NAFIPS-2009 (North American Fuzzy Information Processing Society) keçirilirdi. Konfransın sədri ABŞ-da və ümumiyyətlə dünya elmində yaxşı tanınan professor A.Ralesku plenar məruzə ilə çıxış etmək üçün mənə dəvət göndərmişdi. Əlbəttə, bu cür mötəbər bir ümumdünya elmi forumunda plenar məruzə ilə çıxış etmək hər bir elmi işçi üçün şərəfdir və nadir hadisədir. Buna görə də mən bu dəvəti qəbul etdim.

   - Berkli Universitetindəki seminarımız barədə daha müfəssəl informasiya verə bilərsinizmi?

   - Bir neçə kəlmə ABŞ-ın Berklidəki Koliforniya Universiteti barədə demək istərdim. Bu universitet dünyanın ən məhşur bir neçə elm və təhsil mərkəzlərindən biridir. Şanxay universitetinin reytinq üsuluna görə Berkli Universiteti dünyanın 10 top universiteti içərisində 2-ci 3-cü yerlərdə durur. Bu universitet 37 Nobel mükafatçısı ilə fəxr edir. Dahi L.Zadə də 1959-cu ildən bu universitetdə çalışır. Onun rəhbərlik etdiyi BISC beynəlxalq mərkəzi yeni texnologiyalar, intellektual sistemlər üzrə dünya alimlərinin Məkkəsinə çevrilmişdir. Keçən il də bu mərkəzdə \"Fuzzy Decision analysis and control in multi-agent behavioral economic systems\" mövzusunda seminar keçirmişdim. Bu ilki seminarımın elmi məğzindən əlavə yaddaşıma həmişəlik həkk olunan bir emosional tərəfi də var idi. Həm internetdəki anonslarda, həm də nəhəng Berkli Universitetinin Soda Hall binasındakı elan lövhəsində aşağıdakı elanları oxuyanda qürur hissimin sərhəddi yox idi:

   BISC Seminar, 11 iyun, 2009, 1600-1700, 373 Soda Hall

   Mühazirəçi: Professor Lotfi A. Zadeh

   Genişləndirilmiş qeyri-səlis məntiq (Toward Extended Fuzzy Logic)

   BISC Seminar, 12 iyun, 2009, 1600 - 1700, 373 Soda Hall

   Mühazirəçi: Professor Rafiq Əliyev

   Dəqiq olmayan ehtimallı mühitdə qərarların təhlili (Decision Analysis with imprecise probabilities)

   Bu qürur hissi vətənimdən, millətimdən, Azərbaycandan qaynaqlanırdı. Seminarın məzmununa gəlincə burada əsas məsələ iki tərtibli qeyri-müəyyənliklə, başqa sözlə mövcud qeyri-müəyyənlik haqqında qeyri-müəyyən informasiya ilə səciyyələnən mühitdə, məsələn iqtisadiyyatda, sosial-iqtisadi sistemlərdə yeni qərar qəbul etmə nəzəriyyəsinin yaradılmasıdır.

   - Söhbət ikiqat qeyri-müəyyənlikdən gedir? Bu barədə səhv etmiriksə, APA agentliyi də məlumat vermişdi...

   - Yadımdadır. Bu sualı mənə \"Exo\" qəzetində iştirak etdiyim internet forumunda da vermişdilər. İndi söhbət ideyadan yox, formalaşmış yeni bir nəzəriyyədən, özü də mövcud klassik qərar qəbul etmə nəzəriyyəsini müəyyən mənada inkar edən nəzəriyyədən gedir.

   - Olarmı ki, bu nəzəriyyənizin mahiyyətini bir az populyar tərzdə açasınız, onun üstün tərəflərini göstərəsiniz...

   - Qərar qəbul etmə nəzəriyyəsi tək iqtisadi nəzəriyyənin deyil, gündəlik həyatımızda rastlaşdığımız və seçim tələb olunan fəaliyyətimizin əsasıdır. Qərar qəbuletmə mövcud alternativlər (variantlar) içərisindən müəyyən meyarlara görə ən əlverişlisinin seçilməsidir. Əgər qərar qəbul olunan mühit tam müəyyəndirsə, hər bir alternativin nəticəsi tam məlumdursa, yəni mühit perfektdirsə seçim çox asandır, nəticələrin üstünlüyünə, ranqına görə qərar qəbul etmək olar.

   Mühit imperfektdirsə, yəni hər bir alternativin nəticəsi qeyri-müəyyəndirsə seçim etmək üçün mükəmməl nəzəriyyəyə ehtiyac var.

   İlk belə nəzəriyyə von Neumann və Morgenstern tərəfindən təklif olunmuş gözlənilən faydalılıq nəzəriyyəsidir. Burada əsas mülahizə odur ki, hər bir alternativin (qərarın) verdiyi nəticənin ehtimalı tam məlumdur və əvvəlcədən verilib. Bu müəlliflər Nobel mükafatına layiq görülmüşdür. Bu nəzəriyyəni tənqid edən Savage obyektiv ehtimalın əldə olunmasının çətinliyini (çox zaman mümkünsüzlüyünü) göstərərək subyektiv ehtimaldan, yəni bu və ya digər hadisənin baş verməsinin əminlik dərəcəsindən istifadə etməyi təklif etdi. İqtisadiyyatın bu klassik qərar qəbul etmə nəzəriyyələri real həyatda çox zaman özünü doğrultmur. Əvvəlan ona görə ki, bu nəzəriyyənin kökündə çox da real olmayan seçim üstünlüyünün asılı olmaması mülahizəsi, obyektiv ehtimalla insanın əminlik səviyyəsinin identiklik hipotezi və sair durur.

   Buna görə də başqa alternativ - gözlənilməyən faydalılıq (non-expected utility) nəzəriyyələri yarandı. Bu gün bunların içində ən önəmlisi Nobel mükafatçısı professor Kahneman və onun həmkarı professor Tversky təklif etdiyi Prospekt nəzəriyyəsidir. İqtisadiyyata psixologiyadan gəlmiş bu alimlər hadisələrin ehtimallarının insan tərəfindən qavranmasının qeyri-xəttiliyini, iqtisadi agentlərin, məsələn qərar qəbul edən şəxsin qazancdan cox itkiyə həssas olması və başqa cəhətləri nəzərə alıblar.

   Sadaladığımız və bəzi sadalamadığımız klassik alternativ faydalılıq nəzəriyyələrinin əsas çatışmayan cəhətləri odur ki, nəticələrin faydalılıq funksiyasının ehtimallarının dəqiq məlum olması nəzərdə tutulur. Bunun əksinə olaraq real həyatda insanın seçim üstünlükləri və nəticələrin ehtimalları əslində qeyri-dəqiq olur və təbii dildə ifadə olunur. Xüsusi halda ən məşhur nəzəriyyələrdən biri - Kahneman - Tversky nəzəriyyəsi çox vacib psixoloji aspektləri əks etdirdiyinə baxmayaraq bu çatışmamazlıqdan azad ola bilmir.Bu nəzəriyyənin digər çatışmamazlığı ciddi aksiomatik əsasların olmamasıdır. Bunları nəzərə alaraq biz ikinci tərtib qeyri-müəyyənlik şəraitində qərar qəbul etmənin yeni nəzəriyyəsinin əsaslarını, daha doğrusu qeyri-dəqiq ehtimallı qərarların qəbul edilməsini təklif edirik. Bu nəzəriyyədə qeyri-səlis inteqrala əsaslanan qeyri-səlis faydalılıq funksiyası qeyri-səlis qiymətli additiv olmayan ölçüdən istifadə edilərək verilir. Berkli Universitetində keçirdiyim seminarın əsas məqsədi dünya alimlərinin bu yeni nəzəriyyə ilə tanış etmək, tənqid və təkliflərini eşitmək, nəticələrimizə qıraqdan baxa bilmək imkanı qazanmaq idi.

   - Bir qədər Sinsinati universitetində keçirilən NAFIPS-2009 və sizin çıxışlarınız barədə də məlumat versəniz, yaxşı olardı.

   - Zadə ilə birlikdə Berklidən Sinsinatiyə getdik və NAFIPS-2009-un işində iştirak etdik. NAFIPS-in əsas məqsədi bəşəriyyətin rifahı naminə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin inkişafı və uyğun yeni texnologiyaların dəstəklənməsidir.

   Bu məqsədlə NAFIPS müxtəlif milli və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq və texnologiyaların mübadiləsini həyata keçirməyə çalışır.

   NAFIPS-in növbəti illik konfransı-NAFIPS 2009 bu ilin iyun ayının 14-dən 17-nə kimi ABŞ-ın Ohayo ştatının Sinsinati Universitetində keçirilirdi. Konfransın vəzifəsi intellektual sistemlər və texnologiyalar sahəsində perspektiv ideyaların və tədqiqatların müzakirəsi, bu sahədə elmin və texnologiyaların gələcək istiqamətinin müəyyənləşdirilməsi, qeyri-səlis informasiya emalı sahəsində innovasiyaların və nailiyyətlərin müzakirəsi məqsədilə tədqiqatçıları, mühəndisləri və praktikləri bir yerə toplamaqdır.

   - Plenar məruzəniz nə haqda idi? Necə qarşılandı?

   - Biz son bir neçə ildir ki, ABŞ-ın Corciya Dövlət Universiteti və Berkli Universiteti ilə birlikdə qeyri-səlis iqtisadi nəzəriyyə, inperfekt iqtisadi sistemlər ilə məşğul oluruq. Ona görə ki, XIX əsrdən bəri iqtisad elminin inkişafını izləyəndə görürük ki, onun əsasında dəqiq və riyazi əsaslandırılmış aksiomatik nəzəriyyə durmasına baxmayaraq iqtisadi reallıqlarla iqtisadi nəzəriyyə əsasında verilmiş hesablamaların, proqnozların arasında bir uçurum var. Bunun əsas səbəbi iqtisadi reallıqların modelləşdirilməsinin (hər bir nəzəriyyə reallığın modelini özündə təcəssüm etdirir) klassik riyaziyyata əsaslanmasıdır.

   Müasir görkəmli dünya iqtisadçı alimlər, Nobel mükafatı laureatları G.Akerlof, D.Kahneman və başqalarına istinadən biz göstərmişik ki, klassik və neoklassik iqtisadi nəzəriyyələrin əsasında duran standart elmi fərziyyələr - bütün insanlar rasionaldırlar və ancaq öz məqsədlərini güdəndirlər- qənaətbəxş deyil.

   Real həyata yaxın olan, yuxarıda göstərilən uçurumu aradan qaldıra bilən yeni iqtisadi nəzəriyyə, mərkəzində insan duran sistem kimi baxılmalı olan iqtisadiyyatda iştirak edən agentlərin (institutların, təşkilatların, qərar qəbul edən insanların) motivasiyalarını, intuisiyalarını, sosial normalarını, emosiyalarını, başqa sözlə davranış normalarını nəzərə almalıdır.

   İqtisadi və sosial-iqtisadi aləm elə mürəkkəbdir ki, onu klassik riyaziyyatın və bivalent Aristotel məntiqinin dilində təsvir etmək mümkün deyil. İqtisadi reallıqları düzgün, adekvat nəzərə ala bilməyimiz üçün bizim daha səmərəli modelləşmə dilinə ehtiyacımız var. Biz belə qənaətə gəlirik ki, iqtisadi, sosial və siyasi sistemlərin modelləşdirilməsi dili qeyri-səlis məntiqə əsaslanan dil olmalıdır (bu dil təbii dilə çox yaxındır).

   Bu baxımdan tədqiqatlarımızda iqtisadi sistem insan yönümlü (human centric) və informasiyanın mövcudluğu baxımından yüksək qeyri-müəyyənliklə səciyyələnən realistik çox-agentli sistem kimi baxılır və iqtisadi agentlərin davranışının modelləşdirilməsi qeyri-səlis məntiqi dilə əsaslanır.

   Belə sistemlərdə adekvat qərarlar analizi və inperfekt sistemlər olaraq onların dayanıqlıq problemlərinin həlli çox vacib elmi problemlərdir. Bu problemlərin tədqiqi üzrə araşdırmalarımızın nəticələri bu plenar məruzədə əhatə olunub.

   Məruzə ətrafında qeyri-səlis məntiqin və intellektual texnologiyaların klassikləri professorlar L.Zadə, M.Gupta, R.Yaqer, A.Ralesku və başqaları məruzədə təklif olunan nəzəri müddəaları və əksər nəticələri yüksək qiymətləndirdilər. Amerikalı, rusiyalı və başqa ölkələrdən olan mütəxəssislər təklif olunan nəzəriyyələrin tətbiq edilməsi üçün birgə işlərin aparması barədə təşəbbüs göstərdilər. Bir faktı qeyd etmək istərdim. NAFIPS-2009-da dünyanın müxtəlif ölkələrindən çoxsaylı alimlər və praktiklər nümayəndəliyi iştirak edirdilər. Təvazökarlıqdan kənar olmasın, bu məruzə xüsusi qiymət aldı, tam yeni bir elmi istiqamət kimi qiymətləndirildi.

   - Sizin elmi maneranızda, yaradıcılıq fəaliyyətinizdə bir cəhət seçilir. Hər bir yeni nəzəriyyələrinizdə klassikləri inkar edirsiniz. Məsələn deyirsiz ki, von Neumann, Morgenstern və b. (bunların çoxu Nobel mükafatı laureatlarıdır), iqtisadi qərar qəbuletmə nəzəriyyələri çox zaman həyatda özünü doğrultmur və ya ümumiləşdirilmiş dayanıqlıq nəzəriyyənizin əsaslandırılmasında deyirsiniz ki, dünyanın 200 ildən çox istifadə etdiyi klassik Lyapunov və Lipşits dayanıqlıq nəzəriyyələrinin çatışmayan cəhətləri var, bəzən tətbiq oluna bilmir. 2001-ci ildə \"World Scientific\" nəşriyyatında dərc olunmuş kitabınızda Aristotelin ikili məntiqinə, hətta müəlliminiz L.Zadənin bəzi qeyri-səlis məntiqlərinə tənqidi yanaşırsınız. 1976-cı ildə Moskvada \"Radio i Sivyaz\" nəşriyyatında çap olunmuş kitabınızda yazırsınız ki, klassik Dantzig-Wolfe nəzəriyyəsi sizin təklif etdiyiniz koordinasiya nəzəriyyəsinin xüsusi halıdır. Bu bir tədqiqat tərzidir, ya fərdi xarakterdən gələn bir xüsusiyyətdir?

   - Mən elmin inkişafını bu inkarlarda görürəm. Fundamental nəticələr köklü elmi təhlilə və tənqidə əsaslanır, kosmetik elmi nəticələr təlqidə və tərifə söykənir. Ikinci yol mənim yolum deyil. Sinsinatidə məruzəmə başlayanda qeyd etdim ki, mən hansı məsuliyyətin altına girdiyimi dərk edirəm. Axı nəticələrini müqayisə etdiyim alimlərin bir qismi sağdırlar, gümrahdırlar, gərgin işləyirlər, Nobel mükafatçılarıdırlar. Ancaq bir təsəllim var ki, onlar əsl alimlərdirlər, əsl elmdə məddahlıq təqdir olunmur, məddahlıq Lısenkoçuluğa gətirib çıxarır. Elə bizim özümüzün də Lısenkolarımız azmı olub. Mən əvvəlki yazılarımda da qeyd etmişəm ki, klassiklərə çox böyük sayqı ilə yanaşıram, biz bu günə və sabaha onların çiyni üstə baxırıq. Lakin onların nəticələrinə heç vaxt doqma kimi baxmamışam. Görünür, sualınızda qaldırdığınız problem, yaradıcılıq üslubu bu nöqtədən qaynaqlanır.

   - Hazırda nə üzərində işləyirsiniz?

   - İndi ABŞ-da olarkən təxminən hər gün prof. L.Zadə son bu iki nəzəriyyəyə aid bir kitabın çap olunmasını israrla tövsiyə etdi. Yaxın hədəf yaxın gələcəkdə \"Springer\" nəşriyyatında çapa qəbul edilmiş \"Fuzzy Economics\" kitabını təhvil verməkdir. Bundan sonra \"World Scientific\" nəşriyyatı üçün \"Decision analysis with imprecise probabilities\" kitabı üzərində işləyəcəm.

   Elmi istiqamətlərimiz də davam edəcək. Tipik \"benchmark\" məsələlər üstündə təklif etdiyimiz qərar qəbul etmə nəzəriyyəsinin səmərəliliyini, üstünlüyünü isbat etmək əsas araşdırmalarımızdan biri olacaq. 2-ci tip qeyri-səlis məntiq əsasında ikiqat qeyri-müəyyənlik şəraitində qərarların təhlili nəzəriyyəsinin işlənməsinə başlayacağıq.

   - Təşkil etdiyiniz növbəti beynəlxalq konfranslar harada və nə vaxt keçiriləcək?

   - Biz hər iki ildə 3 Beynəlxalq Konfrans keçiririk. Cari il sentyabrın 2-də Şimali Kiprdə \"International Conference on Soft Computing and Computing with Words\", 2010-cu ilin sentyabr ayında Norveçdə \"International Conference on Applications of Fuzzy Systems and Soft Computing\", 2010-ci ilin oktyabrında isə Daşkənddə \"World Conference on Intelligent Systems for Industrial Automation\" konfransları keçiriləcək. Bu konfranslarda uzunömürlüdürlər, öz ətraflarında çoxlu sayda ölkələr və alimlər cəlb ediblər. Ötən 15-20 il ərzində bu beynəlxalq konfranslarda yeni-yeni nəzəriyyələrin, texnologiyaların yaranmasının şahidi olmuşuq. Şükürlər olsun ki, bütün bu beynəlxalq konfranslarda prof. L.Zadə fəxri sədr kimi həmişə iştirak edib.

   - Rafiq müəllim, Azərbaycanda elmin indiki vəziyyəti barədə nə deyə bilərsiniz?

   - Əfsuslar olsun ki, yumşaq desəm, qənaətbəxş deyil. Əsas səbəb budur ki, bu gün Azərbaycanda elmi nailiyyətlərə, yeni texnologiyalara sosial sifariş yoxdur. Axı neft və qaz satmaq üçün elə yüksək elmə ehtiyac yoxdur. Ancaq postneft dövrünü düşünmək lazımdır. O çox da uzaqda deyil. Bəs indiki xammala əsaslanan iqtisadi modelimizi hansı iqtisadi model əvəzləməlidir. Bax bunun üçün elm, özü də bütöv ciddi elm lazımdır. Elmdə əxlaq norma olmalıdır. Elmimizin inkişafına Ali Attestasiya Komissiyasının (AAK) işinin yaxşılaşdırılması da kömək edərdi. Əvvəllər də mən yazmışam və demişəm ki, elmdəki monopoliya iqtisadiyyatdakından betərdir. AAK-dakı aylarla, illərlə süründürməçilik, bürokratik əngəllər elmin inkişafına dirənən maneələrdir. Elmimizin inkişafı üçün bir məqama da toxunmaq istərdim. Postneft dövrü üçün yaradılacaq iqtisadi modelin elmi təminatında ağırlıq mərkəzi universitet elminə yönəlməlidir. Axı dünya iqtisadiyyatı qloballaşır, dünya elmi də qloballaşır. Dünya elmində ağırlıq mərkəzi universitet elmi üzərindədir. Biz postsovet ölkələri elmi modelini izləməməliyik. İndi gecdir, onun vaxtı artıq keçib.

E-mənbə / link: http://www.525.az/new/2009/08/08/read=45200