Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Sovet ədəbiyyatı: Gerçəklər, həqiqətlər, ziddiyyətlər

Müəllif:

Kamil Vəli Nərimanoğlu


Kateqoriya:

Ədəbiyyat tarixi



Qısa Təsvir:

XX əsr Azərbaycan (sovet) ədəbiyyatına yeni - fərqli baxış


Baxış sayı: 4250
    
    


Azad fikri, sərbəst düşüncəni, plüralizmi, demokratik açılımı qidalandırıb bəsləyən ən böyük amil sərbəst düşüncənin məhsulu olan ədəbiyyat və sənətdir. Sovet dövründəki siyasi ideologiyanın yeganə maneəsi də ədəbiyyat və sənətdir. 20-ci illər SSRİ-nin ilk illəri və bir növ məcbur qaldığı azad düşüncə qapısını açmasa da, tam qapada bilmədiyi dövrdür. 20-ci illərdə Moskva və Leninqradda çap olunmuş Z.Freyd, F.Nitşe, A.Şopenhauer... Rusiyanın XX əsrin əvvəllərində qazandığı fikir böhranının, azad düşüncə axtarışlarının davamıdır. Bir tərəfdən Tolstoy, Dostoyevski genişliyi və dərinliyi, Qoqolun, Çexovun ziddiyyət və harmoniya arayışları, o biri tərəfdən Plexanovun, Sorokinin, Sokolovun ictimai-fəlsəfi araşdırmalarının önünü inqilab kəskin şəkildə ala bilməzdi. Bu cəhd üçün öncə Leninə, sonra Stalinə 10-15 il lazım oldu. İlk öncə siyasi rəqiblər və siyasi müxalifət məhv edilməyə başlandı. Sənayeləşdirmə, kollektivləşdirmə və mədəni inqilab kompaniyalar, onların ardınca ümumdünya iqtisadi böhran, aclıq, köç və repressiya. Bu tarixi kontekstdə azad düşüncənin taleyi, demək olar ki, ən azı birinci planda həll olundu.

   Rejim şəraitində siyasətin funksiyası kompensasiya edilmiş şəkildə bədii ədəbiyyata, ədəbi tənqidə, publisistikaya sığışdırılır. İnsanların, xüsusilə yaradıcı insanların cəmiyyəti təhlil, tənqid, araşdırma ehtiyacı ədəbiyyat və sənətdə mərkəzləşmiş olur. Rejim ölkələrində ədəbiyyatın və sənətin daha maraqlı, orijinal, zəngin, çoxölçülü, metaforik olması həm də bu amillə bağlıdır. Bu fikir demokratik ölkələrdə ədəbiyyatın zənginliyini, təkrarsızlığını inkar etmir. Çünki əsasən, dünyanın bütün böyük söz ustaları öz zəmanələrinə müxalifdirlər.

   Dəli şairin səsi:

   \"Lap Allaha müxalif-şeytanın özü kimi...\"

   Normal millət də, insan da öz tarixinə intiqam hissi ilə, heyfalma təşəbbüsü və haqq-hesab çəkmək məntiqi ilə yanaşmır. Tənqid və təhlil, zaman və səbəblər silsiləsi kontekstində yanaşma və araşdırma özündən qisasalma kompleksindən azad olduğu təqdirdə ədəbi mənzərə aydınlıq qazana bilər.

   Bizim dinimizdə, adət-ənənəmizdə, mentalitetimizdə olan səbr, təhəmmül, tolerans, xoşgörü, bağışlama, əfv... kimi mənəvi özəlliklər (institutlar) tariximizə, ədəbiyyatımızın, sənətimizin keçmişinə münasibət üçün də doğrudur. \"Qoyunu qoyun, keçini keçi ayağından as\", \"Yüz ölç, bir biç\", \"Ərənlər dünyanı ağılnan bulmuşlar\", \"Əvvəl sözü anla, sonra qızıb banla\", \"Bağışlamaq savabdır\", \"Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir\"... deyən xalqımızın səbri, tədbiri, geniş və dərin düşüncə örnəyi bütün məsələlərdə olduğu kimi, ədəbiyyat tariximizə baxışda da bizim üçün çox qiymətli olduğu düşüncəsindəyəm.

   İnsan bəzən öz tarixi, mədəniyyəti ilə bağlı paradokslar qarşısında dayanmalı olur. Məsələn \"Fəxriyyə\" şeiri Sabirin qarşısına, \"Danabaş kəndinin əhvalatları\" Mirzə Cəlilin qarşısına çıxmış böyük paradoksun bədii ifadəsidir. Mankurtluq, çıxılmazlıq, yanlızlıq... paradoksları da inkaredilməzdir.

   Həyat və insan mürəkkəbliyinin ifadəsi olan paradokslar da həqiqətin bir parçasıdır. Onların da gözünün içinə dik baxmaq və onların öz açarını tapmaq da bizim vəzifəmizdir.

   Bizim məqsədimiz bütün bu sənəd və elmi materialı araşdırmaq deyil. Sovet ədəbiyyatına yeni baxışın (nisbi yenilik olsa belə!) ictimai-siyasi, fəlsəfi-estetik tərəfləri olduqca maraqlıdır və fraqmental şəkildə olsa da, bu materiala söykənərək, daha çox elmi-nəzəri, sosial-fəlsəfi tərəfi vurğulayaraq bu ziddiyyət dolu problemi fərqli yerdən işıq salmaq istərdim.

   Yazım, 1-ci şəxsin təkinin dilindən yazılmasının təvazökarlıqdan uzaq olduğunu düşünməməyinizi xahiş edirəm. Məqsədim subyekiv baxışı, fərdi münasibəti açıq şəkildə vurğulamaqdır.

   Belə bir fikirlə razılaşmaq çətindir ki, şairin zəmanəsi ilə, öz müasirləri ilə konflikti və ya onun müxalif ruhu həmişə sosial fakt deyil. İnsan təbiətinin mayasındakı ziddiyyət, ölkəsindən, dövlətindən asılı olmayan sənətkar faciəsinin diqqətdən kənarda qalmasını doğru saymaq çətindir.

   Sovet dövrü ədəbiyyatına da eyni kriterlərlə yanaşmanın faydalı olduğunu düşünürük.

   Mən ədəbiyyata yanaşmada meyl, motiv və prinsiplərin (rejim, sosial-psixoloji şərait, idarəçilik, dünyəvi ziddiyyətlər, təbiət şərtləri, şəxsi-fərdi motivlər, komplekslər, genetik amillər, yaradıcılıq aləminin mürəkkəbliyi və söz ağrısı...) ayrı-ayrılıqda mütləqləşdiriməsinin əleyhinəyəm və proses, kontekst (sözün geniş mənasında) daxilində, kompleks araşdırma metodu ilə yanaşma və sistemli təhlil tərəfdarıyam. Bununla yanaşı, subyektiv düşüncəni, fərziyyəni, esseistik-ədəbi-fəlsəfi yanaşmanı da, sırf akademik yanaşma və təhlil qədər önəmli sayıram. Əlbəttə ki, söhbət yalnız ədəbiyyat tarixçiliyindən getmir. Ədəbiyyat ictimai fikrin ayrılmaz hissəsidir, ədəbiyyat insan aləminin zənginliyinin ifadəsidir, ədəbiyyat söz sənətidir... kontekstində sovet dövrü ədəbiyyatının dəyərləndirilməsindən söhbət getdiyi üçün mən bəzi problemləri ayrı-ayrı baxış bucağından qiymətləndirilməsinin lehinəyəm.

   Dəli şairin səsi:

   \"Hər xalq öz hökmdarına layiq olduğu kimi, hər ədəbiyyat da öz xalqına layiqdir\".

   ...1953-cü ildə Stalin öldü. Stalinizmin öldüyünü söyləmək mümkün deyil. Çünki beyinlərdə, rejim orqanizmində, sosial psixologiyada yaşayan (və indi də ölməyən) stalinizm çöküntüsü, Stalin kabusu elə bir fenomendir ki, onu marksizm dünyabaxışından, leninizm ideologiyasından və əlbəttə ki, maoizmdən, trotskizmdən, ümumən diktatura sisteminin idarəçilik dəstindən ayırmaq mümkün deyil. Əgər Stalində xüsusiləşən və ya vurğulanan rejimdən bəhs olunursa, bu mənada stalinizm anlayışının da nisbi işlədildiyini qəbul etmək məcburiyyətindəyik. Doğrudur, bir anadan (marksizmdən) doğulan (leninizm, stalinizm, trotskizm, maoizm...) bir-birindən fəlsəfəsi, metodu, yanaşma tərzi, dərinlik səviyyəsi və şəxsiyyətdən qidalanan fərdi-psixoloji özəllikləri ilə seçilən bu övladların qanı-geni eyni sistemə bağlıdır. Gen strukturunun dəyişkənliyi nisbidir və elmi-fəlsəfi təməlin vahid olduğunu unutmamaq şərti ilə fərqli və fərdi yanaşmanı önə çıxaraq.

   A.Avtorxanov \"Partokratiyanın mənşəyi\" əsərinin ikinci cildində Kirovun, Zinovyevin, Kamenevin... öldürülmə səhnələrini sənədlərlə təsvir edir. Zinovyevin sadədilliklə \"Allah xatirinə, yoldaşlar, Allah xatirinə Stalinə zəng edin\" deməyini kinolentə alıb Stalinə göstərərkən o, gülməkdən az qala qəşş edibmiş...

   Araşdırma və dəyərləndirmə üçün qəbul etdiyimiz aksiomatik qənaətləri də bəyan etmək vacibdir.

   Bu fikirlərdən birincisi Stalinin öz sələflərinə münasibətidir. Ən qısa şəkildə ifadə etmək lazım gələrsə, Stalinin ideoloji baxışlar sütunu Marks-Engelsə və Leninə söykənir. Xüsusilə ədəbiyyat və sənətə münasibət bu qaynaqlardan gələn şərtlərə bağlıdır. Stalin özünün \"Leninizm məsələləri\" kitabında bu barədə kifayət qədər aydınlıqla ifadə edib. Rejissor Mark Zaxarovun 60-70-ci illərdə səhnələşdirdiyi əsərlərdə, Stalin, Lenin haqqında son 20-30 ildə dünyada yazılmış kitablarda bu məsələ kifayət qədər açıqlandığı üçün bu barədə geniş danışmağa ehtiyac yoxdur.

   Stalinin kommunist müxaliflərinin (Trotski, Buxarin, Zinovyev, Kamenev...) və yandaşlarının (Jdanov, Kalinin, Beriya, Mikoyan...) və sələflərinin (Malenkov, Bulqarin, Xruşşov, Brejnev, Qorbaçov...) stalinizmə bağlı və hətta əks tərəfləri ayrı mövzudur.

   Bu tipli etirazlar ola bilər. Trotski hara Stalin hara, Xruşşov \"ottepel\"i Stalinin inkarı deyilmi və ya Qorbaçov zatən bu sistemi Stalin qarışıq dağıtmadımı?

   Bu sualları haqlı saymamaq olmaz.

   Amma məsələ ondadır ki, eyni fikir sistemi öz daşıyıcılarını da, inkarçılarını da özündə daşıyır. Sistemin daxili dialektikası ilə bağlı olan bu proses bir qavramda \"Sovet dövrü\" və ya \"Sovet mədəniyyəti\", \"Sovet ədəbiyyatı\" anlayışlarında birləşdiyi üçün bir mərkəzdə birləşir. Bu mərkəz təsdiqlə inkarı birləşdirir, kəmiyyətin keyfiyyətə keçməsi sürəcini, inkarı inkar məqamlarını da ehtiva edir (bu məsələlərdən, qanun və anlayışlardan danışarkən biz marksist klassiklərinə deyil, Kanta, Hegelə, eyni zamanda Monteskyöyə, Russoya, Didroya... eyni zamanda marksist olsa da, təhlil dərinliyi ilə seçilən G.V.Plexanova söykəndiyimizi göstərməyi gərəkli bilirik).

   Sovet dövrünü gözəl ifadə edən bir lətifəni danışmaq yerinə düşər, məncə... \"Qatar Kommunizmin işıqlı gələcəyinə doğru irəliləyir. Sükançı V.İ.Lenindir. Paravozun yanacağı qurtarır. Nə edək? sualı ilə sükançı Leninə üz tutan qatar əhlinə Lenin: \"Necə yəni nə edək?! Haydı gənclər meşəyə, odun, yanacaq bizi gözləyir. Öncə yanacaq, sonra kommunizm!\"

   Gənclər, insanlar meşəyə tökülür. Kəshakəs, gətirhagətir. Yanacaq təmin olunur. Və qatar yoluna davam edir.

   ...Qatar yenə kommunizmə doğru inamla gedir və yanacaq bitir. Artıq sükançı İ.Stalindir. Qatar əhli: \"İosif Vissarianoviç, yanacaq bitmək üzrədir. Nə edəcəyik\" - deyə soruşur. Stalin qəlyanından dərin bir qullab alıb: \"Çox sadə. Bu qədər adamı kommunizmin işıqlı gələcəyinə aparmağın nə mənası var? Adamların yarısını qırın boş vaqonların taxtasını yandıraq və yolumuza davam edək\". Elə də edirlər. Qatar əhlinin yarısını qırırlar və qatar gedir.

   Bu dəfə sükançı N.S.Xruşşovdur. \"Nikita Sergeyeviç nə edəcəyik?\" deyib Xruşşova üz tuturlar. Xruşşov başını qaşıyıb: \"Onsuz da biz kommunizmdən geri dönməyəcəyik, keçdiyimiz yolların şpallarını sökün yandıra-yandıra gedək\".

   Sükançı L.İ.Brejnevdir. Qatar əhli: \"Leonid İliç neyləyək, yanacaq yoxdu artıq\". Leonid İliç udqunub təmkinlə: \"Onsuz da yanacaq yoxdur və getmək imkanımız da bitib. Çarə vaqonların pərdələrini çəkib onları yırğalamaqdır. Qoy elə bilsinlər qatar gedir. Özü də düz kommunizmə\".

   Nəhayət sükançı M.S.Qorbaçovdur. Qatar əhli M.S.Qorbaçovun ətəyindən yapışıb \"Nə edək. Çarə göstər, Mixail Sergeyeviç!\" - deyə tələblərin irəli sürürlər. Mitinqlər başlayır.

   Qorbaçov: \"Yoldaşlar, cənablar, yanacaq çoxdan yoxdur və çoxdan da biz hərəkət-filan etmirik. Qapıları, pərdələri açın. Hər kəs vəziyyəti bilsin və kim hara istəyirsə ora da getsin. Komediya bitdi\".

   Bu lətifə sovet dövlətinin, sovet hökumətinin, sovet vətəndaşının və əlbəttə ki, sovet ədəbiyyatının mənzərəsini kifayət qədər aydınlıqla ifadə edir.

   Sovetlərin hay-küy, repressiya, durğunluq, yenidənqurma dövrləri bu lətifənin məğzindədir.

   Sovet dövründə yaradılmış lətifələr çap olunsa da, olunmasa da bu, sovet xalq ədəbiyyatının tərkib hissəsidir.

   Allah bizim Molla Nəsrəddinə rəhmət eləsin.

   

   P.S. Məqalə tam həcmdə

   \"Azərbaycan\" jurnalının

   7-ci sayında dərc olunacaq.

   

   Redaksiyadan: Avqustun

   18-də görkəmli elm xadimi

   Kamil Vəlinin doğum günüdür. Bu münasibətlə Kamil müəllimi ürəkdən təbrik edir, ona uzun ömür və Azərbaycan elminin

   inkişafı yönündə yeni-yeni

   yaradıcılıq uğurları arzulayırıq.

E-mənbə / link: http://www.525.az/new/2009/08/15/read=46285