Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Kamil HƏMZƏOĞLU. "Gürcüstan - təzadlar ölkəsi"

Müəllif:

Bələdçi


Kateqoriya:

Gürcüşünaslıq - Gürcüstanşünaslıq



Qısa Təsvir:

Azərbaycan jurnalisti Gürcüstan Respublikasında gördüklərini qələmə alıb...


Baxış sayı: 3622
    
    


İlk dəfə idi ki, Azərbaycandan kənarda - çox da uzaq olmayan bir ölkədə - Gürcüstanda səfərdə olurdum. Düzünü desəm, Gürcüstana getməzdən öncə müəyyən tərəddüd keçirirdim, bu ölkə mənə bir o qədər də cəlbedici görünmürdü. Ancaq səfər boyu və səfərdən sonra yanıldığımı, tərəddüdə heç bir gərək olmadığını hiss etdim. Azəri türklərinin böyük bir qisminin (təxminən 500 min soydaşımızın) yaşadığı Borçalı, Qarayazı, Qaraçöp elləri, bütövlükdə Gürcüstan öz problemləri, qayğıları, uğurları və nöqsanları ilə məndə xoş hisslər, maraqlı təəssüratlar yaratdı. Bəlkə də bu hisslər hələ uzun illər mənim yaddışmdan silinməyəcək.

   İlk öncə ondan başlamaq istərdim ki, qısa bir zaman kəsiyində Gürcüstanda hüququn aliliyi bərqərar olunub (ən azı gürcülər üçün). Ölkədə prezident Mixail Saakaşvilinin rəhbərliyi altında rüşvətxorluğa, korrupsiyaya, məmur bürokratiyasına qarşı əsl mübarizə - müharibə elan olunub. Məhz bunun nəticəsidir ki, bu ölkədə, müəyyən istisnaları çıxmaq şərtilə, sistemli koorupsiya aradan qaldırılıb. Bunu nəinki gürcülər, orada yaşayan soydaşlarımız, həmvətənlilərimiz də açıq şəkildə etiraf edirlər. Elə bu məqama görə Gürcüstan nəinki keçmiş postsovet respublikaları, hətta Avropa Birliyinin, Avropa Şurasının, Avroatlantik məkanın bəzi ölkələri üçün örnək sayıla bilər. Gürcüstana səfərimin ilk günündən sonuncu gününə qədər yolboyu çox nadir hallarda \"QAİ\" işçilərinə rast gəlmək olurdu. Halbuki Azərbaycanda, xüsusilə paytaxt Bakıda onların əlindən tərpənmək mümkün olmur. Özü də \"QAİ\" işçiləri çox zaman yol hərəkəti qaydalarını pozmuş olsalar belə, sükan arxasında əyləşən insanlara, sürücülərə kömək etmək məqsədilə yaxınlaşırdılar. Şəxsən özüm şahid oldum ki, Tiflisin mərkəzi küçələrindən birində avtomobilinin nasazlığı üzündən yol hərəkəti qaydalarını pozmuş bir nəfər xanım sürücüyə \"QAİ\" işçiləri necə nəzakətlə yanaşırdı və hətta onun avtomobilinin nasazlığının aradan qaldırılmasına kömək edirdi. Bundan başqa, səfərimin ikinci günü Bolnisidən Tiflisə gələrkən məni şəhərə gətirən şəxs avtomobilinin təhlükəsizlik kəmərlərini taxmadığı üçün \"QAİ\" işçiləri tərəfindən saxlanıldı. Ancaq ona nəzakətlə yanaşan bir nəfər gürcü \"QAİ\" işçisi həmin şəxsin maşından düşməsinə razı olmadı. Sonra həmin şəxs bunu belə izah etdi ki, \"QAİ\" işçiləri sürücülərin maşından düşməsini istəmirlər, çünki onlara nəzarət edən patrullardan, daha doğrusu, qanunlardan ehtiyat edirlər. Yəni birdən onlardan (rüşvətlə bağlı) şübhələnə bilərlər. Bir daha qeyd edirəm ki, Gürcüstanda olduğum 4 gün ərzində, demək olar ki, Tiflis qarışıq, ona yaxın bölgəni gəzib-dolaşsam da, çox nadir hallarda \"QAİ\" işçilərinə rast gəldim. Bununla yanaşı, Gürcüstanda hər hansı bir sənədi (pasport, sürücülük vəsiqəsi və sair) düzəltdirib əldə etmək çox asandır. Pulunu ödə, cəmi 15-20 dəqiqəyə hər şey hazırdır. Heç bir bürokratiya, süründürməçilik yoxdur. Həmçinin dövlət idarələrində insanlar əvvəl olduğu kimi saatlarla qapı dalında gözləmək məcburiyyətində qalmırlar. Şahid oldum ki, insanlar yerli icra hakimiyyətlərinə, qubernatorluğa, digər dövlət orqanlarına necə asanlıqla girib çıxırlar. Onları qapıda heç kim saxlamır, sorğu-sual etmir. Birbaşa istədikləri dövlət məmurları ilə problemsiz görüşə bilirlər.

   Saakaşvili hakimiyyət başına gələndən sonra, belə demək mümkünsə, kadr siyasətində əsl inqilaba, gəncləşdirilməyə, perspektivli və işgüzar, eyni zamanda Qərbyönümlü, müasir dünyagörüşlü insanların rəhbər vəzifələrə irəli çəkilməsinə başlanılıb. Artıq bunun özü də müsbət nəticələrini verməkdədir.

   Gürcüstanda söz, mətbuat, sərbəst toplaşmaq azadlığı da yetərincə təmin olunub. İnsanlar öz fikirlərini istər kütləvi informasiya orqanlarında, istərsə də küçə və meydanlarda çox azad şəkildə ifadə etmək imkanlarına malikdirlər. Elə müxalifətin son iki aylıq etiraz aksiyasını buna nümunə kimi göstərmək olar. Gürcüstanda iqidaryönlü qəzetlər yox dərəcəsindədir. Əksər media orqanları ya müxalifyönlüdürlər, yaxud birbaşa müxalifətin nəzarəti altındadırlar. Hətta bu yaxınlarda ictimaiyyət qarşısında çıxış edən prezident Saakaşvili hansı mövqedə dayanmasından asılı olmayaraq hər bir media orqanının, media təmsilçisinin, bütövlükdə jurnalistlərin qarantı olduğunu bildirib.

   Düzdür, Azərbaycanla müqayisədə Gürcüstanda tikinti-quruculuq, abadlıq işləri o qədər də geniş vüsət almayıb. Ancaq bununla belə müsbət işartılar özünü göstərməkdədir. Tikilən, ucaldılan yaşayış binaları, otellər ölkənin və Tiflisin baş planına uyğun olaraq inşa edilir. Deyilənlərə görə, Gürcüstanın, o cümlədən paytaxt Tiflisin üç yüz illik baş planı var. Bu yaxınlarda, daha doğrusu, məlum avqust hadisələrinin bir ilinin tamam olmasından bir az öncə - iyul ayında Gürcüstanda yeni prezident rezidensiyası istifadəyə verilib ki, bu da bütövlükdə paytaxta əsrarəngiz gözəllik verir. Gürcüstan mətbuatının yazdığına görə, yeni rezidensiyanın açılış mərasim zamanı prezident Saakaşvili əcnəbi memara Gürcüstan vətəndaşlığı verib. Tiflisi ikiyə bölən Kür çayının sağ sahilində, uca dağın başında tikilən və ABŞ-dakı Ağ Evin bir növ oxşarı olan bu iqamətgahdan bütün Gürcüstan ovuc içi kimi görünür. Bəlkə də yeni iqamətgahın Ağ Evin oxşarı formasında inşa edilməsi ötən il az qala paytaxt Tiflisi işğal edən Rusiyaya bir mesajdır. Nə bilmək olar?..

   Gürcüstan, xüsusilə də paytaxt Tiflis sanki kilsələr diyarıdır. Qırmızı körpüdən başlamış, ta Batuma, Türkiyə, Rusiya, Ermənistan sərhədlərinə qədər hər yerdə ya yeni kilsələr tikilib, ya da xaçlar qoyulub. Görünür, kifayət qədər problemləri - xüsusilə Abxaziya və Cənubi Osetiya kimi sağalması çox çətin görünən yaraları olan Gürcüstan bununla xaçpərəst, Qərb dünyasının daha çox diqqətini cəlb etmək istəyir.

   Gürcüstan haqqında müsbət məqamların sayını bir qədər də artırmaq olar. Ancaq elə bilirəm ki, qeyd etdiklərim ümumi mənzərəni təsəvvür etmək üçün bəs edər. Ancaq bununla belə, Gürcüstanda, xüsusilə də azərbaycanlıların tarixən yaşadığı ərazilərdə kifayət sayda problemlər var: torpaq, təhsil, dil, dövlət orqanlarında işə götürülmə və vəzifələrə çəkilmə və sair və ilaxır. Bunlardan da bəlkə daha düşündürücüsü və daha narahatedicisi hələ sovetlər dönəmində Gürcüstanda gürcülərin sayının başqa millətlərin - ələlxüsus mənəviyyatını pula satan xain qonşularımızın - ermənilərin hesabına artırılması (öz soyadlarını dəyişmiş və gürcüləşmiş ermənilərə hələ o dövrlərdən \"üçmanatlıq\" və ya \"beşmanatlıq\" ermənilər deyirlər) problemidir. Bu məsələ istər sovetlər dönəmində, istərsə də Gürcüstanın ikinci müstəqilliyindən bu günlərimizə qədər öz mənfi rolunu oynamaqdadır. Çünki məhz gürcüləşmiş ermənilər iki dost və qonşu, hazırda isə strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasında zaman-zaman problemlərin yaranmasına, yaşanmasına səy göstərmiş və müəyyən məqamda da buna nail ola bilmişlər.

   Yuxarıda qeyd etmişdim ki, Gürcüstan sanki kilsələr diyarıdır. Əlbəttə, buna heç kimin iradı, etirazı ola bilməz. Çünki bu ölkə, burada əsas söz haqqına malik olan xalq dini mənsubiyyətcə xristianlığa aiddir. Və bu baxımdan bu ölkə xristian ölkəsidir və hamının da buna hörmətlə yanaşması lazımdır. Ancaq bununla belə, bu məqamdan sui-istifadə edən qüvvələr də tapılmaqdadır və çox təəssüflər olsun ki, həmin qüvvələrin əməllərini həm gürcü patriarxlığı, həm də gürcü rəhbərliyi görməzlikdən gəlir. Konkret şəkildə qeyd etməli olsam, deməliyəm ki, bu ilin yanvar ayından başlayaraq Gürcüstanın əksər bölgələrində, xüsusilə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə, daha çox da Bolnisi (Yenə də Bolnisi - çünki daha çox bu bölgədə Azərbaycan kəndlərinin adları dəyişdirilib, rayon mərkəzində yaşayan azərbaycanlılar Qumbaridze-Qamsaxurdia hakimiyyətləri dövründə oradan didərgin salıblar) rayonundakı Azərbaycan kəndlərində heç bir məntiqə sığmayan xaçlaşdırma aparılır və etirazlara baxmayaraq, hələ də bunların qarşısı alınmır. Patriarxlıq bunu dövlətin üstünə atır, dövlət isə heç bir əsaslı səbəb gətirmədən susmağa üstünlük verir. Bu isə, heç şübhəsiz, müəyyən şübhələrin yaranmasına gətirib çıxarır ki, bunun da nə vaxtsa xoşagəlməyən fəsadları meydana gələ bilər. Bu yerdə onu da qeyd edim ki, ya bilərəkdən, ya da bilməyərəkdən Gürcüstan rəhbərliyi (indiki rəhbərlik də, keçmiş iqtidarlar da) azərbaycanlıların dini savadlarının yetərincə olmamasından yararlanmaq niyyətindədir. Daha doğrusu, 90-cı illərin əvvələrindən başlayaraq azərbaycanlılar yaşayan bölgələrdə bəzi insanların dini savadsızlığından yararlanmağa çalışan qüvvələr - ölkələr (xüsusilə İran) burada şiəliyi, o cümlədən vahabiliyi, nurçuluğu təbliğ etməyə cəhd göstəriblər və bu gün də cəhd göstərməkdədirlər. Elə bunun nəticəsidir ki, bəzi bölgələrdə yaşayan azərbaycanlılar həmin qüvvələrin tələsinə düşüblər.

   Gürcüstan azərbaycanlılarının ən böyük problemlərindən biri də torpaq problemidir ki, uzun illərdir, öz həllini gözləməkdədir. Şevardnadze hakimiyyəti dövründə, konkret olaraq, 1996-cı ildə torpaq islahatının başlanılması zamanı xeyli qanunsuzluqlara, ədalətsizliklərə yol verilib. Soydaşlarımızın böyük əksəriyyəti qəsdən torpaq icarəyə götürmək imkanlarından məhrum olunublar. Xüsusilə də islahatlarla bağlı qanunvericilik aktlarının gürcü dilindən Azərbaycan və rus dillərinə tərcümə edilməməsi səbəbindən insanlarımız bu prosesdən kifayət qədər kənarda qalıblar və ya kənarda saxlanılıblar. Hakimiyyətlər bir-birini əvəz etsələr də, təəssüf ki, bu problem həllini tapmayıb. Hərə özünə haqq qazandırır, günahı bu onun, o bunun üstünə atmaqda görür. Hazırda isə - Saakaşvili hakimiyyəti dövründə artıq həmin icarəyə verilmiş torpaqların özəlləşdirilməsinə başlanılıb. Yenə də bu prosesdə ədalətsizliklərə, haqsızlıqlara yol verilir. Və etirazlara, eyni zamanda, verilən vədlərə baxmayaraq, problem aradan qaldırılmır.

   Gürcüstanın və oradakı soydaşlarımızın problemlərindən daha çox danışmaq olar. Ancaq elə bilirəm ki, bunlar da arifə bir işarə kimi kifayət edər...

   Bu gün Gürcüstanda azərbaycanlılardan ibarət xeyli sayda qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Buna nümunə kimi Gürcüstan Azərbaycanlıları Konqresini, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzini, bu yaxınlarda fəaliyyətə başlamış \"Varlıq\" Mədəniyyət Mərkəzini, \"Qeyrət\" Xalq Hərəkatını göstərmək olar. Eyni zamanda, əvvəlki illərlə müqayisədə Gürcüstanda azərbaycandilli mətbuatın da sayı nəzərə çarpacaq qədər artmaqdadır. \"Varlıq\", \"Region-press\", \"Gürcüstan Azərbaycanlıları\" qəzetləri, \"Qarapapaqlar\" dərgisi bu sıradadır. Ancaq Gürcüstanda olduğum müddət ərzində soydaşlarımızla, ziyalılarımızla söhbətlərdən belə anladım ki, əslində həmin təşkilatların, xüsusilə də media orqanlarının vahid bir mərkəzdən idarə olunmasına ehtiyac var. Çünki, pərakəndəlik ümumi işə xeyirdən daha çox, ziyan gətirə bilər.

   Gürcüstanda olduğum günlərdə gördüm ki, soydaşlarımızın ən çox umacaqları müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqındandır. Onlar Azərbaycanın müstəqilliyinə, inkişafına ürəkdən sevinməklə yanaşı, dövlətimizin və xalqımızın daim onlara arxa çıxmalarını, sahiblənmələrini də dilə gətirirdilər. Allah onların bizlərə, bizlərin onlara olan ümidlərini, inamlarını qırmasın, sarsıtmasın. Amin!!!

E-mənbə / link: http://www.525.az/new/2009/08/22/read=46466