Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Avropanı bölüşdürən paktdan 70 il keçir. Molotov-Ribbentrop paktı

Müəllif:

Bələdçi


Kateqoriya:

Tarix. Tarix elmi



Qısa Təsvir:

Şərqi Avropanın Nasist Almaniyası və Stalin SSRİ-si arasında nüfuz zonalarına bölünməsini nəzərdə tutan Molotov-Ribbentrop paktı 


Baxış sayı: 659
    
    


Şəkil: Vyaçeslav Molotov pakta imza atır. Arxada duranlar isə Ribbentrop və Stalindir - Moskva, 23 avqust 1939-cu il

Bu günün Rusiyasında Sovet keçmişinə münasibət heç vaxt birmənalı olmur. Elə ötən əsrin 39-cu ilin Molotov-Ribbentrop paktı da istisna təşkil eləmir. Şərqi Avropanın Nasist Almaniyası və Stalin SSRİ-si arasında nüfuz zonalarına bölünməsini nəzərdə tutan bu paktı bəzilər qaçılmaz, bəziləri müharibəni gecikdirən, bəziləri isə utancverici hal sayır.

Baltikyanı ölkələri, Polşa və Şərqi Avropanın bölüşdürülən dövlətləri bu paktı işğalın başlanğıcının yubileyi kimi qeyd eləyir. Amma paytaxt Moskvanın sakinlərinin münasibəti köklü fərqlənir. Bəzilər 1989-cu ilə qədər rəsmən təkzib olunan bu paktın mövcudluğundan da xəbərdar deyil, bəziləri isə buna haqq qazandırır.

32 yaşlı Aleksey hətta deyir ki, Baltik dövlətləri sovet qoşunlarının o dövrdə ölkələrinə girməsinə görə ruslara sağ ol da deməlidilər:

«Əgər pribaltikalılar hesab eləyirlərsə ki, biz işğalçıyıq, çox səhv eləyirlər. Biz onları xilas eləmişik. Onlar kasıb ölkəydilər, biz onları heç nədən yaratdıq. Bu sadəcə siyasi intriqalardır. Belə fikirlərə ciddi yanaşmaq lazım deyil».

55 yaşlı Tatyana isə deyir ki, pribaltikalılar şükür eləmələdilər ki, o vaxtı Molotov onları bu pakta daxil eləyib:
«Məncə onlar o vaxt paktda olmaq istəmirdilərsə, etiraz eləməliydilər. İndi səslərini çıxarmaqları isə düzgün deyil, bu eqoistlik və dar düşüncəli olduqlarını göstərir».

Rusiyada keçirilən rəy sorğuları isə göstərir ki, rusların heç 61 faizi bilmirmiş ki, bu paktın nəticəsində 1939-cu ilin sentyabrında Sovet qoşunları Şərqi Polşanı işğal edib.

Sorğunu keçirən «Levada» mərkəzinin Denis Volkov.

«Bu rəqəmlərin ortaya çıxardığı əsas problem odur ki, bir tərəfdən adamlar bu pakt haqqında heç nə bilmirlər, digər tərəfdən heç tarix haqda bilmək də istəmirlər».

Bu paktın 70 illik yubileyi ərəfəsində birdən-birə Rusiya dövlət və özəl televiziyaları həmin dövrü yada salmağa başlayıb. Amma əsasən dövlət nəzarətində olan rus mediası demək olar ki eyni mövqedən çıxış edir.

Məsələn, efirə gedən verilişlərin birində deyilir ki, bu pakt SSRİ-nin Almaniyayla müharibəsini gecikdirmək üçün atıla biləcək yeganə mümkün addım olub. Üstəlik əgər Britaniya və Fransa 1938-ci ildə Münhen konfransında qərbi Avropanı Almaniyayla bölürdülərsə, Cexoslavakiyanı heç onlardan soruşmadan Almanlara hədiyyə edirdisə, Şərqi Avropanın bölüşdürülməsinin nəyi pisdir?

Sovet Xarici Kəşfiyyatının keçmiş general mayoru Lev Sotskovun Molotov-Ribbentrop paktı haqda bu yaxınlarda çap olunan kitabında isə deyilir ki, bu müharibəni gecikdirmək üçün yeganə mümkün yol idi. Baltik ölkələri özləri onsuz da Sovet qoşunlarını köməyə çağıracaqdılar.

Və sonda. «Levada» mərkəzinin keçirdiyi sorğuya əsasən rəyi soruşulanların ancaq 6 faizi bu paktı pisləyib. SSRİ və Almaniyanın başqalarının iradəsinin əksinə ölkələrini bölüşdürməsini pis addım sayır və keçmişlərini fərqli görmək istədiklərini deyib.

 

Hazırladı: İlkin Məmmədov

 

E-mənbə / link: http://www.azadliq.org/content/article/1805681.html

 

 

Molotov- Ribbentrop razılaşmasının gizlinləri ŞƏKİLLƏR

\"\"\"\"\"\"

Yoahim Ribbentrop Mosckvada pakta imza atır - 23 avqust 1939

22.08.2009

SÜRPRİZ RAZILAŞMA

1939-cu il avqustun 24-də səhər yuxudan oyanan insanlar biləndə ki, dünən gecə Hitlerin Almaniyası ilə Stalinin Sovetlər İttifaqı arasında pakt imzalanıb, şoka düşdülər. Elan olunan sənəddə qeyd edildiyinə görə, dünənə qədər bir-biri ilə hədə ilə danışan bu iki dövlət daha bir-birinə hücum etməyəcək.

Hitlerlə Stalinin arsında razılaşma ona görə çox adama sürpriz oldu ki, birincinin bolşevizmə açıq-aşkar ikrahı var idi. Onun bir neçə çıxışında «alman xalqına Sovet İttifaqının şərq hissələri lazımdır» deməsi Kremlə yaxşı məlum idi. Hitler 1936-cı ildə Nürünburqda partiyasının qurultayında deyirdi:

«Saysız-hesabsız xammal yataqları, mədənləri olan Ural dağları, ucsuz-bucaqsız meşələri olan Sibir, böyük taxıl tarlaları olan Ukrayna mənim olsa, Almaniya və Milli Sosialist rəhbərliyi bolluq içərisində üzərdi».

Bu fikirlərin sahibi ilə Stalinin nədəsə razılığa gəlməsi olduqca sürpriz hadisə idi.

 

Moskvada həmin sənədi imalayıb geri dönmüş Almaniyanın Xarici İşlər naziri Yoahim Ribbentropu Adolf Hitler qəhrəmanlar kimi qarşılamışdı:

- Partiya yoldaşımızın, Xarici İşlər naziri Ribbentopun adını Almaniya və alman xalqı həmişə anacaq.

Y.Ribbentropun Sovetlərin Xarici İşlər naziri Vyaçeslav Molotovla birgə hazırlayıb imzaladıqları bu pakt Hitlerə «Polşa problemini həll etməyə» və lazım olsa, Sovetlərdən təhlükə gözləmədən Polşanın müttəfiqləri olan Britaniya və Fransa ilə döyüşməyə imkan verirdi.

Stalinin fikrincə də bu sənəd ona ordusunu möhkəmləndirmək üçün vaxt qazanmağa imkan verirdi.

AVROPANI BÖLÜŞDÜRMƏ PLANI

\"\"\"\"\"\"
Molotov Berlində - 14 noyabr 1940-cı il

Amma elan olunan paktdan savayı Almaniya ilə Sovetlər bir gizli razılaşma da imzalamışdılar. Bu razılaşma da tərəflərin Şərqi və Şimali Avropada təsir zonalarının yaradılması haqqında idi.

Bu razılaşma haqqında məlumatlar olsa da, ortada konkret nələrin yazıldığı müttəfiqlərin Almaniya arxivlərini ələ keçirməsinə qədər məlum deyildi. Buna baxmayaraq, 1989-cu ilə qədər Sovetlər həmin sənədin mövcud olduğunu inkar edib, Almaniya arxivindən tapılan sənədin qurama bir kağız olduğunu deyirdi. Amma həmin ildən sonra Rusiya arxivdən rəsmi protokolu çap etdi.

Molotov-Ribbentrop paktının imzalanmasından az sonra – 1939-cu il sentyabrın 1-də Almaniya qüvvələri Polşaya hücum etdi. Sentyabrın 17-də də Stalinin Qırmızı Ordusu Polşanın cənub hissələrinə soxuldu. Polşanın Brest-Litovsk şəhərində Almaniya və Sovet əsgərlərinin birgə paradı da keçirildi.

Noyabr ayında Stalin gizli protokolda Sovetlərin təsir dairəsi kimi göstərilmiş Finlandiyaya hücum etdi. 1940-cı ilin iyununda protokolda onun «payı»na düşmüş Baltik ölkələrində zorla hakimiyyətləri dəyişdirdi. Az keçməmiş həmin ölkələrin yeni hakimiyyətləri Sovetlərə birləşmək üçün müraciət etdilər.

İyunun sonunda Stalin Rumıniyanın Bessarabiya və Şimali Bukovina regionlarını tutdu.

İKİ DİKTATORU BU PROTOKOLA RAZI SALAN NƏ İDİ?

\"\"\"\"\"\"
Ribbentrop və Stalin Kremldə – 23 avqust 1939-cu il

Sonradan Sovetlər iddia edirdilər ki, onlar Şərqi Avropada kollektiv təhlükəsizlik razılaşmalarının imzalanması ilə Hitleri cilovlamağa çalışıb. Amma Britaniya və Fransa buna biganə qalıb.

Exter Universitetinin tarix professoru Riçard Overi bildirir ki, bu fikir hələ də Rusiya dairələrində hakimdir. Halbuki, o zaman Sovetlər Hitlerlə Britaniya və Fransanın əli ilə döyüşmək istəyirdi.

Molotov-Ribbentrop paktının necə meydana gəldiyini müzakirə edən Rusiya tarixçiləri həmin hadisədən az əvvəl baş verən bir hadisəni də xüsusi vurğulayırlar.

Onlar qeyd edirlər ki, 1938-ci ildə imzalanan Münhen razılaşması ilə Britaniya və Fransa Almaniyanın Çexoslovakiyanı işğal etməsinə imkan yaratmışdı. Rəsmi sovet tarixçiliyi bu sənədi Hitlerin Sovet İttifaqına hücum etməsini təşviq edən gizli razılaşma adlandırırdı.

Əksinə, Qərb tarixçiləri də bu iddiaya sonra baş verən hadisələrlə cavab verirlər. Onlar deyirlər ki, Münhen razılaşmasından sonra Polşa Almaniya ilə Sovetlər arasında bölüşdürüldü, Şərqi Avropa onların arasında təsir zonalarına çevrildi.

UDUZAN KİM OLDU?

Sovet İttifaqının diplomatiya tarixçisi Sergey Sluç deyir ki, həm Almaniya, həm də Rusiya Birinci Dünya müharibəsində uduzmuşdu. Molotov-Ribbentrop razılaşmasının da kökündə bu məqam dayana bilər:

- Bildiyiniz kimi, Sovet Rusiyası və Almaniya Birinci Dünya müharibəsinin əsas məğlub tərəfləri idi. Rusiyada gedən dərin iqtisadi-siyasi dəyişikliklər də onu dünyanın axarına tərs qoyurdu. Ona görə də bu iki ölkə arasında əlaqələr olduqca xüsusi xarakterdə idi. Onların bir-birinə qarşılıqlı iddiları var idi. Amma ən əsası Sovet Rusiyasının dünya ilə heç bir əlaqələrinin olmaması idi.

Bu cür faktorlar iki diktatoru razılaşmaya sövq etdi. Amma artıq bəlli olduğu kimi, 1941-ci ilin iyununda Hitler razılaşmanı pozub Sovetlərə hücum etdi. Bu müharibənin nəticəsi isə hər iki tərəf, xüsusilə də Sovetlərə olduqca ağır oldu. Sovetlər bu müharibədə 20 milyon adam, müharibədən əvvəlki əhalisinin 14%-ni itirdi. Almaniya isə müharibədən əvvəlki əhalisinin 9%-ni itirdi.

\"\"\"\"\"\"
Polşa - Alman və Sovet qoşunları \\\"Sülh Sərhədi\\\" adlandırılmış yerdə - 1939-cu ilin sentyabrı


















\"\"\"\"\"\"
Vyaçeslav Molotov pakta imza atır. Arxada duranlar isə Ribbentrop və Stalindir - Moskva, 23 avqust 1939-cu il





























\"\"\"\"\"\"
Pakta qol çəkdikdən sonra Berlinə qayıtmış Yoahim Ribbentrop Reyxstaqda Adolf Hitlerlə danışır – 1939-cu ilin avqustu



















\"\"\"\"\"\"
Ribbentrop, Stalin və Molotov Kremldə – 23 avqust 1939


e-Mənbə / LİNK: http://www.azadliq.org/content/article/1805247.html