Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Alamanya, günlərimi mənə geri ver...

Müəllif:

Günel Mövlud


Kateqoriya:

Memuar, yol qeydləri



Qısa Təsvir:

Şairə-publisistin Almaniya sərgüzəştləri 


Baxış sayı: 4547
    
    


Almaniyada Kant olmaqdan asan heç nə yoxdur!
   
   Kantın, Hegelin, Şopenhauerin və bu tipli ağıllı-ağıllı adamların vətəninə ziyarətimin səbəbi, Ahmet Kaya demişkən, almanları elmlə, fəlsəfəylə anlamaq-filan deyildi. Sadəcə, redaksiyamızın başının tacı, sağ əlimiz Zülfünaz xala düz bir il idi ki, üç aylıq Almaniya səfəri ilə hamımıza yanıq verirdi. Öz aramızdı, redaksiyanın aşpazı səfər eləyən yerə həmin qəzetin şanlı yazarının heç getməməsi adamı yandırar axı. Odur ki, Detmold Şəhər Mədəniyyət Qrpunun bəndənizə göndərdiyi dəvətnaməyə laqeyd qalmadım. Kağız parçasını qarşımda o yan-bu yana fırlatdıqdan, o üz-bu üzünə çevirdikdən sonra xəyalən sənədin üstünü yazıb, dərkənarını qoydum və səfər hazırlıqlarına başladım.
   
   Baş redaktorumuz İsrail Musayevdən xeyir-dua və pul, Ramin Hacılıdan sadəcə pul, Zülfünaz xaladan təlimat və məsləhətlər (arvad necə olmasa, bir dəfə Almaniyanı görüb axı!), Elnur Astanbəylidən hələ minmədiyim təyyarənin ünvanına qarğış (\\"səni görüm, o təyyarəyə sağ-salamat minməyəsən!\\" janrında) payımı alandan sonra yola düzəldim. Kefinə düşəndə qəzetimizdə dünya kinosu barədə açıq-saçıq, ayıb-ayıb yazılar yazan, gənc və istedadlı rəfiqəm Aygün Aslanlını da qoltuğuma vurub, \\"Yallah!\\" dedim.
   Bu yerdə darıxdırıcı bir haşiyə çıxıb, əlavə edim ki, söhbət ciddiyə qalsa, biz əslində Almaniyaya Detmold şəhərində keçiriləcək Beynəlxalq Gənc Mif Pərəstişkarları - 2009 adlı mədəniyyət festivalına gedirdik. Guya!
   
   Bizi alman dəqiqliyi xilas elədi
   
   Əsas hədəfimiz olan Detmolda yaxın yer - Düsseldorf şəhərindəki hava limanına düşər-düşməz, Aygünlə panikaya düşdük. Hava limanının ərazisi küy olmasın, bizim Sumqayıt boyda, hər yerdə yazılar alman dilində, biletlər avtomatlarda satılır və s. Bizsə qatar bileti alıb, Detmolda getməliyik. Oğul deyirəm, belə yerdə özünü tox tutsun. Ümidimiz ancaq hava limanında lahmacun-zad alveri eləyən türklərə gəldi. Amma mən türklərdən birinə qatarın nə olduğunu başa salana qədər (hərifə izah eləyə bilmədim ki, qatar qəhvə növü deyil, nəqliyyat növüdü) elə həmin kafedə çalışan ingilisdilli əcnəbi qız Aygünə yolu göstərdi. Biletsatan avtomatdan biletimizi də bir rusdilli qadına aldırandan sonra gümanımız ancaq və ancaq alman dəqiqliyinə çatırdı. Bu dəqiqlikdən yapışıb, dil bilməyə-bilməyə, stansiya tanımaya-tanımaya üç yerdə qatar dəyişə-dəyişə və bizi Detmolda qatar vağzalında gözləyən Sevda Sultanovanın yanına çata bildik.
   
   Dadsız yeməklər mənə anamı xatırlatdı...
   
   Festival, nə festival! Dünyanın 20-dən çox ölkəsindən nə az-nə çox, düz 400 nəfərin qatıldığı on beş günlük bir tədbir. Bu qədər adama otel, otaq çatdırmaqmı olar. Odur ki, festivalın formatı təxminən köhnə və mehriban Sovet vaxtlarında ata-analarımızın kef elədiyi Artek düşərgəsi kimi bir şey idi. Bütün iştirakçılar şəhərin orta məktəblərindən birində yerləşdirilmişdi. Nəhəng çadırdan ibarət yeməkxana, \\"spalni meşok\\"ların düzüldüyü məktəb otaqları, səs-küy, uğultu, nə bilim nə. Bir sözlə, dəli qız ərini, it yiyəsini tanımır! Və biz düz on iki gün bu dəlixanada yaşamalı idik.
   Yeməyin dadsızlığından və azlığından idi, ya nədən, bilmirəm, nəsə çox kədərləndim. Mən ac olanda çox kövrək oluram. Telefonu açıb aşıq Ədalətin ifasında \\"Ruhani\\"yə qulaq asdım. Anamı xatırladım, Elnuru özlədim.
   Gecə yuxuda dadlı yeməklər gördüm.
   Səhər obaşdan oyanıb, özümü çadır yeməkxanaya saldım. Bəh-bəh, növbənöv kolbasalar, pendirlər, mürəbbələr, meyvə, çay-qəhvə, meyvə şirələri... ürəyim yerinə gəldi. Və səhər bol kolorili bir qəlyanaltı elədikdən sonrakı andan etibarən festivalın, Detmoldun dadını çıxarmağa başladım.
   Festivalın məqsədini, məramını öyrənmək üçün həmin tədbirin təşkilatçısı, milliyyətcə türk olub, səkkiz ildir ki, Almaniyada yaşayan Ləvənd Arslandan aldığım müsahibəni oxuya bilərsiniz (amma gələn sayımızda). Bizsə öz növbəmizdə başa düşdük ki, həmin festivalda türklər demişkən, bizim yapa biləcəyimiz bir şey yoxdu. Keçirilən master-klasslardakı məsələləri biz hələ universitet illərindən geninə-boluna öyrənmişdik, o ki qaldı festival boyu çəkilən qısa filmlərə, oynanan tamaşalara, əlmizdən gələn qədər yaradıcı prosesə qoşulub, bacardığımızı elədik. Hollandiyanın məşhur küçə teatrı Lunatiksin premyerasında kütləvi səhnələrdə belə oynadıq. Amma vaxtımızın daha çoxunu təbii ki, şəhəri gəzməklə və festivala qoşulan türk tələbələrlə söhbət-filanla keçirdik.
   
   Təmiz və maraqsız alman şəhəri
   
   Detmold mənzərəsi, havası-zadı ilə təxminən bizim Gədəbəy kimi bir yerdi. Bircə gözəl mənzərələrinə, uca dağlarına, gen dərələrinə, sıx meşələrinə qoşma həsr edə biləcək şairləri çatmır. Sadəcə, Gədəbəydən fərqli olaraq, orada küçələr lazım olmayan qədər səliqəli və təmiz, insanlar isə adamı iyrəndirəcək dərəcədə qanunpərəst və sakitdilər. Şəhərin mərkəzi küçəsini çıxmaq şərti ilə küçələrdə adam görmək nadir hadisədi. Gördüyümüz adamlar isə çox vaxt türklər olurdu. Detmoldda o qədər türk və rus var ki, o şəhərdə almanlar az qala milli azlıqdı. Addımbaşı türk kafeləri, lokantaları, türkcə danışan insanlar... Hətta bəzi türklər deyirdilər ki, Almaniyaya gələn türklərin alman dili öyrənmək kimi bir problemləri yoxdu. Əksinə, burada yaşayan almanların türk dilini öyrənmə məcburiyyətləri var, nədən ki, az qala bütün xidmət müəssisələrində türklər çalışır.
   Şəhərin ifrat dəbdəbəsi-zadı yoxdu. Sadə, qırmızı kirəmitli, yığcam evlər, səliqə ilə vurulmuş həmişəyaşıl kolları, ya dibçəklərə, ya da eləcənə torpağa basdırılmış çiçəklərlə bəzənmiş bağçalar. Və bu evlərin arası ilə sakit-sakit, \\"üçkən\\"in yaşıl işığını gözləyə-gözləyə yolu keçən ahıl, sarışın almanlar...
   Şəhərin olub-qalan, gözəl və səs-küylü həyat arxasınca böyük şəhərlərə qaçmayan cavanları isə gecə saat on ikidən sonra bəlli barlara, gecə klublarına yığışır. Onları da biz festival çapında düzənlənmiş bir \\"parti\\" zamanı, gecə barlarında gördük: üst-başları, qulaq-boğazları ağır metallarla dolu, saçlarını xırda-xırda hörüb, təpələrində toparlayan, bir-biri ilə soyuq-soyuq tanış olan, soyuq-soyuq öpüşən, həvəssiz-həvəssiz sevişən alman gəncləri...
   
   Almaniyaya alver dalınca gedənlər üçün xüsusi qeydlər...
   
   Təbii ki, festivalda iştirak etmək, şəhəri gəzməklə yanaşı, həm də mağazalara baş çəkib, vətəndəki tanış-bilişə, qohum-əqrəbaya hədiyyə almaq qayğısı vardı. Bura azərbaycandır ee, adama deyərlər o boyda Almaniyaya getmisən, göstər görüm aldığını. Əkrəm Əylislinin şəhərdən dayısına hədiyyə gətirməyib, kənddə urvatsız olan qəhrəmanının gününə düşməmək üçün (yeri gəlmişkən, Əkrəm Əylisliyə heç nə ala bilmədik), gərək xırda-xırda alman şəhərciyinin dükan-bazarını yağmalayaydıq. Amma məyus olduq. Sən demə, orada satılan malların əksəriyyəti elə Bakının aralığında itətök olan Pakistan, İran, Türkiyə məhsulları imiş. O ki qaldı keyfiyyətli mal istehsal edən almanların öz mallarına, vallah gözəl qoxulu, gözəl biçimli, rəngarəng sabun və şamlardan, xırım-xırda şüşə qablardan başqa heç nə tapmadıq. Gözəl və dadlı şərablar, içkilər su qiymətinə, amma ki, Avropa Birliyinə üzv olan dövlətlərdən iki litrdən artıq içki çıxarmaq yasaqdır. Hə, təbii ki, bir də alman istehsalı olan parfümeriya, kosmetika vasitələri də vardı ki, şəxsən mən bir illik ehtiyatımı çox ucuz qiymətə oradan ala bildiyimə görə alman xalqına öz dərin minnətdarlığımı bildirirəm.
   
   Almaniyada Kant olmaqdan asan heç nə yoxdur!
   
   Öncə icazə verin, sizə xırda bir hadisə danışım. Festivalın son günlərindən birində bura tələbələri ilə birlikdə gəlmiş üç nəfər türk müəllim konsertə getmək istəyirdi. Tərslikdən konsert düz saat altıda - axşam yeməyinin başlanması ilə üst-üstə düşürdü. Müəllimlər konsertdən sonra ac qalacaqlarını bildikləri üçün yemək servisinin rəhbərindən xahiş etdilər ki, onların yeməyini bir az tez versin. Alman \\"Nuh\\" dedi, \\"peyğəmbər\\" demədi. Saat altıya on beş dəqiqə qalmış belə, onların yeməyini vermədi ki, vermədi. Barmağını biləyinə taqqıldadıb \\"siks oklok\\" dedi, durdu. Yəni yemək saat altıda başlanır. Almanın üzünə gülə-gülə azərbaycan dilində dedim ki, kül başınıza, elə o \\"siks oklok\\"a görə Sovet İttifaqını işğal eləyə bilmədiniz də. Sovet ordusu gəldi durdu qulağınızın dibində, dediniz ki, yox, indi yemək saatıdı, biz döyüşə bilmərik! Gözünə döndüyüm türk müəllimə Yudum xanım sözlərimi ingiliscəyə çevirdi. Heyrətdən oğlanın üzü dəyişdi. Əlini havada yelləyib, \\"yaxşı, gedin yeyin\\" dedi. Sonradan öyrəndim ki, fransızlar Vaterloo döyüşündən nə qədər utanıb, tarixi xəcalət kompleksi yaşayırlarsa, almanlar da İkinci Dünya müharibəsinə görə elə bərk utanırlar. Və müharibəni, Hitleri, Polşadakı gettoları onlara xatırladanda əməlli-başlı xəcalət çəkirlər. Bunları eşidəndə yadıma düşdü ki, Zülfünaz xala da məni bu barədə xəbərdar eləmişdi.
   Məncə, alman xalqı barədə uzun-uzadı nəsə danışmaq yersiz, onlara nəsə bir xarakteristika vermək mənasız işdi. Dünya alman xalqını, alman xislətini onsuz da tanıyır. Dəqiq, qanunpərəst, soyuq və filosof. Əvvəlki üç sifətlə işim yox, amma sonuncu məsələyə fikir bildirmək istəyirəm. Məsələn, azərbaycanlılar Kantın, Şopenhauerin, Nitsşenin-zadın fəlsəfəsini oxuyub, heyrətdən ağzını yarım metr açır ki, belə də dahi olar?! Və başlayır belə dühalar yetişdirdiyinə görə alman xalqına pərəstiş etməyə. Qətiyyən lazım deyil! Almaniyada Kant olmaqdan asan heç nə yoxdur. O cür dəqiqliyin, darıxdırıcılığın, soyuqluğun, əyləncəsizliyin, maraqsızlığın, rəngsizliyin, bozluğun içində zatən adamın ya maşın qayırmaq, ya da fəlsəfə ilə məşğul olmaqdan başqa çıxış yolu qalmır. Təsəvvür edin, bir ölkədə ki, adamın meyxanaçı, manıs, tamada, yengə, küçədə valyuta dəyişən, hətta ən şükürlüsü - Aqil Abbas olmaq şansı yoxdur, o adam hərlənib-fırlanıb Kant olmalıdı (oğul deyirəm, adam Almaniyada Səyavuş Novruzov olsun!). Hətta mən deyərdim ki, Almaniyada heç kim könüllü olaraq Kant olmaq istəməz. Və milyon faiz əminəm ki, İmmanuel müəllim bizim Azərbaycanda yaşasaydı və yuxarıda sadaladığım şanslar ona təqdim olunsaydı, gözünə gülləni sıxsan da, o, Kant olmazdı.
   Nitsşe isə burada evlənib, oğul-uşaq sahibi olar və adam balası kimi gün görərdi.
   Aygünlə mənim bu qənaətə gəlməyim üçün Almaniyada bircə həftə keçirməyimiz kifayət elədi. Belə olanda ikimiz də özümüzə təklif elədik: nə qədər ki, Hegelin \\"əks arqumentlər toqquşanda həqiqət ortaya çıxır\\" fikrinin hansı bəsit mənbələrdən qaynaqlandığını kəşf eləməmişik, bu murdar və darıxdırıcı ölkədən əkilək.
   Tərs kimi dostum Xalid Şürük elektron poçtuma Cem Karacadan bir mahnı göndərmişdi. Mahnının nəqaratı insanın burada öz vaxtını nə qədər boşu-boşuna xərclədiyini çox gözəl ifadə edirdi:
   Alamanya, yıllarımı bana geri ver!
   
   Ali haqda
   
   Yazımı sona çatdırmıram. Təəssüratlarım, daha doğrusu, təəssüratsızlığımın qəzəbi o qədər böyükdür ki, Almaniya səfəri barədə hələ bir neçə yazı yazmaq fikrim var. Bu yazını isə Festivala Türkiyənin İzmir şəhərindən qoşulan Balçıova Gənclik Teatrının gənc və həvəskar oyunçularından biri, 18 yaşlı Ali Sancarın şeirləri ilə yekun vurmaq istəyirəm. Ali, dostları Ozan və Pınarla birlikdə orada qaldığımız müddətdə bizdən ayrılmadı. Gündüzlər çəkiliş meydançalarında, yeməkxanada, şəhərdə olurduq, axşamlar Aygünlə mənim otağıma yığışıb, şərab, pivə içirdik. Və Ali hər axşam səsi titrəyə-titrəyə öz şeirlərini oxuyurdu. Ehtirasla öz şeirlərini müdafiə etməyi ilə Aqşinə, dünyanın bütün qadınlarını dünyanın bütün kişilərinə qısqanmaqda Sadiqə, fəlsəfi-fəlsəfi danışmaqda Xalid Şürüyə, hazırcavablığı, oyunbazlığı ilə Elnur Astanbəyliyə oxşayırdı. O yanımızda olanda elə bilirdim, dostların hərəsindən bir parça var yanımızda...
   Şeirləri də çox gözəldi. Doğrudan...

E-mənbə / link: http://www.almaqezeti.com/?mod=view&id=4664