Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Mərhumun yazıq siması" (hekayə)

Müəllif:

Yasunari Kavabata


Kateqoriya:

Yaponiya



Qısa Təsvir:

Yasunari Kavabata. "Mərhumun yazıq siması"


Baxış sayı: 4147
    
    


Ruscadan çevirəni: Aydın Xan (Əbilov)

(hekayə)

- Necə səbirsizliklə yazığı görmək istədiyinizi başa düşürəm, - tez-tələsik onu dünyasını dəyişmiş həyat yoldaşının cənazəsi uzadılmış otağa ötürən qaynanası söylədi. - Budur, baxın görün, ölüm onun başına nə oyun açdı, - əlavə etdi və cənazənin üstünə salınmış bəyaz örtüyü qaldırmaqdan ötrü əyildi.
Lakin kürəkəni tələsik ona mane oldu:
- Bir dəqiqə gözləyin. Ona kənar şəxslər olmadan baxmaq istərdim. Olmaz ki, məni onunla tək buraxasınız?
- Onun bu sözləri otağa dolmuş qohum-əqrəbaya  bir qədər qəribə təsir bağışladı. Arxalarınca syodzni (ənənəvi yapon evlərində qapı yerinə açılıb-bağlanan arakəsmə, - A.X.) çəkərək hamı çölə çıxdı.
O, bəyaz örtüyü qaldırdı. Qadının solğun simasında əzablı ifadə donub qalmışdı. Sanki sümüyə yapışmış yanaqları çökmüş, yarımçıq ağızda isə sapsarı saralmış dişləri görsəndi. Papiros kağızı kimi bəyaz və nazik görsənər yuxarı göz qapaqları elə bil yapışqanla göz almacıqlarına yapışdırılmışdı. Onun alnındakı şişmiş damarları çəkdiyi əzab-əziyyətin nişanəsi idi.
Tərpənməyə ürək etməyən ər mərhumun əzab-əziyyətindən eybəcər hala düşmüş simasına baxa-baxa oturub qalmışdı. Sonra o, ayağa qalxdı, cənazəyə yaxınlaşdı, əli əsə-əsə onun cənəsini sıxmağa çalışdı. Amma əlini çəkən kimi mərhumun dişləri yenə ağardı. Bir daha onun ağzını qapadı, lakin qadının dodaqları yavaş-yavaş əyildi, qabağa çıxan eybəcər dişləri yenə görsəndi.
Beləcə, o, bir neçə dəfə əbəs yerə bayaqkı hərəkətini təkrarladı. Bir azdan o, qadının dodaqlarının ətrafındakı işgəncə əks etdirən ağız qırışlarının necə yumşaldığını, incəldiyini sezdi.
 O, birdən-birə barmaqlarında güclü hərarət hiss etdi, sanki bədəninin bütün istiliyi axıb onlara keçmişdi. Odur ki, cəld onun alnındakı şişmiş damarları və qalın qırışları ovuşdurmağa başlasdı. Ovucları qızışana kimi işindən qalmadı.
Bu vaxt cənazənin yanındaca yerə əyləşdi və əyilib  onun əlinin hərarətindən mərhumun başqa hala düşmüş – nəsə dinc, daha sakit və mehriban görünən simasına diqqətlə baxmağa başladı.
Bu vaxt qaynanası ilə kiçik baldızı otağa daxil oldu.
- Yəqin ki, yol sizi əldən salıb. Sizə nahar etmək və dincəlmək lazımdır.
Amma birdən qaynanasının gözləri yaşardı və səsi titrəyə-titrəyə dilləndi.
- Aman Allah! İnsan ruhunun gücünə bax! Yazıq qızcığaz sizin qayıdışınıza qədər heç ölmək istəmirdi! Və budur, əsl möcüzə baş verdi. Sizin ona bircə dəfə baxmağınız kifayət etdi ki, onun simasına qəribə bir sakitlik, şəfqət qonsun... İndi isə yetər... Qoy yazıq sakitcə özü üçün uyusun.
Mərhumun kiçik bacısı özünün ağlasığılmaz dərəcədə cazibəli və işıqlı baxışlarını onun sərsəmlik yağan gözlərinə zillədi, sonra hönkürərək dizləri üstə çökdü.

Eləcə də yazıçının romanını oxumaq üçün baxın:

 http://litera-k.ahaha.ru/10/KAWABATA/snow.html

E-mənbə: www.artyazar.azeriblog.com