Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Dünya ədəbiyyatı kitabxanası: kimləri tərcümə etməli?!

Müəllif:

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

“Dünya ədəbiyyatı kitabxanası” seriyasında 150 adda kitabın Azərbaycan dilinə tərcümə edilməsi və onların kütləvi nəşri nəzərdə tutulur.


Baxış sayı: 2905
    
    


Aydın Xan (Əbilov), YYSQ sədri yazıçı-kulturoloq

Ölkəmiz növbəti dəfə kulturoloji-intellektual yaradıcılığa xüsusi önəm verdiyini nümayiş etdirdi: cənab İlham Əliyevin imzaladığı xüsusi sənəd – “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin sərəncamı (24 avqust 2007-ci il) – ilə bir daha göstərir ki, dövlət müstəqilliyimizin indiki yeni mərhələsində bütün sahələrdə olduğu kimi, yaradiciliq sahələrində də – mədəniyyət və ədəbiyyatda da yüksəlişə aparan proseslər get-gedə güclənir.Sərəncamdan da göründüyü kimi, dövlət başçısının ədəbiyyat sahəsində imzaladığı digər iki mühüm sənəd – “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (12 yanvar 2004-cü il) və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” (27 dekabr 2004-cü il) Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına uyğun olaraq indiyə qədər müxtəlif çeşidli 9 milyon ədəbiyyat məhsulu nəşr olunaraq ölkəmizdəki kitabxanalar şəbəkəsi vasitəsilə oxucuların sərbəst istifadəsinə verilib. Bu dəfə isə “Dünya ədəbiyyatı kitabxanası” seriyasında 150 adda kitabın Azərbaycan dilinə tərcümə edilməsi və onların kütləvi nəşri nəzərdə tutulur.
Mədəniyyət – ədəbiyyat və kitab nəşri tarixində ciddi hadisəyə çevrilmiş bu kulturoloji proqramlar dünyanın, eləcə də Azərbaycanın intellektual çevrələrində çox rəğbətlə qarşılanıb, bir sıra dövlətlərdə, həmçinin beynəlxalq humanitar təşkilatlarda öyrənilir, proqram şəklində başqa ölkələrdə həyata keçirilməsi tövsiyə edilir.
Bu kulturoloji proqramın Azərbaycan humanitar-intellektual düşüncəsinin, mədəniyyətinin, milli söz sənətinin, çağdaş kitab-poliqrafiya sahəsinin, bədii-poetik, filoloji-elmi tərcümə işinin inkişafındakı irəliaparıcı rolunu, eləcə də yeni mütaliə mədəniyyətinin formalaşmasındakı təkanverici xüsüsiyyətlərini izah etməyə ehtiyac görmürəm: ən son sərəncamdan irəli gələn bəzi məsələlər barədə düşüncələrimi ədəbi-mədəni, elmi-filoloji ictimaiyyətlə bölüşmək istəyirəm…
Əvvəlki sərəncamın tələbləri yerinə yetirilərkən, çap edilmiş kitabların və ayrı-ayrı xarici yazıçıların əsərlərinin, hətta indiyəqədərki bədii tərcümələrin təkrar nəşrinə heç bir ehtiyac yoxdur. Ondansa milli tərcümə sənətinin ədəbi-bədii, elmi-filoloji, bir qədər də fəlsəfi-tarixi istiqamətlərinin – özü də orijinaldan çevirmək şərti ilə – inkişafını stimullaşdırmaq, yeni mütərcim nəslini yetişdirmək, çağdaş dünya bədii söz sənətinin dəbdə olan ən maraqlı, dəyərli nümunələrini buraxdırmaq məqsədiylə xüsusi kitab-nəşr proqramı işləyib hazırlamasına böyük ehtiyac duyulur.
İkincisi, ana türkcəmizdə indiyə qədər işıq üzü görməmiş kitablar mütləq o seriyaya daxil olunmalıdır. 150 adda kitabın 50-si dünya sivilizasiya tarixində böyük iz buraxmış, lakin Azərbaycan oxucusunun hələ də doğma ana dilində tanış ola bilmədiyi “Bibliya”nın hər iki hissəsinin – “Əhdi-Ətiq” və “Əhdi-Cədid” kitablarının, “Talmud”, “Riqveda”, “Avesta”, “Dxammapada”, Lao-tszı ilə Konfutsinin məşhur əsərləri, “Gilqameş”, “Mahabharata”, “Ramayana” kimi qədim yazılı abidələrin, sufi mütəfəkirləri əcərlərinin ixtisarsız bütöv mətnlərinə, o cümlədən fəlsəfə və tarix (Heredot, Platon, E.Kant, K.Marks, F.Nitşe, Z.Freyd) əsərlərinə ayrılmalıdır.
Növbəti 50 adda kitabı dünya ədəbiyyatında estetik cevrilişlər səbəb olmuş söz sənəti ustadlarının bizdə indiyə qədər də tərcümə edilməmiş dəyərli nümunələrinə, məsələn, F.Dostoyevskinin “Karamazov qardaşları”, Ceyms Coysun “Uliss”, F.Kafkanın, T.Mannın, J.P.Sartrın, U.Folknerin, Akutaqava Ryünoskenin romanlarına ayırmaqla, nə üçün də o əsərlərə azərbaycancamızda yenidən ruh verməyək…
Sonuncu 50 adda kitab isə mütləq ədəbiyyat sahəsində Nobel mükafatı almış və həmçinin son illərdə dünya ədəbi-bədii, kulturoloji-estetik düşüncəsində özünə yer etmiş müəlliflərin əsərlərinə aid olmalıdır. Bu sırada L.Borxes, Q.Markes, H.Hesse, J.Saramaqo, G.Qrass, A.Kamyu, U.Eko, P.Züskind, J.Deridda, Y.Lotman, İşBrodski, X.Murakami, O.Pamuk, V.Pelevin, X.Kortasar və b. tanınmış yaradıcı intellektualların əsərlərini görmək çox xoş olardı.
İşıq üzü görəcək bütün kitabların eyni zamanda elektron daşıyıcılar və İnternet variantlarının hazırlanaraq ən yeni nəsil istifadəçilərinin ixtiyarına vermək vacib məsələlərdən biridir.

P.S. İnanırıq ki, ölkə başçımızının növbəti sərəncamı Azərbaycan ədəbiyyatının maraqlı nümunələrinin dünyanın aparıcı dillərinə çevrilməsi, onların xaricdə kitab şəklində kütləvı çapının və yayımının təşkili, eləcə də İnternetdə yayımlanması haqqında olacaq.