Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

S.Arran. "Pərdənin arxasında - böyük romançı"

Müəllif:

Bələdçi


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

 V.Vulfun ölümündən sonra onun 26 dəftərlik gündəliyi tapıldı. Bu dəftərlərdə yazıçının 27 il boyunca düşündükləri, həyatının müxtəlif anları, yazacağı əsərlərin mövzuları və sairə geniş şəkildə qeyd edilib. Bu qeydlərdə yazıçı, həm də bir insan olaraq cəmiyyət həyatını, insan yaşamını və bu üzdən özünün qarşılaşdıqlarını açıq şəkildə göstərir, təhlil edir, nəticə çıxarır. Bu gündəlik həm də bir qadının cəmiyyət həyatına baxışlarıdır. Burada o, axtarır, qadının kimliyini ortaya çıxarmaq istəyir.


Baxış sayı: 95
    
    


Dünyada hələ də qadın-kişi yazarları deyilən bir ayrıntı mövcuddur. Ayrıca olaraq ədəbiyyatda qadın mövzusu var. Ədəbiyyat tarixinə nəzər salsaq görərik ki, qadınların ədəbiyyata gəlişi və qəbul olunması heç də asan olmayıb. Kifayət qədər faktlar var ki, qadın öz yazdıqlarını meydana çıxarmaq üçün kişi ləqəblərindən istifadə etməyə məcbur olub. Ümumiyyətlə, qadınların yazıçı obrazı əsasən 20-ci əsrdən ciddi fakt olaraq qəbul edilməyə başlayıb. Onların ədəbiyyata daxil olması susqun, qapalı, əzilmiş qadın obrazını dəyişdirdi. Müasir qadın maarifçi də olmaq istəmir. Həmçinin müqəddəs ana, sadiq xanım, romantik sevgili rolu da kişi yazarların onların boylarına ölçdüyü obrazlardır. Qadın kişilər tərəfindən qurulan dünyanın yenidən kəşf etməklə onu öz baxış bucağından keçirməyə çalışır. Qadın öz varlığını sübut etmək üçün əsərlər qələmə alır. Qadın yaşamaq mübarizəsinə ədəbiyyatın da gücünü qatır. O daha Mopassanın "Çöldə" əsərində təsvir edildiyi kimi gözəl, lakin hissiz bir varlıq hesab edilən qadın deyil.
   
   
Şekspirin bacısı
   

   Virciniya Vulf 1882-ci ildə Londonda dünyaya göz açmışdır. Yazdığı modern romanlarıyla bu qadın dünya ədəbiyyat tarixinə öz adını yazdırıb. 20-ci əsrin ən yaxşı romanları içində onun yazmış olduğu "Dəniz fənəri", "Yakobun evi" ,"Pərdə arxası", "Özünə aid bir ev", "Gecə və gündüz", "Dalğalar" tipli əsərləri modern nəsr nümunələri hesab olunur.
   Virciniya Vulfun qadın yazarların manifestinə çevrilmiş «Özünə aid bir otaq» əsərində Şekspirin bacısı ilə bağlı bir hissə var. Virciniya Vulf burada Şekspir səviyyəsinə çatacaq bir qadının olmayacağını iddia edən bir keşişin iddialarına cavab verir. Doğrudan da, qadına nə vaxt cəmiyyət həyatında kişilərlə bərabər rol oynamaq imkanı verildi ki, onların dühası, görkəmli qadın yazar meydana çıxmadı?
   Bu qadın yazarlarından biri və bəlkə də ilkini Virciniya Vulf oldu.
   
   
Romanlar ustası
   
   1941-ci ildə depressiyaya düşmüş Vulf intihar edir.
   V.Vulfun ölümündən sonra onun 26 dəftərlik gündəliyi tapıldı. Bu dəftərlərdə yazıçının 27 il boyunca düşündükləri, həyatının müxtəlif anları, yazacağı əsərlərin mövzuları və sairə geniş şəkildə qeyd edilib. Bu qeydlərdə yazıçı, həm də bir insan olaraq cəmiyyət həyatını, insan yaşamını və bu üzdən özünün qarşılaşdıqlarını açıq şəkildə göstərir, təhlil edir, nəticə çıxarır. Bu gündəlik həm də bir qadının cəmiyyət həyatına baxışlarıdır. Burada o, axtarır, qadının kimliyini ortaya çıxarmaq istəyir. Gündəliklər tapıldıqdan sonra kitab şəklində çap edilir. Kitab haqqında belə deyilir:
   "Bir qadın dəyişmək istəyirsə, mütləq bu gündəlikləri oxumalıdır".
   
   
Şeir kimi "Dalğalar"
   
   1931-ci ildə "Dalğalar" adlı romanını yazan Vulf əsərdə 3 kişi və 3 qadının uşaqlıqlarından yaşlılıq dövrünə qədər həyatlarını təsvir edir. Burada kişilərin iç dünyasına da baş vurulur. "Şeir olmayan bir şey nə üçün ədəbiyyata gəlməlidir" deyən yazıçı bu romanını dalğa səsinə uyğun, esse-şeir üslubunda qələmə alıb. Onun ikinci əsəri olan "Gecə və Gündüz" romanı modern üslubundan fərqli olaraq klassik realizmə söykənilməklə yazılıb. «Gece və Gündüz» Virciniya Vulfun ikinci romanıdır. Əsərdə dövrün atmosferi, baş verən hadisələr real qələmlə təsvir edilir. Hadisələr Birinci Dünya müharibəsi dövründəki Londonda baş verir. Burada qadın haqları, sinfi fərqliliklər,mücadilələr, ümidlər obrazların xarakterik xüsusiyyətləri ilə çuğlaşmaqdadır. Katirina, Meri, Ralp kimi modern düşüncəli insanlar romanda fikir və ruh düşüncəsinin simvolları olaraq göstərilir.
   "Pərdə arxası" romanında isə yazıçı insanın məhz pərdə arxasındakı real həyatını göstərmək istəyir.