
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Əvəz Süleyman
\"Dünyadan qalsın\"
Aforizmlər
Kitabda tanınmış yazıçı, ziyalı və pedaqoqun indiyə qədər müxtəlif əsərlərində getmiş mənalı fikirləri, eləcə də aforizmləri və fəlsəfi düşüncələri yer alıb.
Əvəz Süleyman. Dünyadan qalsın: Aforizmlər / Ə. S. Süleyman ; red. Əli Rza Xələfli; - Bakı : Yazıçı, 2011. - 192 s. : il., rəng.foto ; 20 sm. - 500 ədəd.
Əvəz Süleymanın başqa bir kitabıyla - \"Dərd yazanın dərdi\" - buradan tanış olun:
http://www.kitabxana.net/?oper=readBook&id=1871
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Ali Ədəbiyyat mükafatının laureatı, yazıçı-publisist, tanınmış ziyalı və pedaqoq, 10 kitab müəllifi Əvəz Süleymanın ədəbi-bədii saytı:
Əvəz Süleyman
Mənim həyat yolum
Bəli, mən hansısa kitaba, ya da sayta söz yazmaq fikrində olmamışdım. Hər hansı bir kitaba, eləcə də indiki gənclərin daha çox meyl göstərdikləri sayta - İnternet səhifəsinə mülahizələrini – ön sözü də, son sözü də oxucu yazmalıdır...
Lakin fikirləşəndə ki, bu ömrü mən yazmamışam və yaşadığım ömrün nişanlarını yalnız mən bilirəm, odur, yazmağasəy göstərdim, amma yüzə-yüz yaza bilmədim. Çünki duyğularımmın hamısını qələmə almaq mənim üçün o illəri bird aha yaşamaqdır. Xatirələr də o qədər acılı-şirinlidirki, ilişib qalırsan boğanağında…
Mən 1942-ci il aprel ayının 10-da Ağsu rayonunun Qırlar kəndində anadan olmuşam.
Atam Siracəddin Həşim oğlu Süleymanov 1890-cı ildə İsmayıllı rayonunun Sulut kəndində doğulmuşdur. 1930-cu ildə kolxoz qurulucuğunda iştirak etmiş, uzun müddət kolxozda işləmişdir. 1943 - 1946-cı illərdə orada sədr işləmişdir: o zaman bu kollektiv təsərrüfat Leninabad Stalin adına kolxoz adlanırdı. 1946 - 1951-ci illərdə kolxozda mal-qara ölümü ilə bağlı saxta ittihamlarla həbsdə olmuşdur. Atam həbsdən sonar da – 1957 - 1968-ci illərdə həmin kolxozda işləmiş, sonra təqaüdə çıxmışdır.
Anam Əsyəbəyim Abduləli qızı Süleymanova 1914-cü ildə Ağsu rayonunun Quzay kəndində anadan olmuş, atanmla ailə həyatı qurduqdan sonra Leninabad kəndindəki kolxozda çalşımış, 1971-ci ildə dünyasını dəyişmişdir.
Orta məktəbdə şagird olduğum illəri əzizim kimi bağrıma basıram: burnumun ucu göynəyir o saf çağlardan ötrü… Birini yazıram, biri qalır; böyük şairimiz Əli Kərim demiş: “... Çəmənlər bir qoşun uşaqlığın baharı...”
Mən 1951 - 1958-ci illərdə Leninabad kənd səkkizillik məktəbində oxumuşam. 1959 - 1960-cı illərdə ağsu qəsəbə orta məktəbində təhsilimi davam etdirmiş, 1961-1962-ci illərdə Şamaxı şəhər 5 saylı orta məktəbində X sinfi bitirmişəm.
1963-cü ildə Ağsu şəhərində pedaqoji sinifi qurtarıb həmin il də Lenin adına APİ-nin ədəbiyyat fakültəsində qiyabi təhsilə başlamışam.
Müəllim işlədiyim illər, müəllim kollektivinə rəhbərlik rəhbərlik etdiyim illər də ömrümdə silinməz izlər buraxıb. Unutmaq, yaddan çıxmaq mümkün deyil!
Yazmağın gözəlliyi də ondadır ki, o ipək illəri, o gözəl illəri yaşadıqca yaşayırsan, ürəyində daşıyırsan, ta yazıya köçənədək…
1963-cü ilin avqust ayından Kürdəmir rayonunun Pirili kəndində müəllimlik etmişəm. 1968-ci ildə Ağsu rayonunun indiki Sanqalan səkkizillik məktəbində ədəbiyyat müəllimi işləmişəm. 1972-ci ildən Şamaxı rayonunun Ərəbşalbaş kəndində ədəbiyyat müəllimi kimi, 1973-cü ilin sentyabırından 1993-cü ilin yanvarına kimi Şamaxı rayonunun Çıraqlı 8 illik məktəbində direktor kimi çalışmışam.
1993-cü ildən bu günə kimi Şamaxı şəhər 8 saylı orta məktəbindəədəbiyyat müəllimi işləyirəm. İşlədiyim müddətdə həmişə çalışmışam ki, uşaqlara təkcə elmdən deyil, həm də insanlıqdan dərs keçim. Onlara elmin sirləri ilə yanaşı, insanlığın da incəliklərini öyrətmişəm.
Səkkizinci sinifdə oxuyandan yaradıcılığa başlamışam, ilk şeirlərimi yazmışam. 1968-1980-ci illərdə bədii nəsrlə məşğul olmuşam. Nədənsə yazılarımın çapına ürək eləməmişəm. Heç yerdə (əlbəttə, məqalələrimi nəzərdə tuturam) çap olunmamışam.
İlk yazım Ə.Mərdanlının yaradıcılığı – “Dördüncü meyit” povesti haqqında 2003-cü ildə “Aran” jurnalında çap olunub. 2002-ci ilə kimi ailə həyatımla, yəni uşaqların təhsili, ailəsi, evi ilə məşğul olduğumdan yazılarımı çap etdirməyə imkan tapa bilməmişəm.
Əsasən 2002-ci ildən yaradıcılığa başlamışam. Ədalətli işi, düzlüyü sevirəm. Həyatımın amalı odur. Canım düzlükdür...
Güman ki, yaşla bağlı olaraq son 10 ildə bədii-publisistik yaradıcılıqla ciddi, məhsuldar məşğul olmağa başladım. İndiyəcən 10-dan çox poetik, bədii nəsr və publisistik kitabım işı üzü görüb, əsərlərim radio və televiziyada səslənib, haqqımda verilişlər çəkilib, müxtəlif ədəbi mükafatlara layiq görülmüşəm.
Budur, indi oxucuların görüşünə yaradıcılığımın daha fərqli bir formatı ilə - ədəbi-bədii saytla gəlmişəm və inanmaq istərdim ki, yeni nəslin fəal yararlandığı İnternet vasitəsilə insanlara demək istədiyim fikirləri daha asan çatdırmaq imkanına malik olacağam...
Hamınıza gözəl günlər, uğurlu həyat arzusu ilə, sizin Əvəz Süleyman...
20.06.2013
Biblioqrafiya
Əvəz Sirac oğlu Süleyman
Biblioqrafiya
1. Əvəz Süleyman. Tək qardaş ömrü : Şeirlər, publisistik qeydlər, təəssüratlar / Ə. S. Süleyman ; red. F. Çobanoğlu. - Bakı : Təfəkkür, 2004. - 160 s. ; 20,5 sm. - 1000 ədəd.
Annotasiya: Kitab Əvəz Süleymanın oxucularla birinci görüşüdür. Müəllifin müxtəlif illərdə qələmə aldığı şeirləri, publisistik qeydləri və ayrı-ayrı qələm adamlarının onun yaradıcılığına münasibəti kitabda öz əksini tapmışdır. Bu topluda Azərbaycanın əsrarəngiz təbiəti, insanın mənəvi aləmi, dostluq, məhəbbət kimi ali hisslər, səmimi duyğular şirin bir dillə tərənnüm olunur.
2. Əvəz Süleyman. Əzab : Hekayə və şerlər / Ə. Süleyman ; red. : S. Hüseynoğlu. - Bakı : Yazıçı, 2005. - 136 s. : şək. ; 20 sm. - 500 ədəd.
Annotasiya: Kitaba Əvəz Süleymanın son dərəcə yığcam, lakonik, maraqla oxunan hekayələri və həyatın müxtəlif problemlərinə həsr edilmiş poetik nümunələri daxil edilmişdir.
3. Əvəz Süleyman. Pələng balaları haqqında şəkilli kitab : Hekayə və şeirlər / Ə.Süleyman ; red.: S. Hüseynoğlu. - Bakı : Yazıçı, 2005. - 136 s. : şək. ; 20 sm. - 500 ədəd.
Annotasiya: Kitabda körpə balaların maraq dünyasına çox həssas bir yazıçı səyahəti öz əksini tapıb.
4. Əvəz Süleyman. Əfsanəyə çevrilən ömür: Publisistika / Ə. S. Süleyman ; red. S. Hüseynoğlu; - Bakı: Şəms, 2006. - 92 s. : il., rəng.foto ; 20 sm. - 500 ədəd.
Annotasiya: Kitabda Şirvan elinin inanc yeri müqəddəs övliyalar nəslinin layiqli varisi olmuş Hacı Ağanın (Mirməmmədtağının) şərəfli ömür yolundan bəhs olunur.
5. Əvəz Süleyman. Köhnə dərd. Hekayələr / Ə. S. Süleyman ; red. S. Hüseynoğlu. - Bakı : Yazıçı, 2007. - 216 s. : rəng.foto ; 20 sm. - 500 ədəd.
Annotasiya: Dərin həyati müşahidələrin məcmusundan ibarət \"Köhnə dərd\" kitabında Əvəz Süleymanın çağdaş həyatımızdan bəhs edən yığcam, mənalı və tərbiyəvi əhəmiyyətli hekayələr toplanıb. Kitab müəllifin oxucularla beşinci görüşüdür.
6. Əvəz Süleyman. Döy məni ana, döy! Hekayələr / Ə. S. Süleyman; red.: Vasif Quliyev. - Bakı: “Şuşa” nəşriyyatı, 2009. - 24 s. : rəng.fotolar ; 20 sm. - 300 ədəd.
Annotasiya: Kitabda uşaqlar üçün ibrətamiz, həyatdan götürülmüş qısa hekayələr toplanıb.
7. Əvəz Süleyman. Dərd yazanın dərdi : povest və hekayələr / Ə. S. Süleyman; red. Ş. Vəfadar; rəs. V.Qocayeva. - Bakı: Yazıçı, 2010. - 192 s.: il., rəng.foto; 20 sm. - 500 ədəd.
Annotasiya: Kitabda müasir həyada hər an rastlaşdığımız, yaşadıqlarımız və gördüklərimiz yazıçının dili ilə obrazlı şəkildə təsvir olunmuşdur. Burada daha çox müəllifin qələmə aldığı hekayə və povestləri toplanmışdır.
8. Əvəz Süleyman. Dünyadan qalsın: Aforizmlər / Ə. S. Süleyman ; red. Əli Rza Xələfli; - Bakı : Yazıçı, 2011. - 192 s. : il., rəng.foto ; 20 sm. - 500 ədəd.
Annotasiya: Kitabda müəllifin indiyə qədər müxtəlif əsərlərində getmiş mənalı fikirləri, eləcə də aforizmləri və fəlsəfi düşüncələri yer alıb.
9. Əvəz Süleyman. Əfsanəyə çevrilən ömür (təkrar nəşr): Publisistika / Ə. S. Süleyman ; red.: Sərvaz Hüseynoğlu; - Bakı: Yazıçı, 2011. - 92 s.: foto ; 20 sm. - 500 ədəd.
Annotasiya: Kitabda Şirvan elinin inanc yeri müqəddəs övliyalar nəslinin layiqli varisi olmuş Hacı Ağanın (Mirməmmədtağının) şərəfli ömür yolundan bəhs olunur.
10. Əvəz Süleyman. Qəhər yaşları: Böyüklər və uşaqlar üçün hekayələr / Ə. S. Süleyman ; red.: Əli Rza Xələfli; - Bakı: Yazıçı, 2013. - 250 səh.: 20 sm. - 500 ədəd.
Annotasiya: Kitabda müəllifin müxtəlif illərdə böyüklər və uşaqlar üçün qələmə aldığı maraqlı, oxunaqlı hekayələr toplanıb.