Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Dilarə Vəkilova və Əlövsət Bəşirli. "Bizim dünya". Bu elektron kitabda müəlliflərin qələmə aldığı hekayələr, xatirələr, oçerklər və başqa oxunaqlı yazılar toplanmışdır. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Müəllif:

Bələdçi


Kateqoriya:

Memuar, yol qeydləri



Qısa Təsvir:

Dilarə Vəkilova və Əlövsət Bəşirlinin imzası ilə "Mütərcim" nəşriyyatında bu günlərdə işıq üzü görmüş "Bizim dünya" kitabı əsasında e-nəşrə hazırlanmış  bu elektron kitabında hekayələr, xatirələr, oçerklər və başqa oxunaqlı yazılar toplanmışdır. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.


Baxış sayı: 2727
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

 

 “Çağdaş Azərbaycan bədii nəsri”: 09  (24 - 2013)

 Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan bədii nəsri” Kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Elektron Kitab N 09  (24 - 2013)


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:


YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net

 

Dilarə Vəkilova, Əlövsət Bəşirli


"Bizim dünya"


Dilarə Vəkilova, Əlövsət Bəşirli bu elektron kitabında hekayələr, xatirələr, oçerklər və başqa oxunaqlı yazılar toplanmışdır.

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

 

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 09  (24 - 2013)

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq



"BİZİM DÜNYA"



Müəlliflərə balaca bir oxucu məktubudünya"ya iki yerdən, iki pəncərədən baxmaq olar. Biri hamının və bizim olan dünya, biri də yalnız bizim olan dünya. İndi bu iki yanaşamanın arasında bir yolçuluq etmək istəyirəm. Yəni, nağıllarda deyildiyi kimi, ayağıma dəmir çarıq, əlimə dəmir əsa götürüb bu iki dünyanın arasında dərvişlik etmək, mizan -tərəzi qurmaq, görüb-götürdüklərimi, anladıqlarımı saf-çürük etmək istəyirəm. Özü də bu istəyim təkcə təbii bir duyğu deyil, bu istəyimin arxasında başqa bir istək də, yəni mənə son dərəcə munis olan anlayışlı, ağayana və həm də bir yaradıcı aurası olan əziz insanın qarşısındakı borcum dayanır.
Dilarə Vəkilova və Əlövsət Bəşirlinin imzası ilə "Mütərcim" nəşriyyatında bu günlərdə işıq üzü görmüş "Bizim dünya" kitabının redaktoru Aynur Bəşirli, rəssamı Ədalət Həsənlidi. Nəfis şəkildə, müəyyən fotoların təqdimi ilə işıq üzü görmüş kitabın üz qabığındakı rəssam işi dərhal diqqəti çəkir. Çünki məhz pəncərələrdən görünən bu dünya özünün reallığı ilə sözsüz, dilsiz oxucuya nələrisə xatırladır. Neçə gündü baş-başa qaldığım bu kitabda Azərbaycan jurnalistikasında kifayət qədər tanınan, imzası imzalar içində boy verən bir jurnalist ailəsinin Dilarə Vəkilova, Əlövsət və Aynur Bəşirlilərin həzin, ilıq, həm də adamla birbaşa danışmağı bacaran yaradıcılıq yolu, xüsusilə özlərinə aid dünyanın pıçıltıları mənim də könlümə yol tapıb.
Öncədən onu da xatırladım ki, bu kitabda toplanmış yazıların yəni - oçerklərin, məqalələrin, xatirələrin, müsahibələrin və hekayələrin bir qismini dövrü mətbuatda oxumuşam. Yəni baş-başa qaldığım bu kitabla müəyyən qədər ilk tanışlığım olub. Təbii ki, toplu halında həmin yazıları oxumaq özü-özlüyündə Dilarə xanımla Əlövsət müəllimin dünyasına birbaşa qonaq olmaq imkanı verir. Mən bu qonaqlıqda özümü çox rahat hiss edirəm. Çünki peşəkar qələm, qətiyyətli mövqe, xüsusilə sözdən söz yaratmaq qabiliyyəti məni, yəni oxucunu darıxmağa qoymur. Digər tərəfdən də bu kitabdakı obrazların bir qismi mənim də tanıdığım, qarşılaşdığım, barələrində az-çox məlumatım olan insanlardı. Hecə deyərlər, tanış üzlər, tanış izlər və bu tanışlığa isti bir baxış, isti bir yanaşma oxucu kimi məni öz aurasından kənara buraxmır.
Kitaba ön söz yazmış Əməkdar jurnalist Ələkbər Abbasov - Şəhrili vurğulayır ki, Əlövsət və Dilarənin - "onların bu kitabdakı hekayələri, oçerkləri və xatirələri - dünyamızın səsi, dünyamızın nəfəsi, dünyamızın sevinci, ağrısı, acısıdır və bunların hamısı Əlövsətlə Dilarənin narahat dünyasıdır".
Mən məhz dastansayağı yazılmış bu ön sözün son cümləsindəki yanaşmadakı münasibəti qabartmaq istəyirəm. Çünki doğrudan da bir dam altda, eyni ürəklə, eyni düşüncəylə, eyni sevgiylə böyük dünyada öz dünyasını qurmaq hər adama nəsib olmur. Əlövsət müəllim və Dilarə xanım təkcə fiziki anlamda, yaşam anlamında bir ev tikməyiblər, onlar həm də söz məkanında, söz arenasında həmin evin işığını yandıra biliblər. Və bu işıq da onların adi anlamdakı evlərini o qədər nurlandırıb ki, bu ev əslində həm söz dünyasında, həm də bizim sakini olduğumuz dünyada bütövləşib, tamlaşıb. Həm ev yaranıb, həm də ev öz içində daha böyük bir evə çevrilib.
Əlövsət müəllimdə həmişə müşahidə etdiyim centilmenliyi kitabın tərtibində də duydum. Mənə elə gəlir ki, bu işdə Aynur və Pakizə Bəşirlilərin də xidmətləri var.
Çünki Dilarə xanımın yaradıcılıq nümunələrindən sonra Əlövsət müəllimin meydanı açılır. Amma arada o qədər ruh, düşüncə, həm də mövzu doğmalığı var ki, Dilarə xanımın yazılarından Əlövsət müəllimin yazılarına keçəndə ortada boşluq qalmır. Ən naşı oxucu da bu yazıların eyni ürəyin çırpıntısı olduğunu dərhal hiss edər. Çünki bu yazılar hamısı gerçəklikdəndi, hamısı həyatdandı. Burada uydurma heç nə yoxdu. Müəlliflər gördüklərini, duyduqlarını, yaşadıqlarını qələmə alıblar.
Mən kitabdakı yazıların demək olar ki, hamısından oxucuya sitat təqdim edə bilərəm. Ancaq kitabı oxumaq işini oxucunun ixtiyarına verib bu günün ən vacib bir mövzusu ilə bağlı məqamı diqqətə çatdırıram. Çünki bugünkü mətbuatımız, jurnalistikamız bir az xəstəhal, bir az şikəst kimidi. Yəni, əli qələm tutan, tutmayan, ürəyi, duyğusu olub-olmayan bir axın üz tutub jurnalistikaya. Amma zamanında qələmə hər adam yaxın düşə bilmirdi. Çünki onlar oturuşmuş, böyük ürək sahibi olan redaktorların, imzası oxucu üçün sevinc gətirən, ümid verən yazarların sınağına, zəhminə, tələbinə dözüb, duruş gətirə bilmirdilər. Jurnalistikada dözümü, istedadı və bir də böyük arentasiyası olan, gələcəyi görə bilən insanlar duruş gətirə bilirdilər, imza sevdirirdilər, oxucu qazandırırdılar. Təəssüf ki, bu gün bax elə bu yazdıqlarım adamın ürəyindən ağrı kimi gəlib keçir. Həsrət hissi yaradır.
Dilarə Vəkilova və Əlövsət Bəşirlinin "Bizim dünya" kitabı mənə görə dünəni, bu günü və sabahı olan insanlar barəsindədi. Və ona görə də bu kitab mübaliğəsiz öz oxucusunu tapacaq. Başqa cür də ola bilməz. Çünki bu kitabın sətirləri arasında iki imzanın, iki insanın, iki ürəyin və qoşa qanadın nəfəsi, pıçıltısı, ayaq səsi və bir az da xeyir-duası hakimi-mütləqdi. Mən şəxsən bu anlar həmin hakimin hökmü altındayam.


Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2012.- 13 oktyabr.- S.8.



DİLARƏ VƏKİLOVA VƏ ƏLÖVSƏT BƏŞİRLİNİN "BİZİM DÜNYA" KİTABININ İMZA GÜNÜ

Oktyabr ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dilarə Vəkilova və Əlövsət Bəşirlinin "Bizim dünya" kitabının imza günü keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca qonaqları salamladıqdan sonra kitabın müəllifləri haqqında, təqdim olunan kitab haqqında ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdü və tədbiri aparmaq üçün sözü Hahid Hacızadəyə verdi.
Nahid Hacızadə çıxışında ailə ilə bağlı gənclik xatirələrindən, dostluqlarından söz açdı, kitabın qəhrəmanlarının əksəriyyətinin tədbirdə iştirak etdiklərini söylədi. Kitaba ön söz yazan Ələkbər Abbasov "Bizim dünya" kitabını əsl məhəbbət kitabı adlandırdı: "Düz yarım əsrdir ki, Əlövsət müəllimlə Dilarə xanım jurnalistikada külüng çalırlar. Bütün bu illər ərzində qoşa imza ilə heç nə çap etdirməyiblər - istər kitab olsun, istərsə də qəzet-jurnal materialı, nə yazıblarsa ayrı-ayrılıqda yazıblar. Qələmlərini və imzalarını yalnız bu kitabın - "Bizim dünya"nın üzərində birləşdiriblər. Onların bu kitabdakı hekayələri, oçerk və xatirələri - dünyamızın sevinci, ağrısı-acısıdır və bunların hamısı Əlövsətlə Dilarənin narahat dünyasıdır. Adları qoşa çəkilsin, imzaları qoşa görünsün həmişə".
İradə Tuncay belə kitabların nəşr olunmasını gələcək nəsillər, gənclər üçün çox önəmli olduğunu söylədi: "Son dövrdə insanlar böyük janrlardan daha çox publisistikaya meyl edirlər. Kiçik həcmli yazılara daha çox üstünlük verirlər. Təqdim olunan kitabda insanın ürəyinin, qəlbinin aynası olan yazılar çoxdur. Tarixi kitablardan daha çox gənc nəsil tarixi belə kitablardan öyrənəcək".
Təqdimetmə mərasimində İntiqam Qasımzadə, Vaqif Yusifli, Südabə Ağabalayeva, Əliqismət Lalayev, Elçin Hüseynbəyli, Tofiq Abdin, Qulu Məhərrəmli və başqaları çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən söz aşdılar, bir ailənin iki üzvünün yazılarının bir araya gəlməsinin birinci hadisə olduğunu qeyd etdilər.
Tədbirin sonunda çıxış edən müəlliflər tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, toplaşanlara təşəkkürlərini bildirdilər.