Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Antonio Tabukki. "Çeşir pişiyi" (hekayə). İtaliyanın tanınmış yazıçısından maraqlı bir nəsr nümunəsi... İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov... Yazar haqqında məlumat.

Müəllif:

Bələdçi


Kateqoriya:

İtaliya



Qısa Təsvir:

 


Baxış sayı: 2860
    
    


ANTONİO TABUKKİ


ÇEŞİR PİŞİYİ

(Hekayə)

İtalyan dilindən tərcümə edəni:
Cəmşid CƏMŞİDOV

Nəhayət,bütün bunlar heç də həqiqət deyildi. Belə deyək,daha çox ürək döyüntüsü idi və hətta əgər ürək döyüntüsü idisə də,yalnız onun əlamətləri idi,nəticələri ilə birlikdə. Ancaq qorxu - yox,necə deyərlər,sadəcə həyəcan,belə. O,pəncərəni açıb,bayıra boylandı. Qatar sürətini azaltmaqda idi. Stansiyanın talvarı qızmar havada yüngülcə titrəyirdi. İsti artırdı,bu isti iyulda da olmayıb,nə vaxt olmalı idi ki ? Lövhədə "Çivitavekkya" yazısını oxudu,pərdəni aşağı saldı,bayırdan gələn səsləri,stansiya rəisinin fitini,qapıların necə bağlandığını eşitdi. Düşündü ki,özünü yuxuluğa qoysa, bəlkə də heç kim kupeyə girməz,gözlərini yumub,öz-özünə dedi: heç nə barəsində düşünmək istəmirəm. Sonra isə: yox,düşünməliyəm, ancaq bütün bunlar mənasızdır. Axı,nədən ötrü nəyinsə mənası olmalıdır? Bəlkə də olmalıdır,ancaq bu gizli mənadır,onu sonradan başa düşürsən,bir xeyli keçəndən sonra,ya da heç başa düşmürsən,ancaq, məna olmalıdır: hər şeyin öz mənası,dəqiq,bəzən heç aidiyyatı olmayan,hətta elə gəlsə də ki,aidiyyatı var. Məsələn,həmin o telefon zəngi."Salam pişik,mənəm Alisa 1),mən qayıtmışam,indi hər şeyi sənə başa sala bilmərəm,sənə ismarıc göndərməkdən ötrü cəmisi iki dəqiqə vaxtım var... " (bir neçə saniyə sükut) "...Mən səni görməliyəm,mütləq görməliyəm,indi mən bunu hər şeydən artıq istəyirəm,bütün bu illər ərzində həmişə bu barədə düşünmüşəm",(bir neçə saniyə sükut) "Neçəsən,pişik,yenə həmin o qaydada gülümsəyirsən? Bağışla,səfeh sualdır,ancaq elə çətindir ki,danışasan və başa düşəsən ki,səsin yazılır,səni görməliyəm,bu çox vacibdir,xahiş edirəm".(bir neçə saniyə sükut) "Birigün,iyulun on beşində,saat on beşdə,Qrosseto dayanacağı,səni platformada gözləyəcəyəm,Romadan saat on üçdə çıxan qatara əyləş". Çıqq. (Telefonun avtomat yaddaşı sönür).
Birisi evə qayıdır və telefonun həmin o avtomat yaddaşında belə bir ismarıc görür. Bu qədər vaxt keçdikdən sonra... Hər şey illərin arxasında qalmışdı: o zamanlar,o şəhər,dostlar,hər şey. Hətta "pişik" sözü də,hətta o da illərin arxasında idi və indi bu söz həmin o pişiyin gülüşü ilə birlikdə onun xatirində canlanırdı,cünki bu gülüş Çeşir pişiyinin gülüşü idi. Alisa möcüzələr diyarında. Bu bir möcüzələr zamanı idi. Ancaq,belə idimi? O qadın Alisa,o isə Çeşir pişiyi idi: bu bir əyləncə idi,gözəl bir hekayət kimi. Ancaq,bir müddət sonra Pişik yoxa çıxdı,eynən kitabdakı tək. Kim bilir,görəsən o gülüş qalmışdımı,ancaq təkcə o gülüş,onun gülüşünün sahibi olan həmin o sima olmadan. Çünki zaman keçdikcə hər şeyi məhv edir və olsun ki,yalnız fikir qalır. O,qalxıb mərkəzi oturacağın üstündən asılmış balaca güzgüyə nəzər saldı. Gülümsədi. Güzgüdə arıq,sarışın bığları olan,qırx yaşlı,güzgüdəki bütün gülüşlər kimi,utancaq və qeyri-təbii gülüşlü bir kişi əks olundu: daha həyatın rişxənd etdiyi özgə heç bir məkr,heç bir təkəbbür,heç bir hiylə. Çeşir pişiyi ilə bağlı olacaq heç nə.
Bir qadın utancaq görkəmlə kupeyə daxil oldu. Bura boşdur? Əlbəttə ki,yer var idi,bütün yerlər boş idi. Bu,çal saçlarına mavi rəng oturmuş yaşlı bir qadındı. O, tikmə işi çıxarıb,mil ilə toxumağa başladı. Zəncirli sağanağı olan eynəyində sanki televiziyanın reklam çarxından çıxmışdı. "Siz də Torinoya gedirsiz?"- deyə o,qəflətən soruşdu. Bu qatar sorğu-sualları! O,cavab verdi ki,yox,bir qədər əvvəl düşəcək,ancaq dayanacağın,Qrossetonun adını çəkmədi. Nə mənası vardı? Bir də ki,niyə məhz Qrosseto,Alisanın Qrossetoda nə işi ola bilərdi,o,görüşü niyə məhz burada təyin etmişdi? Hiss etdi ki,ürəyi həyəcanla döyünməyə başlayır,o,yenidən qorxu barəsində düşündü. Ancaq nəyin qorxusu barədə? Bu,hissiyyatdır,- o öz-özünə dedi... nəyinsə qorxusu...həə,axı nəyin qorxusu? Vaxtın,Çeşir pişiyi,vaxtın,sənin "Alisa möcüzələr diyarında"kı o şirin pişik gülümsəməyin də daxil olmaqla artıq,hər şeyin yoxa çıxdığı bir vaxtın. İndi isə budur,onun möcüzələr diyarından olan Alisası, iyulun on beşi saat on beşdə, - məhz onun rəqəmi,o,rəqəmlər oyununu sevirdi və mənasız tarixləri kolleksiya edirdi. Məsələn: Bağışla məni,pişik,artıq belə mümkün deyil.Sənə yazıb, hər şeyi başa salaram. 10-cu ayın 10-cu günü,saat 10-da (Amerikanın kəşf olunmasına iki gün qalmış). Alisa. Bu vida məktubu idi,onu vanna otağının güzgüsündə qoymuşdu. Məktub ona demək olar ki,bir ildən sonra çatmışdı. Alisa hər şeyi birbəbir,təfsilatı ilə başa salırdı,əslində isə,mahiyyəti etibarı ilə,heç nəyi izah etmədən.Təkcə onu yazırdı ki,işləri nə yerdədir,onların zahiri gedişatı necədir. Elə bunlara görə də onu atıb gedir. O isə əksinə,həmin kağızı indiyə qədər portmonesində gəzdirirdi. Kağızı çıxarıb,bir də baxdı. Onun bükükləri saralmış,ortası cırılmışdı.


2


O,balaca pəncərəni açmaq istədi,ancaq olsun ki,bu sinyoranın xoşuna gəlməyə bilərdi. Bir də ki,dəmir lövhə xəbərdarlıq edirdi ki,işləyən kondisionerin təsirini azaltmamaqdan ötrü pəncərələri açmasınlar. Qalxıb,koridora çıxdı. Qatar yavaş-yavaş burulmağa başlamazdan əvvəl,Tarkviniyanın evlərinin işıq ləkələri görünənədək bir müddət keçdi. Hər dəfə Tarkviniyadan keçəndə onun yadına Kardarelli 2) düşürdü. Həm də,Kardarelli dəmiryolçu oğlu idi. Bir də ki, Liquriya şeri. Bəzi məktəb xatirələrinin ölüb getməsi uzun çəkir. Hiss etdi ki,tərləyib. Kupeyə qayıdıb,kiçik yol çantasını çıxartdı. Yuyunma otağında qoltuqlarının altına dezodorant vurub,köynəyini dəyişdi. Saqqalını da qırxa bilərdi,elə-belə,vaxtı öldürməkdən ötrü. Əslində,buna elə bir ehtiyac da yox idi,ancaq, bəlkə də bu ona bir qədər daha təravətli görkəm verərdi. Üstündə tualet ləvazimatı və elektrik ülgücü vardı,o özü-özünə etiraf etmək istəmirdi ki,gecəni bir başqa yerdə keçirmək fikrində olub. Üzünü səliqə ilə,çıxan tüklərin əks istiqamətində qırxıb,odekolon vurdu. Sonra dişlərini təmizləyib,saçlarını daradı. Saçlarını darayarkən,gülümsəməyə cəhd etdi,ona elə gəldi ki,pis alınmadı,bu,artıq, əvvəlki o şit gülüş deyildi. Belə deyirlər: fərziyyə yürütməlisən. Ancaq,o,bunu öz-özlüyündə edə bilmirdi,fikirləri sözlər şəklində üst-üstə qalanır,bir-birinə qarışır,onu təşvişə salırdı,belə ki,heç mümkün deyildi.
O,kupeyə qayıtdı. Yol yoldaşı olan sinyora,toxuması dizinin üstündə mürgüləyirdi. Əyləşib,yazı dəftərçəsini açdı. O,istəyəndə Alisanın xəttini dəqiq oxşarlıqla təkrar etməyi bacarırdı. Birdən,fikrinə gəldi ki,sanki bunu öz mənasız fərziyyələri ilə Alisa edirmiş kimi,bir məktub yazsın. Yazdı: Stiven və qızcığaz Minnesotoda yol qəzasında həlak oldular. Mən daha Amerikada yaşaya bilmirəm. Pişik,xahiş edirəm,həyatımın bu dəhşətli anlarında mənə hayan ol. Dərddən ruh düşkünlüyü keçirən və nəhayət, müdhiş taleyi nəticəsində həyatın mənasını dərk etmiş Alisa ilə bağlı faciəvi bir fərziyyə. Və ya başqa,arsızlıq çalarları ilə,çəkinib eləməyən,tam sərbəst bir Alisa: Həyat cəhənnəmə,dözülməz məhbəsə dönmüşdür,qızcığaz və Stiven sanki,bir almanın iki parçasıdırlar,xəmirləri bir yoğrulub. Əlvida Amerika. Ya da ki,"Qızıl gül"romanı 3) üslubunda,ehtirasla sentimentallıq arasındaki bir məktub: Bu qədər vaxt keçməsinə baxmayaraq,sən heç zaman mənim qəlbimi tərk etməmişsən. Daha sənsiz həyat yoxdur. Mənə inan,sənin sevgi əsirin Alisa.
O,məktubu cib dəftərçəsindən cırıb götürdü,onu bürmələyib,külqabına atdı. Pəncərədən baxıb,suların güzgü səthində alçaqdan uçan quşları gördü. Artıq, Orbettellonu keçmişdilər deməli,bu Albereze idi. Qrossetoya çatmağa bir neçə dəqiqə qalırdı. Hiss etdi ki,ürəyi yenə ağzına dəyməyə başlayır,həyəcana bənzər bir təşviş də keçirdi,necə ki,birdən hara isə gecikdiyini hiss edərdi. Ancaq qatar hərəkət cədvəli ilə son dərəcə dəqiq gedirdi,deməli o da həmçinin. Sadəcə,o,gözləmirdi ki,belə tezliklə gəlib çatacaqlar,bir də ki,fikirlərini cəmləşdirə bilmirdi. Çantasında kətan pencəyi və qalstuku vardı,ancaq qatardan gözəçarpan bir görkəmdə düşmək ona gülünc gəlirdi,köynək tamamilə kifayət edərdi,bir də ki,bu usti. Qatar qovuşuqda zərblə silkələndi və vaqonlar yırğalandı. Sonuncu vaqon həmişə bərk silkələnir,bu həmişə bir qədər qansıxıcı olur,ancaq Termini vağzalında o,bütün platforma boyu keçıb getmək istəmədi və sonuncu vaqona oturdu,həm də düşünürdü ki,orada adam az olar. Yol yoldaşı olan sinyora,sanki onunla danışırmış kimi,bəyənircəsinə başını tərpətdi,ancaq bu qeyri - iradi bir hərəkət idi,çünki o,sakitcə uyumağında idi.
O,yazı dəftərçəsini yığışdırdı,yüngülcə əzilmiş pencəyini qaydasına saldı,daraqla saçlarına bir də əl gəzdirdi və çantasının ağzını bağladı. Koridordakı pəncərədən Qrossetonun ilk binalarını gördü və qatar sürətini azaltmağa başladı. O,fikrində Alisanın simasını canlandırmağa çalışdı,ancaq bu cür fərziyyələr üçün vaxt qalmamışdı,bunu bir qədər əvvəl etmək lazım idi,bəlkə də,onda vaxtını daha səmərəli keçirərdi. Saçları,- deyə o,düşündü,- onun saç düzümü necə idi? Saçları uzun idi,ancaq olsun ki, onları kəsdirib,hətta çox ola bilsin ki,kəsdirib, indi ki,uzun saç saxlamırlar. Ona elə gəldi ki,Alisa ağ paltarda olacaq...kim bilirdi nədən...


3


Qatar stansiyaya çatıb,dayandı. O,qalxıb pəncərənin örtüyünü aşağı endirdı. Aralı yerdən bayıra xəlvəti nəzər saldı,ancaq perronun talvarı çox uzaqda olduğundan,heç nə seçə bilmədi. Qalstukunu götürüb,onu diqqətlə bağladı,sonra pencəyini geydi. Güzgüyə baxıb,ağız dolusu gülümsədi. İndi daha yaxşı alınırdı. Yenə qatar rəisinin fitini və bağlanan qapıların səsini eşitdi. Bu dəfə pəncərənin örtüyünü qaldırdı,şüşəni aşağı salıb,pəncərədən boylandı. Platforma hərəkətə gəlməyə başlayan qatarın yanından yavaş-yavaş ötüb keçirdi,o,perrondakı adamları görməkdən ötrü başını bayıra çıxartdı. Qatardan düşən sərnişinlər yeraltı keçidə tərəf gedirdilər,talvarın altında adamlar görünürdü: uşağın əlindən tutmuş tünd geyimli qoca bir qadın,arabasının üstündə oturmuş yükdaşıyan və yeşiyini çiyninə atmış,ağ gödəkçəli dondurmasatan . O,düşündü ki,bu mümkün olan şey deyil. Mümkün deyildi ki,Alisa burada,talvarın altında olmasın,qısa kəsimiş saçları ilə və öz ağ paltarında. O,başqa bir pəncərədən boylanmaqdan ötrü koridor boyu qaçmağa başladı,ancaq qatar stansiyanı ötüb keçmişdi və sürətini artırırdı,o,yalnız uzaqlaşmaqda olan "Qrosseto" yazısını seçə bildi. Yox,ola bilməz,- deyə o,yenə fikirləşdi,- o,yəqin ki,barda olub. İstiyə dözə bilməyib və girib bara,çünki o qədər əmin idi ki,o gələcək.Ya da,yeraltı keçiddə,divara söykənərək onu gözləyib,həmin o laqeyd,eyni zamanda təəəccüblə baxan,möcüzələr diyarından olan əbədi Alisa,hələ də uzun və bir qədər pırtlaşıq saçları ilə,o dəfə,dənizə gedərkən onun bağışladığı mavi sandaletlərdə... və o,yəqin ki,deyəcəkdi: mən o dəfəki kimi geyinmişəm ...belə geyinmişəm ki,sənin xoşuna gəlsin.
O,qatar bələdçisini tapmaqdan ötrü köridoru adladı. Bələdçi birinci kupedə oturub,kağızlarını qaydaya salırdı; belə görünürdü ki,növbəsini yenicə təhvil almış və hələ yoxlamaya başlamamışdı. O,içəri boylanıb,geri qayıdan qatarın nə vaxt keçəcəyi ilə maraqlandı. Bələdçi bir qədər qarıxmış halda ona nəzər salıb,soruşdu: geri,yəni hara? Geri,yəni o mənada ki,Romaya,- deyə o,cavab verdi. Bələdçi cədvəli vərəqləməyə başladı. Kampilyaya biri olmalıdır,ancaq bilmirəm,vaxtında gələcəkmi ki,ona otura biləsiniz... Sonra cədvələ bir də,diqqətlə nəzər salıb,təkrar soruşdu: ekspress istəyirsiniz,yoxsa yerli qatar da əl verər? O,dərhal cavab verməyərək,fikrə daldı. Fərq etməz,- deyə,nəhayət söylədi,- bir qədər sonra deyərəm,hələ vaxta var.


---------------------------------------------------------------------------------------



1. Çeşir pışiyi və Alisa - İngilis yazıçısı Lyuis Kerrollun "Alisa möcüzələr diyarında" nağılındakı personajlara işarədir.

2. Kardarelli - italyan şairi Vinçentso Kardarelli (1887 - 1959)

3. "Qızıl gül" romanı - XIII əsr fransız alleqorik poeması.



Antonio Tabukki  haqqında

Antonio Tabukki 1943 -cü ildə Piza şəhərində anadan olmuşdur. Universitet təhsilinə görə portəgizşünas-filoloq idi. Tələbəlik illərində Avropanı gəzib-dolaşan gənc,ilk dəfə tanış olduğu Lissabon şəhərinə bütün varlığı ilə vurulur. Qəlbində bu şəhərə,portəgiz dilinə və bütün Portuqaliyaya xüsusi bir məhəbbət yaşadan gələcək yazıçı,bu ölkəni və onun mədəniyyətini özünün həyat marağına çevirir. Bir müddət Pizadakı Ali normal məktəbdə təkminləşmə kurslarında oxuduqdan sonra,1973 -cü ildə Bolonya,daha sonra isə Cenova universitetlərinin portəgiz dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin olunur. 1983-84- cü illərdə yazıçının "Porto-Pimdən olan qadın" və "Hind noktürnü" romanları çap olunur. Daha sonralar "Diqqətə layiq olmayan xırda ikimənalıqlar"(1985), "Üfüq xətti" (1986), "Beato Ancelikonun qanadlıları"(1987) və bir çox başqa əsərləri,nəhayət ona dünya şöhrəti gətirmiş "Pereyra təsdiq edir. Şahid ifadələri" (1994) romanı çap olunub,ekranlaşdırılır. Sonrakı illərdə yazıçının "Damaşenu Monteyrunun başı"(1997),"Qaraçılar və İntibah"(1999), "Hekayələr" (2005),"Zamanın iti axarı"(2009) və digər maraqlı əsərləri də işıq üzü görür. A.Tabukkinin İtaliya-Portuqaliya ədəbi - mədəni əlaqələrində və bədii tərcümə sahəsində xüsusi xidmətləri var. O,1989-cu ildə Portuqaliya prezidenti tərəfindən İnfant don Enrike cəngavər ordeni,Fransa hökuməti tərfindən isə incəsənət və ədəbiyyat ordeni ilə təltif edilmişdir. 1998-ci ildə avropa ədəbiyyatı üzrə Avstriyanın dövlət mükafatına, 2007-ci ildə isə Lyej universitetinin fəxri doktoru adına layiq görülən yazıçı ,bir sıra digər ölkələrin yüksək ədəbi və jurnalist mükafatlarının da laureatıdır.

Bb yaxınlarda  - martın 25 -də A.Tabukkinin vaxtsız vəfat etməsi xəbəri bütün ədəbiyyatsevərlər tərəfindən böyük təəssüf hissi ilə qarşılandı. Yazıçının öz istəyi ilə o, Lissabon şəhərində,fəxri xiyabanlardan birində dəfn olunmuşdur.
"Ədəbiyyat" qəzetinin oxucularına təqdim olunan "Çeşir pişiyi"hekayəsi A.Tabukkinin 2005-ci ildə işıq üzü görmüş "Hekayələr" toplusundan götürülmüşdür.


Tərcüməçidən