Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Anamın saatları" (Hekayələr). Türkiyənin Azərbaycansoylu tanınmış yazarının ana dilimizə uyğunlaşdırılmış hekayələrdən ibarət yeni kitabı... 45 illik yubileyinə Azərbaycandan bir qardaş hədiyyəsi olsun!

Müəllif:

İmdad Avşar


Kateqoriya:

Türkcə



Qısa Təsvir:


Baxış sayı: 3199
    
    


Bu elektron nəşr WWW.KİTABXANA.NET - Milli Virtual Kitabxananın “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq..." Kulturoloji-innovativ Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.


Elektron Kitab N 7


(YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 7 - 24 (2012))


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 

 

www.kitabxana.net 


Milli Virtual Kitabxananın təqdimatında



İmdat Avşar


Anamın saatları


Hekayələr


YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 7 - 24 (2012)


Virtual redaktoru və e-nəşrə hazırlayanı:

Aydın Xan (Əbilov) - yazar-kulturoloq


YYSQ - Milli Virtual Kitabxana


Bakı - 2012

 

 

Türkiyənin Azərbaycansoylu tanınmış yazarının ana dilimizə uyğunlaşdırılmış hekayələrdən ibarət yeni kitabı... 45 illik yubileyinə Azərbaycandan bir qardaş hədiyyəsi olsun!

 

 


EYVAZ ZEYNALOV, yazıçı

 

İMDAT AVŞAR


İstedadlı türk yazarı İmdat Avşar 1967-ci ildə Kirşəhir-Kamanda doğulub. İlk təhsilini də elə orada alıb. 1989-cu ildə Kirşəhir litseyinin məzunu kimi Malatya, Ərzurum ellərində müəllimliyə başlayıb. 1993-97- ci illərdə İnönü universitetində, 1999-cu ildə Firat universitetində təhsilini davam etdirib. 1999-cu ildə İqdıra ibtidai təhsil müfəttişliyi kimi göndərilib. 2000-ci ildə Firat universitetində dokturanturaya qəbil olunsa da təhsilini başa vurmayıb. 2007-ci ildən bəri Kayseridə təhsil müfəttişi vəzifəsini yerinə yetirməkdədir.
İmdat Avşarın şeir və hekayələri 2007-ci ildən Türkiyədəki bir sıra jurnallarda çap olunmağa başladı. Lakin o, Türkiyə və Azərbaycanda şair, yazıçı kimi tanınmazdan əvvəl tərcüməçi kimi tanındı. Qardaş türk dillərindən çevirdiyi hekayə və şeirləri Türk Dünyasının ortaq ədəbiyyat jurnalı olan "Kardaş Kalemler"də dərc etdirdi. Eyni zamanda özünün də yazıları həmin dillərə çevrildi. 2010-cu ildə TÜRKSOY çərçivəsində Avrasiya Tərcüməçilər Birliyi (türkdilli xalqların daha bir mədəniyyət körpüsü) yaradılarkən Birliyin ümumi başçısının (azərbaycanlı türkoloq Ramiz Əsgər) köməkçisi seçilməsi təsadüfi deyil.
O, Avrasiya, Azərbaycan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdü. Müfəttişliyi ilə bərabər "Kardaş Kalemler" jurnalında da çalışmaqdadı.
"Şahnaz Xanım Kolleci" hekayəsi Mədəniyyət Nazirliyinin Abbas Sayar Hekayə yarışmasında birinci olub, 2009-cu ildə Türk Dünyasına Xidmət Mükafatını, 2010-cu ildə Türk Mədəniyyətinə Xidmət Mükafatını qazanıb, nəhayət, 2011-ci ildə Yunus Əmrənin xatirəsinə həsr olunan - hekayə yarışmasında yenə birinci yeri tutub.
2009-cu ildə "Çiğdemleri solan çöl" adlı ilk kitabı, hekayələr toplusu nəşr edilmişdir.
Onun Azərbaycan ədəbiyyatına xidmətləri böyükdür. Təkcə "Kardaş Kalemler" jurnalında yazarlarımızın 100-dən artıq şeir, hekayə və məqaləsi onun Türkiyə türkcəsinə tərcüməsində işıq üzü görmüşdür. Türkiyədə nəşr olunan Ramiz Rövşənin "Nəfəs", Xəzangül Hüseynovanın "Bitməyən xəzan" şeir kitablarını redaktə etmişdir.
Bundan başqa Türkiyədə nəşr edilmiş Anarın N. Hikmətə həsr olunmuş "Kərəm kimi" kitabını, Rəsul Rzanın "Gecənin susqun nəğməsi" şeirlər toplusunu, Elçinin "Aydınlıq gecələr", Əjdər Olun "Komutanın meymunu", Elçin Hüseynbəylinin "Silaya dönüş, Eyvaz Zeynalovun "Qara(b)ağlayan hekayələr" kitablarını türkiyə türkcəsinə çevirib, Azərbaycan hekayələri antologiyasını çapa hazırlayıb.

***


İ. Avşar yaradıcılığa şeirlə başlasa da hekayələri ilə tez bir zamanda daha böyük uğurlar qazanmışdır. Oxucuların mühakiməsinə verilən bu kitabda da yazıçının hekayələri toplanmışdır.
O, realist yazıçıdı. Yazdıqları hamısı gerçək həyatın əks-sədasıdı. Əsərlərində uydurma, qondarma heç nə yoxdu. Özünün doğma, sevimli mövzuları var. Dönə-dönə həmin mövzulara müraciət etməyi, qayıtmağı xoşlayır. Hekayələrində sevə-sevə təsvir etdiyi hadisələr yazıçının özünün bir zaman canı-qanı ilə yaşadığı, gördüyü, şahidi olduğu hadisələr, obrazlarını canlandırdığı, yaratdığı insanlar yaxından, şəxsən tanıdığı adamlar, hətta bir yerdə böyüdüyü, ərsəyə çatdığı doğmaları, yaxınlarıdı. Hadisələrin cərəyan etdiyi məkan, ünvan da çox zaman heç dəyişmir. Oxucu hadisələrin axarıyla gah yazıçının anadan olduğu, boya-başa çatdığı Kamanı, gah da onun müəllimlik fəaliyyəti ilə əlaqədar xeyli müddət yaşadığı Ərzurum bölgəsini gəzib-dolaşır, ordakı adamlarla tanış olur, onların sevincini, kədərini bölüşür.
Yazıçının bədii təsvirləri, təhkiyəsi çox səmimi, dili sadə və oxunaqlıdı. Hadisələrə yazıçı fikri, yazıçı məni ilə kənardan müdaxilə etmir. Hadisələr oxucunu öz arxasınca aparır, inandırır.
Yazıçı "Anamın saatları", "Möhtərəm", "Bəyaz bulud" hekayələrində uşaqlıq illərinin ağrı-acılarını, məhrumiyyətlərini çox təsirli bir dillə təsvir etmişdir. Burdakı uşaqlar kasıb ailələrdən çıxmış talesiz, yetim, ac-yalavac, eyni zamanda günahsız, saf, məsum kəndli balalarıdı. Oxumaq, təhsil almaq, bir sənət-sübut yiyəsi olmaq arzusundadılar. Ancaq ailə vəziyyəti, ehtiyac, yaşadıqları mühit, düşdükləri şərait çox vaxt buna mane olur, onların arzusunu, istəklərini gözündə qoyur.
"Həmdi kirvə", "Ağac atlar", "Soyuq yuxu", "Hökumətin imzası" hekayələrində yazıçının özünün dərs dediyi məktəb həyatı, müəllimliklə əlaqədar başına gələn maraqlı, ibrətamiz hadislər geniş əksini tapmışdır. Əgər yuxarıdakı hekayələr sırf uşaq yaddaşından süzülüb gələn xatirələrlə bağlıdısa, burda artıq eyni zümrədən çıxmış, eyni taleyi yaşayan uşaqlara dərs deyən bir müəllim-tərbiyəçinin yaddaşı vərəqlənir. Bu müəllim-tərbiyəçi obrazı adi müəllim-tərbiyəçi obrazı deyil. Dərs dediyi taleyi kəm kəndli balalarının iç dünyaları, ağrı-acıları, məhrumiyyətləri, hiss-həyəcanları ona çox doğmadı. Bütün bunları bir zaman öz canı-qanı ilə yaşayıb. Odu ki, şagirdlərini çiyin-çiyinə çalışdığı həmkarlarından daha yaxşı anlayır, başa düşür. Onların kədərinə, qəmi-nə, ağrı-acılarına hər zaman, hər an şərik çıxmağa, kömək əlini uzatmağa, yardım eləməyə hazırdı. Şagirdləri də onu başqa müəllimlərindən fərqləndirir, ürəkdən sevir, özlərinə daha doğma sayırlar. Yeri gələndə kimsəyə demədiklərini ona deyir, ağrı-acılarını onunla bölüşürlər.
Təkcə şagirdlər deyil, onların valideynləri də yazıçının obrazını çox canlı yaratdığı müəllimi özlərinə həddən artıq doğma bir adam sayırlar. Çətinə düşəndə onun üstünə qaçır, onun məsləhətlərini dinləyir, onu eşidirlər. Hətta özləri də müəyyən əyər-əskiyini ödəməyə çalışırlar.
Bu hekayələrdə çox ustalıqla verilmiş incə bir yumor, gülüş, eyni zamanda istehza, ironiya, hətta satira da var. "Həmdi kirvə", "Türbənin dəlisi", "Hökumətin imzası", "Ağ bulud" hekayə-lərindəki yumor, gülüş xoşməramlı bir gülüş, yumordu. "Evin yıxılsın, Hacı", "Bizim evin qibləsi" kimi hekayələrdə istehza, ironiya güclüdü. "Allah görər", "Kərəm", "Tövbəçilər", "Bəhri usta", "Abdal kişisi" kimi hekayələrində satira elementlərindən daha geniş istifadə edilmişdir.
İ. Avşar yaşamadığı, duymadığı, bilmədiyi mövzulara baş vurmur. Həmişə ruhuna yaxın olanları qələmə alır. Bu baxımdan "Qarabağ qaçqınları" hekayəsi bir türk oğlu türk kimi onun ruhunun, iç dünyasının tələbiylə yazılmışdır. Burda ermənilərin Qarabağdan qovduqdan sonra Türkiyədə məskunlaşan bir qarabağlı ailənin faciəvi taleyi qələmə alınmışdır.
Yazıçı bu hekayələrində yeri gəldikcə cəmiyyət tərəfindən kəskin etiraz doğuran gündəlik çatışmazlıqları, ictimai-siyasi əyintiləri, haqsızlıqları bədii dillə təsvir etməkdən, göstərməkdən də çəkinməmişdir.
Əlbəttə, bu kiçik yazımda mən istedadlı yazıçı İ. Avşarın hekayələrini təhlil etmək, qiymət-ləndirmək fikrindən tam uzağam. Məqsədim yalnız ilk kitabının tərcüməsini hazırladığımız yazıçını bir daha geniş Azərbaycan oxucusuna təqdim etməkdir. İnanıram ki, bu, yazıçının Azərbaycan oxucusu ilə son görüşü olmayacaq. Dostum, qardaşım İmdat bəyə daha böyük yaradıcılıq uğurları arzulayıram!