ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Herman Hesse
http://blue-foxfolks.blogspot.com/2011/09/herman-hesse-yalquzaq-thlil.html
Annotasiya
"Yalquzaq" (almanca "Der Steppenwolf") - İlk dəfə Almaniyada 1927-ci ildə nəşr olunub. Bu romanla insan ruhu, insan qəlbi haqda intellektual romanların pleyadası başlayıb. Bu əsər olmadan XX əsrdə avanqardizm, rəssamlıq, kino və musiqidə isə bir çox şeylər olmazdı.
Əsərdən seçilmiş hissələr
Adama elə gəlirdi ki, o, hamıdan çox düşünüb-daşınır, söhbət mənəvi məsələlərdən gedəndə isə elə soyuqqanlı olur, elə inamlı, elə ağıllı mülahizələr yürüdürdü ki, yalnız yüksək mənəvi aləmi olan, özünü gözə soxmağa, kimisə yoldan çıxarmağa, həmişə haqlı görünməyə çalışmayan adamlar bu cür danışa bilərdi.
***
O baxış deyirdi: «Bax gör bir necə heyvanıq! Bax insan bu cürdür». Və həmin anda adına şan-şöhrət deyilən hər şey, bütün idraki və mənəvi zəfərlər, təkamül və kamilliyə canatmalar, bəşəri ucalıq və əbədiyyət bir heçə döndü, gülünc bir meymun hoqqabazlığına çevrildi...
***
Hiss etdim ki, (elmdən-savaddan uzaq xalam da bunu o dəqiqə duyubmuş) - bəli, hiss etdim ki, o, xəstədir - özü də nəsə ya ruhi xəstədir, ya da buna bənzər başqa bir azara tutulub və mən sağlam bir adam instinkti ilə geri çəkildim. Ancaq zaman keçdikcə bu çəkingənlik məhəbbətə çevrildi və səbəbi də o oldu ki, gözümün qabağındaca günbəgün yalqızlaşan, daxilən ölən bu əbədi əzabkeşə yazığım gəldi. Həmin vaxt ərzində tam əmin oldum ki, bu əzabkeşin xəstəliyi təbiətində nəyinsə çatışmazlığı ilə bağlı deyil, əksinə, ona bəxş olunmuş istedadı ilə bacarığının ümumi dil tapa bilməməsindən irəli gəlir. Gördüm ki, Haller əzab çəkmək dahisidir. Nitsşenin bəzi tezislərində olduğu kimi özündə dahiyanə, nəhayətsiz bir əzabkeşlik istedadı tərbiyə eləyib.
***
Şəxsiyyətini əzməsələr də, özünə nifrət etməyi öyrədə bilmişdilər. Ona görə də ömrü boyu dahi fantaziyasını, idrakının bütün gücünü özünə qarşı - o günahsız, nəcib varlığa doğru yönəltmişdi.
***
Siz heç hiss eləmirsiz? Mastika iyi, skibidara qarışmış qızılağaç qoxusu, tərtəmiz yuyulmuş yarpaq ətri... Hamısı bir yerdə meşşan təmizliyindən, səliqə-sahmanından, məsuliyyətindən, ən xırda şeylərə belə diqqətdən xəbər verir. Bilmirəm orada kim yaşayır, ancaq şüşəli qapıların o tərəfi tərtəmiz, gül kimi bir cənnət olmalıdır, orada səliqə-sahmanlı, ən xırda adətlərə sadiqliyi ilə ürəkləri riqqətə gətirən kövrək bir meşşanlıq yaşamalıdır!
***
Adam öz əzabları ilə fəxr etməlidir - hər bir əzab bizim böyüklüyümüzdən xəbər verir.
***
«Adamların çoxu öyrənənə kimi üzmək istəmir». Gülməli deyil? Əlbəttə, üzmək istəmirlər! Axı onlar suyun yox, torpağın üstündə yaşamaq üçün yaranıblar. Əlbəttə, bu haqda heç düşünmək də istəmirlər. Axı onlar bu dünyaya düşünmək üçün deyil, yaşamaq üçün gəliblər! Bəli, kim düşünürsə və ya düşünməyi əsas vəzifə hesab eləyirsə, bu sahədə bir az uzağa gedə bilər, lakin xəbəri olmaz ki, su ilə qurunu qarışdırıb, nə vaxtsa boğulacaq.
***
Bayırdakı qaynar həyatı, insanları duyur, bu həyatda onun payı olmadığını bilir, ancaq özünü öldürmür, çünki haradasa ilişib qalmış bir tikə inam ona deyir ki, bu əzabları, bu müdhiş əzabları, axıracan qəlbində yaşatmalı, elə həmin əzablardan da ölməlidir.
***
Hər bir dövrün, hər bir mədəniyyətin, hər bir adət-ənənənin öz qayda-qanunu, həmin qayda-qanunların da öz incəlikləri və amansızlıqları, gözəllik və eybəcərlikləri var, o, bəzi münasibətləri təbii olacaq kimi qəbul eləyir, bəzi təhqirlərə səbirlə dözür. İnsan həyatı o vaxt əzaba - cəhənnəm əzabına dönür ki, iki mədəniyyət, müxtəlif dinlər eyni vaxta düşür. Antik dövrün adamı orta əsrlərdə yaşamalı olsa, min əzab içində ölər - hər hansı bir vəhşini bizim sivilizasiya dövrünə gətirsən, o da eləcə! Ancaq elə zəmanələr var ki, bütöv bir nəsil iki dövrün, iki həyat tərzinin arasında qalır və ona görə də hər cür təbiiliyi, hər cür adət-ənənəni, hər cür dayağı və məsumluğu itirir... Əlbəttə, bunu hamı eyni dərəcədə duya bilməz. Nitsşe kimi şəxsiyyət isə bütöv bir nəsli qabaqladı, bu günün eybəcərliklərini əvvəlcədən hiss etdi, əzab çəkməli oldu. Heç kəs də heç nə başa düşmədi və onun tək-tənha daşıdığı əzabları bu gün minlərlə adam çəkir...
***
Bir saat gəzişdim, buludların zərif, qəşəng, qiymətli naxışlar vurduğu səmanın seyrinə daldım. Bu da qədim kitabları oxumaq, isti suda uzanmaq kimi ləzzətli idi.
***
Elə miyanə, babat, adi bir gün ki, yalnız yaşı ötmüş, deyingən adamları razı salar.
***
Kim o dəhşətli günlərin - həmin günlər ki, podaqra sancıları tutur, ya da başağrısı başlayan kimi göz bəbəklərin yerindən oynayır, nəyəsə baxmaq, nəyisə eşitmək sevinci cəhənnəm əzabına dönür, ya da insan mənən ölür, qəlbində dəhşətli bir boşluq, ümidsizlik baş qaldırır, səhmdar cəmiyyətlərin qanını sorduğu, altı üstünə çevrilmiş torpağın üstündəki bəşəri dünya öz saxta, zahirən gözqamaşdıran ucuz mədəniyyətini gözə soxmaqla ürəkləri bulandırır, xəstə mənliyinə daha dözülməz olur - bəli, kim o cəhənnəm əzabının dadını görübsə, belə normal, alayarımçıq günlərdən razı qalır, isti sobanın qırağında rahatca oturub, səhər qəzetində oxuyanda ki, müharibə bu gün də başlamadı, heç yerdə təzə diktatura qurulmadı, siyasətdə, iqtisadiyyatda elə bir gözədəyən əllaməliyin üstü açılmadı, razılıq hissi keçirir, elə həmin razılıq hissilə də pas atmış lirasını minnətdarlıq ifadə eləyən ahəstə, şən, xoş bir zəbur surəsi üstündə kökləyir, oxuya-oxuya da özünün lal, həmin qulağına çoxdan qurğuşun tökülmüş alayarımçıq məmnunluq allahını bezikdirir.
Və bu üzüntülü razılıq hissinin, hər cür minnətdarlığa layiq ağrı-acısızlığın boğuq havasında onların ikisi də - yəni mürgü döyən alayarımçıq allah da, boğuq səslə surə oxuyan alayarımçıq insan da əkizlərtək bir-birinə oxşayır.
***
Razılıq da, ağrı-acısızlıq da, sakit keçən günlər də çox gözəl şey imiş, nə dərd-sərin, nə də sevincin haray salmağa cəsarət edir. Hamısı pıçıltı ilə danışır, barmaqlarının ucunda yeriyir.
***
Hərdən bircə anlığa sevincsiz, ağrı-acısız qalanda, necə deyərlər, o rahat günlərin boğuq havası ilə nəfəs alanda, mənim uşaq qəlbimdə elə dəhşətli bir tufan qopur ki, pas atmış liramı mürgü döyən məmnunluq allahının razılıq yağan sifətinə çırpıram, içimi yandıran cəhənnəm əzabının od-alovunu adi otaq hərarətindən üstün tuturam.
Çünki sidq ürəkdən nifrət etdiyim, ən çox çəkindiyim, lənətlədiyim də elə bunlardı: belə razılıq, belə sağlamlıq, belə rahatlıq, belə sığallı meşşan nikbinliyi, günü-gündən ətə-qana dolan, çiçəklənən miyanəlik, normal həyat tərzi, orta mövqe!
***
Pilləkəndəki bu sakitlik, səliqə-sahman, təmizlik, ləyaqət, mütilik ətrini qoxlamaqdan xoşum gəlir, meşşanlığa nifrət etsəm də, bunlar qəlbimi riqqətə gətirir, qapımın astanasına çatan kimi hər şey qurtarır, buradan o yana kitab qalaqları, siqaret kötükləri, şərab şüşələri, səliqəsizlik, pintilik, baxımsızlıq başlayır, hər şey - kitablar da, əlyazmaları da, xəyallar da tənhalığın, insan olmaq probleminin, mənasını itirmiş insan həyatına yeni bir məna vermək həsrətinin dumanına bürünür.
***
İndisə bunların hamısı keçib gedib, heç vaxt geri qayıtmaz, çünki tökülən bir də dolmaz. Buna təəssüf etməyə dəyərmi? Yox, dəyməz! Keçib gedənə təəssüflənməzlər! İndiyə, bu günə, mənasız keçən günlərə, saatlara, təəssüflənmək lazımdır ki, hamısını bircə-bircə itirirsən, nə vaxt qurtaracağını gözləyirsən, çünki nə sevinc gətirir, nə də qəm.
***
Ah, bizim yaşadığımız həyatda, həddən artıq razı, həddən artıq meşşan, həddən artıq mənəviyyatsız bir zəmanədə, belə arxitekturalı mənzərələrin, belə alverin, belə siyasətin, belə insanların arasında həmin müqəddəs cığırı tapmaq çətin məsələdir!
***
Bir dünyanın ki, heç bir işinə qarışmayasan, heç bir sevincini bölüşməyəsən, orada yalquzağa, tükü tökülmüş bir abdala dönməyə bilərsənmi?
***
Nə teatrına, nə kinosuna dözür, nə qəzetini, nə də müasir kitablarını oxuya bilirəm. Heç başa düşmürəm ki, bu insanlar ağzına kimi dolu vağzallarda, otellərdə, sönük, zəhlətökən musiqilərin başına götürdüyü qəhvəxanalarda, varyetelərdə, beynəlxalq sərgilərdə, bayram şənliklərində, elm-savad tamarzıları üçün oxunan mühazirələrdə, iri idman meydanlarında hansı həyat həvəsini, hansı sevinci axtarır?! Minlərlə adamın əldən-ayaqdan getdiyi bu sevincləri mən nə anlayır, nə də bölüşürəm.
***
Əgər bütün aləm düz eləyirsə, qəhvəxanalardakı musiqi, kütləvi əyləncələr, aza qane olan amerikansayağı adamlar haqlıdırsa, demək, onda mən haqsızam, mən dəliyəm, demək mən elə doğrudan da, tez-tez dediyim kimi, yalquzağam, yolunu azıb tanımadığı, bilmədiyi, duymadığı bir aləmə düşən, özünə yurd-yuva, yemək-içmək tapmayan heyvanam.
***
Hər addımda bir afişa, bir lövhə görürdün: «Qadınlardan ibarət xor kapellası», «Varyete», «Kino», «Rəqs axşamı». Ancaq heç biri mənim üçün deyildi, bunlar «hamı» üçün, normal adamlardan ötrü idi.
***
Möcüzəyə bax, insan nələri uda bilərmiş?! Təxminən, on dəqiqə qəzet oxudum, başqalarının sözlərini çeynəyə-çeynəyə öz seliyinə bulaşdıran, ancaq həzm edə bilməyib geri qaytaran bir məsuliyyətsizin toxuduqlarını gözlərimlə beynimə yeritdim. Düz bir sütunu uddum. Sonra insan əlinin qurbanı olmuş dananın bağrından bir iri parçanı yedim. Lap möcüzə oldu! Lakin ən ləzzətlisi Elzas şərabı idi. Həddən artıq tünd, gözəlliyi göz qamaşdıran, özümlü dadı ilə seçilən şərabları adi günlərdə heç xoşlamıram. Daha çox təmiz, yüngül, adı dillərə düşməmiş yerli şərabları üstün tuturam; nə qədər istəyirsən iç, ləzzətli olur, kənd, torpaq, səma, meşə ətri verir.
***
Elə bunun özü də bir möcüzəydi: haradasa yaşıl çəmənlərin qoynunda sağlam, qoçaq adamlar üzüm yetişdirir, ondan şərab çəkirdilər ki, dünyanın müxtəlif guşələrində, uzaq-uzaq yerlərdə yavaş-yavaş əyyaşa çevrilən bəzi əlacsız meşşanlar, çarəsiz yalquzaqlar bu piyalələrdən bir az cəsarət, nəşə içsinlər.
***
Yaşadığı dünyanı dərk etməyən, yolunu azmış heyvan olsam da, mənim bu səfeh həyatımda da nəsə bir məna vardı.
***
Bir də rahiblərin zərli miniatürlərlə bəzədilmiş qədim kitabları, yüz, iki yüz il əvvəl yaşamış alman şairlərinin öz xalqı tərəfindən unudulmuş, didilib tökülmüş cildləri, keçmiş musiqiçilərin əlyazmaları, nəşrləri, müxtəlif səslərin daş heykəlinə dönmüş, saralmış not dəftərləri! Kim onların mənalı, hiyləgər, həsrət dolu harayını eşidir, kim onların ruhunu, sehrini öz ürəyinə yığıb özgə, yad bir aləmdə gəzdirirdi?
Və kim öz puç olmuş həyatının xarabalıqlarına səpələnən mənaları axtarır, mənasız görünən şeylərdən əzab çəkir, üzdən səfeh görünən şeylərlə yaşayır, bu dəhşətli qarmaqarışıqlıqda vəhy eşidəcəyinə, Allaha yavuq düşəcəyinə hələ də gizli bir ümid bəsləyirdi?
***
Ah, kaş indi bir dostum olaydı! Elə bir dost ki, hansı evin çardağındasa oturaraq şam işığında xəyala dalmış olsun - yanında da skripkası və mən də bu sakit gecədə xəlvətcə onun yanına gedəydim, səssiz-səmirsiz dik pilləkənlə qalxaydım. Lap mat qalaydı, sonra da söhbətləşə-söhbətləşə, musiqiyə qulaq asa-asa bir neçə saatlığa öz dünyamızdan qopaydıq!
***
Bir vaxtlar bu səadəti tez-tez dadardım. Ancaq yavaş-yavaş uzaqlaşdı, əlimdən tamam çıxıb getdi, o günlərlə indinin arasına xəzan vurmuş illərdən çəpər çəkildi.
***
Tənhalıq sərbəstlikdir - elə bunu da arzulayırdım və uzun illərdən sonra qismət oldu. O, soyuq idi, bəli, həm də sakit. Sakitdən də sakit və ulduzlar sayrışan soyuq, sakit kəhkəşan kimi böyük!
***
Düzdür, cazdan zəhləm gedirdi, ancaq mənim üçün bu günun akademik musiqisindən yüz dəfə əziz idi, öz şən, kobud vəhşiliyi ilə ən ülvi hisslərimə toxunur, qəlbimdə çox sadə, səmimi duyğular oyadırdı.
Əlbəttə, Baxla, Motsartla, əsl musiqi ilə müqayisədə bu, zibil idi, lakin tək bu deyil, bütün incəsənətimiz, təfəkkür tərzimiz, üzdəniraq mədəniyyətimiz də əsl mədəniyyətlə müqayisədə beləydi. Ancaq bu musiqinin bircə üstünlüyü vardı ki, o da çox səmimi, zənci qəlbi kimi saf, körpə kimi şən, məsum olması idi.
***
Yadıma sirli qapı, onun üzərindəki sehrli lövhə, gizlənpaç oynayan əlvan hərflər düşdü. Nə yazılmışdı orada? «Giriş hamı üçün deyil» və bir də «Yalnız dəlilər üçün!»
Sınayıcı nəzərlərlə divara baxdım. Ürəyimdə gizlincə dedim ki, kaş o möcüzə yenə baş verəydi. Həmin yazı mən dəlini içəri çağıraydı, balaca qapı üzümə açılaydı. Bəlkə, mənim istədiyim şey elə orada idi, bəlkə, mənim havam elə orada çalınırdı?
***
Vətən əvəzi olan bu balaca mənzildəki kreslo, soba, mürəkkəbqabı, etüd qovluğu, Novalis, Dostoyevski məni gözləyirdi, özü də, elə bil, evinə qayıdan əsl adamı anası ya arvadı, uşaqları ya qulluqçuları, it-pişiyi gözləyən kimi.
***
Deməli, Yalquzağın iki cür təbiəti vardı: biri insan, biri canavar; taleyi belə idi və çox güman ki, bu cür tale o qədər də görünməmiş, nadir tale deyildi. Deyilənə görə, tarixdə belə adamlar çox olub: kiminsə daxilində it, tülkü, kimininkində də balıq, ilan olub və heç biri də bundan ziyan çəkməyib. Həmin adamlarda insanlıqla tülkülük, insanlıqla balıqlıq qoşa yaşayıb, bir-birinə mane omayıb, əksinə, biri digərinə arxa olub, çoxlarının qibtə elədiyi bəzi ağıllı adamlarda isə tülkülüyün və ya meymunluğun insanlıqdan çox olması hətta onlara xoşbəxtlik gətirib.
***
Əgər bir qanda, bir canda iki qan düşməni qoşa gəzirsə, deməli, o heç həyat deyil.
***
Canavar gözü ilə baxılan hər hansı insani hərəkət o dəqiqə dəhşətli dərəcədə gülünc, mənasız, səfeh, boş bir şey kimi görünürdü.
***
Hamı payına düşən bədbəxtliyi ən böyük bədbəxtlik sayır.
***
Hətta ən bədbəxt həyatın belə günəşli günləri, daşlı-qumlu yerlərdə bitən boynubükük səadət çiçəkləri olur.
***
Axı hər qaydanın bir istisnası var və bir də yüz dəfə peyğəmbərə yalvarmaqdansa, bir dəfə Allaha yalvarmaq yaxşıdır.
***
Bu cür adamların arasında qəribə bir təhlükəli, dəhşətli fikir də mövcuddur ki, guya, ümumiyyətlə, bütün insan həyatı ulu nənəmizin yarımçıq saldığı bic uşaqdır, təbiətin vəhşi, amansız, səhv təcrübəsidir. Onların arasında başqa bir fikir də yayılıb ki, insan, bəlkə də, bir az ağıl bəxş olunmuş heyvan deyil, həm də Allah bəndəsidir, qisməti də ölməzlikdir.
***
Axırda hamının başına gələn onun da başına gəldi: bütün varlığı ilə, inadla axtardığı şeyi tapdı, ancaq tapdığı o qədər çox oldu ki, bir adam üçün artıqlıq elədi. Əvvəlcə arzusu, sevinci olan şey sonradan acı taleyinə çevrildi. Hakimləri hakimiyyət, pulgirləri pul, nəşə axtaranları isə nəşənin özü məhv edər. Yalquzağı da sərbəstliyi məhv edirdi.
***
«Özünü öldürən» üçün ən səciyyəvi əlamət onun öz «mən»inə haqlı da, haqsız da olsa - təbiətin çox təhlükəli, şübhəli, zərərli bir toxumu kimi baxmasıdır.
***
Başqa bir tərəfdən də bütün «özünü öldürənlər»ə həmin ölüm növü ilə mübarizə aparmaq bacarığı da bəxş olunub. Onların hər biri ürəyinin hansı dərin qatındasa yaxşı bilir ki, intihar etmək çıxış yolu olsa da, hər halda, qeyri-qanunidir, əlacı kəsilənlərin tutduğu ucuz yoldur və əslində, öz əlində ölməkdənsə, həyatın əlində ölmək daha şərəfli, daha gözəldir.
***
Çıxış nöqtəsi kimi əvvəlcə onun «meşşanlığ»a münasibətini götürək, çünki elə özü də «məndən danış» deyir.
***
«Meşşanlığ»ın özü isə mövcud həyat tərzi kimi tarazlığa can atmaqdan, insan münasibətlərindəki sayzsız-hesabsız təsadüflərlə təzadlar arasında ortaq nöqtə tapmaq cəhdindən başqa bir şey deyil.
***
Meşşansa öz «mən»ini (özü də kəm-kəsirli «mən»ini) hər şeydən yüksək tutur. Beləliklə o, qurban verdiyi həmin mənanın hesabına etibarlı, təhlükəsiz bir həyat tapır, divanəlik əvəzinə vicdan rahatlığı, nəşə əvəzinə zövq, azadlıq əvəzinə rahatlıq, od-alov əvəzinə xoş bir hərarət qazanır. Buna görə də meşşan öz mahiyyəti etibarilə ölüvay, qorxaq olur, öz-özünə qiymət verməyə çəkinir, ipə-sapa tez yatır. Nəticədə də hakimiyyətin yerinə əksəriyyəti, gücün əvəzinə qanunu, məsuliyyətin əvəzinə isə səsverməni qoyur.
***
Axı həyat həvəsi çoxdan sönmüş adama dünyanın heç bir təbibi əlac eləyə bilməz! Ancaq bununla belə, meşşanlıq yaşayır, möhkəmlənir, günü-gündən çiçəklənir. Bəs niyə?
***
Çünki meşşanlığın həyat prinsipi dahilərin («Əksimə getməyən - müttəfiqimdir!» prinsipinin tərsidir).
***
Hər bir adamın yüksəklərə qalxmış şəxsiyyəti axırda qayıdıb onun «mən»inə qarşı çevrilir və onu təzədən məhv etməyə çalışır.
***
Dünya hesab eləmədiyin bir dünyada yaşamaq, hörmət etdiyin qanunlardan yüksəkdə dayanmaq, nəyəsə sahib ola-ola «sanki, heç nəyim yoxdur» demək, nədənsə əl çəkib, onu əl çəkmək hesab eləməmək - ali həyat müdrikliyinin belə çox yayılmış, müxtəlif qəliblərdə təkrarlanan tələblərini yalnız və yalnız yumor həyata keçirə bilər.
***
Çünki heç bir insan, hətta lap ibtidai zəncinin, idiotun özü də elə sadə deyil ki, onun varlığını iki, ya üç əsas əlamətlə izah etmək mümkün olsun.
***
Əgər hər hansı nadir istedadlı bir adamın həssas qəlbinə «çoxcəhətli olmaq» şübhəsi damarsa və o da bütün dahilər kimi «şəxsiyyətin vahidliyi» adlı boş xülyaları darmadağın edərək özünü çoxtəbiətli, müxtəlif «mən»lərin məcmusu hesab edərsə, bunu bircə dəfə ağzından qaçırması kifayətdir. Həmin dəqiqə əksəriyyət üstünə tökülüşər, elmi köməyə çağırar, onu şizofrennik hesab eləyər, bəşəriyyəti həmin bəxbəxtin ağzından çıxan həqiqəti eşitməyə qoymaz.
***
İnsan özü də soğan kimi qat-qatdır, parça kimi min cür sapdan toxunub.
***
Bu bəşər tarixinin də min cür qəribə, məzəli oyunları var: Hindistanın min illərlə əlləşib-vuruşub darmadağın etdiyi xülyaları Qərb dünyası indi müdafiə edir, hər vasitə ilə möhkəmləndirməyə çalışır.
***
Əslində, insanların «insanlıq» məfhumu barədə dedikləri həmişə müvəqqəti bir meşşan sazişi olur. Bu saziş də həddən artıq hərisliyi qəbahət kimi rədd edir, bir az şüurlu olmağı, abır-həya gözləməyi, heyvani hisslərdən azadlığı tələb edir, kiçik mənəviyyat işartısına nəinki icazə verir, hətta onu vacib də sayır. Belə sazişdən yaranan «insan» da başqa meşşan idealları kimi tez güzəştə gedən, utancaq, sadəlövh, həm də bic olur, öz qəzəbli ulu nənəsi təbiəti, zəhlətökən ulu babası ruhu aldadaraq onların arasında miyanə bir yer tapıb yaşamağa çalışır.
***
Meşşan bu gün kafir kimi oda atdığı, cani kimi asdığı adama sabah heykəl ucaldır.
***
«İnsan» artıq yaranıb başa çatmış varlıq deyil. O, nəsə mənəvi bir ehtiyac, qorxulu olduğu qədər də həsrəti çəkilən uzaq bir imkandır.
***
Əbəs yerə öz «mən»indən yapışıb qalmaq, əbəs yerə ölümdən qaçmaq əbədi ölümə aparan ən qısa yoldur. Ölməyi bacarmaq, qınından çıxmaq, öz «mən»ini əbədi təbəddülata təslim etmək isə adamı ölməzliyə aparır.
***
Körpə məsumluğu haqqında mahnı oxuyan o suyuşirin, ancaq xəyalpərvər insan da təbiətin qoynuna, məsumluğa, ilkinliyə qayıtmaq istəyir və tamamilə unudur ki, uşaqlar da daima xoşbəxt olmurlar, onların da bəzi daxili ziddiyyətləri, təzadları, min cür dərdi vardır.
***
Heç nəyin ilkinliyində məsumluq, sadəlik yoxdur; bütün yarananlar, hətta üzdən çox sadə görünənlər də artıq çoxcəhətli, günaha batmış1, təşəkkül prosesinin çirkab dolu axınına atılmış olur və heç vaxt, heç zaman da həmin axına qarşı üzə bilmir.Məsumluğa, ilkinliyə, Allahın yanına gedən yol geriyə deyil, irəliyə - canavarlığa, uşaqlığa deyil, günahlar aləminə, əsl insanlığa doğru aparır.
***
Hər bir yaranış kainatdan ayrılmaq, yaranmaq deməkdir. Kainata qayıtmaq, əzablarla dolu təklənmədən qaçmaq, ilahiləşmək - öz qəlbini o qədər geniş açmaq deməkdir ki, bütün kainat təzədən oraya yerləşə bilsin.
***
Eh, bu dəyişkənlik mənim üçün təzə, yad deyildi. Onu yaxşı tanıyırdım, başım çox çəkmişdi və həmişə həddən artıq ümidsizləşən vaxtlarımda həmin hissləri keçirmişdim. Hər dəfə də onun dəhşətli qasırğasında əvvəlki «mən»im çilik-çilik olmuşdu, hər dəfə də dərin-dərin uçurumlar onu atım-atım, tikə-tikə eləmişdi, hər dəfə də həyatın ən çox sevdiyim, əziz tutduğum bir parçası vəfasız çıxmışdı, itib getmişdi.
***
Bir vaxt məni istedadlı adam kimi hörmət qazandırıb göylərə qaldıran dünyagörüşüm, zövqüm, ağlım-düşüncəm indi yetim qalmış, vəhşiləşmişdi.
***
Bu ağır, səfeh həyatımda dəfələrlə alicənab bir Don Kixot olmuş, şərəfi rahatlıqdan, qəhrəmanlığı ağıldan üstün tutmuşdum. Daha yetər! Bəsdir!
***
Təkcə mən sabah, ya biri gün ölüb, yalandan yas tutan adamların əli ilə torpağa quylanmayacağam.
***
Hər şey - ağır xəstəliyə tutulmuş bütün səyimiz, bütün mədəniyyətimiz, bütün inamımız, bütün həyat nəşəmiz, bütün həyat həvəsimiz də bir gün ölüb gedəcək, bax beləcə torpağa gömüləcək.
***
Və bu əbədi, dəyişməz qeyri-ixtiyarilik də onlara mənim kimi, öz həyatlarına tənqidi yanaşmağa, onun səfehliyini, dayazlığını, sırtıq-sırtıq irişən ikiüzlülüyünü, ümidsiz kədərini, heçliyini görməyə, hiss etməyə qoymur.
***
Ön Asiya və hind mifologiyaları arasında əlaqə axtarır, hamısından da zövq alır, çünki işinin dəyərinə, nökəri olduğu elmə, xalis zəkanın, toplanmış məlumatların mənasına, tərəqqiyə, inkişafa inanır. Nə müharibə görüb, nə də Eynşteynin indiyə qədər mövcud olan bütün təfəkkür tərzlərini darmadağın etdiyini hiss eləyib (ona elə gəlir ki, bu yalnız riyaziyyatçılara aiddir), ətrafında yeni bir müharibə üçün gedən hazırlıq işlərindən də xəbəri yoxdur. Fikirləşir ki, yəhudilər də, kommunistlər də nifrətə layiqdir, özü isə xeyirxah, dərd-qəm tanımayan, şad-xürrəm, özündən razı, qibtəyə layiq bir uşaqdır.
***
Əgər qorxu ilə ümidsizliyin bugünkü mübarizəsində qorxu qalib gəlsəydi də, sabah, biri gün, ya da haçansa həmin ümidsizlik gəlib məni yenə tapacaq.
***
Susdum ki, o danışsın.
***
Üzüyolalıq da yemək, içmək kimi bir şeydir - kim onların üzünü çoxdan görməyibsə, ona minnət eləmək lazım deyil.
***
Kim özünü asmaq istəyirsə, gedib asacaq. Çünki bunun bir səbəbi var. Əgər hələ yaşayırsa, onda yalnız həyatı haqqında düşünməlidir.
***
- Bəs sonra? Bu uzun illəri neyləyibsən?
- Heç özüm də bilmirəm. Oxudum, musiqiyə getdim, kitablarla məşğul oldum, yazıb-pozdum, gəzib-dolaşdım...
- Həyat haqqında lap qəribə təsəvvürlərin var. Deməli, həmişə çətin, mürəkkəb işlərə başın qarışıb, asanları isə unudubsan?
***
Bir saatdır sənə «sən» deyirəm, ancaq sən hələ də «siz»lə danışırsan. Həmişə də latınca, yunanca danışırsan. Çətin-çətin sözlər işlədirsən! Əgər qız sənə «sən» deyirsə və ondan da zəhlən getmirsə, ona «sən» de.
***
Biz cavanlar, əslində, sizinlə razı deyilik, cənab qoca! Siz həddən artıq təntənəlisiniz, əlahəzrət, həddən artıq lovğa, həddən artıq təkəbbürlü, həddən az da səmimi! Ən vacibi axırıncısıdır: həddən az səmimisiniz!
***
- Cənab fon Gete, bütün dahilər kimi, siz də insan həyatının mənasızlığını, puçluğunu lap yaxşı bilmisiniz, duymusunuz: bir anın səadətini də, onun acınacaqlı şəkildə saralıb-solduğunu da, coşqun, müqəddəs bir məhəbbətlə təbiətin itirilmiş məsumluğu uğrunda əbədi ölüm-dirim mübarizəsinə girişən ən ülvi hisslərin yalnız və yalnız gündəlik həyatın amansız dustaqlığı ilə mükafatlandırıldığını da, dəhşətli heçlikdə, kamilləşməyə deyil, gəldi-gedərliyə, əbədi çarpışmalara, diletantlığa məhkum olduğunu da - bir sözlə, insan olmağın mənasızlığını, müsibətlərini, puçluğunu bilmisiniz. Bütün ömrünüz boyu da hamısının əksini vəsf etmisiniz, inamdan, nikbinlikdən dəm vurmusunuz, özünüzü də, başqalarını da yalandan əbədiyyətə, mənəvi mübarizənin mənasına inandırmağa çalışmısınız. Siz daha dərinə gedənləri, həqiqətin ümidsiz səsini rədd edərək, onu özünüzdə də, Klaystda da, Bethovendə də boğmusunuz1. İllər uzunu özünüzü elə aparmısınız ki, guya, bilik qazanmaq, kolleksiya toplamaq, çoxlu məktub yazmaq, onları yığıb saxlamaq, Vaymarda keçirdiyiniz qocalıq illəri bir anı əbədiləşdirmək, təbiətə ruh vermək üçün yeganə yol imiş, halbuki birincini mumiyalaşdırdınız, ikincini isə müəyyən bir üslub qəlibində qrimə çevirdiniz. Sizə irad tutduğumuz qeyri-səmimilik də elə budur.
***
- Bəlkə də, mənim səksən iki il yaşamağım, doğrudan da, bağışlanılmazdır. Ancaq bu yaşamaqdan, siz fikirləşdiyiniz qədər də həzz almamışam. Haqlısınız, həmişə əbədiyyətə can atmışam, həmişə ölümdən qorxmuşam, onu yaxın buraxmamışam. Mənə elə gəlir ki, bütün görkəmli şəxsiyyətləri yaşadan da elə ölümə qarşı mübarizə, mütləq, inadkar həyat həvəsidir. Ancaq gənc dost, buna baxmayaraq, son nöqtənin ölüm olduğunu səksən iki yaşında inamla sübuta yetirdim, lap məktəbli kimi ölsəm də, belə olardı. Əgər mənə bəraət qazandıra biləcəksə, onu da deyim ki, təbiətimdə uşaqlıq, hər şeyə maraq, oynamaq, vaxtı öldürmək həvəsi çox olub. Beləliklə də, bu oyunu qurtarmaq vaxtının çatdığını başa düşmək üçün mənə çox vaxt lazım olub.
***
Çoxdan ölüb getmiş qocalara ciddi yanaşmaq olmaz, yoxsa xətirlərinə dəyər. Biz ölməzlərin ciddilikdən xoşu gəlmir, zarafatı sevirik. Ciddilik zəmanənin nişanəsidir. Bir sirri də sənə açım ki, ciddilik zəmanəni çox şişirdəndə yaranır. Bir vaxtlar mən də onu çox uca tuturdum, ona görə də yüz il yaşamaq istəyirdim. Ancaq görürsənmi, əbədiyyətdə zaman anlayışı yoxdur. Əbədiyyətin özü də yalnız bircə zarafata güclə bəs eləyən bir andır.
***
- Axı dindar olmağa vaxt da yoxdur.
- Vaxt yoxdur? Buna da vaxt lazımdır?
- Bəs necə! Dindar olmaq üçün də vaxt lazımdır. Bu hələ azdır, vaxtdan asılı olmamaq da gərəkdir. Əsl dindar ola-ola gerçəklikdə yaşamaq, ona ciddi yanaşmaq mümkün deyil.
***
Qəflətən həyatıma bir insan daxil olmuşdu! Əcəlin qüssəli, tutqun pərdəsini yırtaraq qəşəng, xeyirxah, mehriban, hərarətli əlini mənə uzadan bir insan! Qəflətən yenə nəyinsə haqqında sevinclə, qayğı ilə, maraqla düşünməyə başlamışdım! Qəflətən bir qapı açılmışdı və həmin qapıdan mənə həyat verilmişdi! Bəlkə də, təzədən yaşaya bildim, təzədən adam oldum! Soyuqdan büzüşmüş, az qala donmuş qəlbim təzədən döyündü, zəif qanadlarını asta-asta tərpətməyə başladı!
***
Həmin qəribə rəfiqəm sonra da müqəddəslərdən söhbət açaraq göstərmişdi ki, hətta ən qəribə iztirabları belə mən tək çəkmirəm, heç də müəmmalı, düşgün bir müstəsna deyiləm. Özüm kimi bacı-qardaşlarım çoxdur. Başa düşənim var! Görəsən, ona bir də rast gələcəyəmmi? Əlbəttə! O çox etibarlıdır. «Söz verdin, gərək eləyəsən!» - dedi.
***
O, həyata açılan balaca bir pəncərə, zülmət dolu qorxu dünyama düşən işartı, mənim xilaskarım, işıqlı dünyaya aparan yolum idi. Mənə ya ölməyi, ya da yaşamağı öyrətməliydi; öz möhkəm, qəşəng əlini daşa dönmüş ürəyimin üstünə qoymalıydı ki, həyat hərarətindən od alıb ya çiçəklənsin, ya da yanıb külə dönsün. Heç bilmirəm onda bu güc, bu sehr haradandı, niyə, hansı tilsimin köməyi ilə mənim üçün ən böyük mənaya dönmüşdü.
***
Bir neçə gün əvvəl, sanki, dəyirmandan çıxmışdın, indisə az qala adama oxşayırsan.
***
Bəs sən başa düşmürsən, cənab alim, mən ona görə xoşuna gəlirəm, ona görə lazımam ki, sənin üçün güzgü rolunu oynayıram, mənim daxilimdə elə bir şey var ki, səni başa düşür, sənə cavab verir?!
***
- Məndən ona görə xoşun gəlir ki, - sözünə davam etdi, - səbəbini demişəm - səni yalqızlığın əlindən almışam, cəhənnəmin qapısından qaytarmışam, təzədən ayıltmışam. Ancaq səndən daha çox şey umuram. İstəyirəm ki, mənə vurulasan. Dayan, etiraz eləmə, qoy sözümü axıracan deyim! Hiss edirəm ki, məndən çox xoşun gəlir, mənə minnətdarsan, ancaq hələ vurulmayıbsan. Lakin elə eləməliyəm ki, vurulasan, çünki bu, mənim peşəmdir. Axı mən özümu kişilərə sevdirməklə dolanıram. Ancaq yaxşı yadında saxla, elə bilmə ki, sənə valeh olduğum üçün belə eləyirəm. Sənə vurulmamışam, Harri. Sən necə, mən də elə... Ancaq mən sənə nə üçün lazımamsa, sən də mənə onunçün lazımsan. İndi ona görə sənə lazımam ki, hər şeydən ümidini üzübsən, bir təkan lazımdır ki, səni itələyib suya salsın, təzədən ayıltsın. Ona görə lazımam ki, rəqs etmək öyrədəcəm, gülmək öyrədəcəm, yaşamaq öyrədəcəm. Ancaq sən mənə bu gün lazım deyilsən, sonralar gərək olacaqsan, özü də çox vacib, xeyirli bir iş üçün!
***
Əgər nədənsə zövq almaq üçün sənə başqasının icazəsi lazımdırsa, deməli, doğrudan da, yazıq adamsan!
***
Kim ki bir anın hökmü ilə yaşamağı bacarır, kim ki gündəlik həyatla ayaqlaşmağın, rastına çıxan hər xırda gülün qədrini bilir, kim ki hər anın dəyişən hökmünü qiymətləndirir, onun həyatdan qorxusu olmaz!
***
«Vəhşi!» «Yırtıcı heyvan!» - heyvanlar haqqında belə danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər.
***
- Heyvanlar çox vaxt kədərli olur, - sözünə davam etdi, - insan da nə vaxtsa diş ağrısına, pul itirdiyinə görə deyil, bircə saatlığa həyatı olduğu kimi dərk etdiyi üçün kədərlənəndə, onun da kədəri əsl kədər olur və onda bir az heyvana oxşayır. Həmin anda insan çox kədərli görünür, ancaq həmişəkindən təbii, həmişəkindən gözəl olur.
***
Hər bir xalq, hətta hər bir insan saxta «müqəssir axtaran» siyasətin beşiyində xumarlanmaqdansa, papağını qabağına qoyub fikirləşməli, öz səhvlərini, nəzərdən qaçırdıqlarını, pis adətləri ilə müharibədəki, eləcə də dünyanın başqa bədbəxtliklərindəki günahını aydınlaşdırmalı və bilməlidir ki, növbəti müharibədən can qurtarmağın yeganə yolu budur.
***
İndi insan kimi düşünməyin, danışmağın, yazmağın mənası qalmayıb, beynindəki yaxşı fikirləri oyatmağın da xeyri yoxdur. Bunları eləyən iki-üç adam da hər gün minlərlə qəzetin, jurnalın, çıxışların, açıq və gizli iclasların hücumuna məruz qalır.
***
Əlbəttə, yenə müharibə olacaq və bunu bilmək üçün qəzet oxumaq da lazım deyil.
***
Bu cür həqiqətlərə göz yummaqla, «onsuz da bir azdan öləcəyəm» - deyib hər şeyə tüpürməklə bütün həyatı bayağılaşdırırıq, axmaq vəziyyətində qoyuruq. Hə, deməli, belə çıxır ki, hər şeyi atmalıyıq, mənəviyyatdan da, mübarizədən də, insanlıqdan da üz döndərməliyik? Meydanı şöhrətpərəstliyə, pula verməliyik, qabağımıza bir parç pivə qoyub növbəti səfərbərliyi gözləməliyik?
***
Məgər biz insanlar ölümdən can qurtarmaq üçün yaşayırıq? Yox, biz əvvəlcə ondan qorxmaq, sonra isə sevmək üçün yaşayırıq, elə ona görə də həyat hərdən lap möcüzəyə dönür.
***
Sən təəccüblənirsən ki, rəqs etməyi bacara-bacara, həyatın üst qatını yaxşı tanıya-tanıya mən nə üçün xoşbəxt deyiləm. Mən də, dostum, təəccüblənirəm ki, sən mənəvi aləmdə, sənət dünyasında, zəka səltənətində ən ülvi, ən dərin mənalara vaqif ola-ola nə üçün belə bədbəxtsən!
***
Sənə rəqs etməyi, oynamağı, gülümsəməyi və bunlarla bərabər bir də narazı qalmaqı öyrədəcəm. Səndən isə fikirləşməyi, anlamağı və bununla yanaşı, narazı qalmağı öyrənəcəm.
***
- Musiqi barədə fikir söyləmək, zövqlü, təhsilli olmaq və sairə əsas məsələ deyil.
- Yaxşı, olsun. Bəs əsas məsələ nədir?
- Əsas məsələ çalmaqdır, cənab Haller! İmkan daxilində çoxlu, yaxşı, çılğınlıqla çalmaq!
***
Bütün tənha adamların özünün lal musiqisi olur.
***
Həmin gecə küçələrdə gəzə-gəzə musiqiyə olan qəribə münasibətim haqqında çox düşündüm və yenə də bu qənaətə gəldim ki, ona belə kövrək, belə uğursuz münasibət bütün alman ziyalılarının bədbəxt taleyidir. Hər bir alman ruhuna təbii bir hüquq - musiqinin hegemonluğu formasında təbiətə bağlılıq hakim kəsilib ki, bu da heç bir xalqda yoxdur. Biz ziyalılar da kişi kimi buna qarşı dayanıb əqlin, loqosun, sözün dediyinə qulaq asmaqdansa, onlara itaət etməkdənsə, dilə gəlməyənləri deyə bilən, ifadə olunmayanları ifadə edən sözsüz bir dil yaratmaq eşqinə düşmüşük. Hər bir alman ziyalısı bacardığı alətdə bacardığı havanı çalmaq əvəzinə, həmişə sözün, əqlin əksinə getmiş, musiqi ilə məzələnmişdir. Alman ruhu həmişə musiqidən onun müqəddəs, ecazkar sehrindən, gerçəkliyə uzaq olan əsrarəngiz hisslərdən, ovqatlardan zövq almış və əsl vəzifələrinin çoxunu unutmuşdur. Biz ziyalıların heç biri heç vaxt gerçəkliyə tapınmamış, ona həmişə yad olmuş, düşmən kəsilmişik. Ona görə də bizim alman gerçəkliyində, tariximizdə, siyasətimizdə, ictimai fikrimizdə ziyalıların rolu çox az olmuşdur.
***
Cənab generallar və ağır sənaye sahibləri düz deyirlərmiş: biz «ziyalı»lardan heç nə çıxmadı, hamımız lazımsız, gerçəklikdən uzaq, məsuliyyətsiz dil pəhləvanları idik. Tfu, lənət şeytana! Hanı o ülgüc?!
***
Həmişə də son nəticənin pis, kədərli olacağını dumanlı şəkildə duya-duya hər hansı bir nağıl şahzadəsinin ardınca onun qəsrinə getməyə hazır idilər.
***
Sən adamı başqa cür öpürsən, sanki, utanırsan və bu da mənə deyir: səni sevir, belə gözəl olduğun üçün «sağ ol» deyir! Bu da çox, lap çox xoşuma gəlir. Ancaq başqa kişidə də əksini xoşlayıram: guya, mənə əhəmiyyət vermir, öpəndə də elə öpür ki, sanki, yazığı gəlir.
***
Taleyimə əbədi həkk olunmuş vurğun surəti bircə anlığa gözlərim önündə aydınca canlandı, qəlbimi göynətdi, sonra yenə yox oldu, yuxunun, yaddaşın, kədər dolu uzaqlığın dumanlı qoynunda itib-batdı...
***
Sevdiyim, arzuladığım, vəsf elədiyim, ancaq çoxunun vüsalına can atmadığım qadınların surətləri ətir saça-saça, xəyal kimi, gömgöy sulardan baş qaldıran tərli dəniz çiçəkləritək gözlərim önündə süzməyə başladı. Arvadım da onların arasındaydı. Xeyli birgə yaşamışdıq, dostluğu da, narazılığı da, ümidsizliyi də mənə o öyrətmişdi.
***
Sonrakı bədbəxtliklər içində itib-batıb, ancaq heç biri məhv olmayıb, hamısı ulduza dönüb, yaddan çıxa bilər, lakin tamamilə unudulmaz. Onların ömrü həyatımın əfsanəsi, ulduz kimi parıltısı isə varlığımın ədəbi mənasıdır. Həyatım çətin, dolaşıq, bədbəxt olmuş, məni həmişə dönüklüyə, inkarlığa aparmış, ancaq özünün məşəqqətli tənhalıq dövründə belə, zənginliyini, vüqarını itirmişdi. Buradan o yana qalan hissəsi lap miskin bir heçliyə dönsə də, bu həyatın toxumu nəciblikdən tutulmuş, öz sözü, öz üzü olmuş, qəpik-quruş dalınca deyil, ulduzlar ardınca qaçmışdı!
***
Həmin gecə, çoxdan fəlakətə düçar olmuş həyatım ilk dəfə od yağan amansız baxışlarla özümə baxdı və mən yenə də hiss etdim ki, təsadüf əsl taleyimdir, varlığımın xarabalıqları isə ilahi bir yazı!
***
Sevdiyim qadınlardan həmişə ağıl, savad tələb etmiş və duymamışdım ki, ən ağıllı, başqalarına nisbətən ən savadlı qadın da heç vaxt mənim daxilimdən gələn haraya cavab verməmiş, əksinə, həmişə ona qarşı çıxmışdı. Adətən bütün qayğılarımı, düşüncələrimi qadınlara da calamış və heç cür təsəvvürümə gətirə bilməmişdim ki, indiyəcən bircə kitab belə oxumayan, ümumiyyətlə, oxumağın nə olduğunu bilməyən, Çaykovskini Bethovendən seçməyən bir qızı bircə saatdan artıq necə sevmək olar.
***
Ehtiyat dünyalara ehtiyacı da yox idi.
***
Sən demə, çantalar çanta deyil, pulqabılar pulqabı deyil, güllər gül deyil, yelpiklər yelpik deyil - hamısı məhəbbətin, sehrin, cazibədarlığın plastik kütləsi, hamısı elçi, qaçaqmalçı silah, döyüşə çağırış imiş!
***
- Mən yalnız xoşbəxtəm.
- Lap yaxşı! Özgə nə istəyirsən?
- Çox şey! Bu xoşbəxtlikdən razı deyiləm, çünki onun üçün yaranmamışam, beləsi mənim məramım deyil. Mənim məramım bunun əksidir.
***
Elə əzablar diləyirəm ki, məni öz xoşumla ölməyə hazırlaya bilsin!
***
Sənin bu inamına nəfəs almaq üçün hava çatmayıb. Boğulmaq da ən qorxunc ölümdür.
***
Həyat da igidlik və buna bənzər şeylərin meydanı olan qəhrəmanlıq dastanı deyil, insanların adicə yemək-içməklə, qəhvəylə, toxunma corabla, kart oynamaqla, radio musiqisi ilə kifayətləndiyi bir meşşan daxmasıdır.
***
Başqa diləyi olan, özündə qəhrəmanlıq, gözəllik istəyi gəzdirən, böyük şairlərə, müqəddəslərə pərəstiş edən adam səfehdir. Don Kixotdur.
***
Mən də bacarıqlı bir qız idim. Yüksək ideallarla yaşamaq, qarşıma böyük vəzifələr qoymaq, şərəfli işlər görmək üçün yaranmışdım. Mənim də bəxtim gətirə bilərdi, hansı şahınsa arvadı, hansı inqilabçınınsa sevgilisi, hansı dahininsə bacısı, hansı əzabkeşinsə anası olardım.
***
Fikirləşdim ki, həyat həmişə axırda haqlı çıxır və mənim arzularıma gülübsə, deməli, hamısı səfeh imiş, haqsız imiş. Heç bunun da xeyri olmadı. Ancaq iti görən gözlərim, yaxşı eşidən qulaqlarım olduğundan, hər şeylə maraqlandığımdan bu həyata, tanışlarıma, qonşularıma, yüz cür adama, yüz cür taleyə diqqətlə baxa bildim və gördüm ki, Harri, mənim də arzularım səninkilər kimi min dəfə haqlı imiş! Həyat, gerçəklik isə - haqsız!
***
Sən haqlısan, ay Yalquzaq! Lap yüz dəfə, min dəfə haqlısan, ancaq bununla belə, məhv olmalısan! Sən bu günün sadə, rahat, az şeyə qane olan dünyası üçün həddən artıq iddialısan, acsan. Ona görə də dünya səni özündən kənar edəcək, çünki sənin ölçü daşın o istədiyindən bir az ağırdır. Kim bu gün yaşamaq, yaşadığı həyatdan da zövq almaq istəyirsə, gərək sənin kimi, mənim kimi adam olmasın. Bu gözəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz!
***
Zəmanə, dünya, pul, hakimiyyət də xırdaların, dayazların olacaq, başqalarına - əsl insanlara isə heç nə qalmayacaq. Yalnız ölümdən başqa...
***
Əbədiyyətdə gələcək nəsil yoxdur, orada yalnız çağdaşlar var!
***
Müqəddəslər də əsl insanlardır. Xilaskarımızın kiçik qardaşlarıdır. Hər bir yaxşı əməlimizlə, cəsarətli fikrimizlə, məhəbbətimizlə biz də ömrümüz boyu onlara tərəf gedirik.
***
Eh, Harri, öz evimizə çatmaq üçün biz nə qədər dəhşətli, mənasız yollar keçməliyik! Heç kəsimiz də yoxdur ki, bizi bu yolla aparsın. Yeganə bələdçimiz həsrətdir!
***
«Əbədiyyət»in özü də, əslində, zəmanənin qurtuluş, müəyyən mənada saflığa qayıtması, qayıdıb təzədən bir də kainata qovuşması demək idi.
***
ÖLMƏZLƏR
Yer üzündən bizə sarı elə can atır
Gecə-gündüz inad ilə həyat həvəsi.
O həvəsin çətinliyi, dəhşəti vardır,
Nəşə dolu ehtirası, ölüm nəfəsi.
O nəfəsin mayasında əbədi tamah,
Ehtiraslı cəlladların tökdüyü qanlar,
Qorxu, həsəd tanrısının hər an qovduğu
Qatil, vaiz, ya sələmçi donlu insanlar.
Bu insanlar qovrulurlar, tüstülənirlər,
Yavaş-yavaş çürudükcə didxor olurlar.
Mənən yanıb külə dönən ömürlərində
Vəhşi eşqdən, səadətdən zövq də alırlar.
Öz-özunü yeyir, yeyir,
Sonra qaytarır yediyini o insanlar -
Belədir qayda.
Bu dünyaya müharibə, nifaq salırlar,
Gözəl sənət əsərləri verirlər ya da.
Öz səadət evlərini - yansa da belə -
Xəyallarla bəzəyirlər uşaqsayağı.
Bələnirlər gəldi-gedər sevinc rənginə,
Unudurlar axirəti, təmiz əxlaqı.
Pozğunluqlar edə-edə ölür insanlar.
Amma yenə baş qaldırır həyat həvəsi.
Yenə qaçır istək, sevinc, nəşə dalınca
Bir gün gəlir, bu yolda da çıxır nəfəsi.
Bizsə ulu ulduzların parıldadığı
Fəzaların qucağında yaşamaqdayıq.
Nə kişiyik, nə qadınıq, nə gənc, nə qoca,
Nə gün, nə də saat yükü daşımaqdayıq.
Adilərin qismətidir sevinc, qəm, kədər
Günah edin, qorxu çəkin - düşün təlaşa.
Şəhvət dolu nəşəniz də, lap qətliniz də
Bizim üçün «Dünya» adlı adi tamaşa!
Çünki günəş deyil bizdə zaman ölçüsü,
Hər günumüz yüz illərdən daha da uzun.
Səksəkəli ömrünüzçün gülünc sayırıq
Biz görəndə taleyini ölən ulduzun.
Kainatın qışı ilə nəfəs alırıq,
Dostlaşırıq göylərdəki qərib ruhlarla.
Biz ölməzik, biz bilirik görüşməyəcək
Həyatımız nə payızla, nə də baharla.
Çünki ölməz olanların ömrü əbədi
Əsl ruhlar ola bilməz adicə qonaq,
Sonsuzluqlar ölçüsündə yaşayanların
Gülüşü də ulduzlartək donuq və parlaq...
***
Yeyib-içən zaman qəlbimi sarımış bədbinlik, ayrılıq hissləri, keçmiş həyatımın bir-birinə calanmış bütün ağrılı-acılı şirin duyğuları daha da gücləndi. Heç vaxt
ölüb getməyən bu duyğular indi məhv olmaq üçün yetişirdi. «Müasir» insan buna sentimentallıq deyir.
***
Həmin anda onun özünə layiq olmayan xalqı.
***
Nə vaxtsa uşaqlığımız üzərinə qeyri-adilik, başqa bir dünya haqqında dumanlı təsəvvürlər pərdəsi çəkən müqəddəs keçmişi, onun qəhrəmanlarını, möcüzələrini pul qazanmaq xətrinə sakitcə oturub özləri ilə gətirdikləri kökəni yeyən, qədirbilən tamaşaçılara göstərirdilər! Zəmanəmizdəki mədəniyyətin ucuzluğundan, dəyərsizliyindən xəbər verən bir səhnə! İlahi, gərək belə alçaqlığın qabağını almaq xətrinə misirlilərdən başqa yəhudilər də, yer üzündə qalanlar da məhv olaydı, bu gün bizim öldüyümüz o dəhşətli, yalançı, tədrici ölümdənsə, məcburi, ləyaqətli bir ölümün qurbanı olaydı! Kaş olaydı!
***
Dizimin üstündə oturmaq, ya da rəqs etmək istəyən bir neçə qızı sakitcə özümdən araladım. Onlardan biri ucadan «Qoca kaftar» dedi və düz də elədi.
***
- Yalnız dəlilər üçün -
Giriş haqqı - ağıldır.
***
Hermine heç bir əziyyət çəkəsi olmadı, tezliklə ona vuruldum.
***
O məhəbbətdən ki, hələ cinsi ayrılıq tanımır, hər şeyi, hamını öz qoynuna alır, hisslərlə ağıla fərq qoymur və hər şeyi elə sehrləyir, elə əfsanəvi şəkildə dəyişdirirdi ki, yalnız nadir istedadlar, şairlər ixtiyar çağlarında həmin anları təzədən bir də yaşamağa qadir olurlar.
***
Şübhəsiz ki, zamanın axarından qopmaq, gerçəklikdən ayrılmaq - bu həsrətə nə ad qoyursunuz-qoyun - əslində, yalnız və yalnız «şəxsiyyət» adlandırdığınız şeydən can qurtarmaq arzusu olduğunu çoxdan duyubsunuz. Həmin «şəxsiyyət» içində oturduğunuz həbsxanadır.
***
Ən böyük yumor da o vaxt yaranır ki, insan daha öz şəxsiyyətini ciddi qəbul etmir.
***
Bu dünya dağılmalıdır - biz də onun içində!
***
Doğrudan da, mən «borc»un nə olduğunu başa düşmürəm. İndi heç anlamıram. Əvvəllər onunla işim çox olub. Onda ilahiyyat professoru idim. Bundan əlavə əsgər olmuş, müharibə eləmişəm. O vaxt mənə «borc» kimi görünən hər şey, nüfuzlu adamların, rəhbərlərin verdiyi əmrlər, əslində, pis əməllər idi, əlacım olsaydı, hamısının əksini edərdim. Ancaq «borc»un nə olduğunu başa düşməsəm də, günahın nə olduğunu bilirəm. Bəlkə də, hər ikisi eyni şeydir. Hansı ananınsa məni doğması öz günahımdır. Deməli, yaşamağa məhkum olunmuşam, hansı dövlətinsə təbəəsi, əsgəri olmağa, öldürməyə, silahlanmaq üçün vergi verməyə borcluyam. İndi, lap elə bu dəqiqənin özündə, həyatın günahları, bir vaxtlar müharibədə olduğu kimi, məni yenə də öldürməyə məcbur edir. Ancaq indi öldürməyə nifrət etmirəm, günaha təslim olmuşam, qoy bu səfeh, ağzı tıxaclı dünya darmadağın olub getsin. Mən də bir tərəfdən kömək eləyər, özüm də onunla bərabər məhv olaram.
***
- Bəs bizim axırımız necə olacaq? - deyə qız sonra soruşdu.
- Bilmirəm, - ona Qustav cavab verdi. - Dostum Harrinin qəşəng qadınlardan xoşu gəlir, sizinlə dost olacaq.
***
İdrakı həddən artıq gərginləşdirməklə ağla sığmayan şeyləri bəşəriyyətin ağılla yoluna qoymağa çalışması heç də yaxşı deyil. Onda amerikanların, bolşeviklərin idealları kimi ideallar yaranır: onların ikisi də həddən artıq ağıllıdır, amma həyatı sadəlövhcəsinə sadələşdirməklə onu amansızcasına zorlayır, talan edirlər. Bir zamanlar ən yüksək ideal hesab olunan insan obrazı getdikcə klişeyə çevrilə bilər. Bəlkə, biz dəlilər onu təzədən yüksəklərə qaldırdıq.
***
Kamasutra.
Hind məhəbbət sənətinin tədrisi.
Yeni başlayanlar üçün kurs. Məhəbbət sənətinin 42 müxtəlif növü.
***
Ah, kaş min dənə dilim olaydı.
Yalnız kişilər üçün.
***
Şəxsiyyət yaratmaq dərsi.
Müvəffəqiyyətinə bəri başdan zəmanət verilir.
***
- Pablosunuz? - deyə soruşdum.
- Heç kiməm, - kişi mehribanlıqla cavab verdi. - Burada heç kəsin adı yoxdur, heç birimiz də şəxsiyyət deyilik. Mən şahmatçıyam. Şəxsiyyət yaratmaq dərsi almağa gəlibsiniz?
- Bəli, buyurun.
- Elə isə lütfən öz fiqurlarınızdan bir az mənə verin.
- Hansı fiqurları?
- Bayaq şəxsiyyətinizin parçalandığı fiqurları deyirəm. Axı fiqursuz oynaya bilmərəm.
***
- «İnsanın daimi vahidliyi» adlı yanlış, bədbəxtlik gətirən nəzəriyyə sizə məlumdur. Bir də o məlumdur ki, insan bir yığın qəlbdən, çoxlu «mən»lərdən ibarətdir. Şəxsiyyətin zahiri vahidliyinn bu cür müxtəlif fiqurlara parçalamaq səfehlik hesab olunur və elm də buna şizofreniya kimi ad qoyub. Elm bir tərəfdən haqlıdır, çünki ümumi rəhbərlik, necə deyərlər, nizamlama, qruplaşdırma olmasa, çoxluğun ağzını bir yerə yığmaq heç cür mümkün deyil. Eyni zamanda da haqsızdır, ona görə ki, bu cür saysız-hesabsız «mən»lərin altında gizlənən mənaları bircə dəfə ömürlük nizamlamağın bəs edəcəyinə inanır. Elmin bu səhvi bəzi pis nəticələrə gətirib çıxarır. Ancaq onun bircə şeyə xeyri var ki, dövlətə qulluq edən müəllimlərin, tərbiyəçilərin işini yüngülləşdirir, onları fikirləşməkdən, təcrübə aparmaqdan azad edir. Həmin səhvin nəticəsidir ki, əlacsız dəlilərin çoxu «normal», hətta ictimai həyat üçün dəyərli adam hesab olunur, bəzi dahilərə də, əksinə, hamı dəli kimi baxır. Ona görə də biz elmi psixologiyadakı bu yarımçıqlığı yeni bir anlayışla doldurub, adını da yaratmaq sənəti qoymuşuq. Bununla öz «mən»inin parçalandığını görənlərə göstəririk ki, həmin hissləri müxtəlif düzümdə yenidən birləşdirmək olar və ona görə də həyat adlı oyunda hamı istədiyi şəkildə, istədiyi qədər iştirak edə bilər. Yazıçı bir yığın fiqurdan dram əsərini necə yaradırsa, biz də öz «mən»imizin parçalandığı fiqurlardan yeni-yeni qruplar yaradırıq. Hamısı da ayrı biçimdə, ayrı istəkdə, ayrı-ayrı vəziyyətlərdə...
***
Sözün yüksək mənasında dəlilik hər cür mudrikliyin başlanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər bir fantaziyanın əvvəlidir.
***
Heç nədə günahımız yoxdur, lakin hər şeyə cavabdehik. İnsan elə yaranan gündən günaha batır. Əgər bunu bilmirsinizsə, deməli, çox müəmmalı ilahiyyat dərsi almısınız.
***
Ay səfeh bəndə, de nə görmüsən kitab-dəftərdə, sonsuz kədərdə? Sən gəl incimə - bir şam da məndə! Çərənlədin, pərənlədin, düzənlədin, quyruğunu düyünlədin, axırda da peyinlədin! Allahdan buyruq, şeytandan qulluq: dartıb aparacaq, canını alacaq! Cavab ver indi: niyə yazıbsan, kimdən oğurlayıbsan?
***
Radio dünyanın ən gözəl musiqisini onca dəqiqənin içində ağlasığmaz yerlərə gətirir, onu meşşan salonlarında, çardaqlarda laqqırtı vuran, fikri-zikri yeməyin yanında olan, əsnəyən, yatan abunəçilərə çatdırır, onun bütün gözəlliyini itirir, ancaq yenə də ruhunu öldürə bilmir. Həyat da, adına gerçəklik deyilən şey də dünyanın ən gözəl şəkillərini, bax beləcə hara gəldi səpələyir. Bütün həyat belədir, körpə bala və bizim də əlimizdən heç nə gəlmir, yalnız eşşək olmayanlarımız buna gülür. Həyatı, radionu tənqid etmək sizin kimi adamların yemi deyil. Yaxşısı budur, əvvəlcə qulaq asmağı öyrənin! Ciddiliyə layiq olan şeyləri ciddi qəbul etməyi öyrənin və qalanlarına da gülün! Yoxsa siz bunları daha yaxşı, daha nəcib, daha ağıllı, daha zövqlə eləmisiniz? Yox, müsyö Harri, elə deyil, siz öz həyatınızdan iyrənc bir xəstəlik tarixi, istedadınızdan isə bədbəxtlik yaratmısınız.
***
Yumor həmişə kədərli olur və lazım gəlsə, onu elə dar ağacında öyrənəcəksiniz.
***
Gülməyi öyrənməlisiniz - sizdən tələb olunan bax budur! Həyatın yumorunu - bu həyatın kədərli yumorunu anlamalısınız! Siz isə tələb olunan şeydən başqa dünyanın hər işinə hazırsınız! Qızı öldürməyə hazırsınız! Təntənəli edama hazırsınız! Yəqin ki, hələ yüz il də özünüzü döyməyə, qamçılamağa hazır olacaqsınız... Elə deyil?
***
Ağlınızı başınıza yığın! Siz yaşamalısınız, gülməyi öyrənməlisiniz! Siz həyatın lənətə gəlmiş radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi, ondakı hay-küyə gülməyi öyrənməlisiniz! Vəssalam, sizdən özgə heç nə tələb olunmur.
***
Özünü tamam unutdun, balaca teatrın yumor aləmini dağıtdın, ədəbsizlik elədin, bıçağa əl atdın, bizim bu gözəl xəyali dünyamızı gerçəklik ləkəsi ilə korladın. Heç yaxşı iş tutmadın.
Qeyd. Alman dilindən tərcümə edəni: Vilayət Hacıyev