Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərlər". Bu kitabda dünya, Avropa və ingilis ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndəsinin "Gavur", "Abidos gəlini", "Mazepa" adlı mübariz ruhlu fəlsəfi-dramatik poemaları verilib.

Müəllif:

Corc Qordon Bayron


Kateqoriya:

Böyük Britaniya - İngiltərə



Qısa Təsvir:

Corc Qordon Bayron. "Seçilmiş əsərləri". Bu kitaba dünya, Avropa və ingilis ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndələrindən biri sayılan Corc Qordon Bayronun azadlıq ideyaları tərənnüm olunan, maarifçilik görüşləri rəğbətlə qarşılanan "Gavur", "Abidos gəlini", "Mazepa" adlı mübariz ruhlu fəlsəfi-dramatik poemaları və "Qabil" pyesi daxil edilmişdir.


Baxış sayı: 44
    
    


Corc Qordon Bayron

 

 "Seçilmiş əsərləri"



Seçilmiş əsərləri / C. Q. Bayron ; tərc.ed. T. Məmmədhüseyn ; bur.məs. Ə. Güləilev. - təkrar nəşr. - Bakı : Şərq-Qərb, 2006. - 224 s. ; 20sm. - (Dünya Ədəbiyyatı). - 25000 экз. - ISBN 9952-34-083-4 :

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilir.


 Bu kitaba dünya, Avropa və ingilis ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndələrindən biri sayılan Corc Qordon Bayronun azadlıq ideyaları tərənnüm olunan, maarifçilik görüşləri rəğbətlə qarşılanan "Gavur", "Abidos gəlini", "Mazepa" adlı mübariz ruhlu fəlsəfi-dramatik poemaları və "Qabil" pyesi daxil edilmişdir.


Məmmədhüseyn, Təhmasib \tərc.ed.\; Rza, Ənvər \tərc.ed.\; Vahabzadə, Bəxtiyar \tərc.ed.\; Aslanov, Aslan \tərc.ed.\; Gəncəli, Novruz \tərc.ed.\; Güləilev, Əziz \bur.məs.\


 Corc Bayron haqqında məlumat


(İngiliscə: George Gordon Byron, 22 yanvar 1788 - 19 aprel 1824) - ingilis romantik şairi.


İki əsr bundan öncə olduğu kimi bu gün də ingilis şairi Corc Qordon Bayronun yaradıcılığı, əsərlərinin dili və poetikası, ədəbiyyatda bayronizm ictimai əhvali-ruhiyyəsi dünya ədəbiyyatşünaslığının və dilçiliyinin diqqət mərkəzində qalır. Bayronun əsərləri mütaliə edilir, öyrənilir, tədqiqata və təhlilə cəlb olunur. Müvafiq tendensiya Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyi üçün də yad deyildir. Lakin XXI əsrdə Bayron yaradıcılığını tədqiq etmək həmin işi 50 il bundan öncə həyata keçirməkdən konseptual şəkildə olmasa da, forma etibarilə xeyli fərqlənir. Mütərəqqi romantizmin görkəmli nümayəndələrindən hesab olunan Bayronun yaradıcılığı dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Əbəs yerə deyil ki, dünya ədəbiyyatında məhz Bayron "Sevimli şair" ləqəbi ilə tanınır. Dünyagörüşündəki ziddiyyətlər-fərdiyyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh, azadpərvərlik, məzlum xalqlara rəğbət Bayron yaradıcılığının əsas xüsusiyyətləridir. Onun qəhrəmanları əsasən təkbaşına vuruşur, mübarizə aparır, həyatın ən çətin sınaqlarından çıxış yolunu şəxsi azadlığında görür. Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur. Onun uşaqlığı Şotlandiyanın Eberdin adlanan kiçik şəhərində keçmişdir. Şairin böyük zadəgan ailəsindən olan atası Corc Bayron müflis vəziyyətə düşərək 1791-ci ildə öz borclularının əlindən Fransaya qaçır və orada vəfat edir.
Bayronun tərbiyəsi ilə anası məşğul olur. 1798-ci ildə babasının qardaşından 10 yaşlı Bayrona miras kimi lord titulu və Nottingemşir qraflığındakı Nyusted malikanəsi verilir. Məhz buna görə də Bayron ilk təhsilini zadəgan uşaqlarına məxsus qapalı Harrou məktəbində ala bilir. Dərslərinə məsuliyyətlə yanaşmasa da, mütaliəyə kifayət qədər vaxt ayırır, ilk şeirlərini də burada qələmə alır. Harrou məktəbini bitirdikdən sonra 1805-ci ildə Kembric universitetinə daxil olur və 1808-ci ildə universiteti bitirir. 1807-ci ildə "Asudə saatlar" adlı ilk şeir məcmuəsini, 1809-cu ildə isə mürtəce romantiklər və burjua tənqidi əleyhinə "İngilis bardları və şotland icmalçıları" satirik poemasını nəşr etdirir. Elə həmin il Lordlar palatasının üzvü seçilir. Bayronun təhsil aldığı Kembric universitetində həqiqi elmdən başqa hər şey öyrədilirdi. Bu barədə Bayron istehza ilə yazırdı: "Gərək Kembric və Oksford universitetlərində "Bayron mükafatı" təsis edilsin, çünki bu universitetlərdə həqiqi elmin öyrədilmədiyini ilk dəfə kəşf edən mən olmuşam".
Öz fəlakətlərinin səbəbini yeni ixtira edilmiş maşınlarda görən və buna görə də maşınları sındıran fəhlələr haqqında dövlətin çıxardığı qərarın əleyhinə lordlar palatasında ilk dəfə çıxış edən də məhz Bayron olmuşdur. 1809-cu ildə Bayron səyahətə çıxır. O, İspaniyada, Malta adasında, Yunanıstanda və Türkiyədə olur. Bu Bayronun Yaxın Şərqə ilk səyahəti idi. Səyahətdən qayıtdıqdan sonra «Cayld Harold» poemasının birinci iki mahnısını çap etdirir. İkinci səyahəti zamanı isə Bayron İsveçrədə, Venesiyada, bir daha Yunanıstanda və Türkiyədə olmuşdur. Bayron ömrünün son günlərini vətənə və yunan xalqının səadəti uğrunda mübarizəyə həsr edir. Böyük şair 1824-cü il aprelin 24-də Yunanıstanda vəfat etmişdir. Bayron bütün millətlərə bir gözlə baxırdı. O, deyirdi ki, əgər türklər məhkum, yunanlar hakim olsaydı, yəqin ki, o, türklərə qoşulub, yunanların əleyhinə, türk azadlığı uğrunda vuruşardı. Bayron bütün məhkum xalqların müdafiəçisi idi. Lakin hələ də Türkiyədə Bayronun türk düşməni kimi qələmə verməyə çalışanlar vardır.
Bayron «Çayld Haroldun səyahətləri», «Şərq poemaları», «Qabil», «Don Juan», «Manfred» və sair kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir. Yaxın Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər ərzində Bayron bir neçə poema yazır. Sonradan bu poemaları ədəbiyyat tarixində «Şərq poemaları» adı ilə məşhur olur. «Şərq poemaları»na aşağıdakı altı poema daxildir: «Gavur» (may, 1813) «Abidos gəlini» (dekabr, 1813), «Korsar» (1814-cü ilin əvvəlləri), «Lara» (avqust, 1814), «Korinfin mühasirəsi», «Parizina» (1815-ci ilin sonu, 1816-cı ilin əvvəlləri). Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayıb, kəskin faciəvi sonluqla bitir. Bu poemalarda əsas rolu mahiyyətcə üç şəxs : qəhrəman, onun məşuqəsi və rəqibi oynayır. Bayronun qəhrəmanları cəmiyyətə qarşı üsyan edən mübariz, lakin, təkbaşına mübarizə aparan qəhrəmanlardır. Bayron, şəxsiyyəti hər şeydən üstün tutur, onun poemalarında əsas yeri ancaq tək-tək qəhrəmanlar tutur və Bayron ancaq bu şəxsləri mədh edir. Buna misal olaraq «Gavur» poemasından Gavuru, «Abidos qəlini»ndə Səlimi göstərmək olar. «Korinfin mühasirəsi»ndə Bayron bir qədər də ilə gedir. Azadlıq ideyası, vətən istiqlaliyyəti uğrunda kütləvi hərəkət, kütlə və qəhrəmanın münasibəti burada artıq ayın naxışlarla seçilir. «Şərq poemaları»ndan danışarkən Bayronun həmin dövr yaradıcılığının iki əsas xüsusiyyəti nəzərə alınmalıdır. Bunlardan biri Bayronun Şərq ölkələrinə səyahətdən sonra yazdığı əsərlərə Şərq poeziyasının müsbət təsiri, digəri isə bu poemalardan daxili və xarici irtica qüvvələrinə qarşı kəskin etiraz və üsyan motivlərinin zəngin olmasıdır.
Bayronun yaşadığı dövr avropalıların Şərq ölkələri ilə ciddi maraqlanmağa başladığı dövrdür. Bu dövrdə Avropada bir neçə Şərq cəmiyyəti, o cümlədən 1784-cü ildə Parisdə «Asiya cəmiyyəti», 1821-ci ildə Londonda «Asiya kral cəmiyyəti», 1823-cü ildə Leypsiqdə «Alman Şərq cəmiyyəti» yaranır. İngiltərədə U.Cons (1746-1796) və Q.Kolburq (1765-1837) sanskrit dilini Avropa dilləri ilə müqayisə edərək öyrənməyə başlayırlar. Şərq mövzusu bir müddət dünya klassik əsərlərində əsas yer tutur. Avropada Hötenin «Şərq divanı», V.Hüqonun «Orientaliya»sı çap olunur. Radişşev Hafiz Şirazinin divanından bəhs edir. 1812-1813-cü illərdə Hafiz Şirazi alman dilinə tərcümə olunur. Şərqi öyrənməyə dair bir sıra kitablar çapdan çıxır. Bayron da Şərqə səyahətdən sonra, «Şərq poemaları"nı «Çayld Harold» məhz bu dövrdə yazmışdır. Bayronun Yaxın Şərq xalqlarının adət və ənənəsi ilə tanışlığı iki vasitə ilə olmuşdur. Bunlardan birincisi Şərq haqqında yazılmış tarixi kitablar və Şərq klassiklərinin ingilis dilinə tərcümə edilmiş əsərləridir ki, Bayron bu kitabların əksəriyyətini hələ uşaqkən oxumuşdu. İkincisi Şərqə səyahəti zamanı Bayronun Şərq xalqlarının həyatı ilə yaxından tanış olmasıdır.
Şübhəsiz ki, sonralar Bayronun Şərq ölkələrini səyahət etmək arzusuna düşməsinə səbəb də onun bu ölkələrin tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanışlığı idi. Bayron qeyd edirdi: «Türkiyə tarixi» mənə hələ uşaq ikən ləzzət verən ilk kitablardan biri olmuşdur. Əminəm ki, sonradan mənim Levantı səyahət etmək arzuma bu kitabın müəyyən təsiri olmuş, ola bilsin ki, şeirlərimdə hiss olunan şərq ruhuna da səbəb budur». Bayronun səyahətə getməsinin əsas səbəbi o zaman hamını maraqlandıran Şərq ölkələrini görmək və əylənmək arzusu olmamışdır. İngiltərə cəmiyyətindən üz döndərən İngilis burjuaziyasının çirkin simasından cana gələn şair, oranı əbədi olaraq tərk etmək məqsədi ilə səyahətə çıxır. Bayron yola düşməzdən əvvəl müasiri Hansona yazdığı məktubunda deyir: "Mənə lənətə gəlmiş bu ölkədən çıxıb getməyə icazə verin və mən sizə söz verirəm ki, müsəlmanlığı qəbul edərəm lakin geriyə qayıtmaram". Şərq ölkələrinə səyahət zamanı Bayron həmin xalqların dillərini öyrənməyə böyük həvəs göstərir. Malta adasına gələn kimi Bayron bir rahibdən ərəb dilini öyrənməyə başlayır. Şərq xalqlarının adət və ənənələrini öyrənmək məqsədi ilə Bayron bu xalqların içərisində yaşamış, onların gündəlik həyatı ilə çox yaxından tanış olmuşdu. O, 1810-cu ildə anasına yazdığı məktubunda deyir: "Mən yunanların, türklərin, italyanların eləcə də ingilislərin (şərqdə yaşayan ingilislərin) evlərində qalmışam. Bir gün sarayda, o biri gün inək damında, bir gün paşa ilə, ertəsi gün çoban ilə olmuşam. Bayron İrana da səyahət etmək arzusunda olmuşdur. Bu məqsədlə o, Kembric universitetinin ərəb dili professorundan lazımi məlumatlar toplayır, anasından isə, o, zaman "Qoca hindli" kimi tanınan mayor Vastondan bəzi sualları öyrənməsini xahiş edir.
Məlum olduğu kimi Şərq mövzusu başqa ingilis ədiblərini əsərlərində də öz bədii əksini tapmışdır. Yazıçılardan fərqli olaraq Bayron şərqi özünəməxsus bir şəkildə. Avropaya təqdim etmişdir. Bayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli poema janrını yaratmışdır. Bayron Soutinin əksinə olaraq türk, yunan, alban xalqlarının folklorundan, adət və ənənələrindən kor-koranə şəkildə deyil insan şəxsiyyətini yüksəklərə qaldırmaq məqsədi ilə istifadə etmişdir. Həmin mahnını Bayron da eşitmişdi. Bu günahsız qızın taleyi Bayronu və onun yol yoldaşı Hobhauzu çox maraqlandırmış və onlar bu hadisəni müfəssəl öyrənməyə çalışmışdılar. Əli paşanın gəlini, əri Muxtarın son zamanlar onu gözdən saldığından qayınatasına şikayət edir. Poemanın qəhrəmanları atəşli məhəbbətlə sevən, qəlbi düşmənə qarşı nifrət və intiqam hissi ilə dolu olan şərqlidir. Bayron üsyankar təbiətli qəhrəmanlarını yaradarkən onların iztirab, hiss və düşüncələrini, alovlu duyğularını, dünyagörüşlərini bütün dolğunluğu və dərinliyi ilə təsvir etmək üçün islam dini və əqidəsi ilə bağlı olan sözlər də işlətmişdir. Şübhəsiz, şairin bu sözləri həmin əqidənin təbliğinə deyil, hər şeydən əvvəl onların xarakterik xüsusiyyətlərinin, mənəviyyatının təsvirinə xidmət etmişdir. «Şərq poemaları»nda «Leyli və Məcnun» dastanındakı Leyli obrazını xatırladan əlamətlərə də təsadüf edilir. Professor Əli Sultanlı Nizaminin «Leyli və Məcnun» poemasının Avropada ən çox təsirini «Abidos gəlini»ndə görür.
Şərq haqqında yazan başqa ingilis şairlərindən Bayronun üstünlüyü ondadır ki, o, Şərq adətlərini özünəməxsus bir şəkildə vermişdir. Müsəlman qadınlarının naməhrəmlərə baxmaq hüququndan məhrum olması və sair buna misaldır. «Abidos gəlini»ndə üsyan, protest motivləri kəskin bir şəkildə verilmişdir. Böyük emosional gücə malik olan bu əsərin qəhrəmanı Konrat daha üsyankar, daha barışmaz bir obrazdır. «Korsar», «Dara», və «Parisin əsərləri»ndə Bayron Şərq adət və ənənələrinə nə qədər yaxından bələd olduğunu nümayiş etdirmiş, Şərq həyatını gözəl , romantik ifadəsini verə bilmişdir.
Şərq şeirinin ən gözəl xüsusiyyətlərini, ifadə tərzini, ingilis poeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müəyyən şərq sözlərini də ingilis dilinə ilk dəfə gətirən Bayron olmuşdur. Bayron istifadə etdiyi bu sözləri mexaniki mənada işlətmir və bəzən onlara yeni məna verir. Bayronun yeni məna verib işlətdiyi şərq sözlərinə həmin mənada başqa ingilis yazıçılarının da əsərlərində rast gəlirik. Məsələn, Sultanə-xanım mənasında, saray-hərəmxana mənasına və s.
«Şərq poemaları»nda ilk dəfə işlədilən şərq sözlərinin əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququ almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkləşdirmiş formada işlətmişdir. Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazırdı: «hakimlər xalqlarla vuruşmaq niyyətindədir. Qoy belə də olsun! Axırda onlar əziləcəkdir. Krallıq dövrü qurtarmaq üzrədir. Bayronun «Korinfin mühazirəsi" poeması «Şərq poemaları» içərisində ən xarakterik əsərlərdən biridir. Şair burada vətəndən didərgin düşən qəhrəmanların öz düşmənlərinə qarşı necə amansız intiqam ehtirası ilə yandığını, sevgilisi Françeskaya olan yüksək məhəbbətini, dinə münasibətini göstərir.
Türk işğalçılarının yunan torpağına hücumu şairin kəskin qələmi ilə bədii boyalarla ifşa edilir. Bayron türk ordusunun müharibəsini müəyyən bir amal uğrunda gedən mübarizə kimi deyil, qarətçilik müharibəsi kimi göstərmişdir. Bayron müharibə dəhşətlərini, onun yaratdığı faciələri böyük sənətkar qələmi ilə göstərmişdir. Bu poemada kütləvi səhnələr daha çoxdur. Bayron azadlıq ruhu burada daha çox pərvaz edir. Şairin yunan xalqının azadlıq üçün döyüşlərdə canını qurban verən oğulları haqqında yazdığı məqamlarda sevgi məhəbbət mövzusu ilə müharibə mövzusu sıx bağlıdır. Bayronun digər «Şərq poemaları», - «Korsar», «Dara» və «Parizana» da öz spesifik xüsusiyyətləri ilə seçilən yüksək bədii ilhamla yazılmış əsərlərdir. Hələ 1827-ci ildə Puşkin göstərirdi ki, Lord Bayronun əsərlərindən heç birisi İngiltərədə «Korsar» qədər güclü və dərin təəssürat oyatmamışdır. Bu əsərdə protest hissi daha üstündür.
Böyük şairin ölümündən 135 il keçməsinə baxmayaraq onun səsi bugün də azadlığa, dincliyə, müharibə əleyhinə güclü bir çağırış kimi gurlayır.


Lord Corc Bayron


Bayronun həyatını araşdıranda irsilik faktorunu nəzərə almamaq olmur, çünki Bayronun yaxın qohumlarını abırlı adam adlandırmaq olmazdı. Onun atası Con Bayron birinci dəfə boşanmış qadınla evlənib Fransaya qaçmışdı. Birinci arvadı vəfat eləyib ona Avqusta adlı bir qız qoyub getmişdi. İkinci dəfə isə pula görə evlənmişdi. Bütün borclarını qaytarandan və qadının cehizini xərcləyib qurtarandan sonra o, arvadını uşaqla birlikdə atıb getmişdi.
Bayronun anası isə ipə-sapa yatmaz xasiyyətli bir qadın idi. Onun atasının əmisi tamam çökmüş malikanədə elə pozğun həyat yaşayırdı ki, onu «iyrənc lord Bayron» adlandırırdılar. Həmin bu malikanə sonradan Corc Bayrona miras qalır. Bayronun babasını «tufanlı Gek» adlandırırdılar. O da dənizdə nəvəsinin quruda apardığı əxlaqsız həyat tərzi yaşayırdı.
Corc doğulanda atası bütün pulları xərcləyib qurtarmışdı. Xanım Bayron Ebendində məskunlaşdı və «axsaq oğlunu» şəxsi məktəbə verdi. Bayronun uşaqlıq hoqqalarından çox danışırlar. Ona dayəlik eləyən Qrey bacıları deyirdi ki, sığallamaqla bu uşaqla nə istəsən, eləmək olar. Amma anası özündən çıxan kimi əlinə keçəni oğluna tolazlayırdı. Anasının qəzəbinə adətən istehzayla cavab verərdi. Əsəbi vaxtlarında anası onun şikəstliyini başına qaxırdı.
Atası öləndə Corcun 3 yaşı vardı. O, hardasa Fransa tərəflərdə içib, mənliyini itirmiş şəkildə dünyasını dəyişmişdi. Yalançı adla yaşayan «vəhşi Cekin» o vaxtlar 36 yaşı vardı. Bu yaş Bayronlar ailəsi üçün qəzavü-qədər yaşı sayılır.

«Gecələr qadınlara və ulduzlara xüsusi parlaqlıq verir»

Gimnaziyada o, çox pis oxuyurdu. Bəlkə də yatmazdan əvvəl Meri Qreyin oxuduğu İncildən seçmələr ona daha çox xeyir gətirmişdi, nəinki gimnaziya müəllimləri. Ölü dillər və qədim keçmiş Bayronu maraqlandırmırdı. Amma ingilis klassiklərinin əsərlərini böyük maraqla oxuyurdu. Oxuduğu illərdə haqsızlığa qarşı çıxan və kiçikləri incidənləri yerində oturdan cəngavər kimi tanınmağı başlamışdı.
Kembricdə oxuyarkən Bayron elmi biliklərini artırmasa da, üzmək, at çapmaq, boks vurmaq, içmək, kart oynamaq kimi sənətlərdə ad çıxarmışdı. Ona görə də həmişə pula ehtiyacı vardı və daim borc içindəydi. Başı ayılanda şeir yazırdı. Bu şeirlər işıq üzü görən kimi müəllifinin taleyini artıq həll eləmiş oldu. Onları tənqid atəşinə tutan yazı mətbuatda bir ildən sonra çıxmasaydı, yəqin ki, Bayron onu oxuyub sınar və heç vaxt yazmazdı. Tənqid yayılanda o artıq 214 səhifəlik roman, 380 şeirlik poema, 660 sətir müxtəlif kiçik şerlərin müəllifiydi. Tənqid Bayronu əlbəttə ki, məyis elədi. Yenicə çıxmış satirik şeirləri isə tənqidə cavab kimi ortaya gəldi və o qədər uğur gətirdi ki, şairin mənliyi və sınıq ürəyi yerinə qayıtdı.
Onun bioqrafiyası adalarda yaşayan və gözü həmişə uzaqlarda olan cavanın həyatına bənzəyir: həmişə uzaq dənizlər çox cazibəli görünür. Bayron çox düşkün vəziyyətdəydi və İspaniya, Albaniya, Yunanıstan, Türkiyə və Kiçik Asiyanı gəzəndən sonra daha da düşkünləşmişdi. Nədənsə hamı düşünürdü ki, Bayron bu arada yaranmış əsərinin qəhrəmanı Çayld-Qarold kimi səbatsız həyat yaşayır, hətta hərəmxana da saxlayır. Onun hərəmxana saxlamağa imkanı yoxuydu. Lordlar Palatasında ölüm cəzası kəsilmiş toxucuları müdafiə edən nitqindən iki gün sonra isə Çayld-Qaroldun yeni iki nəğməsi nəşr olunan gün 14 min nüsxə bir günə satılıb qurtardı. Əsərin ədəbsiz tonu heç kimi narahat eləmədi. Bu rəqəm onu ən məşhur yazarlar sırasına qatdı. Bu qəhrəmanın niyə belə uğur qazanmasını o özü də anlamırdı: «Bir gün mən gözlərimi açıb özümü məşhur gördüm». O, cavan, adlı-sanlı və naümid idi. Ümidsizliyinin səbəbi isə məlum deyildi.

«Qadın yeganə hədiyyədir ki, öz-özünü qablaşdıra bilir»

Artıq kübar cəmiyyətinin qapıları qarşısında taybatay açıq idi. O axsayan ayağını unuda bilmir və buna görə də utancaqlıq keçirirdi. Səfər təəssüratı altında yazılmış növbəti sevgi və qisas mövzusunda olan əsəri «Kafir»i oxucular yenə də çox yaxşı qarşıladı. Bundan sonra yazacağı əsərin uğuru artıq müəyyən olmuşdu. Şərq ruhlu poemalar bir-birinin ardınca çıxır. Burada piratlar, qaçaqmalçılıqdan danışılır. Çox güman ki, bunlar şairin romantik uydurmaları deyildi.
Bayron təbii axsaqlığından doğan utancaqlığını aradan götürmək üçün qeyri-adi gözəlliyi barədə ətrafda mif yaratmışdı. Romantik solğun dəriyə olan dəb Bayrondan başlayır. Nə qədər qadınlar keçib onun kiçik, amma təlatümlü həyatından. Demək çətindi. O, Lesbiya və Karolinaya, Elizaya, Annaya, Marion, Meri, Qarriet və Cessiyə şeirlər həsr eləyib. Bütün şeirlərində o, ehtiraslı və kədərlidir: «Məncə, sevgi absurd bir şeydir. Romantizm və süniliklə suvarılmış komplimentlər jarqonudur. Əgər mənim 15 məşuqəm olsaydı, iki həftə keçmiş mən onların birini də xatırlamazdım».

Avqusta və Corc Bayron

Onlar atabir bacı və qardaş idi. «Vəhşi Cek» adını çıxarmış ataları ikinci evliliyində qızını nənəsinin tərbiyəsinə vermişdi. Nənə isə istəmirdi ki, Avqusta ata tərəfinin qohumlarıyla görüşsün. Ona görə də Avqusta «balaca Bayron»dan xəbər tutmamışdı. Nənə vəfat edəndən sonra onlar görüşdü və bir-birini o dəqiqə bəyəndi. Avqustanın 17 yaşı olanda Corc ondan 4 yaş kiçik olsa da, özünü bacısının qəyyumu kimi aparırdı. Onlar görüşəndə Avqusta artıq nişanlı idi.
Avqustanın məktubları uğursuz nikahından danışdıqca, daha uzun olurdu. Onun artıq 27 yaşı vardı. Köməyinə yalnız qardaşı gələ bilərdi. Avqusta Londona gələn kimi Bayron anlayır ki, qabaqlar qadınlardan heç kim onun bu qədər xoşuna gəlməyib. Bayronsayağı profil, sadə cizgilər ona o qədər əziz və sevimli idi ki. Özünə vurğun, personasının əsiri olan Bayron bu qadında öz əksini gördü, öz portretini tapdı. Hər ikisi adamlar arasında qapalı olmasına baxmayaraq, ikilikdə sərbəst olur, hər şeydən danışa bilirdilər. Avqustanın poeziyadan başı çıxmasa və intellektual olmasa da, bu, qətiyyən maneçilik yaratmırdı. Bayron çox böyük günah qarşısında olduğunu bilirdi. Saray xanımı titulu Avqustaya imkan verirdi ki, Sent-Ceyms sarayında yaşayıb istədiyi adamı qəbul edə bilsin...
Avqusta payızda evə qayıdanda artıq hamilə idi. 3 uşaq anası, ərini hələ də sevən qadın vəziyyətini tam anlayırdı. Amma o bilirdi ki, «balaca Bayron»un hər bir kaprizinin qarşısında o acizdir. Əgər Bayron dilini dinc saxlaya bilsəydi, adam arasında ikibaşlı eyhamlarla bacı və qardaş sevgisindən danışmasaydı, ola bilər ki, bundan hamı xəbər tutmazdı. Amma yenə də «Korsar»ın 30 minlik tirajı bir günə satılırdı. Müəllifi ittiham eləyənlər də onun əsərlərini oxuyurdu.
Avqustanın uşağı doğulandan sonra onların münasibəti artıq sirr deyildi. Doğulan qızın adını Medera qoyurlar. Şair də anlayır ki, o, ya ölkədən getməli, ya da evlənməlidir ki, söhbətlərə son qoyulsun.
Avqusta qardaşını hər məktubda evlənməyə sövq eləyirdi. Cavabında Bayron «Məni yalnız pul cəlb eləyir. Qadına gəlincə, o, nə qədər yaşlı olsa, bir o qədər yaxşı olar. Onda cənnətə daha tez düşər...» deyirdi.

«İblisin ox qabında yumşaq səsdən iti silah yoxdur»

Bayron seçimini Anabella Milbank adlı xanımda saxlayır. Onlar evlənəndə Hötedən sonra Avropanın ən məşhur şairinin 27 yaşı vardı. Londonda evlilik həyatına qədəm qoyan kimi arvadının 10 min frank cehizi, eləcə də özünün 8 min frank pulu elə bil ki, göyə sovruldu.
Bayron kitablarını satmağa məcbur idi. Onların varidatını 8 dəfə siyahıya almışdılar ki, hərraca qoysunlar. Bolluq içində yaşamış ledi Bayron buna dözə bilməzdi. Üstəlik, Bayronun teatr komitəsində aktrisa, müğənni və rəqqasələrlə romanlarının arası kəsilmirdi. Kreditorların təkidiylə malikanəsini satmağa məcbur olan Bayronun borcu 30 minə çatsa da, malikanəni alan tapılmırdı. Ona görə də Bayron qəzəbini, hirsini teatrlarda və içki badələrində batırmağa çalışırdı.
Bacısı Avqusta ilə əlaqəsinə eyhamları və dəli kimi hərəkətləri Bayronun havalanması barədə düşüncələrə yer ayırırdı. Onlar evlənəndə ledi Bayron bacı-qardaşın münasibətindən xəbərsiz idi. Sonradan ərinin homoseksual münasibətləri haqda şayiələr də təsdiqləndi. Bacı-qardaş bir yerdə olanda elə bil ki, Anabellanın otaqda olduğunu unudurdular. Mederanı isə Bayron hamının yanında qızı adlandırırdı. Hətta deyirlər ki, Bayronun arvadıyla cinsi münasibətləri yox dərəcəsindəydi. Gecələr o, çığırıb ayılır, arvadı qoluna toxunan kimi «mənə əl vurma» qışqırıb qaçırdı. Bayron ömrü boyu düşünürdü ki, heç kim qadının necə yemək yediyini görməməlidir. Ona görə də arvadıyla onlar ayrılıqda yemək yeyirdi.
Evləndikləri ilin sonunda Bayronun qızı doğuldu və adını Ada qoydular. Az sonra ledi Bayron qızını da götürüb atasıgilə köçdü. Arabir «Əzizim Dik» xitablı incə müraciətlərlə dolu məktublar yazsa da, deyəsən, geri qayıtmayacağına söz vermişdi. Bayronların boşanma səbəbi gizli qalıb. Amma məlumdur ki, ledi Bayron həkim Leşinqtonun qəbulunda olub ona elə faktlar deyib ki, bundan sonra boşanma əleyhinə olan həkim qəti şəkildə deyib ki, onlar mütləq boşanmalıdır. Sadəcə, «xasiyyətləri tutmadı» versiyasıyla oxucular razılaşmaq istimirdi. Ledi Bayronun səbəbləri açıqlamaması da hamının fikrində nəsə dəhşətli və fantastik bir səbəb yaradırdı. Boşanma sensasiyaya çevrildi. Onu qoca ledi Melburn ilə cinsi əlaqədə suçlayırdılar, amma qarının xahişiylə. Deyirdilər ki, o, arvadını hamiləliyin sonuncu ayında zorlayırmış. Guya ledi Oksfordun 13 yaşlı qızını zorlamağa çalışıb.
Avqustanın Bayrondan 2 qızı - Medora və Ada doğulmuşdu. Bayronu Lordlar Palatasında görmək istəmir, küçədə təhqir edirdilər. Bayrona bu ölkədə artıq yer yoxuydu.

«Nikah sevgidən doğur, necə ki, şərabdan sirkə əmələ gəlir»

İngiltərədən və ictimai qınaqdan incimiş şair Nyustid malikanəsinin satılması barədə əmr verdi. Bu, ona rahat maddi çətinlikdən uzaq və arzuladığı kimi sakit yaşamağı imkan verəcəkdi. Yenə də səyahətlər, müxtəlif şəhərlər. Sonra səfər təəssüratları kağıza köçərək qəhrəmanlarının diliylə canlanırdı. Yaşadığı əxlaqsız həyat tərzi ona gözəl poetik şeirlər yazmağa mane olmurdu: «Don Juan», «Mazeppa», «Françesko de Rimini»...
Qrafinya Qviççioli ilə görüş yeni məhəbbət tarixcəsini yaratdı və Bayronu pozğun həyatdan xilas elədi. Terezanın 60 yaşlı əri onların görüşünə etiraz eləmirdi. Qrafinya Bayronu romantik hisslər çələngiylə əhatə edərək, həqiqi sevgiyə olan inamını qaytarmaq üçün çalışırdı. Bayron isə əvvəlki kimi qadınların ünvanına tikanlı sözlər yağdırırdı: «Qadına güzgü və şirniyyat verin və o, çox razı qalacaq. Özümü tanıyanı bəşəriyyətin o biri yarısından əziyyət çəkmişəm. Qadına cəngavərcəsinə xidmət eləmək dünyada ən rəzil, hətta qul olmaqdan da betər bir asılılıqdır». Amma qrafinya Bayronun yaradıcılığında bir sıra gözəl və ağıllı qadınlar obrazının yaranmasına səbəb oldu. Bayron Terezanı sonuncu məhəbbəti sanırdı. Tereza ölkədən sürgün edilib monastra çəkilməsəydi, yəqin ki, o, növbəti ledi Bayron olacaqdı.
Tək qalan kimi onun evi yenə də hərəmxanaya çevrilir. Bayron Venesiyada olduğu müddətdə qadınlarının sayını hesaba almaq fikrinə düşür. Cəmi 200 qadını xatırlaya bilir: «Bu rəqəm dəqiq deyil, çünki son vaxtlar mən hesabı itirmişəm». Əlbəttə ki, «Veneranın xəstəlikləri» də ona rahatlıq vermirdi.

«Təklikdə insan özünü nisbətən az tənha hiss eləyir»

Yunanıstanda qiyam baş qaldırmasaydı, yəqin ki, Bayronu tədricən unudacaqdılar. İndi Bayrona tarixə düşəcək və özünü çox lazımlı duya biləcək bir hərəkət eləmək lazım idi. Yunanıstana kömək komitəsiylə danışıqlar apararaq o, bir qədər pul topladı və böyük həvəslə yeni səfərə həzırlaşmağa başladı. İnqilabçılar arasında sözləri düz gəlmədiyinə görə elə məqam çatdı ki, pul qıtlığı ümumi işin dayanmasına gətirə bilərdi. Onda Bayron İngiltərədəki varidatını satıb pulu Yunanıstan naminə xərclədi. Türklərlə savaşda can qoymuş Bayron yunanların hər kiçik qələbəsinə sevinir, hətta sağlamlığının qeydinə tamamilə qalmırdı. Pərəstişkarlarına isə belə deyirdi: «Siz məni şeir yazmamaqda qınayırsız. Baxın, mən bu gün şer yazmışam: «Bu gün mənim 36 yaşım tamam oldu».
Həmişə xəstəhal Bayron qızı Adanın sağlamlığından narahat idi. Onun sağalması barədə məktub alandan sonra o, sevincək olub gəzmək istədi. Gəzinti zamanı möhkəm yağış yağdı və Bayron bərk soyuqladı. Onun son sözləri belə idi: «Bacım mənim! Övladım mənim! Yazıq Yunanıstan! Mən ona vaxtımı, varidatımı, sağlamlığımı vermişəm! İndi isə həyatımı verirəm!»
Bayronun bədənini yarandan və beynini tədqiq edəndən sonra həkimlər dedi ki, bu, elə bil 80 yaşlı qocanın orqanlarıdır. Vəsiyyətnaməsində Bayron bütün varidatını - 100 min funt sterlinq o vaxta görə çox böyük məbləğ idi - bacısına qoyub. İki ildən sonra Avqustanın bir qəpiyi də yoxuydu. Deyirlər ki, Avqusta yanına gələn hər kəsdən sevimli qardaşının məktublarını oxumağı xahiş edirdi. Amma məktublar çox az idi, çünki Bayronun məktublarını satıb dolanırmış...

Müəllif: Gülnarə Rəfiq gulnarerefiq@gmail.com
Mənbə: Bizim Yol