Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

“Nabran novellası”. “Qədir gecəsi”, “Dörd sim”, “Solo konsert”, “Bəbiş kişinin qızı”, “Qarğış”, “Peyğəmbərin məqbərəsində qətl”, “Qaynaqçı” hekayələri, “Nabran novellası”, “On üç şəkilli pyes”i, esselləri, müsahibələri....

Müəllif:

Qulu Ağsəs


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

 “Nabran novellası”. Müəllifin “Qədir gecəsi”, “Dörd sim”, “Solo konsert”, “Bəbiş kişinin qızı”, “Qarğış”, “Peyğəmbərin məqbərəsində qətl”, “Qaynaqçı” hekayələri, “Nabran novellası”, “On üç şəkilli pyes”i, esselləri, müsahibələri yer alıb.


Baxış sayı: 675
    
    


Qulu Ağsəs


“Nabran novellası”




Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya press” nəşriyyatında şair Qulu Ağsəsin “Nabran novellası” adlı ilk nəsr kitabı işıq üzü gördü.

 Xalq yazıçısı Mövlud Süleymanlının ön söz yazdığı kitabda müəllifin “Qədir gecəsi”, “Dörd sim”, “Solo konsert”, “Bəbiş kişinin qızı”, “Qarğış”, “Peyğəmbərin məqbərəsində qətl”, “Qaynaqçı” hekayələri, “Nabran novellası”, “On üç şəkilli pyes”i, esselləri, müsahibələri yer alıb. “Poeziyada bəmbəyaz bir səs...” bölümündə isə Fikrət Qoca, Çingiz Əlioğlu, Tofiq Abdin, Vaqif Bəhmənli, Qurban Bayramov, Vaqif Yusifli, Rüstəm Kamal, Cavanşir Yusifli və digər müasirlərinin Qulu Ağsəs haqqında yazıları toplanıb.



Publisistikanın şeiriyyəti


"...Əgərçi "Hədiqətüs-şüəda" nəsr ilə təhrir olunubdur, lakin bu nəsrdə o qədər məharət və fəsahət göstərmiş ki və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mərifət indində onun dərəcə və mənziləti çox nəzmlərdən artıqdır".
Firidunbəy Köçərli
Hər kitab oxunmur...
Oxunanların hamısı duyğulara sığal çəkə bilmir.
Duyğuları sığallayan hər kitab gözdən könülə düşə bilmir...
Şeirin aşıladığı mətləbi nəsrlə ifadə edəndə onun emosionallığı azalır, nəsrin aşıladığı mətləbi şeir kimi ifadə edəndə emosionallığı artır, deyilmi? Axı şairin publisistikası poetik çalarları ilə seçilir.
Qulu Ağsəsin "Nabran novellası"nı oxuyandan sonra "Nəsrin misralara bölünməmiş şeir" (J.Renar) olduğuna bir daha inandım...
Xəzər sahil boyu boyun-boyuna vermiş ağacların təmasını duyurmuş. Bu duyumu duyan varsa, söz təşnələrini də buna inandıra bilirsə, nədən gümanlara düşək? Duymasa yazmazdı ki, "Xəzər ağacların ayağını yumaqdan doymur". Bu fikri
...duyur Xəzər...
...ağacların ayağını yuyur Xəzər kimi oxuyuram, dərk edirəm, duyğulanıram. Suçmu eləyirəm?..Nəsrin poetik qatına heyrətlənməmək mümkün deyil.

"Sükutun səsini batırmaq üçün qışqırın" fikri də eləcədi:
Qışqırın sükutun səsini batırmaq üçün...

"Ayağına görə yorğan istəyirdin, atına görə ot istəyirdin, adına görə iş istəyirdin, ürəyinə görə dərd istəyirdin" - fikrində səsin-sözün alliterasiyası incəliklə duyulandır - şeirdir; təkrir (istəyirdin) fikri şeirləşdirir...
"1964 yaşlı şair" məqaləsi Vaqif Səmədoğlundan gətirilən sitatlarsız şeirdi, məncə...
Kim nə deyir desin, şair sözü yalan-zad deyil! Şair nəyisə (nələrisə) xatırladır, yada salır, "sözünü o kəslərə deyir ki" (Mirzə Cəlil) duyumu fövqəlduyuma meylli olsun, fövqəlduyuma yaxın olsun, fövqəlduyum olsun; "həyatı, içindəki dünyanı və böyük dünyanı cizgilər, ştrixlər və fraqmentlər kimi təsvir edən" (Vaqif Yusifli) Qulu Ağsəs fövqəlduyumlular üçün yazır. "Səhra sulamağa gedən yolçu"ya yazır, "Rəmiş, sən dədənin goru, gözlərini aç!" deyənlərə yazır, "Həmişə "Qan-tər içində..." olanlara, "Canında can..." ağrısı" olanlara yazır, "Qapısı açıq Məcid"ə yazır, "8121 kəpənək uçuran kişi"yə yazır...Yazılarındakı cizgilər, ştrixlər, fraqmentlər şeiriyyət biçimli cizgidi, ştrixdi, fraqmentdi. "Qarğış"da olduğu kimi:
"- Dədəm mənə kənddən nə gətirib?
Nəvəsinin səsiydi.
- Söyüş gətirib.
Q a r a b a ğ ı n (seyrəltmə mənimdir - R.F.) səsiydi"...

Bir də

"Şuşa tezliklə azad olacaq!
...Yaddaşların məngənəsindən"...

"Səssiz yazı"nın səsini necə eşitməmək günahdı...
"Mənim anam"ı necə öz anan bilməyəsən? (...anam... ona görə atamdan danışmaq istəmir ki, Qulu dədəsinin üzünü görməyib). Kövrəkdi, təsiredicidi, həm də diqqət yetirsən, bəsirət gözüylə baxsan şeir misrasıdı...
Qulu Ağsəsin məqalələrində, esselərində fikirlər publisistik ülgüyə sığmır, ülgü şeiriyyət mizanına meyllidi...
Qulu Ağsəs Rəmişin də, Qədirin də daxili aləmini sözlə, sözün qüdrətiylə incədən də incə çəkir. Şair kimi çəkir, publisist kimi yox! Qulu Ağsəs kimi düşünür, publisist kimi yazır, şair kimi deyir, oxucunu şeiriyyət biçimində düşündürür.
"Qədir gecəsi" o axşam Qədirin, Qədir Rüstəmovu deyirəm (adının qarşısında titul göstərə bilmirəm. Qədir qadirdi!) oxumadığı muğam kimi şirindi, kövrəkdi. Deyəsən bu yazı Qədir gecəsində yazlıb axı. Həm də şeir kimi yazılıb, kitaba publisistika kimi daxil edilib (yanlış da bir naxışdı!).
Şair Qulu Ağsəs...
Publisist Qulu Ağsəs...
Bu, istedadın bölünməsi deyil, istedadın ikili təzahürüdür, biri digərini yedəyinə almır, biri digərini tamamlayır. Və şair Qulu Ağsəs publisist Qulu Ağsəsdən bir addım qabaqdadı; publisist Qulu Ağsəs şair Qulu Ağsəsdən əməlli-başlı bəhrələnir! Heyrətediləcək dərəcədə yaxşı bəhrələnir!
"Nabran novellası" şərti adıymış...
"Nabran novellası" şeir biçimli novelladı...
Qulu Ağsəsin nəfəsiylə süslənmiş novelladı...
Qulu Ağsəsin novellasıdı...
Allah şahiddi ki, "Yorulanda varağın bir küncündə oturub nəfəs dərən" Qulu Ağsəsin özüdü!..

Rəşid FAXRALI