Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ürəyində söyən uşaq". "Anamın saatları"... Çağdaş Türkiyənin tanınmış azəriəsilli yazarından iki maraqlı hekayə.

Müəllif:

İmdad Avşar


Kateqoriya:

Nəsr



Qısa Təsvir:

İmdad Avşar. "Ürəyində söyən uşaq". "Anamın saatları"... Azəri əsilli çağdaş Türkiyənin tanınmış yazarından iki maraqlı hekayə.  (hekayə)


Baxış sayı: 87
    
    


İmdad Avşar


"Ürəyində söyən uşaq"


Düzənlik sonu olmayacaqmış kimi getdikcə uzanır...
Asfalt yol düzənliyin tam ortasından keçən çayın hər qıvrımına uyğunlaşır. Çay və yol, bir-birinə sarılan iki qara və yaşıl ip kimidi. Maşınımız onların aralarından bir məkik kimi şütüyür. Hərdən çaya lap yaxınlaşır, hərdən də ondan uzaqlaşırıq. Çay, yol və biz dolana-dolana irəliləyirik...
Səssiz, sakit, aydın bir səhər, günün ilk saatları... Günəş sevinclə yüksəlir, alovlanıb yanır. Hava aydın, səma təmiz, mavi, ışım-işım işıldayır. Amma quru bir sazaq var, soyuqdu...
Daxilimdə bir peşimanlıq dənizi dalğalanır. Alışdığım bir şəhərdən ayrılığın hüznü ilə yaşayıram. Uzaq bir kənddə qoyub gəldiyim şagirdlərimi düşünürəm. Bilmirəm niyə, amma müfəttişliyə ürəyim heç cür qızmır. Neçə aydır özümü gözətçi kimi hiss edirəm...
Başımı maşının şüşəsinə söykəyirəm. Qulağıma uğultulu bir külək dolur, təkərlərin səsini dinləyirəm. Alnıma dəyən soyuqluq peysərimə doğru yayılır və canımdan bir üşütmə keçir...
Nəfəsim maşının şüşəsinə yayılır, qarşımdakı mənzərə get-gedə dumanlanır, çay, dağ, yol, ağaclar, yaşıl otlar bir-bir qeyb olur. Bir azdan heç bir şey görünmür. Dəbdəbəli evlərin divarlarından asılan qiymətli tablo kimi gözlərimin qarşısından sürətlə keçən mənzərələri qaçırmaq istəmirəm. Əlimi pencəyin qolundan içəri soxub dumanlanan şüşəni silməyə başlayıram...
Yolun ortasında, qarşımızda bir dəstə çöl göyərçini var. Göyərçinlər maşınımız yaxınlaşan kimi havaya qalxırlar. Maşını mən sürməsəm də göyərçinləri əzməsin deyə sağ ayağımı sıxır, qeyri-ixtiyari əyləci basıram. Maşın sanki yoldan son anda qalxan göyərçinin çaldığı qanadlarına toxunaraq keçir. Havada bir neçə dənə göyərçin tükü uçuşur, üzülürəm. Quşlara deyinir, hirslənirəm...
Çay ilə yolun arasında, çay yatağından daşan suların əmələ gətirdiyi kiçik göldə iki anqut suyu dalğalandırır, sürüşərək üzür. Onların əvəzinə mən üşüyürəm. Tüklərinə günəş şüası düşdükcə iki qızıl külçəsini xatırladan anqutlar qamışlığa doğru üzüb onların arasında gözdən itirlər...
Maşınımız havanı yararaq irəliləyir. Bir ağaclıqdan keçirik. Biz sürətlə gedərkən yolun hər iki tərəfindəki qovaqlar arxada sanki bir-birinin ardınca aşırlar...
Hava tamam açılır, bir az istilənir...
Bahar ətəyində nə qədər zümrüd varsa, bu düzənliyə səpmiş. Qara yol, yolun kənarıynan axıb gedən firuzə rəngli çay və başı buludlara toxunan, göyə yüksələn dağın qarlı yamaclarından başqa hər yan yaşıllıqdı...
Bir müddət sonra çayın sahilindən ayrılıb sola dönürük. Birdən yolun rəngi dəyişir. Torpaq yol düzənlikdən çəkib qoparır bizi. Maili yoxuşu çıxmağa başlayırıq. Heç beş yüz metr getməmiş yaşıllıqlar içində bir qəsəbə görünür. Kirəmit damlı, önü bağçalı evlərin hamısı bir-birinə bənzəyir...
Təftiş edəcəyimiz məktəb qəsəbənin yuxarısında, evlərin qurtardığı yerdən bir az hündürdə, evlərin başının üstündə nəhəng bir div kimi dayanıb. Bu bədheybət qəsəbədə yaşayan hər kəsi udacaq qədər böyükdü...
Məktəbin qarşısında geniş bir düzənlik var. Xırman yerinə oxşayır. Çünki keçən ildən qalan dənlər yaşıllaşaraq böyüyüb. Otlar qılçıq, saman arasından boy verib. Xırman yerində qışdan güc-bəla çıxdığı aydın görünən bir neçə eşşək otlayır. Havalar istiləndiyindən bir dəri, bir sümük qalan heyvanların uzanan tükləri tökülür...
Məktəbə tənəffüs vaxtı çatırıq. Bağça izdihamlıdı. Uşaqlar beçə verən arılar kimidi. Tək ayağı üstündə gəzənlər, xəyali bir sükanı fırladıb maşın sürənlər, ağaclara dırmaşanlar, ip üstündən atlananlar, top-top oynayanlar... Uşaqların hamısı öz aləmlərində, başqa bir dünyadadılar.
Uşaqların arasında bir müəllim hərlənir. Bizi görmür, arxası bizə tərəfdi. Bağçadakı yaşıllıqlar və yüzlərlə mavi önlük içində onun saçları dərhal gözə çarpır. Uzun, dalğalı, sapsarı saçları çiyinlərinə tökülüb, günəş kimi parıldayır...
Maşından düşüb məktəbin qapısına doğru getməyə başlayırıq. Uşaqlar ya əlimizdəki çantalardan, ya da yaddaşlarındakı hansısa oxşarlıqdan bizi tanıyırlar. Görən kimi qışqırmağa başlayırlar:
- Müfəttişlər gəldi!!!
- Müfəttişlər gəldi!!!
Uşaqların səsi məktəbin bağçasından aşıb dalğa-dalğa xırman yerinə doğru yayılır. Səslər xırman yerinə çatanda orada otlayan eşşəklərdən biri iştahla, həvəslə anqırmağa başlayır, sonra o birilər də qoşulur ona...
- Müfəttişlər gəldi!!!
- Aaaaaiiiiiih!!!
- Müfəttişlər gəldi!!!
- Aaaaaiiiiih!!!
Uşaqların səs-küyünü eşidən müəllim saçlarını geri atıb bizə tərəf döndü. Şagirdləri yara-yara gəlib bizi qarşıladı. Gülümsəyərək əlini uzatdı:
-Xoş gəldiniz, hocam, xoş gəldiniz, xoş gəldiniz...
Lap arxadayam. Müəllim mənə yaxınlaşıb əlini uzadır, göz-gözə gəlirik. Mən müəllimi tanıyıram, amma haradan? Onun tanış üzünü illər öncəki yaddaşımda axtarıram. Tapmıram. Müəllimin baxışlarında da çaşqın bir ifadə var. Müəllimlə eyni şeyləri düşünürük, amma ikimiz də əmin deyilik...
- Siz də... Eee, xoş gəldiniz.
- Xoş gördük, sağ olun...
Müəllim məndən nəsə soruşmaq istəyir. Elə mən də ondan. Amma başçımız imkan vermir, sözümüzü ağzımızda qoyur. Hələ məktəbə ayaq basmadan təftişə başlayır. Müəllimi növbətçi olduğuna peşiman eləyir.
- Növbətçisiniz?
- Bəli, hocam.
- Bağça növbətçisi?
- Bəəli.
- Demək, növbətçisiniz?
- Bəli!
- Növbətçiliyi bağçada eləyirsiniz?
- Bəli.
- Növbətçilik dəftərində qeydlər aparırsınızmı?
- Eee, bəli!
- Gözəl, demək, növbətçilik dəftərində qeydlər aparırsınız?
...
Məktəbin giriş qapısına çatırıq. Müəllimi xatırlayıram, adı dilimin ucundadı, söyləmək istəyirəm. Amma sualı sual dalınca düzən başçımız yenə mənə imkan vermir:
- Məktəbdə növbətçilik işinə çox diqqət yetirmək lazımdı!
- Elədi, çalışırıq...
- Növbətçilik işini, eee, növbəli yerinə yetirmək lazımdı!
- Eee, bəli, yerinə yetiririk, növbəli...
- Müdiriyyət lazımdı, indi sən növbətçilik sahənə, məktəb bağçasına dönməlisən...
-Bəli, dönürəm, hocam.
Məktəbə giririk, bu zaman dönüb arxaya baxıram, müəllimin gözü məndə qalıb, mənim də ağlım onun kim olduğunda...
Müdirin otağındayıq. Çay içirik. Otaqda danışılanları belə eşitmirəm...
Özümlə qovğadayam, yaddaşımı zorlamışam.
İyirmi il əvvələ qayıtmışam. Litseydə oxuyuram. 9/A sinfindəyəm. Taxtada qarışıq düsturlar... Arxada otururam. Lap qabaqda, müəllimin masasına bitişik yerdə saçları uzun, sapsarı, gözləri mavi bir qız oturur. Ayla!
Birdən Ayla böyüyür, müəllim olur. Pəncərədən çölə baxıram. Bəli, odu! Məktəbin bağçasında növbətçi olan Ayladı.
Dərindən bir ah çəkirəm. Çiynimdən dağ götürülmüş kimi rahatlanıram...
Bir azdan Ayla xanım müdirin otağına gəlir və içəri girər-girməz barmağını mənə tuşlayıb soruşur:
- Hocam, siz litseyi harada oxumusunuz?
...
Ayla xanımın bir xahişi də var:
- Hocam, mən ikinci sinifdə dərs deyirəm. Xahiş etsəm, mənim sinfimə siz gələrsinizmi?
Başçımızın üzünə baxıram, gözlərini yumub başını aşağı salaraq "olar," işarəsi verir.
- Yaxşı, - deyirəm, - yaxşı, gələrəm. Şagirdlərinizlə də tanış olarıq...
Ayla xanım otaqdan sevinclə çıxır...
Zəng çalınır, şagirdlər ikinci dərsə girmək üçün koridorlarda qaçışırlar. Sonra daha bir zəng səsi... Koridorlarda ayaq səsləri, müəllimlər də siniflərə tələsir.
Ayla xanım müdirin otağının qapısında gözləyir. Koridorda birlikdə addımlayırıq. O, iti-iti danışır. Bir anda şagirdlik illərimizə qayıdır, təkrar məktəbə gedirik və 2/A sinfinin qapısından içəri giririk.
Səssizlik...
Ayla xanım şagirdlərindən daha həyəcanlıdı. Bir tərəfdən özü haqqında danışır, o biri tərəfdən şagirdlərini tərifləyir:
- Bilirsiniz, bura sərhəd bölgəsidi, hocam. Bu qəsəbədə böyük bir əsgəri bölük var. Ərim bu bölüyün komandiridi. Bura ikinci şərq xidməti oldu mənim üçün! Bunlara keçən il də mən dərs demişəm. Hamısı da çox dinc, çox çalışqan, çox sevimlidi. Təbii, bəzən dəcəllik də edirlər, amma mən onları çox sevirəm! Onlara müfəttişlər gələcək, demişdim, gəlməyiniz yaxşı oldu.
Ayla xanım məni şagirdlərinə tanıdır və davam edir:
- Hocam, bir məsələdə çox çətinlik çəkirəm.
- Nədə?
- Bu qəsəbədə yaşayanlar azərbaycanlılardı axı!
- Bəli, bilirəm...
- Uşaqlar yerli şivəylə danışırlar. Çox məşğul oluram, amma istədiyim kimi alınmır.
...
Sinifdəki sakitlik pozulur. Şagirdlərin gözü məndədi... Səslər ucalır...
Ayla xanımın incə, sərt səsi sinifdə əks-səda verir:
- Haydı baxaq! Həyat bilgisi kitablarınızı çıxardın! Yüz yetmiş üçüncü səhifəni açın! Açdınızmı?
- Bəəəli!
Həyat bilgisi kitabları açılır. Yüz yetmiş üçüncü səhifədəki mövzunun başlığı böyük hərflərlə yazılmışdır: SİNİFDƏ ƏMƏL OLUNMASI LAZIM GƏLƏN QAYDALAR...
Ayla xanım soruşur:
- Dünən bir tapşırıq vermişdim, yerinə yetirdinizmi?
Sanki tapşırığı hamısı yerinə yetirib, bir nəfər kimi cavab verirlər:
- Bəəəli!
Öz şagirdlərimdən bilirəm. Tək-tək yoxlasaq, ən azı yarısı tapşırığını yerinə yetirməyib. Lakin soruşanda böyük bir coşğuyla, "bəəəli", deyirlər. Bu yaramazlar həmişə belədilər. Lazım olan şeyləri yerinə yetirməz, bir az qulaqardına vurarlar... Lazım olmayan şeyləri soruşsanız, ordan-burdan cavablandırarlar, amma mütləq yerinə yetirərlər...
Şagirdlərlə tanış oluruq. Bir-bir soruşuram:
- Sənin adın nədi?
- Zeynəb.
- Salatın.
- Cəmil...
Arxa sırada oturan şagird digərlərindən daha böyükdü. Gözlərinin içi gülür, növbəsinin çatmasını səbirsizliklə gözləyir. Göz-gözə gələndə hələ soruşmamış bir əsgər ədəb-ərkanıyla bərkdən adını söyləyir:
- Mənim adım Mirəli!
- Nə?
- Mirəli!
Ayla Xanımın qaşları çatılır, qulağıma doğru əyilir.
- Hocam, məktəbə bir il kec gəlib, bir il də sinifdə qalıb. Əslində gərək indi dördüncü sinifdə olaydı. Oxumağı da o qədər yaxşı deyil. Adı Mir Əlidi. Burada Mirəli, deyirlər...
- Yaxşı, Mirəli!! Otur görək.
Mirəli daha nəsə demək, danışmaq istəyir, amma nə söyləyəcəyini unudur, dodağını dişləyib başını qaşıyır, gülür və birdən gözlərində yeni bir işıltı peyda olur.
- Atamın da adı Cəfərdi!
Ayla xanım sanki xəcalət çəkir, yalvarırmış kimi Mirəliyə baxır, susmasını, oturmasını işarə edir. Mirəli başını qaşıyıb yerində oturur...
Uşaqların qarşısına keçirəm, şagirdlərdən birinə mövzunun başlığını göstərirəm.
- Oxu, baxaq...
- Sinifdə əməl olunması lazım gələn qaydalay!
"R" hərfini söyləyə bilməyəndə yoldaşları gülür...
- Demək, sinifdə əməl olunması lazım gələn qaydalar var, eləmi?
- Bəəəli!!
- Baxaq görək sinifdə əməl olunması lazım gələn qaydalar hansılardı? Kim söyləyəcək?
Bir neçə barmaq havaya qalxır. Baxışlarım sinfi gəzir. Qapqara gözləri ışım-işım işıldayan uşağı qaldırıram:
- Sən söylə.
Uşaq yavaş-yavaş, birtəhər söyləyir.
- Sinfin divarlarını çirkləndirməməliyyiiik!
Sinfin divarlarına baxıram. Uşaqların boylarının çatdığı yerəcən ayaq izləri, palçıqdı... Uşaq bir xahiş kimi cavab verir, olsun, saçlarını oxşayıram:
- Afərin sənə, - deyirəm, - daha kim söyləyəcək?
Bu an bütün barmaqlar havaya qalxır. Səhv etdiyimi kec başa düşürəm, amma uşaqlara söz verməsəm olmaz.
- Sən söylə.
- Taxtanı da çirkləndirməməliyik.
...
- Masanı da...
- Sən söylə.
- Şüşələri qırmamalıyıq!
- Partaları da qırmamalıyıq.
- Şkafı da...
- Kitabları cırmamalıyıq.
- Dəftərimizi də...
Yazı taxtasını qaralamışdılar, taxta çirkliydi, müəllimin stolunun bir ayağı qırıqdı, şüşələrdən ikisi sınıqdı, dəftərlərin, kitabların kənarları cırıqdı...
Mirəlinin barmağı da qalxır. Ona yaxınlaşıram.
- Sən söylə, Mirəli.
Mirəli birdən susur, cavab verə bilmir, yenə nə söyləyəcəyini unudur.
İlk cavab verən şagirdin cavabını doğru kimi qəbul etdiyim üçün cavabların ardı-arası kəsilmir. Barmaqlar hamısı havadadı. Çarə nədi, bu dəfə iş-işdən keçib, hamısını dinləyirəm, ürəkləri istəyən kimi cavab verirlər.
- Etməməliyik, atmamalıyıq, tutmamalıyıq, qırmamalıyıq, tökməməliyik...
Mirəli yenə barmağını qaldırır. Söyləyəcəyini unutmamış qaldırmaq, nə söyləyir-söyləsin, onun verdiyi cavabı da doğru kimi qəbul etmək, sonra saçlarını oxşamaq, "afərin" demək istəyirəm. Arxa partaya qaçaraq çatıram:
- Hə, Mirəli, haydı, söylə görüm.
Mirəli başını qaşıyır, bir gözünü yumub yuxarı baxır. Bütün sinif onun cavabını gözləyir. Ayla xanım büruzə verməsə də mənim Mirəli ilə maraqlanmağımdan narahatdı, sıxılır.
Sükut hökm sürür...
- Hə, Mirəli, haydı söylə...
Mirəlinin birdən gözləri parıldayır. Ayla xanımın şagirdlərinə tərgitmək istədiyi şivə ilə cavab verir:
- Müəllim bizi döyəndə ürəyimizdə onu söyməməliyik!!!

19/11/2010
Türkcədən çevirən: Eyvaz Zeynalov

 



Anamın saatları

 

 


Zavallı anam hardan biləydi Saatlı Maarif Təqvimi nədi?..
Şəmsi tarixi ilə illər neçə gündü, Qəməri tarixi ilə aylar neçə gecə?..


İmdad Avşar (TÜRKİYƏ)
Adı Sultandı, özü qurub-qoşduğu təqvimdən istifadə edərdi, evin də, çölün də hər işini adı kimi bilərdi, vaxtı, saatı bilməzdi. Bəxtinin ələ gələn ipliyini əzab-əziyyət yumağına dolayıb yaşayardı...

Qarçiçəkləri xırman yerində şam yandırıb baş qaldıranda təqvimi sıfırdan başlanar, fəsillər dövr edərdi...
Onun miladı ilk bahardan başlanardı...

Qarçiçəkləri, novruzgülləri açanda çölə gedər, qovaqlar yarpağını tökəndə, ya da durnalar köç edəndə evə dönərdi...
Hicri min üç yüz altmış beşmi? Miladi min doqquz yüz qırx doqquzmu? Nəyinə gərəkdi, zamanın fərqində deyildi. İllər kürəyində şələ, çiyinində yük, saçında ağdı...

İstər mart, aprel, may əsrləri arşınlayıb getsin, istərsə dekabr, yanvar, fevral nəfəsi dondursun... Keçən zamana nə möhnət? Əziyyətdə keçən hər an, hər gün, gələn həftəyə, aya, ilə qovuşur, anamın ömrünü yeyə-yeyə axıb gedirdi...
Bahar çiçəklərlə, novruzgülləri ilə gələrdi... Budaqlarda yarpaq-yarpaq əylənər, xəzəllərlə çıxıb gedər, qarşıdan qara qış gələr, anamın ilk baharını qarda basdırardı. Günləri qar-çovğuna tutulanda qanadları islanmış bir xınalı kəklik kimi çarəsiz, qərib, təkbaşına qalardı...

Anamın təqvimində illər, aylar olmazdı. Həftələr, günlər, saatlar da yoxdu. Vaxtı naməlum, işıqsız, kölgəli, kimsəsizdi. Anamın təqviminə görə, uşaqlar çiçəklər açılarkən, ya da toxumlar cücərərkən doğulardı. Sürgün dövrünün sonası (nənəmiz) yayın axırında, arpa orağa gəlməzdən əvvəl ölərdi həmişə. Və Avşar gözəlləri xırman sovulanda, qışın əvvəlində gəlin köçərdi. Atalarımız qar yağanda qürbətdən qayıdardılar...

Damlara çorak (torpaq) atılanda, qurdlar qoyuna soxulanda, durnalar çayıra-çəmənə gələndə... Hər hadisə müəyyən bir tarixə işarəydi. Ancaq o tarixlər anamın yaddaşında əlçatmaz, ünyetməz bir yerdəydi. Hadisələrin hansı ildə, hansı ayda olduğunu onun yaddaşının dərinliklərindən, yaşadığı məhrumiyyətlər arasından üzə çıxartmaq, hətta təxmin etmək mümkün deyildi. Bəzən ocağın başında közü eşə-eşə hansısa hadisəni xatırlayardı. Dalınca neçə hadisəni sadalayar, ailəmizin tarixçəsini danışardı. Amma filan hadisə nə vaxt olub, soruşsaq da, öyrənə bilməzdik...

- ...O il də çox qar yağmışdı. Qar-çovğundan çölə çıxa bilmədik. Dam boyu qar yığıldı. Bahar gələndə də bu qar əriməmiş yağışlar yağdı, dərələr doldu-daşdı, Ziyamı sel apardı o il, evlərdən iraq...
- Böyük qardaşımı nə vaxt sel apardı, ana?
- Bəkir yanan il!
- O nə vaxt yandı?
- Meralı quduz it dalayanda!
- Bacımı quduz it daladımı? Nə vaxt?
- Hakanım doğulanda...
- Hakan nə vaxt doğuldu?
- Böyük qardaşını sel aparanda!!!

Anamın təqvimi üç mövsümlü, doqquz aylı, çoxhadisəli idi və anamın ayları qırx gündən artıq çəkərdi. Payızın xəzəl çağını yayın axırına keçirər, payızın son ayını dekabra əlavə edər, qışın fevral ayını da ilk bahardan sayardı...

Xəbərləri gündüz günəşdən, gecələr də ay və ulduzlardan alardı. Kənddə beş dəfə azan oxunardı. Azançı beş dəfə namaza çağırardı, üç öynə yemək yeyilərdi, iki dəfə suya gedilərdi... Amma anamın bir gündə qırx dönəmi vardı. Onun vaxtının çoxu görünməz bir iplə göydəki günəşə bağlı idi. Gün dağın başını qızartmamış oyanar, ocağı yandırar, gün doğarkən inəyi sağar, səhər erkən tarlaya gedər, günortaya qədər bir yekə həyətlik yerin arpasını biçər, günorta evə gəlib qoyunları sağar, gün günortanı ötəndə bulağa gedər, gün əyiləndə xəmir yoğurar, qürub çağı təndiri qalayar, gün batarkən dovğa bişirər, axşamtərəfi süfrəni bəzəyərdi... Axşamlar da ay doğanda kilim toxuyar, kilim toxuyarkən ağı deyər, ulduzlar göydə sayrışarkən qara bəxtini qarğayar, gecəyarısı, el-oba yatıb ilbizlər batdıqdan sonra yuxulu gözlərini yumar, quş yuxusuna gedərdi.... Və hər səhər dan ulduzu doğmamışdan, xoruzlar bir-birinin ardınca ötərkən oyanar, yatağından qalxardı...
Qışda çöllərin, dağların nitqi tutular, donar, baharda dili açılar, yenidən çiçəklənərdi, yamaclar, ağ, lümlüt bədənlərindən utanar, novruzla birlikdə yamyaşıl bir şal bürünər, yaylalar sarı qarçiçəyi dövrünü sovub bənövşəyi dağ çiçəyinə bürünər, ağaclar gah yarpaqlayar, gah da xəzəlini tökərdi... Və zaman bir çay kimi qıvrıla-qıvrıla axıb getdikcə çöldəki hər şey boy atar, bir az da böyüyərdi... Quzular qoç olar, çəmənlikdə doxlaşar, dəli daylar madyan olub qan-tər içində yarışar, ərgən qızlar gəlin olub oğul-uşağa qarışar, iməkləyən uşaqlar ayaq tutar, yeriyərdi... Ay dolanar, gün dolanar, fəsillər bir-birini əvəz edər, amma anamın günləri, saatları, hər fəsil eyni qalardı, onun taleyi heç dəyişməzdi. Əziyyət içində, kərpic evdə üç fəsillik bir vaxt keçirər, qar əriyincə, əlinə kürəyi alıb həmişə eyni yerdən başlayardı həyata. İlk baharda ağaclar yenidən boy atar, yayda bar verər, hər payız solardı yenidən... Və hər qış daha bir az qar yağardı başına... O, bizim evin durnası idi ilk baharda, əhəng üzlü kərpic evin çardağından havalanar, qışdan əvvəl, yayda çöldən əl-ayaq çəkilər-çəkilməz süzə-süzə gələr, damın üstünə qonardı.

Quşlar gələr, quşlar gedər, anam tarlaya gedər, yenidən evə dönərdi, amma atam gəlməzdi... Atam yersiz-yurdsuzdu, sürgündə idi, xəbəri həmişə Fizandan gəlirdi... Anam atamın nə vaxt getdiyini, nə vaxt gələcəyini də bilməzdi. Anamın əri yoxdu, Fizandakı uşaqlarının atası idi... Uşaqları atalarının nə vaxt getdiyini soruşanda öz təqvimindən bir zaman kəsimini dilə gətirirdi. Di gəl bunu anla, anlaya bilsən...

- Ana, atam nə vaxt getdi?
- Ərik ağacları çiçəkləyəndə...
- Martmı? Aprelmi?
- Nə bilim, narın bir yağış yağırdı...

O ərik ağacları hansı ilin baharında çiçəkləmişdi, anamla atamın arasına yağan o yağış hansı ildə yağmışdı, hansı baharın yağışı idi, məlum deyildi...

Zalım aylar, şər illər, çətin günlər hamısı anamın çiyinlərində keçərdi. Həftəni, günü izləməsinə gərək yoxdu, günləri bir-birindən yamandı. Saata, dəqiqəyə darılmazdı heç. Saat əqrəbi, dəqiqə əqrəbi, siferblat, dəqiqə, saniyə? Ədədləri bilməzdi ki...

Atam kənarlarında qırmızı və mavi naxışları olan, naxışları bir-birinə dolanmış qırmızı, mavi iplərə bənzəyən zərflərlə məktublar göndərərdi. Əvvəldən axıracan böyük hərflərlə yazılmış, duyğulu, ümidli, sevincli, kədərli məktublar... Bəzən uzaq bir çöldə yazılmış o məktubların sətirləri arasından sərt bir külək əsər, sözə çevrilən hərflər bir qum fırtınası qoparardı. Nə hüznünü yaşaya bilirdi, nə də sevincini... O məktubları anam özü oxuya bilməz, dilini başa düşməzdi...
Çölün yazdığı qədim kitabı, hər fəsil dəyişən əlifbasını əzbərdən oxuyardı. Neynəsə də sovxaya qalmış hərfləri bir-birinə calaya, ərinin ürək sözlərini heç cür səsləndirə bilməzdi... Məktəbdə bir gün, molla məktəbində on beş gün oxumuş, molladan öyrəndiklərini hələ də unutmamışdı.

- Elə gözəl oxuyardıq ki... - deyər, zülfləri dolaşık bir kiçik qız olar, düz kəndinə gələr, hocasının rəhili önündə diz çökərək oxumağa başlardı: - Əlifim çubuq kimi, Be, çanaq kimi, Te, ona bənzər, Se, ona bənzər... Cim, qarnında bir nöqtə, Ha, ona bənzər, Hı, ona bənzər. Kaf, qoyun başlı, Kef, quzu başlı. Tı, dovşan qulaqlı, Zı, ona bənzər. Sin, dəvə dodaqlı, Şın, ona bənzər...

Atamın məktublarını təzəsi gəlincə oxudurdu. Mənim qiraətimi çox bəyənirdi, bacım məktubu hıqqana-hıqqana höccələyərək oxuyana qədər barmaqları ilə qızcığazın başını dimdikləyər, məktubu ondan alıb mənim əlimə dürtərdi:
- Bu qız mənə çəkmiş, çəkməz olaydı, mənim kimi korafəhmdi... Al bu məktubu, gözəl-gözəl oxu, quzum...
Atam məktubunu "Sarı Sultanım" (sarı - sarıyanız, əzizləmə, oxşama, Sultan - adı), deyə başlayınca, anam bizi eşidirlərmiş kimi həyəcanlanır, narahat olur, yanaqları xəfifcə qızarır, tez qalxıb qapını-bacanı yoxlayırdı. Kimsənin eşitmədiyinə əmin olandan sonar mənim şəxsimdə atama qızırdı:

- Sarı Sultanım nəymiş! El-obadan ayıbdı! Sus! Elə oxuma!
- Bəs necə oxuyum, ana! Elə yazır!..
- Olsun, orasını oxuma! Korsanmı?
- Hə, koram! Onda atam da belə yazmasın! Mən nə bilim?
- Allah atanın canını alsın! Əvvəldən qədrimi-qiymətimi bilsəydi, nə vardı? Belə yazmasa kim küsər!
- Oxuyummu, ana?
- Əvvəlini oxuma! Keç, aşağısını oxu...

Mən məktubun sətirlərini bir-bir sözə çevirib anamın könlünü aldıqca dodaqları yaşmağının altında xəfifcə titrəyirdi. Gülümsəyirdimi? Bilmirəm. Oxuya-oxuya əzbərlədiyim məktubun satılan tarlanın geri alınacağını deyən hissəsinə çatanda nəfəsini çəkmədən dinləyər, sonra yaylığının ucuyla yanaqlarına düşən yaşı silərdi...

Anamın təqviminə görə neçə il, neçə ay, neçə əsr keçmişdi, bilmirəm, amma atam çoxdan getmişdi və illərdi geri dönmürdü. Atamı ilk dəfə nə vaxt görmüşdüm? Xatırlamıram. Amma atasız dil açıb atasız ayaq tutub yeriyən kiçik qardaşımın divardakı şəklə baxıb-baxıb anama suallar yağdırdığı yadımdadı. O soruşduqca anam da bir-bir öz təqvimini vərəqləyərdi.

- Ana, atam gələcəkmi?
- Ölməyə getmədi ki! Gələcək, əlbət...
- Nə vaxt gələcək?
"Nə vaxt" sualı çətin sualdı, anam o anda bir az düşünər və Sultan təqvimini (yəni öz təqvimini) işə salaraq tarixi bir hadisənin adını çəkərdi:
- Dağlara qırov düşəndə.
- Qırov nə vaxt düşəcək?
- Qovaqlar xəzəlini tökəndə.
- Qovaqlar xəzəlini niyə tökmür?
- Yarpaqlar beləcə dayanıb-durası deyil ki, guzum, vaxtı çatanda töküləcək. Durnalar köçəndə yarpaqlar da töküləcək.
- Durnalar nə vaxt köçəcək?
- Bostanlar sovulanda.
- Bostanlar sovuldumu?
- Yox.
- Nə vaxt sovulacaq?
- Qoç qatımından əvvəl...
- Qoçlar hara qatılacaq?
- Qoyunların içinə.
- Niyə?
- Onlardan quzular doğulacaq.
- Quzular nə vaxt doğulacaq?
- Qarçiçəyi çıxanda.
- Qarçiçəyi nə vaxt çıxacaq?
- Atan gələndə!!!
- Atam nə vaxt gələcək?..
...

Sultanın təqviminə görə, dağlara qırov düşəndən az sonra düzənliyə qar yağar, qaraqış qapını alardı. Qarayel adamı buz kimi, köz kimi kəsəndə isə qar dağın ətəklərindən yuxarı dırmaşar, havaya, suya, torpağa və anamın içinə od düşərdi. Qarçiçəkləri şam kimi yanaraq çəmənə çıxanda, ilk bahar gələrdi, ardınca da döl tökümü... Mart - doqquzu, aprel - beşi, Leylək - qışı, Xıdırilyas... sonra gilas ağacları çiçəkləyir, tutlar yetişir və çölə-düzə yay gəlirdi. Yay gəlincə də arpa, buğda orağa, öküzlər xırman yerinə, saman bir tərəfə, dən bir tərəfə... Durnalar ikiyə bölərdi anamın illərini, durnaların köçü yay ilə qışı bir-birindən ayırırdı... Xəzəl dəmini, qoç qatımını yaydan, avarayı (fevralı - xalq deyimi) da qaraqışdan sayardı anam və durnalar gedərkən dağlara qırov düşərdi...

Evin ən kiçik oğlu Hakan atasının nə vaxt getdiyini, nə vaxt gələcəyini bilmədən məktəbə getdi, mən isə nə vaxt doğulduğumu... Bürcüm oğlaqdımı? Quzumu? Qoyunmu? Qoçmu? Xoş bir xəyalla qəzetdən bu falı oxuya bilmədim...
Anam ocağın başında dovğanı bulayarkən qatıq çürüməsin deyə qazan qaynayana qədər yanında gözləyər, uzun saplı çömçəsiylə çoxlu qarışdırardı. Mən də bürcümü öyrənmək üçün anamın qarşısına keçib əbəs yerə ili, ayı, günü axtarırdım...

- Ana, mən haçan doğuldum?
- Sənmi? Eee, vergiyığanlar xırmanı müsadirəyə gəldiyi il!
- Xırman zamanımı doğuldum?
- Yox, o ilki xırman zamanı sənin hələ iyin-tozun da yoxdu...
- Bəs vergiyığanlar xırmanı müsadirəyə nə vaxt gelmişdi, ana?
- Atan tutulan il.
- Atam nə vaxt tutuldu?
- Öküzlərimizin ikisi birdən öldüyü il.
- Öküzümüz nə vaxt öldü, ana?
- Bağlar sovulanda.
- Mən bağlar sovulandamı doğuldum?
- Yox!
- Soruşuram, bəs nə vaxt, ana?
- Bağlar sovulandan çox sonraydı, çöldən əl-ayaq çəkilmişdi. Çox soyuq idi, qar yağırdı...
- Yaxşı də, ana, qar hər il yağır! Sən yadına sal bir.... Payız idimi? Qışdımı? Qar vardısa, qış idi, yaxşı, qışın hansı ayında doğuldum?
- Qar yağırdı!!!
- Tamam, qış idi, qar nə vaxt yağırdı?
- Hə, sən doğulanda kənddə bir dava oldu!
- Dava nə vaxt oldu?
- Atanın kəndxudalığa namizəd olduğu il.
- Atam nə vaxt namizəd oldu?
- Kənd mollasının öldüyü il.
- Molla nə vaxt öldü?
- Kənddəki davada, ara yerdə güllə dəydi.
- Molla öləndə qış idimi?
- Molla atanın tutulduğu il öldü!
- Ana, deyirsən, qışda, mən qışdamı doğuldum?
- Qaraqışmı, deyim, yanvarmı, fevralmı? Allahım, nə bilim, qaraqışın içindəydik.
- Qaraqışmı? Qaraqışın hansı ayı? Dekabrmı?
- Mən nə bilim, o dekabrdı, dekabr hələ yoxdu...
- Dekabr, yanvar ayı deyilmi? Yanvar ayının əvvəli idimi? Sonu idimi?
- Ocağa bir qazan dovğa qoymuşdum. Oxlovla onu qarışdırarkən belimdən bir sancı tutdu. Böyük qardaşına, qaç, dedim, qaç, Naciyə bibini çağır...
- Ay ana, məni necə doğduğunu soruşmuram! Nə vaxt anadan olmuşam! Haçan?
- Sən doğulmamışdan bir gün əvvəl ala inəyimiz buzovlamışdı, axşama yaxın bir sərnic ağzınacan süd sağıb gəldim. İndiki kimi yadımdadı! Özü kimi ala bir buzovu vardı, sən o buzovla yaşıdsan!
- Yaxşı də, ana, indi ala inəyin buzovunu haradan tapıb soruşaq, kim bilir hansı ilin qurban bayramında boğazına bıçaq çəkilib. Sən yenə bir düşün, xatırla...
- Nə bilim? Mənim ayım, günüm bəlliydimi? Bəxtiqaranın biriydim. Böyük bacın doğulanda, dedilər, qış yarıdı...
- Bəs mən?..
- Aman, guzum, məni yorma, ayı, günü, vaxtı, saatı hardan bilim...
- Ay anaa!
- Dərdim atandı! Sus! Keşkə doğulmayaydınız! Sizə görə atanızın qəhrini çəkdim... Doğulmasaydınız mən də bu uçuq divar dibində oturmazdım heç olmasa. Qalx, mənə bir tas su gətir, ürəyim yandı...
...

Gəlinciklər nazlanaraq yaşmağını sıyırıb azca üzünü göstərəndə anam əvvəl biz uşaqlarını rahatlayar, sonra köçəri quşlar kimi əhənglənmiş kərpic evimizin çardağından uçardı. Leyləklər yuvaya dönəndə o, çölə gedərdi. Anam çölün ən qərib quşu idi, torpaqsız, arxasız, kölgəsiz, kimsəsiz...

Belə kişi kimi güc vurar, kürəyi əlinə götürdümü torpağı küləyin qarı sovurduğu kimi sovurardı. Gah başının üstündə, gah da şitillərin dibində ahənglə qalxıb-enən kətməni əllərinə necə də yaraşardı. Oraqla işləyəndə başağı əlinə dəstə-dəstə yığar, dəryaz çalanda başaqlar dərz-dərz olardı...

Çöldəki otların, çiçəklərin, quşların, ağacların diliylə danışardı. Qar düzənlikdən çəkilib dağların döşünə doğru gedincə, çölün bahar fəsli yetişər, yaşıl çəmənlərə rəngarəng çiçəklər səpilərdi. Anam yol boyunca gördüyü çiçəklərin adlarını bir-bir sadalayar, qarçiçəyi sümbüllü türkülər zümzümə edərdi. Mən anamın dalınca tarlaya gedərkən, onun dilində min bir rəngə bürünən bu çöl qızlarının bir neçə günlük zərif rənglərini və incə, xəfif, kövrək adlarını öyrənər, yaddaşımın ağ vərəqinə yazardım...

Anamın əzablı, əziyyətli Sultani illəri ilə bizim hazırkı təqvimimizin kədərli illəri bir-birinin ardınca keçib getdi. Sürgün kimi ayrıldığımız o kənd, bağımız-bağçamız, ala inək, boğazı yoluq toyuq, qarabaş, muncuq... hamısı çox uzaqda qaldı. Beş uşaqlı, əhəngli kərpic evi isə yağışlar əritdi, sellər yuyub apardı...

Şəhərdə yaşayırdıq...

Süfrədə hərənin bir qaşığı vardı və səhərlər düyü aşı əvəzinə çay içər, nazik yuxa əvəzinə sobadan təzə çıxmış baton çörək yeyərdik... Salonda, vitrinli şkafın içində ağ-qara bir televizor, mətbəxdə soyuducu, yerdə fabrik xalçaları, pəncərələrdə tül pərdə və divarda böyük bir ayna ilə atamın Fizandan gələrkən gətirdiyi batareyalı bir saat vardı...
Anamın saçları günbəgün ağarırdı, bacımı köçürdü, böyük qardaşlarımı da yan-yön elədi. Atam yenə uzaq bir ölkəyə getdi, bu dəfə anamın çox istədiyi zəngli saatlardan gətirəcəkdi. Kiçik qardaşımla mən artıq anamın can yoldaşlarıydıq...
O il litseyə birinci sinfə getdim, Hakan da beşinci sinifdə oxuyurdu. İkimiz də səhər öynəydik. Məktəb uzaq idi, bir səhər fizika dərsinə gecikdim. Üstəlik tələsikdə fizika kitabımı da unutmuşdum, fizika müəllimi zalım adamdı, bir də musiqi müəllimindən qorxardım...

O axşam evdə anama divardakı tık-tak, tık-tak işləyən saatı göstərib bərk-bərk tapşırdım:
- Ana, səhər saat yeddinin yarısında məni oyat, bu dəfə də geciksəm, qayıb yazacaqlar...
- Yaxşı, quzum, yaxşı, - dedi, - ananın gözünə yuxumu gedər, sən narahat olma, mən yeməyini hazırlayar, səni tezdən oyadaram...
Elə o gündən sonra yuxu mənə haram oldu. O gündən sonra anam isti yatağımdakı rəngli yuxularıma qənim kəsildi. Həftənin beş günü bəs eləmirdi, şənbə, bazar günləri də başımın üstünü kəsdirirdi. Hər gün, hər səhər dan yeri ağarmamış alıcı quşlar kimi yorğanımı qapır, məni silkələyirdi:
- Qalx, guzum! Qalx bir! Məhəllənin uşaqları məktəbə getmiş, küçədə ins-cins yoxdu, qalx! Məktəbə gecikərsən, yenə sənə qayıb yazarlar...

- Ana, bu gün istirahət günüdü! Məktəb yoxdu...
İstirahət günü məni oyatdığına görə min dəfə peşiman olub deyinərdi.
- Əvvəl malın, davarın dərdindən yata bilmədi quzularım, indi də məktəb... Mən başıbatmış ayı, günü, saatı bilsəydim nə vardı!

Şənbə, bazar günləri anamın əlindən qurtarmaq üçün fikirləşib bir çarə tapdım. Yatağımın baş tərəfinə süpürgəni və xəkəndazı qoyurdum. Anam bunları görəndə məni durquzmaqdan vaz keçirdi. Şənbə, bazar günlərini beləcə öyrəndi. Amma qış səhərlərində saatın neçə olduğunu nə bilsin. Kənddəki kimi günəş doğulmadan qalxırdı, küçədə kimsənin olmadığını görən kimi təlaşla məni oyadır, məktəbə özü gedəcəkmiş kimi tələsdirirdi:

-Qalx, guzum, qalx! Xalxın uşaqları çoxdan getmiş, məhlədə məktəb uşağı qalmamış, sən yenə gecikdin, qalx!
Köz basılmış abdal kimi yatağımdan atılır, gözlərimi ovaraq divardakı saata baxıb donquldanırdım:
- Ana, hələ səhər açılmayıb! Allahı sevərsn, burax, xoruzlar oyanmamış sən oyanırsan! Bu saatda təbii ki, küçədə kimsə olmaz! Bir saat sonra oyat, yaxşımı?
- Yarım saatmı? Yaxşı, guzum, yat, yaxşı.
On dəqiqə sonra anam yenə gəlirdi:
- Yarım saat oldumu, guzum, qalx, saata bir də bax, amandı gecikmə...
- Ay Allah, ana! Hələ çox tezdi, qurban olum, qaranlıqda durquzma məni, yeddinin yarısında oyat, yeddinin yarısında...
Qadın çarəsizdi:
- Mən saatı bilmirəm, quzum, oyanıb qalxıram, küçəyə baxıram, kimsə yoxdu, camaatın uşağının məktəbə getdiyini düşünürəm...

Bir gün məni lap səhər azanında oyatdı. Yataqdan qalxdıqda məhəllənin imamı azana başladı. O gün qərar verdim: anama sovxaya qalmış saatı öyrətmək lazımdı, amma necə...

Anama bir dəftər aldım, əvvəl ədədlərdən başladım... Anam artıq kiçik bir qız idi, mən onun müəllimi...
- Ana, əvvəl ədədləri öyrənməyin lazımdı. İndi on ikiyə qədər say baxaq...
- Sayaram, canım, burda nə var. Bir, iki, üç ... on bir, on iki..
- Yetər, on ikiyə qədər saydınmı, yetər. İndi bunların necə yazıldığını öyrənəcəyik. Bax, indi, bu neçədi?
- Saymağa sayıram, yazmağı bilmirəm, oğulum.
- Bax, bu "bir", ana, söylə görüm, "bir" nəyə bənzəyir?
- Birmi? Oxlova bənzəyir...
- Yaxşı, bunu unutma, "bir" oxlova bənzəyir. Bu neçədi? Birdən sonra hansı ədəd gəlirdi?
- İki...
- Yaxşı, "iki" neyə bənzəyir, ana?
- Bu sovxanı heç nəyə bənzədə bilmirəm, guzum.
- Sağ qolunu göstər, hansıdı?
- Bax, budu.
- Saata bax, bir hansıydı?
- Bax, budu, oxlova bənzəyən.
- Bəs oxlovun yanındakı? Bax, bu da "iki". Birin yanından sağ qoluna doğru get, "iki"di. Yaxşımı? Necə oldu?
- Birin yanından sağ qoluma doğru gedəndə ikidi.
- İkidən sonra sağa doğru get. Bu da "üç"dü. Say görüm.
- Bir, iki, üç...
- Birdən başlayıb hansı tərəfə doğru sayacaqsan?
- Sağ tərəfə doğru.
...
- Oxlovun yanında bir də bir yuvarlaq xəmir kündəsi olsa, "on" olar. Elə deyilmi, guzum? Cüt oxlov olsa, on bir, yanındakı da on iki... On ikidən sonra, yenə bir gəlir...
- Bəli, ana, indi oxlovdan başla, say baxaq, sağ tərəfə doğru...
- Bir, iki, üç, dörd... on bir, on iki?
- Bax, öyrəndin ana, gördünmü?
- Atam başı batmış o il müəllimlə dalaşmasaydı, öyrənərdim, oğlum. Əlif xalan üç il getdi məktəbə, hər şeyi öyrəndi, saatı da bilir, pulu da... Denən, atan boynu sınmış, gavur kimi hər şeyi bilsə də otuz ildə mənə bir şey öyrətdimi...

Bir oxlov kimi, iki heç bir şeyə bənzəməz! Üç qəssab çəngəli... Yeddi oraq kimi, səkkiz gözlüyə bənzər... ədədlər qurtarmışdı, daha nə qalmışdı ki... yalnız bir dəfə göstərdim, əzbərlədi, su kimi içdi anam...

- Bax, ana, bu saat əqrəbi, bu dəqiqə əqrəbi, bu da saniyə...
- Tamam, oğulum, - dedi və dərhal da öz dilinə çevirdi: kiçik, iri başlı olanı saat əqrəbi, uzun, qara olanı dəqiqə əqrəbi, dəli kimi fırlananı da saniyə...
Saatı əlimə aldım, burmacını burub-burub soruşurdum:
- Saat əqrəbi birin üstündə, dəqiqə əqrəbi də on ikidə, saat neçədi, ana?
- Saat bir!
Hər dəfə dəqiqə əqrəbini bir dövrə artırıb soruşurdum:
- Dəqiqə əqrəbi daha bir dəfə fırlandı, indi neçədi?
- İki.
- ...Neçədi?
- ...Üç

Hərdənbir karıxsa da bütöv saatları öyrəndi. Bir-iki gün ara verdik. Bazar axşamı saatı divardan çıxardıb burmacını burdum. Saat yeddi idi. Möhkəm-möhkəm tapşırdım:
- Məni saat yeddidə durquz...
Bir az tərəddüd etdi:
- Olar, yaxşı, saat əqrəbi yeddiyə, dəqiqə əqrəbi də on ikinin üstünə gəlincə durquzaram.
Səhər anam çiynimdən tutub silkələdi:
- Qalx, oğulum, qalx, fikrim qarışıb, hələ bir saata bax!
Saata baxdım, yeddiyə iyirmi dəqiqə vardı.
- Bax ana, - dedim, - bax, o dəqiqə əqrəbi var ha, on ikinin üstündə olanda durquz məni...
Aradan bir neçə dəqiqə keçmişdi, təlaşla məni silkələdi.
- Anan qurban, oğlum, bu sovxa saniyə var ha?..
- Bəli, ana!
- Oğlum, saniyə məni çaşdırır. Dəqiqədə bir on ikinin üstündən keçir!
- Ana, sən saniyəyə fikir vermə! Qoy gəlib keçsin, sən dəqiqə əqrəbinə bax!
Bu dəfə anam hər dəqiqə başı gəlirdi:
- Oğlum, saniyə sovxa məni çaşdırdı, bax gör yeddi oldumu? Saniyə əqrəbi gəlib keçir, gəlib keçir, dəqiqə əqrəbi isə yerindən tərpənmir. Bu sovxa sürətlə fırlanan kimi çaşıram, bu olmasa daha yaxşı öyrənərdim...

Saatın saniyəölçəni gözümdən düşdü. Səhərisi saatı da qoltuğuma vurub saatsazın yanına getdim. İçəri girən kimi soruşdum:
- Usta, bu saniyəölçəni çıxartsaq, saat yenə işləyərmi?
- İşləyər, işləyər... - dedi, - niyə çıxardım?
- Sən çıxart, usta, çıxart, çıxart! - Dedim.

Deyə bilmədim ki, bu sovxa anamın fikrini qarışdırır. Usta başını bulayaraq saatın içini açdı, saniyəölçəni ehmallıca tutub çıxartdı. Batareyasını təzədən taxdı, qulaq verdi. Saat işləyirdi, yenə həmin səs gəlirdi: Tıq-tıq, tıq-tıq...

Saniyəölçəni çıxardandan sonra anamın fikrini qarışdıran olmadı. Hər saatbaşı soruşurdum, həmişə də doğru cavab verirdi. Növbə yarımları öyrətməyə çatdı. Bir yarım! İki yarım! Yox, alışa, yadında saxlaya bilmədi. Qarşısına aşılmaz bir dağ itələmiş, özünü də bərk qısnamışdım...

- Ana, çətin deyil, yarımları da öyrənəcəksən.
- Amaan! Yarımı yerə batsın! Yarım olmasa, kim küsəcək...
- Bax, belə olsa, bir yarım... - dedim, anam gileyləndi:
- Yarımı icad edənin evi başına uçsun, yaxşıca öyrənmişdim saatı...

Saatın içində saat əqrəbi ilə dəqiqə əqrəbi qalanda anam təzədən həvəsləndi. Saat, saat yarım... dəqiqə əqrəbi 6-nın üstündə, saat əqrəbi 1 ilə 2-nin arasında, əqrəb 8 ilə 9-un arasında, dəqiqə əqrəbi 6-nın üstündə... Sovxa yarımlar heç cür ağlına batmırdı. Xeyli təkrarladım, amma yarımları tam öyrənə bilmədi. Hərdənbir yarımı icad edənlərə hirslənsə də, neçə aydan sonra öyrənməyə başladı. Saatı göstərib deyirdi: bir, bir yarım, iki, iki yarım...

Bir gün güldü.

- Məsələ dəqiqə əqrəbindəymiş, - dedi. - Dəqiqə əqrəbi fırlanıb 12-nin üstünə gələndə, saat əqrəbi də başqalarının üstünə gəlir. Dəqiqə əqrəbi fırlanıb 6-nın üstünə gedəndə saat əqrəbi də iki ədədin arasına gəlir. O zaman yarım olur...
Anam artıq saatı öyrənmişdi, dəqiqə əqrəbi necə olsa fırlanıb-fırlanıb gəlir, saat da ya üç, ya üç yarım, ya dörd, ya da dörd yarım olurdu. Dörddəbir, dörddəbirdən keçdi, iyirmi var, iyirmi beşi keçir... deyə öyrətməyə başlasam, fikri yenə qarışacaqdı. Məni hər səhər yeddi yarımda durquzurdu və ikimiz də xoşbəxt idik...
Bir axşam dərsimi hazırlayarkən anamı sınamaq istədim. Saata baxdım. Nə saat tamdı, nə yarım, səkkizdən on keçmişdi.
- Ana, - dedim, - de görüm, saat neçədi?
Anam saata baxdı... Saat əqrəbi ilə dəqiqə əqrəbi onun öyrəndiyi vəziyyətdə deyildi. Deyinməyə başladı:
- Səkkiz desəm, səkkiz deyil, səkkiz yarım desəm, o da deyil...
- Söyləsənə, ana, - dedim, - öyrəndin də, de görüm...
Uzun-uzadı saata bir də baxdı, dodağının altında nəsə mızıldandı və boynunu büküb gözlərimə baxdı:
- Saat indi çox dağınıqdı, oğlum, - dedi, - dəqiqə əqrəbi bir az özünü toplasın, ondan sonra deyərəm...

Türkcədən çevirəni:
Eyvaz ZEYNALOV