ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Prometey cəhənnəmdə
Müqavimət göstərən olmayanada Allah mənə "əskik" təsiri bağışlayır. (Prometey Qafqazda). Bugünün insanı üçün Prometey nədir? Hərçənd ki, Allahlara müqavimət göstərən bu adam çağdaş insan üçün örnək sayıla bilər. Deyə bilərik ki, min illər əvvəlki bu qarşıçıxma bu gün tarixin əvəzsiz sarsıntısı ilə sona çatır. Amma bir yandan da adama elə gəlir ki, bu alçaldılmış insan bizim aramızda da əzilə-əzilə gedir, dünyaya saldığı səs-sədaya, insanı dəyişdirməyin əks-sədasına qarşı hamımız karıq. Həqiqətən bugün saysız-hesabsız insan yığınları bu dar dünyada əzab çəkirlər. İstilikdən, yeməkdən məhrum insan üçün azadlıq heç də tələsik olmayan bir lüksdür. Hələ çətin günləri qabaqdadı insanların, azadlıq və onun şahidləri getdikcə azalacaq. Promotey insanlara atəşi və azadlığı, texnikaları və sənətləri bir yerdə verməyə qadir olan qəhrəmadı. Bügünki insanlıqsa ancaq texnikaya ehtiyac duyur, ancaq onun qayğısındadır. Inqilabını makinasının içində eləyir. Hesab eləyir ki, sənəti və ona bağlı olan hər şeyi bir əngəl və köləlik nişanəsidi. Prometeyin fərqliliyi tam əksinə, makinanı (aləti) sənətdən ayırmasıdır. O qədər bədənlər və ruhlar bir yerdə də azadlığa qovuşa bilərlər. Bugünün insanı düşünür ki, əvvəlcə bədənin xilas olmalıdı. Bu yöndə ruhun bir müddətlik ölməsinə belə razı olur. Amma ruh bir müddət üçün ölə bilərmi? Düzü bilmək istəyirsizsə, Prometey yenidən gəlsə bugünün insanıları ona Tanrıların etdiyini edərdi. Ilk simvolu olduğu insanlıq adına onu qayaya mismarlayardılar. Bu məğlub olmuş insana küfür edəcək insan səsləri, Esxilin tragediyasıyla bərabər zarıyan səslərlə eyni olardı. Gücün və şiddətin səsləri.
Görəsən barsız mövsümlərdə çılpaq ağaclar, yoxsa bu dünyanın qışımı məhv edir məni? Amma bu işıq həsrəti mənə haqq qazandırır. Bir başqa dünya, mənim həqiqi yurdum haqqında danışır mənə. Başqa insanlar üçün hələ də bir mənası qaldımı o dünyanın? Müharibə başlayan il, Odisseyanın izinə düşüb gəzmək üçün gəmiyə minmək üzrəydim. O günlərdə kasıb bir cavan belə dənizi keçib işıqlı dünyalara gedə bilərdi. Amma, mən də o vaxt hamı necə eləyirsə elə etdim. Minmədim gəmiyə. Cəhənnəmin açılan qapısından təpilib özümə küncdə yer elədim. Hamımız yavaş-yavaş girdik və öldürülən birinci günahsızın qışqırığı ilə arxamızdakı qapı bağlandı. Artıq cəhənnəmdə idik, bir də cəhənnəmin içindən çıxmadıq. Qurtarmaq bilməyən altı il ərzində ona vərdiş eləməyə çalışırıq. Xoşbəxt adaların xortdanları çox uzaqlardan, atəşsiz və gün işığı düşməyən uzun illərin arxasından bizə görünür.
Bu islaq və qaranlıq Avropada insan necə, yaşlı Şatobriyanın Yunanısatana gedən Amperə dediyi bu sözləri xatırlayanda hüzünlə ürpənməz, necə ola bilər ki, eyni dərdi bölüşməz: "Mənim Attikada gördüyüm heç bir şeyi tapa bilməyəcəksiniz. Nə o zeytun ağaclarının bircə yarpağını, nə də üzümlərin bir giləsini. Mən zamanımın otunun belə həsrətini çəkirəm. Bir kolu belə yaşatmağa gücüm çatmadı".
Biz də təzə-tər qanımıza qarşılıq kimi, bu son yüz ilin qorxunc yaşlılığına basdırılmış bütün çağların otunu, ancaq ona görə görməyə gedəcəyimiz zeytun yarpağını axtarırıq. Hər yerdə, hər yerdə onun qışıqrıqları, ağrıları və qorxuları... Bu yığın-yığın varlıqlar arasında böcəklərə artıq yer yoxdur. Tarix üstündə süpürgəkülü bitməyən bəhərsiz torpaqdır. Bugünün insanları yenə də tarixi seçdi, ondan özbaşına ayrıla bilməzdi, ayrılmağına heç ehtiyac da yox idi. Amma tarixi öz buyruğu altına alacaq yerdə, hər gün bir az daha onun köləsi olmağa razı olur. Bax bu məqamda Prometeyə, "bu vəfasız düşüncəli və zəif ürəkli" adəm övladına xəyanət edir. Bugünün insanı buna getmir, Promoteyin xilas etmək istədiyi insanların yazıqlığına qayıdır. O insanlar ki, "xəyallarda yaşayan sayaq baxmadan görür, eşitməyərək dinləyirdilər".
Provenseda bir axşam dümdüz bir təpə, bir parça dənizin maviliyi insana hər şeyin təzədən yaradılmalı olduğunu deməyə bəs edir. Bədənin ehtiyaclarını ödəmək üçün atəşi təzədən tapmaq, dəzgahları təzədən qurmaq məcburiyyətindəyik. Attika, azadlıq və meyvələri, ruhun qidasını bir başqa vaxta saxlamalıyıq. Əlimizdən nə gəlir? Özümüzə baxmaqdan savayı nə edə bilərik, onları heç vaxt tapa bilməyəcəyik, ya da başqaları tapacaq deyə bu belədi. Heç olmasa bu başqalarını onlardan məhrum qalmamasına çalışmaqdan qeyri çarə yoxdu. Neyləyə bilərik? Bunlar artıq heç olmayacaq, ya da başqalarının olacaq deyə təssüflənməkdən və heç olmasa bu başqalarının onlara qovuşmasına çalışmaqdan savayı əldən nə gəlir ki? Bunu kədərlənərək dərk edən, yenə də küsməyərək yaşamağa çalışan bizlər, çox gec gəldik, yoxsa çox erkən?
Kolluqları yetişdirməyə gücümüz çatacaqmı? Dövrümüzdə aktuallaşan bu suala Prometeyin münasibət göstərəcəyini düşünün. Əslində, bu cavabı o çoxdan verib: "Sizə yeni rahatlığı və tərəqqini vəd edirəm, ey ölümlülər". Əgər bunu öz əlinizlə edəcək qədər usta, dəyərli, gözəl və güclüsünüzsə". Qurtuluşun bizim əlimizdə olduğu doğrudursa, dövrümzün bu sualına mən tanıdığım bir neçə insanda gördüyüm idraki gücə və məlumatlı igidliyə güvənərək "bəli" deyəcəyəm.
"Bəli, düzgünlük" deyə qışqırır. Promotey, ey əzizim mənim" Görürsən da mənə nə əziyyətlər verillər!". Hermes isə qəhrəmanı lağa qoyur: "Sənə təəccüblənirəm, əgər kahin idinsə niyə əvvəlcədən bu əzab-əziyyətlərimi görmədin?". Asi Promotey "bilirdim" deyə cavab verir. Mənim haqqında danışdığım insanlar da ədalət tərəfdarlarıdır. Onlar bilə-bilə hamının dərdini dərd edirlər. Bilirlər ki, onun gözləri yoxdur, Prometeyin və onun ədalətini atıb yerinə düzgün hesab elədiyi ədaləti qoymalı olduqlarını bilirlər. Prometey bu yolla zamanəmizin insanına çevrilir.
Fikirlərin öz yaşama dövrü yoxdur. Onlar bizim can və qan verməyimizi gözləyərlər, yer üzündə onların çağırışına bircə insan cavab verən kimi özlərini bizə təptəzə təqdim edirlər. Bizim işimiz bu əsası qorumaq və yenidən dirilməsi üçün ölüm yuxusuna getməməyini təmin etməkdir. Bəzən bugünün insanını xilas etməyin lazımsız bir şey olduğunu düşünürəm. Amma bu insan övladı ruh və cism cəhətdən hələ də xilas oluna bilər. Onlara xoşbəxtlik və gözəllik yollarını aça bilərik. Gözəlliksiz və azadlıqsız yaşamağa razı olsaq, Prometeyin dediyi fikirlər daha başqaları ilə birlikdə bizə insanın ancaq bir zaman üçün parça-parça edilə biləcəyini, insanların hamısına yararlı olmadıqca heç bir şeyə lazımlı olmayacağını xatırladar. İnsan çörək və kol istəyirsə, əgər çörəyin daha zəruri olduğu düzdürsə, kolun xatirəsini qorumağı öyrənək. Tarixin ən qaranlıq günlərində Prometeyin insanları, çətin işləri, dayanmadan torpaqla və dayanmadan bitən otla hansı məqamdasa əlaqələrini itirməyəcəklər. Zincirlənmiş qəhrəman Tanrının ildırım və şimşəklərini də, insana olan o rahat inamını da itirməz. Ona görə Prometey bağlandığı qayadan daha sərt, dalağını yeyən qırğıdan daha səbirlidir. Tanrılara baş qaldırmaqdan daha vacib olan nəsnə bizə görə bu mübarizədir. Və heç bir şeyi ayird etməmək və atmamaq gücüdür ki, insanların dərdli ürəyini dünyanın ilk baharı ilə uzlaşdırıb və uzlaşdıracaq.
Qorxu çağı
XVII əsr riyaziyyat çağı, XVIII əsr fizika çağı, XX əsr qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu ki, bir elim deyil. Amma bu qorxuda elmin payı var. Çünki nəzəri sahədəki son inkişafları onun öz-özünü yadırğamağına gətirib çıxardı: praktik sahədəki inkişafları isə bütün dünyanı yox edə biləcək vəziyyətə qədər gəlib çatdı. Üstəlik, qorxu bir elm sayılmasa belə, onun bir texnika olduğu şübhə yaratmır.
Yaşadığım dünyada ən gözə çarpan şey, əksər insanların hər növ inanc sahibləri olmaqdan başqa gələcəkdən məhrum olmaqlarıdır. Gələcəyə əl atmayan, inkişaf, yaxşılaşmaq ümidi olmayan bir həyat tərzinin nə dəyəri ola bilər ki? Aşılmaz bir divarın qarşısında yaşamaq it kimi yaşamaqdır. Düzünü bilmək istəyirsizsə, mənim əhatəmdəkilər, bugün atolyelərə, fakültələrə girənlər it kimi yaşayıb və yaşayırlar.
Əlbətdə ki, insanların gələcəyə qapalı tərzdə yaşamaqları bugün birinci dəfə baş vermir. Amma insanlar əvvələr danışaraq, razılaşaraq bu çətinliyi aşardılar. Özlərinə ümid verən başqa dəyərləri köməyə çağırardılar. Bugün heç kəs danışmır (əvvəl dedikləri sözləri yeyənlərdən başqa) çünki, dünyanı arxasınca sürütləyən kor və kar güclər, öyüdlərə, xəbərgətirənlərə, yalvarıb-yaxarmalara qulaq asana oxşamırlar. Bu son illərdə gördüklərimiz bizdə bir şeyi qırdı. Bu şey insanın inamıdır, o inam ki, insanlığın dilini anlayır, danışan kimi bir başqasından insan kimi qarşılıq görəcəyimizə bizi inandırır. Gözlərimizin qarşısında yalan dedilər, insanı alçaltdılar, öldürülər, işgəncələr verdilər və heç vaxt bunu edənlər, etdiklərinin pis olduğuna inadırılmadılara. Çünki özlərinə güvənirdilər. Çünki həqiqəti qəbul eləməyən beyin, yəni bir idialogiya adamı başqa bir şeyə inandırıla bilməz.
Insanlar arasında davam edən dialoq qurtardı. İnandırıla bilməyən bir adamdan sözsüz ki, qorxmaq lazımdır...
...Bu qorxu ilə hesablaşmaq üçün onun nə demək istədiyini, nədən uzaqlaşdığını bilmək lazımdır. Onun demək istədiyi də, qaçdığı da eyni şeydir: cinayətlərin haqlı hesab edildiyi, insan həyatının heçə sayıldığı bir dünya. Beləcə, bugünümüzün başlıca siyasi problem budur, digər problemlərə keçməmişdən əvvəl bununla bağlı olan fikrimizi açıqlamalıyıq. Heç bir şeyi qurmağa başlamamışdan əvvəl, bu qəribə sualın üstündə dayanmalıyıq. Birbaşa, ya da dolayısıyla öldürülmək, ya da işgəncə görmək isyəyərsiniz, yoxsa istəməzsiniz? Birbaşa ya da dolayısıyla başqasını öldürmək, ya da işgəncə vermək istəyərsiz, yoxsa istəməzssiz? Bu suallara "yox" deyənlərin hamısı istər-istəməz davranışlarını dəyişdirəcək bir sıra problemlərə toxunmalı olacaqlar. Mən də bu problemlərdən bir neçəsinin üstündə dayanmaq istəyirəm. onu da deyim ki, xoş niyyətli oxucum, öz-özündən həmin şeyi soruşsun və cavab versin.
Çevirəni:
Fərid Hüseyn