
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
A.N.Abbasbəyli və S.Z.Yusifzadə
"Beynəlxalq münasibətlər tarixi".
Elmi-monoqrafik dərslikdə Ən qədim dövrlərdən XIX əsrin ortalarına qədərki dövrü tədqiqolunur.
Giriş
Müasir beynəlxalq münasibətlər çoxminillik tarixi inkişaf yolunun sonucudur, desək səhv etmərik.
Dünyanın siyasi xəritəsi hələ ən qədim zamanlardan öz rəngarəngliyi ilə seçilmişdir. Tarix boyu meydana
çıxmış dövlətlər konkret zaman kəsiyində mövcud olmuş, müharibələr aparmış, cahangirlik etmiş, bəzən isə
meydana çıxdığı kimi də izsiz-sədasız yox olmuşdur. Mövcud tədqiqatlarda dövlətlərin yaranması bir qayda
olaraq e.ə. IV minilliyin ikinci yarısı və ya sonlarına aid edilir. Ən qədim dövlətlər Misirdə, Mesopotamiyada,
Çində, Hindistanda və Avropanın cənubunda-Yunanıstanda təşəkkül tapmışdır.
Dövlətlərin tarix səhnəsinə qədəm qoyması ilə dövlətlərarası münasibətlərdə əməkdaşlıq və müharibə
problemləri ön plana keçir və dövlətlərin «olum və ya ölüm» məsələsinə çevrilir. Tarixi inkişafın müxtəlif
dövrlərində dövlətlərarası ticarət-iqtisadi əlaqələrin mütəmadi davam etdiyini müşahidə edirik, eyni zamanda
müxtəlif dövlətlərin bir koalisiyada birləşərək apardıqları müharibələrin də şahidi oluruq. «Ən qədim
müqavilə», «ultimatum», «barışıq», «iki dövlətin ittifaqı» anlayışları hələ quldarlıq münasibətlərinin mövcud
olduğu dövrlərdən bizə məlumdur. E.ə. 616-612-ci illərdə Midiya və Babilin ittifaqı qədim Şərqin ən cəngavər
dövlətlərindən olan Assuriyanın varlığına son qoyulması ilə nəticələndi. Qədim Romanın yeritdiyi «parçala və
ağalıq et» strategiyası Aralıq dənizi hövzəsində nəhəng quldarlıq imperiyasının yaradılmasına gətirib çıxardı.
Roma hüququ əsasında müasir beynəlxalq hüququn əsaslarından sayılan «xalqlar hüququ» meydana
gəldi. Yunan və Roma diplomatiyasının yüksəlişində ritarik-diplomatiya məktəblərinin yetirmələri mühüm rol
oynamışdı. Romanın barbarlarla müttəfiqlik müqavilələri, Sasanilər və hunlarla imzaladığı sazişlər «Xalqlar
hüququnu» olduqca zənginləşdirirdi. Roma diplomatiyasının ənənələri Bizans imperiyasında, Frank dövlətində
yaşadı və inkişaf etdirildi.
Avropada feodal pərakəndəliyi dövrünün diplomatiyası senyorluq - vassallıq münasibətləri üzərində
qurulmuşdu. 756-cı ildə yaradılmış Papa dövləti saxta «Konstantin bəxşişinə» əsasən öz hakimiyyətini bütün
Avropaya yaymağa başladı. Müqəddəs Roma imperiyası Roma imperiyası ənənələrinin yaşanmasında mühüm
rol oynamışdı. Yaranmaqda olan milli dövlətlərdə diplomatiya və səfir işi bu ənənələrdən bəhrələnirdi.
Şərqdə yaranan və genişlənən ərəb xilafəti dövlətlər-arası münasibətlərə və diplomatiyaya özünəməxsus
yeniliklər gətirdi. 630-cu ildə ərəb xilafətinin yaradılması Məhəmməd peyğəmbərin onilliklər boyu apardığı
mübarizənin nəticəsi idi. Xudeybə və Məkkə müqavilələri peyğəmbər diplomatiyasının uğurları sırasında
mühüm yer tuturdu. Əməvilər, Abbasilər və Kordova xilafətində xarici dövlətlərlə diplomatik əlaqələrin
saxlanılmasına xüsusi fikir verilirdi. Abbasi xəlifəsi Harun-Ər Rəşid (786-809) Frank imperatoru Böyük Karlla
(768-814) diplomatik əlaqələr saxlayır, İtaliyanın dəniz respublikalarına ticarət karvanları göndərirdi.
Ərəb istilaları nəticəsində bir vaxtlar qüdrətli olan Sasani dövlətinin varlığına son qoyulmuş, Bizans
imperiyası Asiya və Afrikadakı geniş ərazilərini itirmiş, Ərəbistan yarımadasından Cənubi Qafqaza, Mərkəzi
Asiyadan Hindistana qədər nəhəng ərazilər ərəb xilafətinin tərkibinə daxil edilmişdi. Lakin Qərbdə Frank
dövlətinin, Şərqdə isə Ərəb xilafətinin parçalanması nəticəsində dünyanın siyasi xəritəsi dəyişilmiş və olduqca
rəngarəng xarakter almışdı. Frank imperiyasının süqutu nəticəsində Qərbdə Fransa, Almaniya və İtaliyanın
simasında milli dövlətlər yaranmış, Şərqdə isə Səlcuq istilalarından sonra nəhəng Səlcuq imperiyası təşəkkül
tapmışdı. Tədricən adət-ənənələr, yazılmış və yazılmamış qanunlar üzərində diplomatiya hüququ formalaşır və
mərasimləşirdi. Otuz ildən çox səlcuq sultanlarından Alp Arslan və Məlikşahın vəziri olmuş Xacə Nizamülmülk
dövlətlərarası münasibətlərdə elçinin rolundan danışaraq «Siyasətnamə» əsərinin 21-ci fəslində yazırdı:
«Elçiliyə o adam yarayar ki, şahlara xidmət etmiş olsun, hafizəli, uzaqgörən olsun və hər bir elmdən xəbəri
olsun, dilli-dilavər olsun, artıq söz söyləməsin, çox səfər etmiş, qədd-qamətli, yaraşıqlı olsun, alim və qoca olsa
daha yaxşı olar... Elçi şahın xasiyyətinə dəlalət edər».1
Azərbaycan dövlətçilik ənənələrinin yaşanmasında ərəb xilafəti dağıldıqdan sonra meydana gələn
Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyası parçalandıqdan sonra
yaranmış Eldənizlər dövlətinin rolu və əhəmiyyəti böyük olmuşdur. İslam dininin dövlət səviyyəsinə
yüksəlişindən sonra Hulakülər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri də xalqın mədəni dövlətçilik
tarixində mühüm rol oynamışlar. Orta əsrlərə dair çoxsaylı qaynaqlarda adları qeyd edilən Azərbaycan
dövlətlərinin siyasi həyatı beynəlxalq əlaqələri haqqında maraqlı məlumatlara rast gəlinir.
Ağqoyunlu və Səfəvi dövlətlərinin tacir diplomatları Osmanlı dövlətinə qarşı mübarizə aparmaq üçün
çoxtərəfli danışıqlar aparır, Cənubi Avropa dövlətlərinin bir qrupunun iştirakı ilə antiosmanlı Liqasının
yaradılmasına nail olurlar. Iki yüz ildən yuxarı davam edən Ağqoyunlu-Osmanlı və Səfəvi-Osmanlı
müharibələri ümumtürk dünyasının əsl faciəsi idi.