
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Kitab WWW.KİTABXANA.NET - Milli Virtual Kitabxananın “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.
Elektron Kitab N 1
Kulturoloji layihənin bu hissəsini maliyyələşdir:
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Anar
"Əsərlər"
Altı cilddə. II cild
"Əsərlər". Altı cilddə. II cild. Xalq yazıçısının seçilmiş əsərlərinin bu cildinə vaxtilə səs-küy yaratmış "Təhminə və Zaur"namələr - "Ağ liman" povesti, eləcə də dillərəzbəri "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı...
Birinci cildi ilə buradan tanış olun:
http://kitabxana.net/?oper=readBook&id=1113
Beşinci cildi ilə buradan tanış olun:
XXI ƏSRİN İLK NİKBİN ŞERİ
Keçib getdi,
min il, yüz il;
Keçib getdi,
on il, son il.
Keçib gedir
son ay, son gün,
son dəqiqə, son saniyə.
Əsim-əsim əsir səsim,
Axı əsir səsim niyə?
Mən əsrimin əsiriyəm,
Mən əsrimin əsəriyəm.
Yaxşım, pisim -
Fikirlərim, duyğum, hissim,
Ömrüm-günüm, əsərlərim,
əsəblərim,
Ağrılı-acılı sirlərim, -
Nəyim yoxdur, nəyim vardır -
Bu yüz ildən yadigardır.
Tərk edirəm diri-diri
İyirmini -
İki mini.
Tərk edirəm vətən kimi
Ümidimi, diləyimi
yeni əsrə daşıyıram, -
Düşmənlərin acığına
yaşamışam, yaşayıram.
İyirmi bir - yeni vətən,
Min illərin sərhəddini mən aşacam.
Yaşamışam, yaşayıram,
yaşayacam.
H Ə Y A T I
ANAR: (Anar Rzayev Rəsul oğlu) 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olmuşdur.
Əsli - nəsli. Ailəsi.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində dünyaya gəlmiş, 19 81-ci il aprelin 1-də Bakıda vəfat etmişdir. Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmasından sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babasıƏləkbər bəy Rəfibəyli- el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan «Difai» partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə ilk müstəqil AzərbaycanCümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk Səhiyyə Naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın 2 övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin Sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq, aparmaq şərəfi Anara verilmişdir. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri seçilmişdir. Bu komissiyanın Mədəniyyət haqqında, Tarix və memarlıq abidələrinin qorunması haqqında, Kinematoqrafiya haqqında və başqa mühüm qanunları Milli Məclis qəbul etmiş və Prezident imzalamışdır.
Anar Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif etmişdir, 2011-ci il mayın 10-da isə Heydər Əliyev mükafatına layiq görülüb.
Y A R A D I C I L I Ğ I
Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlamış, ilk qələm təcrübələrini 1952-ci ildə Şuşada etmişdir. 1960-cı ildə "Azərbaycan" curnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir. 1964-cü ildən Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar, Curnalistlər və Teatr xadimləri ittifaqlarının üzvüdür.
Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.
"Ağ liman" povesti Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda(1972), Bolqarıstanda(1973), Türkiyədə(1991), Özbəkistanda(1978), Qazaxıstanda(1976), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" Moskvada (1980, 1988), iki dəfə, müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında(1979), Almaniya Federativ Respublikasında(1989), Çexoslavakiyada (1980-cı ildə çex, 1984-cü ildə slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997), "Əlaqə" povesti üç dəfə Moskvada, Polşada (1981), Macarıstanda(1982), Almaniyada (1986), Fransada(1995), Estoniyada(1981), "Dantenin yubileyi" üç dəfə Moskvada, Estoniyada(1975), Bolqarıstanda(1973), Tacikistanda(1977), "Dədə Qorqud" Moskvada (1980, 1988), İranda- böyük tiraclarla, nəfis şəkildə çap olunmuşlar. "Mən, sən, o və telefon" hekayəsi Moskvada "Nedelya" həftəliyində dərc olunandan sonra, ABŞ-da, Kanadada, Yaponiyada, Finlandiyada, ərəb ölkələrində və bir sıra başqa ölkələrdə çap olunmuşdur.
Bir sıra başqa hekayələri, pyesləri, məqalələri də ("Keçən ilin son gecəsi", "Asqılıqda işləyən qadının söhbəti", "Gürcü familiyası", "Yaxşı padşahın nağılı", "Molla Nəsrəddin-66"), "Qaravəlli", "Təhminə və Zaur" Moskvanın dövri mətbuatında, Türkiyə curnallarında, Almaniya, Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan dövri mətbuatında, Hindistanda və keçmiş SSRİ-nin bütün respublikalarında nəşr olunmuşlar. Jəlil Məmmədquluzadəyə aid "Anlamaq dərdi" essesi A.Tvardovskinin zamanında "Novıy mir" curnalında dərc olunmuşdu.
Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulmuşdur. Akademik Dövlət Dram Teatrında beş pyesi ("Şəhərin yay günləri", "Adamın adamı"(bu pyesin quruluşçu rejissoru da Anarın özüdür), "Səhra yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə və Zaur"), Gənc Tamaşaçılar Teatrında "Keçən ilin son gecəsi", Kukla Teatrında "Qaravəlli" tamaşaya qoyulmuşdur.