Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Yaylaq gülü" (hekayə). Türkiyənin tanınmış yazarından maraqlı bir bədii nəsr nümunəsi.

Müəllif:

Əmir Kalkan


Kateqoriya:

Nəsr



Qısa Təsvir:

"Yaylaq gülü" (hekayə). Türkiyənin tanınmış yazarından maraqlı bir bədii nəsr nümunəsi. 


Baxış sayı: 3827
    
    


"Yaylaq gülü"


(hekayə)

 

Türkcədən çevirəni: Eyvaz Zeynalov. 

 

TANITIM: 1948-ci ildə Kayseridə doğulub. Kayseri litseyini bitirib. Türk ədəbiyyatında özünəməxsus yeri var. "Qanadsız quşlar şəhəri", "Türk toyu", "Bu tərəf Anadoludu", "Qeyb olmuş üzlər", "Gül ayinləri" və s. kitabların müəllifidi.

 

 

 

Gecələri gümüş üzlü bütöv ay, gündüzləri köz kimi qızmış günəş altında yol gedən Yörük karvanı Binboğa dağlarının üzərindən aşaraq günəşin qırmızıya boyanıb batdığı Tanır yaylağına doğru incə bir xətt kimi uzanırdı. Tayfa mənsubları at üstündə yorulmuşdular. Nəhayət, yol bitdi, ulu Tanırın qoynundakı qonaq yeri Yapalak göründü. Axşamüstü yaylağa çatan karvanın önündəki dəvədən yaşlı bir Yörük bəyi aşağı yendi. Arxasınca uzanan karvana dayan işarəsi verdi və ucadan dedi:
- Yurd yerimiz buradı. Atları bağlayın, şeylərinizi yerbəyer edin, çadırları qurun.

Dəvələr, atlar, qoçlar, qulunlar, quzular, gülüzlü gəlinlər və qoç igidlər sıralandı. Dəliqanlı tayfa igidləri, qaraqaşlı, qaragözlü tayfa gözəlləri atlarından sıçrayıb endilər. Bir neçə qadın, bəy dəvənin yanında, qırmızı bir atın belində şahin kimi oturan bəy qızını ustufca, incitmədən aşağı yendirdilər.

Ağ biləkli, gül üzlü tayfa gəlinləri başına yığıldılar. Yerə kilimlər sərildi, altına döşəklər döşəndi, üstünə kölgəlik çəkildi. Yörük qızı bardaş qurub oturdu. Çiynindən patron darağı asılmışdı. Belində gümüş saplı bir xəncər vardı. Bütün paltarları İran ipəyindən idi. Sarı saçları başındakı qırmızı örtüyündən çıxıb boynuna tökülmüşdü. Uzun boylu, ağ bədənli, yaşıl gözlü, ceyran baxışlı, kəklik sinəli, baxanların bir daha baxdığı, görənlərin ürəyini yandırıb-yaxdığı bir ceyran idi ki, Binboğa Binboğa, Tanır Tanır olandan, yaşıl Yapalak yaylaq yeri kimi tanınandan bəri belə bir gözələ rast gəlməmişdi.

Tezcə çadırlar quruldu. Atlar, daylar otluğa buraxıldı. Ucu-bucağı görünməyən qoyun sürüləri, qoçlar, quzular bir araya toplandı. Bəyin böyük otağı, geniş obası quruldu. Otağın dirəklərindən tüfənglər, sazlar asıldı. Ay göydə doğub dolandı. Yapalağı başdan-ayağa işığa qərq etdi. Yörüklər meydanın ortasında alovu göyə ucalan tonqalın ətrafına yığışdılar.

Ertəsi gün Tanıra yayıldı ki, yörüklər gəlib Yapalaqda çadır qurublar. Adətdi, Tanır bəyi gedib yaylaq qonaqlarına "xoşgəldin" deyərdi. Bir neçə ay qalıb gedən yörüklərlə qardaş kimi dolanardılar. Bəy bölgə böyüklərini toplayar, xatununu yanına alar, gedib təzə qonaqlarla tanış olardı. Yenə belə elədi.

Tanırın şanlı böyük bəyi Yazıçıoğlu soyun böyüklərini çağırdı, xatununu və oğlu Osmanı onlara qoşub Yapalağa göndərdi. Onlar atlanıb Yapalaq yaylağına çatdılar. Yörüklər onları hörmətlə qarşıladılar, qabaqlarında baş əydilər. Baş çadırdan əvvəl Yörük bəyi, sonra da ahugözlü Cerən çıxdı. Başını dik tutaraq əlləri sinəsində qabaqlarında xəncər kimi dayandı. "Buyurun", deməyə imkan olmadı. Gözləri at üstündə qartal kimi oturmuş qarayanız, qara gözlü, qurd heybətli Osmana ilişib qaldı. Osmanın gözləri də Sənəmə. Bir il kimi uzun çəkdi ikisinin də baxışmağı.

- Buyurun, - dedi Yörük bəyi. - Obamızı şərəfləndirdiniz.

Yanında yerə saplı bir bıçaq kimi dayanan qızına döndü.

- Sənəm, - dedi, - atı tut.

Bəy qızının atı tutması gələnlərə verilən dəyəri göstərirdi. Sənəm qaçıb karvan bəyi ilə xanım ananın atlarının yüyənindən yapışdı. Qadın da, Osman da atdan sıçrayıb endilər. Tanır böyükləri yörüklərlə halay vurub oturdular. "Xoşgəldiniz", deyildi. Tanış oldular, qəhvə içdilər, danışdılar. Amma iki gəncin fikri və gözləri bir an belə bir-birindən ayrılmadı.

Sənəm öz-özünə deyirdi: "Ərim, erkəyim olası, uğrunda baş qoyası, özümü qollarına tapşırası bir igiddi." Yazıçıoğlu da düşünürdü: "Atam evinə gəlin aparılmalı, tayfama xatun edilməli, uğrunda ömür verilməli, qürur duyub arxalanmalı bir ceyrandı."

Yörük yaylağında axşama qədər qaldılar. Geniş süfrələr açıldı, yemək-içmək düzüldü, qoyunlar, quzular qızardıldı, yeyildi, içildi, amma nə Sənəm, nə də Osman bir dəfə belə süfrəyə əl uzatmadılar. Bir-birinə baxır, qəfil qəlblərinə düşən alovla yanıb qovrulurdular. Axşam, yörüklərdən ayrılıb Tanıra döndükləri zaman Osman ürəyinin bir parçasının Yapalaqda qaldığını hiss etdi. Sənəm qəlbinin bir parçasının qoparıldığını, içindən nələrinsə aparıldığını duydu.

Günlər axıb keçdi. Keçdi ha... Nə Sənəm, nə də Osman unuda bilmədilər bir-birlərini. Osman doğan aya doğulma deyən, şövqü ulduzları belə yenən Sənəmi düşünürdü həmişə. Sənəm qartal baxışlı gözlərini unuda bilmirdi Osmanın. İkisi də həsrətlə için-için yanırdı.

Osman bir bəhanə tapıb yenidən Yörük yaylağına gedə bilmədi. Sənəm obadan kənara addım atmadı. Amma sevən ürək nələrə qadir deyil! Hər şeyin bir çarəsi olduğu kimi bunun da çarəsi tapıldı. Bir Yörük qadını bəy qızına kömək etdi. Bəy oğlu hər gecə ay işığında atını minib özünü Sənəmə yetirdi. Görüşüb danışdılar. Hər görüşüb danışanda bir-birinin oduna daha çox yandılar. Eşq elə bir şeydi ki, çarəsiz olanda saraldıb-soldurar, öldürər insanı. Sənəmlə Osman da eyni odla yanıb qovrulurdular. Sənəm sevirdi, amma çarəsizdi. Bilirdi ki, bəy atası obadan qırağa qız verməz. Osman da bilirdi ki, bəy atası yad obadan gəlin gətirməz.
Bir gecə görüşdülər. Qaçaq, dedilər. Qaçıb xilas olaq.

- Yox, - dedi Sənəm. - Qaça bilmərəm. Qaçıb bəy atamın başını yerə soxa bilmərəm.

Başqa çarə lazımdı. Adətləri, ənənələri yıxacaq bir çarə. İki sevəni bir-birinə halal edəcək, qovuşduracaq bir əlac. Amma çarə yoxdu. Oba yıxılar, adət yıxıla bilməzdi. Çarəsizlik qollarında güc, gözlərində işıq qoymadı. Yel qarşısında gücsüz yarpağa döndü ikisi də. Sənəm ipək geyməz, baş bağlamaz oldu. Osman ata minməz, ova getməz oldu.

Bir igid saralıb-solar, əriyib tükənər, bir bəy xatunu, bir ana bilməzmi bunu? Osmanın dərdini soruşdular, anlatdı. Bəy atası soyunun, obasının gözbəbəyi, bəy evinin tək ümidi oğulunun dərdinə əlac tapmaq, onu bu dərddən qurtarmaq üçün adətləri belə tapdalamağa hazırdı.

Ətraf tayfaların bəylərini, xalqın sayılıb-seçilənlərini, uluları, qocaları, xanımları-xatunları topladı. Ağır, xətirli-hörmətli, qüvvətli bir elçi heyəti seçildi. Elçilərin karvanı hədiyyələrlə Yörük bəyinin hüzuruna yollandı.

Sənəmin ürəyində bir sevinc, bir ümid cücərdi. Osmanın içini bir sevinc doldurdu.

Daha nə qaldı ki! Bu gün "hə" olsa, sabah toy qurular. Qırx öküz qurban kəsilər, qırx qazan qaynadılar. Obanın dörd bir tərəfində təbillər vurular, şənliklər qurular. Gəlinlər, qızlar, qoç igidlər halaya düzülər. Qırx gün, qırx gecə toy çalınar. Tərəflərin razılığıynan bir-birinə qovuşarlar. Bir-birlərinə yaraşan bir cüt olarlar.

- Allahın əmriylə, - dedilər, - qızını... - dedilər...

- Allah yazdısa, boynumuz tükdən incədir, - dedi, Yörük bəyi. - İstəyərik ki, qızımız oğlunuza qurban ola, belə bir bəy oğluna gəlin ola. Lakin obamızın qanunları, adətləri var. Bir neçə gün möhlət verin, ağsaqqallarımızla məsləhətləşək, fikirləşək, məsləhət olsa, xəbər eləyərik...

Elçilərin karvanı ümidlə geri döndü.

Yörük bəyin ürəyinə bir qorxu, bir əndişə düşdü. Ölərdi, adətləri yıxmaz, obadan kənara qız verməzdi. Lakin istəyənlər qüvvətli idi. Elçi düşən bu diyarın ən güclü bəyi idi. Yox desə, bu qədər hörmətli adamın etibarını itirərdi. Verməsə, obanı basıb qızı qaçıra bilərdilər.

Yörük böyükləri toplandılar. "Tayfadan kənara qız verilə bilməz, onlar basqın etməmiş, biz burdan qaçmalıyıq", - dedilər.
O gecə çadırlar təcili söküldü, sürülər toplandı, atlar yəhərləndi, dəvələr yükləndi, karvan hazırlandı və Yörük obası dan yeri qızarmamış Yapalağı tərk etdi.

Sabahısı gün tanırlılar yaylağı boş gördülər. Osman min yerindən xəncərlənmiş kimi inlədi. Yandı-yaxıldı. Dörd bir tərəfə xəbərlər göndərildi. Atlılar, xəbərçilər, izaxtaranlar, bələdçilər salındı. Arayıb-axtardılar, amma Yörük karvanının izinə düşə bilmədilər.
Bu axtarışlar illərlə sürdü. İllərlə yaylaq-yaylaq, oba-oba axtarış aparıldı. Amma nə yörüklərdən, nə də Sənəmdən bir xəbər çıxdı.
Aradan illər keçdi.

Osman Sənəmin həsrətiylə yanıb-yaxıldı. Bir ölüyə tay oldu. İllər keçdikcə ümidi kəsildi. Obanın bəyi xatunsuz, övladsız ola bilməzdi. Onu bir tayfa gözəli ilə evləndirdilər.

Zaman yel kimi əsib, su kimi axıb getdi. Osmanın anası, atası öldü. Yaşlandı. Uşaq basdı. Amma içindəki atəş sönmədi, Sənəmi unuda bilmədi. Aradan l0 il, 20 il, 30 il, 50 il keçdi. Beli büküldü, saçları ağardı. Qocaldı...

Bir yaz günü evinin qarşısında oturmuşdu. Yaxınları, yoldaşları, oba böyükləri yanındaydı. Qələbəlikdi. Bir çərçi gəlib evinin qapısında dayandı.

- Ağam, - dedi. - Ağam, qurban. İzn versən, bir sözüm var.

- Söylə, - dedi Osman bəy, - söylə.

- Camaatın içində deyə bilmərəm, - dedi çərçi.

- Söylə, çəkinmə, - dedi bəy. - Yaxşı xəbərsə, at bağışlayar, tarla verərəm. Yaxşı xəbər deyilsə, çıx get.

- Salam gətirmişəm, - dedi çərçi. - Desəm, sevinərsənmi, yoxsa kədərlənər, üzülərsənmi, bilməm. Lakin salam yerdə qalmaz. Deməyə gəldim.

Oturanların hamısının gözü çərçidəydi. Hamısı maraq içində idi.

- Söylə, - dedi Osman bəy. - Söylə. Gizlinimiz yoxdu. Söylə, - çərçiyə dedi.

- Yerini-yurdunu demərəm, - dedi çərçi. - Yer, oba adı çəkmərəm. Belə söz vermişəm. Belə tapşırılmışam. Bir dağın arxa tərəfində, iki qayanın arasında, piştaxta arxasında alver edirdim. Buğda, mal alır, parça biçirdim. İkiqat bükülmüş bir qarı gəldi yanıma. Saçları ağappaqdı. Bənizi solğundu. Bir quru dəyənəyə dirənib durmuşdu. Haralısan, oğul, soruşdu. Maraşdanam, dedim. Yazıcıoğlunu tanıyırsanmı, dedi. Qosqoca Yazıcıoğlunu kim tanımır, xala, dedim. O zaman budu, qoynundan bax bu dəsmalı çıxartdı, bunu Yazıcıoğluna ver, dedi. Döşək sərib, gərdək qurmadım deyə kədərlənməsin. Yarıma qovuşmadım, murad almadım deyə üzülməsin. Bilsin ki, Sənəmin əlinə kişi əli dəymədi. Sənəm ərə getmədi, ailə qurmadı. Sənəm bir yaylaq qızı kimi vurulmuş, sevmişdi. Sənəm məhəbbətində sonacan mətin dayandı, bilsin, dedi. Salam göndərdi...

Dinləyənlərin hamısı ayağa qalxdı. Çaşıb qalmışdılar. Bu diyarda Sənəmin məhəbbəti haqqında eşitməyən, bilməyən yoxdu. Ah-ufla ağlaşdılar.

Osman bəy də hıçqırdı. Göz yaşları ağ saqqalına axdı. Yaş boğdu onu. Altmış il əvvəlin közü qəlbində yenidən qorlandı, alovlandı. Ürəyində qaynar qazanlar qaynadı. Çərçiyə at bağışladı, tarla, qızıl verdi...

Yapalaqda, bir aylı gecədə Sənəmə verdiyi naxışlı dəsmalı tutmuşdu əlində. Öpdü. Dodaqlarına sıxdı. Ağladı...

O gündən bəri dildən-dilə gəzir, türkülərdə dolaşır Sənəmin məhəbbəti. Gecələr bu sevdanı nənələr nəvələrinə, babalar igidlərinə danışırlar.

Haçan bir toy-düyün olsa, əvvəl Sənəmin türküsünü söyləyərlər. Harada bir gözəl qız görsələr, Sənəmə bənzəyir, deyərlər.

Bizim yaylaqlarda igid qızların hamısının adı Sənəmdi...