"Üç əsrin yüz otuz ili" kitabı görkəmli teatrşünas-alim, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatrı" silsiləsindən növbəti kitabıdır. Kitab Akademik Milli Dram Teatrının keçdiyi 130 illik yaradıcılıq yolunu qısaca təcəssüm etdirməklə kollektivin çağdaş həyatı barədə ətraflı məlumat verir.
Azərbaycan teatr tarixi milli teatrşünaslıq elmimizdə ilk dəfə belə monumental və fundamental şəkildə araşdırılıb. Müəllif kökü eramızdan əvvəllərə gedib çıxan xalq oyun-tamaşalarından tutmuş çağdaş teatr prosesinə qədər böyük bir dövrü əhatə edib. Kitabda həmçinin Tiflis, İrəvan, Aşqabad və Təbriz şəhərlərində fəaliyyət göstərmiş Azərbaycan teatrlarının tarixi də bölmə-bölmə araşdırılıb. Onlarla dramaturqun və teatr xadiminin yaradıcılıq portret-oçerkləri zəngin faktlarla işlənilib.