Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Leyli və Məcnun" dastanından bir hissə - Kəbə ziyarəti. Türk dünyasının və Özbəksitanın böyük söz sənətkarından bir poetik ərməğan!

Müəllif:

Əlişir Nəvai


Kateqoriya:

Özbəkistan



Qısa Təsvir:

"Leyli və Məcnun" dastanından bir parça - Kəbə ziyarəti. Türk dünyasının və Özbəksitanın böyük söz sənətkarından bir poetik ərməğan!


Baxış sayı: 4022
    
    



Əlişir Nəvai

Kəbə ziyarəti


   
     
Gecənin saçına heç düşməmiş dən
Məcnun başılovlu qaçdı evindən.

 

 

Nə qədər piyada, nə qədər atlı, -
Çox gəzdi, tapmadı, geri qayıtdı.

Yay kimi qatladı atasını qəm,
Üzüldü anası - o taleyi kəm.

O iki biçarə çox fikir etdi,
fikir qoşun-qoşun gəldi də getdi.

Çox sözün üzünü açıb-örtdülər,
Axır bu qərara gəlib yetdilər:

"Bizlərdən olmadı bir çarə hasil,
Tanrıya üz tutub yalvaraq dil-dil.

Bircə balamızı diləyək haqdan,
Bizə rəhm eləyib yetirsin yoxdan.

Möhtac olanlara hər nemət alaq,
Dərdə düşənlərin dərdinə qalaq.

Tərki-dünya olan nə ki sufi var
Məcnunun adına etsin dualar.

Haqq eşitdi bəlkə bu duaları,
Oğulsuz qoymadı binəvaları".

Gəldi həcc mövsümü, yetişdi o gün,
Hazırlıq görüldü ziyarət üçün.

Bir xeyli axtarıb düşdülər əldən,
Axır gətirdilər Məcnunu çöldən.

Ziyarətdən onu etdilər agah,
Necə ürəyincə oldu bu, Allah!..

Qəm kəcavəsində bərqərar oldu,
Elə bil manqalda görürdün odu.

Hamı bu fürsəti bilib qənimət,
Yol aldı Kəbəyə sarı nəhayət.

Karvan yaxınlaşdı Kəbəyə daha, -
Yox, yox, Kəbəyə yox, ərşi-əlaya.

O, yerdə fələkdən bir nişan idi,
Yoxsa torpaq üstə asiman idi?!

Torpaqda asiman şərəfi vardı,
Kəbə göy qatında ərşə oxşardı.

Ulular, kiçiklər dəstəylə yenə
Gəlirdi bu yerin ziyarətinə.

Sonra tapınırdı haqqa daimi -
Daim haqla olan sufilər kimi.

Sufi xalatını geyinib sanki
Yerə əyləşdilər bir sufi təki.

Göydə qütb ulduzu yanırdı par-par,
Ulduzlar kimiydi ətrafda daşlar.

O, qütb ulduzu yox, bir övliyaydı,
Çox övliya onu bir ulu saydı.

Axşamlar üstündə nə qədər mələk
Daim dövr edirdi gecəquşu tək.

Onun divarları söz tək əsaslı,
Özü də göz kimi matəm libaslı.

Ziyarəti elçin şah dərgahıydı,
Ətrafı fələyin səcdəgahıydı.

Məcnun belə görüb Kəbəni çaşdı,
Qəlbini vahimə çulğalamışdı.

Eşq onu təşvişə saldı, nə saldı,
Könlünü bir şövqün atəşi sardı.

Çağladı göz yaşı bir ağ yağış tək, -
Ahı şölə çəkdi sanki bir şimşək.

Kəbəni dolandı, gəzib baş çəkdi,
Elə bil dövr edən çərxi-fələkdi.

Üzünü daşlara sürtub etdi zər,
Axıtdı gözündən həlqə qətrələr.

Süpürdü üzüylə müqəddəs yeri,
Kəbə həlqəsindən tutdu əlləri.

Bükülən barmaqda o qüvvə nəydi, -
Bir həlqəyə neçə pəncəmi dəydi?!

Murad həlqəsindən necə də bu dəm, -
Məhəbbət pəncəsi yapışdı möhkəm.

Əli o həlqəyə yetişən kimi
Bir fəryad çəkdi ki, tutdu aləmi.

Ahında bükmüşdü dərdi-sərini,
Tüstüsü topladı qəm ləşkərini.

Çərxin libasını görün neylədi, -
Kəbə libası tək qara eylədi.

Matəmlilər kimi o yana-yana
Kəbəni eylədi bir matəmxana.

Dedi: Ey hökmüylə dünyaya hakim,
Tabedir hökmünə hər alim, həkim!

Ey eşq atəşiylə cahanı yaxan,
Quru köksümdəki bu canı yaxan!

Sən ey tutuşduran od xırmanıma, -
Yox, xırmanıma yox, bu tək canıma!

Ey kimə ki, qıyıb eşqin dadını, -
Ona vacib bilən hicran odunu!

Ey kimi ki, edib eşqin möhtacı, -
Nəsihəti ona eyləyən acı!

Ey kimi ki, qılıb eşq əliylə faş, -
Başına uşaqlar daş yağdıran, daş!

Ey kimin ki, artıq edib mehrini, -
Öz divanəsindən kəsən meylini!

Ey salan canlara hüsn əsərini, -
Könül sədəfinə eşq gövhərini! -

Eşqin əsiriyəm sirli-soraqlı,
Gəldim hüzuruna qolları bağlı.

Mənim hər damarım bu eşqə bənddir,
Könlümün hər teli eşqə kəmənddir.

Bədənimdə olan bu bəndlər bir-bir
Eşqin ipidir ki, düyünlənibdir.

Cismimi bunca ki, dağlar alıbdır, -
Eşqin odlarından nişan qalıbdır.

Onun atəşiylə doludur canım, -
Nə ki, canım, həm də sümüyüm, qanım.

Bu eşq odunu ki, bəyan eylərəm, -
Bəlamı, dərdimi əyan eylərəm.

Demirəm ki, məni sevindir, güldür, -
Diləyim əzabdan qaçmaq deyildir.

Deyirəm ki, mənə bu odu hər dəm
Çox elə, eləmə bir zərrə də kəm.

Lütf et, gözümə çək eşq tutiyasın,
Özün vur qəlbimə eşq kimiyasın.

Eşq fəzası olsun könlüm gəzən yer;
Eşqin nəsimiylə canıma ruh ver.

Nəfəsim qoy eşqin ətrini çəksin;
Qoy eşqin alovu rəngimə çöksün.

"Ayn"ını həlqə et, boynuma keçirt;
"Şin"inin şövqünü könlümə köçürt.

"Qaf"ını da mənə qəm dağı eylə,
Könlümü o dağın dustağı eylə.

Üç nöqtəsi olsun qığılcım, atəş;
İki nöqtəsi də iki ağır daş.

O qığılcımları canıma sal sən,
O daşları da al, başıma çal sən.

Yüz belə əzaba sən olma mane,
Eyləmə min dərdə könlümü qane.

Könlümü qəm ilə tox eylə, yarəb!
Məni eşq içində yox eylə, yarəb!

Deyirlər mənə ki: "Eşqini unut,
Leylinin qəmindən özünü yan tut".

Bu nə təhər sözdür, of Allah, Allah?!
Belə danışanı sən bağışla, ah!..

Yarəb, tükənməsin bu dadlı badə, -
Arzumun camını doldur ziyadə.

O meydən içənlər olmadı bihuş;
Çox ver ki, gözümə heç getməsin huş!..

Bədənimdə Leyli eşqini can et,
Damarımda Leyli şövqünü qan et.

Dərdini nicatım eylə, ilahi!
fikrini həyatım eylə, ilahi!

Onsuz necə olar könlümün halı?
Başımdan getməsin, yarəb, xəyalı.

Bir odda ki, yoxdur bu eşqin közü -
Onu mən xəstəyə eyləmə ruzi.

Onun ki, qəmindən çəkməyirəm ah,
Ahını könlümdən çıxarma billah.

Dərdimə təbib et xəyalını sən!
Canıma nəsib et vüsalını sən!

Mənə ürcah etmə ondan qeyrini,
Əbədilik eylə mənə mehrini!

Həyatda nə qədər varsa nişanım,
Onun eşqi olsun cismimdə canım!

Bu quru bədəndən bir gün çıxsa can,
Onun fikri ilə çıxar cahandan.

Ölülər qoysalar dirilməyə üz -
Onun nəfəsiylə qalxaram şəksiz.

Cəhənnəmə düşsəm əbədi belə,
Oranı da qızdır sən eşqi ilə!

Əgər cənnət olsa qismətim bir gün
Vəslini behiştim elə sən özün.

Onsuz etmə məni bircə an da var,
Onsuz bircə anda varım yox olar!..

Bir atəş vardı ki, bu minacatda, -
Həcc əhli hamısı qaldı heyrətdə.

Kimlər ki, əsiri olmuşdu qəmin, -
Məcnun nə desəydi, deyərdi "amin".

İtirdi huşunu bicarə ata,
Mat-məəttəl qaldı qohum-əqrəba.

Məcnunu bu halda görən hər adam, -
Ondan birdəfəlik əl üzdü tamam.

Yazıq naləni ki, çəkib qurtardı,
Yenə də huşunu itirdi qaldı.

Axır canı yanan neçə əhli-hal
Onu mənzilinə apardı dərhal.

Eşq odu yaxarsa qəlbi, haqdı bu,
Əgər su töksələr - dönər yağa su.

Həcc əhli umsa da çarə bir müddət, -
Yenə eşq atəşi edirdi şiddət.

Səadətli Kəbə ziyarətçisi,
Lütfündən binəsib eyləmə bizi;

Dua vaxtı gətir bizi də yada,
Bu eşqin odunu eylə ziyada.

Özbəkcədən çevirəni:

Ayaz VƏfALI

http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2896