Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"İçimizdə bir yer". Çağdaş Türkiyə ictimai-mədəni düşüncəsinə təsir edən yazardan bir esse

Müəllif:

Ahmed Altan


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Ahmed Altan. İçimizdə bir yer (esse)


Baxış sayı: 3252
    
    


Bu söylədiyimin doğru olub-olmadığına heç özüm də əmin deyiləm. Amma mənə elə gəlir ki, sanki hamımız doğulanda daxilimizdə bir başqası üçün ayrılmış yerlə birgə doğuluruq.
Bir hissəsi itmiş tapmaca kimi...
Həyatımızın önəmli çağını qərib bir çatışmamazlıq duyğusu ilə keçirməyimiz, bəzi səhərlər anlaşılmaz sıxıntılarla oyanmağımız, bəzən adsız ümidlərlə nəşələnməyimiz, düşünürəm ki, o boşluğun içimizdə yaratdığı girdabdan qaynaqlanır.
Qarşılaşdığımız hər qadına, hər kişiyə, bəlkə də fərqinə varmadan, girinti-çıxıntıları o boşluğun kəsiklərinə uyğun gəldiyindən baxırıq.
Sanki daxilimizdə əlində Sinderallanın (nağıl qəhrəmanı, qız- tərc.) ayaqqabısı ilə gəzişən biri var. Hər kəsə "görəsən ayaqqabının sahibi budurmu" deyə baxırıq.
Tam olaraq nəyi, ya da kimi axtardığımızı bilmirik.
Bizə öyrədilən bilgilərlə yola çıxaraq, axtardığımız insanla bağlı bir çox dəyərli özəllikləri nəzərdən keçiririk, amma bütünlüklə söyədiklərimiz həqiqətə elə də uyğun gəlmir.
Sonra kimsə birdən həyatımıza daxil olur.
Ona aid olan bir şey; bəlkə qoxusu, bəlkə toxunuşu, bəlkə gülüşü, bəlkə zəkası, bəlkə həyata baxış tərzi, bəlkə zövqü, bəlkə laqeyidliyi, bəlkə ehtirası, bəlkə pis hərəkətləri içimizdəki boşluğun bütün girinti-çıxıntılarını doldurur.
İlk düşündüyümüz onunla xoşbəxt və rahat olacağımızdır.
İçimizdəki bu boşluğu, düşünürük ki, ancaq "yaxşı şeylərə" sahib olan biri doldura bilər.
Amma həqiqət hər zaman belə deyil.
Çox vaxt içimizdəki bu boşluğa uyğun gələn "parça" pislik olur.
Bir dəfə gözəl bir qadınla tanış oldum.
Rahat, azad, zəngin bir qadın idi.
Pullarını yeyən, imkanlarından insafsızca istifadə edən, yalançı, başqa qadınlarla vaxt keçirən, onu tez-tez tərk edib gedən bir adama vurulmuşdu.
Adam çox yaraşıqlı deyildi.
Bacarıqlı deyildi.
Tez-tez axtarışda idi.
Qadın başqa kişilərlə də gəzirdi. Hətta bir-iki dəfə ailə də qurmuşdu.
Amma adam haçan çağırsa, qaçaraq onun yanına gedirdi.
Belə anlaşılmaz bir bağlılıq insanın ağlına, heç şübhəsiz, ilk olaraq "seksuallığı" gətirirdi. Aralarında qəribə bir uyğunluq olduğunu düşünürdü insan.
Mənim də ağlımdan bunun keçdiyini anlayan qadın, mən bir kəlmə söyləməmiş, soruşulmamış suala cavab vermişdi.
- Onunla sevişməyimiz, digər kişilərlə sevişməyimdən elə də fərqli deyil... Düzü onunla birlikdə olarkən səhər-axşam sevişir, amma ona baxdığımda ağlıma ilk gələn şey sevişmək deyil... Amma onu uzaqdan gördüyümdə belə, titrəməyə başlayıram... Onu görmək üçün pul xərcləməyə razı oluram, alçaldığımı bilə-bilə onun arsızca istədiyi hədiyyələri alıram... Bunun nə olduğunu da heç cür başa düşə bilımirəm.
Mənə, içimizdə başqa bir insana aid boşluqla birlikdə doğulduğumuzu düşündürən ilk dəfə bu qadının dedikləri olmuşdu.
Zaman keçdikcə, qorxunc sayılacaq bu istəklərin, adətən əsrarəngiz zəifliklə birgə ortaya çıxdığını başa düşmüşdüm.
Bunun, ruhumuza iyrəncliklərlə doldurulması üçün yerləşdirilmiş "şeytan boşluğu" olduğunu düşünmüşdüm.
Çünki bu cür münasibətlər, adətən problemlərlə boy atırdı.
Tapa bilmək üçün illərimizi xərclədiyimiz insandan qaçmağa, qurtulmağa çalışırdıq.
Eşq, xoşbəxtlik, etibar, dostluq, yaxınlıq yerinə, əvəzinə etibarsızlıq, narahatlıq, bədbəxtlik, hətta bəzən düşmançılıq və qısqanclıq var idi.
Özgə bir insan bizim üçün, hardasa həyatımız boyu bitməyəcək bir problemə çevrilə bilirdi.
Amma onunla yaşadığımız narahatlıqlar başqası ilə yaşadığımız sükunətdən daha maraqlı idi.
O insanla birlikdə, o insanın yaratdığı problemə də öyrəşirdik.
Əgər biri qəfildən o problemi həll etsə, bizə əzab verən problem həyatımızdan çıxarılsa, hiss etdiyimiz duyğu rahatlanmadan çox, bir boşalma və əksilmə olacaqdır.
Bəlkə yanılıram, amma bəzən bir insandan daha çox bir problemə bağlandığımızı düşünürəm.
O insanı başqalarından fərqləndirən, onun yaratdığı problemlərin başqalarının yaratdığı problemlərdən daha çox diqqətimizi çəkməsi, başqaları ilə yaşadığımız problemlərlə bir qədər əlləşəndən sonra onlardan rahatca əl çəkərkən, o insanın yaratdığı problemlərlə əlləşəndə əsla əl çəkə bilməməyimiz, hətta problemlərlə əlləşməkdən anormal bir zövq belə almağımızdır.
Əlbəttə, o insanla yaşadığımız problem sevişmələrlə, ortaq zövqlərlə, nəşəli söhbətlərlə, əyləncəli mübahisələrlə də tamamlanırdı. Amma münasibətin əsl kökü həmişə o problem olurdu.
Bəlkə də içimizdəki o boşluğu doldura biləcək, bizim ən çox diqqətimizi çəkəcək problemi yaradan insandı.
Bir addım daha irəli gedərək , bəlkə bunu belə ifadə etmək mümkündür ki, problem həll edilməz hala gəldikcə, hətta yavaş-yavaş bir imkansızlığa döndükcə əsarətimiz də, diqqətimiz də artırdı.
Bəzən o insanla yaşadığınız problemlərdən yorulub qaçdığımızda, sadəcə o insanı deyil, o insanla yaşadığımız dərdləri həll edə bilmək üçün xərclədiyiniz zamanları da özləyirik.
Zehnimizin bir hissəsinin həmişə eyni problemi düşünməyə, çarələr tapmaq üçün alışdığını, bu olmadıqda böyük can sıxıntıları və yalnızlıqlar yaşadığını görürük.
Niyə bu qədər insan arasında yalnız birinin yaratdığı problemlər diqqətimizi çəkir, bunun cavabını bilmirəm.
Təkcə ağlıma gələn o insanın bir çox özəlliklərinin bir yerə toplanaraq "şeytanın boşluğunu" dolduracaq xüsusi biçimi təşkil etməsidir.
Əgər bu söylədiklərim doğrudursa, o zaman bir çoxumuz özünü xoşbəxt edəcək insanı deyil, xüsusiylə öz çatışmamazlığına tən gələcək problemi yaradan insanı axtarır.
Xoşbəxtlik, problemin yaratdığı qarmaqarışıqlığın arasında, fırtınaya düşən bir insanın sığınacaq bir yer tapdığında hiss etdiyi sevincə bənzər bir şəkildə ara-sıra ortaya çıxır.
Bu qısa xoşbəxtlik anları, ortasında olduğu dərdlərin və acıların boylarına uyğun bir parlaqlıqda olur və əsla unudulmayacaq bir həzz verir.
Problemlərin qatmaqarışıqlığına və böyüklüyünə uyğun xoşbəxtlik atəşfəşanlıqları yaşanır.
Bir-birinə heç bənzəməyən iki duyğunu, iki zidd ucu eyni zamanda uyğun gələ bilən biri də hardasa həyatın bütün enerjisini, bəzən dəyərli, bəzən də dəyərsiz bir biçimdə bütün bədənində və ruhunda hiss edir.
Əsarəti yaradan da budur yəqin.
Hamımızın içində bu əsarəti yaradacaq insanın gəlməsini gözləyən bir boşluq, bir əksik hissə var.
Bizi ən çox məşğul edəni axtarırıq bəlkə də.
O insandan daha gözəlini, daha yaraşıqlısını, daha ağıllısını, daha güclüsünü, daha etibarlısını tapsaq da, nəticədə yenə bizim axtardığımız problemi və xoşbəxliyi bizə yaşada biləcək o insana dönürük.
O gözəl qadının dediyi kimi; "onu görən kimi titrəyirəm".
Şeytanın bizim üçün hazırladığı o zəhərli qarışığı içmək istəyirik.
Bizi sərxoş edib bu dünyanın həqiqətlərindən ayıracaq, cəhənnəmdə və cənnətdə gəzdirərək. O yandırıcı qarışıqdı çünki.

Çevirdi: Əsəd Nəsirli

Emənbə / link: http://kultaz.com/2008/11/01/ahmed-altan-icimizde-bir-yer-esse