Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"ANAMIN KİTABI". Dram əsərləri - I. Tragikomediya

Müəllif:

Cəlil Məmmədquluzadə


Kateqoriya:

Dram əsərləri. Pyeslər



Qısa Təsvir:

Cəlil Məmmədquluzadə. Dram əsərləri. "ANAMIN KİTABI". Tragikomediya


Baxış sayı: 6213
    
    


Cəlil Məmmədquluzadə
(1866-1932)

 

 Adı dünya ədəbiyyatı klassikləri ilə yanaşı çəkilən Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə XX əsrin əvvələrində Azərbaycanda tənqidi realizm ədəbi məktəbinin, inqilabi demokratik və satirik istiqamətli "Molla Nəsrəddin" jurnalının yaradıcısı olmuş, milli ədəbiyyatda yeni bir yol açmış, novator yazıçı, dramaturq, jurnalist, ədəbiyyat və mədəniyyət xadimi kimi şöhrətlənmişdir. Humanizm, demokratizm və azadlıq ideyalarının carçısına çevrilmişdir.

C.Məmmədquluzadə Azərbaycanın qədim Naxçıvan şəhərində andan olmuş, oxumuş, ərəb, fars dillərini öyrənmiş, Gürcüstanın Qori şəhərində Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdir (1882-1887). Burada Şərq və Avropa mədəniyyətini, V.Şekspir, M.Volter, V.Hüqo, A.S.Puşkin, L.Tolstoy, N.Qoqol və başqa sənətkarların yaradıcılığını öyrənmiş, özü də görkəmli yazıçı, dramaturq kimi tanınmışdır.

Kiçik hekayəçiliyin böyük ustası, kamil komediyalar müəllifi, görkəmli jurnalist, vətətndaş, ziyalı olan C.Məmmədquluzadə Güneyli, Quzeyli Azərbaycanın taleyini düşünür, xalqın azadlıq arzularını, ağır həyat tərzini əks etdirir, onu müstəmləkə halına salan qonşu ölkələri, istismar edən qüvvələri, ictimai geriliyi, ətaləti, fanatizmi tənqid atəşinə tuturdu.

1905-ci ildən Tiflisdə "Şərqi-Rus" qəzetində çalışması, yaratdığı "Qeyrət" mətbəsində inqilab və azadlıq mövzularında əsərlər, şüarlar buraxması, xalq həyatını, ictimai-siyasi hadisələri dərindən öyrənməsi onu yeni görüşlü sənətkar kimi yetişdirdi. 1905-ci il hadisələrinin təsiri ilə yeni-yeni çeşidli əsərlər yaratdı. "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Rus qızı", "Konsulun arvadı", "Qurbanəlibəy" və onlarca başqa hekayələri Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrildi. "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı", "Kamança" kimi komediyaları ədəbiyyatda yeni bir səhifə açdı, uzun zaman Azərbaycan səhnəsində oynanıldı. "Ölülər" Türkiyə, Rusiya və İranda, Orta Asiya, Volqaboyu, Şimali Qafqaz türk xalqları teatralında da uğur qazandı, yeni ədəbiyyat və sənət adamlarının yetişməsinə kömək etdi.

Azərbaycanın ictimai fikrində, ədəbiyyat və mədəniyyət tarixində C.Məmmədquluzadəyə şöhrət gətirən bir cəhət də onun O.F.Hemanzadə, Ə.Qəmqüsar və başqa amal, əməl dostları ilə birlikdə 1906-cı ildən başlayaraq 30 il Tiflis, Təbriz, Bakı kimi böyük şəhərələrdə inqilabi, satirik "Mola Nəsrəddin" jurnalını nəşr etməsidir. Bu jurnal xalqın milli-mənəvi, ədəbi-mədəni inkişafında, intibahında böyük rol oynadı. Yaxın Şərq xalqlarının inkişafına da müsbət təsir göstərdi.

Onun əsərləri yüz min tirajlarla çap olunub. 1966-ci ildə ədibin doğum gününün 100 illik yubileyi YUNESKO-nun qərarı ilə dünya miqyasında keçirildi. C.Məmmədquluzadə bu gün Azərbaycanın müstəqilliyi dövründə də bizimlədir.

 

"ANAMIN KİTABI". Tragikomediya

Drama, dörd mәclisdә


1) R ü s t ә m   b ә y--Rus intelligenti libasında: yәni pidjak, jilet, nişastalı yaxalı köynәk, boğazında qalstuk, nişastalanmış ağ qolları.
Rus darülfünununda elm tәhsil elәmiş vә rus tәrbiyәsi tәrәfdarı. Hərәkәti ağır vә tәmkinli. Başı açıq, hәmişә gözlәri eynәkli (çeşmәk). 40 yaşında. 
  
2) M i r z ә   M ә h ә m m ә d ә l i--İran ürәfası libasında, yәni uca İran börkü, uzun İran arxalığı, üstündәn qurşaq, arxalığın üstündәn uzun İrani  çuxa   (geymә), gen şalvar, ağ corab. Başmaqlarını qapının ağzında çıxardıb yerdә diz üstә oturur. Hәmişә әlindә tәsbeh vә gözündә eynәk.  Acıqlı vә gülmәyәn. İran tәrbiyәsi tәrәfdarı. 35 yaşında.   

3) S ә m ә d   V a h i d--İstanbulda әdәbiyyat  dәrsi almış. Başında qırmızı fәs, әynindә pidcak, jilet, ağ yaxalı köynәk vә qalstuk, gözlәrindә eynәk. Tәmkinli vә sakit. Osmanlı tәrbiyәsi tәrәfdarı. 30 yaşında.  

4) G ü l b a h a r--surәtdә gözәl. Ümumi müsәlman qızları libasında, başında çarqat. Müsәlmanca savadlı. Anasını nәhayәt istәyәn. 20 yaşında.

5) Z i v ә r   x a n ı m--Rus tәrbiyәsi tapmış. Rus xanımları libasında. Boğazı vә qolları açıq, müsәlmanca savadsız.   

6) Q ә n b ә r--Sifәtdә göyçәk. Әynindә çәrkәzi çuxa, belindә qәmә vә tapança. Әlindә qamçı.

7) A s l a n   b ә y--hәr cәhәtdәn Rüstәm bәyә oxşayır.

8) M i r z ә   B ә x ş ә l i--hәr cәhәtdәn Mirzә Mәhәmmәdәliyә oxşayır.

9) H ü s e y n   Ş a h i d--hәr cәhәtdәn Sәmәd Vahidә oxşayır.

10) S e n z o r   M i r z ә   C ә f ә r   b ә y--Rus çinovniki libasında. Gözlәrindә eynәk.

 


M Ә C L İ S L Ә R İ N   Ә H A L İ S İ


1. Z ә h r a   b ә y i m--60 yaşında.
2. R ü s t ә m   b ә y--onun böyük oğlu, intelligent. 40 yaşında.
3. M i r z ә   M ә h ә m m ә d ә l i--onun ikinci oğlu, elmi-ilahi müәllimi vә vaiz. 35 yaşında.
4. S ә m ә d   V a h i d--onun üçüncü oğlu, türk dili  müәllimi (fәs qoyur) 30 yaşında.
5. G ü l b a h a r--qızı, müsәlmanca oxumuş. 20 yaşında.
6. Z i v ә r   x a n ı m--Rüstәm bәyin övrәti, rusca  tәrbiyә tapmış. 25 yaşında. 
7. M i r z ә   H ә s ә n--Rüstәm bәyin dilmancı. 30 yaşında.
8. T e y m u r   b ә y--Cәmiyyәti-xeyriyyәnin dәftәrdarı. 25 yaşında.
9. M i r z ә   Z e y n a l--millәtpәrәst. 30 yaşında.
10. S ә l i m ә   x a n ı m--müәllimә (danışmır). 25 yaşında.
11. A s l a n   b ә y--mal hәkimi (rus intelligenti libasında). 30 yaşında.
12. İ s m a y ı l   a ğ a--cәmiyyәti-xeyriyyә üzvü (danışmır). 45 yaşında.
13. M ü n ә v v ә r   x a n ı m--onun qızı (danışmır). 20 yaşında.
14. H ü s e y n    Ş a h i d--türk dili müәllimi (fәsli). 30 yaşında.
15. M i r z ә   B ә x ş ә l i--elmi-ilahi müәllimi. 35 yaşında.
16. Q ә n b ә r--Rüstәm bәyin sәrkarı. 45 yaşında.
17. Q u r b a n--çoban. 25 yaşında.
18. 3 a m a n--çoban. 25 yaşında.
19. S e n z o r   M i r z ә   C ә f ә r   b ә y--45 yaşında.
20. P o l i s    m ә m u r u (danışmır)--35 yaşında.
21. İ k i    n ә f ә r    f ә r r a ş  (danışmırlar)--30--35 yaşında.
22. M ә ş ә d i    C ә f ә r--әrizә sahibi, 40 yaşında.
23. Y e n ә   ü ç    n ә f ә r     f ә q i r--40-45 yaşında.
24. B i r i n c i    h a m b a l--30 yaşında.
25. İ k i n c i    h a m b a l--30 yaşında.


Әhvalat vaqe olur tarixi-hicrnin min üç yüz otuzuncu ilinin yavıqlarında, Azәrbaycan şәhәrlәrinin birindә, Rusiya hökumәti әsrindә.

 


BİRİNCİ  MӘCLİS


Rüstәm bәyin, Mirzә Mәhәmmәdәlinin vә Sәmәd Vahidin ümumi kabinәsi: bir tәrәfdә böyük yazı stolu, üstündә qırmızı mahutdan örtük, yanında neçә dәnә sandalya, kitab şkafı, stolun üstündә vә şkafın içindә kitablar. Stolun üstündә telefon, mürәkkәb qabı, qәlәmlәr, kağızlar vә qeyri yazı әşyası. Bu--Rüstәm bәyin yazı stolu. Bir tәrәfdә qoyulub kitab qәfәsәsi (etajerka), üstә kitablar, yanında bir dәnә sandalya. Bura Sәmәd Vahidin yeri. Bir tәrәfdә qoyulub sandıq, içindә vә üstündә yekә vә qara cildli köhnә müsәlman kitabları. Sandığın yanında döşәk. Bu da Mirzә Mәhәmmәdәlinin yeri. Divarlarda çaharcubәlәr, içindә şәkillәr. Pәrdә qalxan vaxt otaqda oturub tәk R ü s t ә m   b ә y  öz yerindә; gözlәrindә çeşmәk, oxuyub yazmağa mәşğuldur. Bir qәdәr sükutdan sonra içәri qapı açılır vә Z ә h r a   b ә y i m i n  başı görsәnir vә yenә yox olur. Bir qәdәr keçәndәn sonra yenә Zәhra bәyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur.

Z ә h r a   b ә y i m.  Bala, görәsәn niyә uşaqlar yubandılar?
R ü s t ә m   b ә y (başını stolun üstündәn qovzamayıb). Ana, mәni danışdırma, lüğәt yazıram.

Z ә h r a   b ә y i m dinmәyib yox olur. Yenә bir dәqiqә sakitlik ilә keçir. İçәri otaqda uşaq ağlayır. Rüstәm bәy qәlәm әlindә tez durur ayağa vә haman qapıya yavıqlaşıb deyir:

R ü s t ә m   b ә y. Ay uşaq sәs elәmәyin, mәn lüğәt yazıram. (Rüstәm bәy qayıdıb oturur vә yenә yazıb oxumağa cumur; yenә bir dәqiqә keçir, çöl qapını taqqıldadırlar).
R ü s t ә m   b ә y. Kimsәn? Gir içәri.

Mirzә Hәsәn girir içәri.

M i r z ә   H ә s ә n. Sәlam әleyküm.
R ü s t ә m   b ә y. Әleykәssәlam. Mirzә, nә әcәb bu gün yubandın?
M i r z ә   H ә s ә n. Bağışlayasınız. Rüstәm bәy, çox sәy elәdim, tez gәlә bilmәdim.
R ü s t ә m   b ә y. Әylәş.

Mirzә  Hәsәn sandalyanı yazı stolunun yanına çәkib oturur, qәlәmi götürür, kağızları  aralayır vә yerini rahatlayandan sonra üzünü Rüstәm bәyә tutub yazmağa hazır olur.

R ü s t ә m   b ә y. Dünәn harda qaldıq?
M i r z ә   H ә s ә n (kağıza baxır vә oxuyur). Necә ki, Yevropa, habelә Asiya millәtlәrinin hürufatının әvvәlincisi "A" sövtünün әlamәtidir ki, biz ona "әlif" deyirik.
R ü s t ә m   b ә y. Mirzә, dayan, gәrәk bir yerini dәyişәk. Necә yazıbsan? Yevropa vә Asiya millәtlәrinin?
M i r z ә   H ә s ә n. Necә ki, Yevropa, habelә Asiya millәtlәrinin hürufatının ....
R ü s t ә m   b ә y. Dayan bir, yaxşı olar artırasan: cümlәsinin.
M i r z ә   H ә s ә n. Xub, cümlәsinin (yazısını düzәldir), cümlәsinin hürufatının әvvәlincisi "A" sövtünün әlamәtidir ki, biz ona "әlif" deyirik....
R ü s t ә m   b ә y (kitaba baxır). Yaz, (yavaş-yavaş deyir) bundan әlavә xah Şәrq tayfalarının bәzilәrinin, habelә slavların, qreklәrin....
M i r z ә   H ә s ә n. Yunanların....
R ü s t ә m   b ә y. Yunanların vә qәdim yәhudilәrin dilindә hürufatın әvvәlincisinin mәnası hәmi birdir, hәmi mindir; necә ki, mәsәlәn, әrәb dilindә "әlif" lәfzi.  (Yenә qabaqkı kimi içәri otaqdan uşaq sәsi gәlir. Rüstәm bәy). Sәs elәmәyin, mәn lüğәt yazıram (әlindә kitab var-gәl edir). Mirzә, yaz; vә lakin hәmin "A" sövtü millәtlәrin bәzisinin dilindә çox işlәnir, bәzisinin dilindә az işlәnir....
M i r z ә   H ә s ә n (yaza-yaza). Bәzisinin dilindә....
R ü s t ә m   b ә y. Bәzisinin dilindә çox işlәnir, bәzisinin dilindә, bәzisinin dilindә az işlәnir.

İçәri otaqdan Zivәr xanım әtirli vә kirşanlı, sinәsi vә qolları açıq, qıvraq gәlir, Rüstәm bәyin yazı stolunun üstündәki telefonun dәstәyini qalxızıb, qoyur qulağına vә belә danışır.

Z i v ә r   x a n ı m. Kto u telefona? Kimdi telefonda? Kimdi? Sәlimә xanım? Salam әleyküm. Sağ ol, sağ ol. Necә? Kim? Hә, yaxşı! Gәlin bir yerdә gedәk. Yaxşı, evdәdi. Yaxşı, sәlamәt qal.... (Dәstәyi qoyur yerinә). Rüstәm, Sәlimә xanımgil indi gәlәcәklәr; gәrәk bu gün biletlәri paylayaq, sabah da ki, bilirsәn, bizdә cәmiyyәti-xeyriyyәnin yığıncağıdı. Bilmirәm sәnin hәlә işin çoxdur?
R ü s t ә m   b ә y. Mәn sonra da yaza billәm. Deyirsәn nә vaxt gәlәcәklәr?
Z i v ә r   x a n ı m. Yarım saata burada olallar. (Rüstәm bәy bir söz demәyib, yenә kitaba mәşğul olur. Zivәr xanım qıvraq çıxıb gedir. Rüstәm bәy yenә kitaba baxa-baxa deyir).
R ü s t ә m   b ә y. Yaz, Mirzә, harada qaldıq?
M i r z ә    H ә s ә n. Bәli. Vә lakin hәmin "A" sövtü millәtlәrin   bәzisinin   dilindә çox  işlәnir, bәzisinin dilindә az işlәnir.
R ü s t ә m   b ә y (bir qәdәr fikir elәyir). Yaxşı, indi yaz: bunu da lazımdır nәzәrә almaq ki, hәmin "A" hәrfi bәzi dillәrdә qlasnı hәrfidir....
M i r z ә   H ә s ә n. İmla hәrfidir.
R ü s t ә m   b ә y. İmla hәrfidir vә özü dә özlüyündә sloqdur.
M i r z ә   H ә s ә n.  Yәni "heca" demәk istәyirsiniz?
R ü s t ә m   b ә y. Bәli, "heca" gәrәk ola vә lakin bәzi tayfaların dilindә hәmin "A" hәrfi soqlasnı hәrflәri cәrgәsindәdir.
M i r z ә   H ә s ә n. Bunu "soqlasnı" әvәzinә "hürufi-samitә" yazaq.
R ü s t ә m   b ә y.  Mәsәlәn, necә ki, B, D, L vә qeyrilәri.

Çöl qapıdan  M i r z ә   M ә h ә m m ә d ә l i  girir içәri, salam verib, başmaqlarını çıxardır vә keçib oturur öz yerindә.
 
M i r z ә   M ә h ә m m ә d ә l i. Dadaş, sәnә mane olmuram ki?
R ü s t ә m   b ә y. Әleykәssәlam, mane olmursan, keç otur.

Mirzә Mәhәmmәdәli oturur öz yerindә dizi üstә vә kitablarını açıb baxır.
  
R ü s t ә m   b ә y. İndi keçәk "almas" lәfzinә. Yaz, "almas", latınca "atamas", pür qiymәt daşlar cәrgәsindә әn gözәl şәfәqli vә kimya alәmindә bundan bәrk vә sәxt daş hәlә bu vaxtadәk  dünyada tapılmayıb; bәrklikdә cәvahiratın heç biri
buna bәrabәr deyil. Nә zümrüd, nә tupaz, nә dendrit, kvars, yaşma, tormalin vә nә qeyrilәri.

Mirzә  Hәsәn  yazır.
   
M i r z ә   M ә h ә m m ә d ә l i (başını qalxızıb, Rüstәm bәyә tәrәf deyir). Dadaş, o lüğәti ki, sәn yazırsan, bu bir yadigardı ki, hәr bir kәs oxuyub mәnfәәtbәrdar olacaq. Amma mәnim qanacağıma görә sizin kitabınızda olan mәlumat mәhz Yevropa vә Rusiya mәnbәindәn әxz olunmuşdur. Belә olan surәtdә siz öz әlinizlә lüğәtinizin dairәsini daraldırsınız. Mәnә qalarsa haman ittilaatı ki, siz o zәhmәtnәn cәm edirsiniz, onları Şәrq vә islam  elmlәri ilә tәtbiq   elәmәyinizin bir eybi yoxdur. Mәsәlәn, götürәk haman almas barәsindә bәrklik söhbәtini. Mәnim qanacağıma görә, "almasdan bәrk şey dünyada yoxdur" demәk özü bir sәhv vә qәlәtdir. Almasdan bәrk şey dünyada çoxdur.
R ü s t ә m    b ә y. Mәhәmmәdәli, mәn heç vaxt o fikirdә olmamışam ki, lüğәtimi Şәrq alәmindәn uzaq tutum; nәinki o fikirdә olmamışam hәlә bәlkә özüm sәnә demişәm ki, mәnim yadımda vә siyahımda olmayan lәfzlәri mәnim yadıma sal ki, kitabımız nә qәdәr mümkündür, e ... e ...  e ...  e....
M i r z ә    H ә s ә n. Tәkmil olsun.
R ü s t ә m   b ә y.  Tәkmil olsun. İndi hәr nә sözün var, de.
M i r z ә    M ә h ә m m ә d ә l i. Söhbәt haman sәxtlik üstәdir ki, siz orada yazdınız. Amma mәnim әqidәmcә bu barәdә bizә bir әmr buyurulubdur, o әmrdәn kәnara çıxmaq hәr ayinә sәzavar deyil. Necә ki, mәlumdur  vә kәrrat ilә eşitmişik vә kitablardan tәhsil elәmişik ki, hәqq-tәala bizә on şey tәyin edib ki, bir-birindәn bәrkdir. Yәni әn әvvәli sonrakından boş vә sonrakı qabaqkından bәrk; ta gedir çıxır onuncuya ki, dәxi ondan  bәrk, ondan sәxt bir şey dünyada yoxdur vә ola bilmәz.

İçәri qapıdan  Z ә h r a   b ә y i m   görsәnir.
  
R ü s t ә m    b ә y   v ә   M i r z ә   M ә h ә m m ә d ә l i  (ikisi dә әllәrini qalxızıb birdәn). Ana, dayan, hәlә gәlmә, söz danışırıq.

Zәhra bәyim yox olur.

M i r z ә    M ә h ә m m ә d ә l i.  Haman bәrk şeylәrin әvvәlincisi  daşdır.
R ü s t ә m    b ә y. Yәni necә daş? Axır dünyada daş çoxdur, görәk hansını deyirsәn?
M i r z ә   M ә h ә m m ә d ә l i. Heç tәfavütü yoxdur. Hansı daş olur-olsun.

Rüstәm bәy vә  Mirzә Hәsәn gülürlәr.
  
M i r z ә   M ә h ә m m ә d ә l i. Dәxi burada gülmәk, yәni çe? Siz xahiş etdiniz, mәn dә deyirәm. Lazım deyil, mәni әfv buyurunuz; dәxi gülmәk yәni nә olsun? Heç dәxli var?
R ü s t ә m    b ә y (gülümsünә-gülümsünә). Yaxşı, sözünü de, gülmәnik. Sonra? Daşdan sonra?
M i r z ә   M ә h ә m m ә d ә l i. İkinci mәrtәbәdә daşdan sonra bәrk olan şey dәmirdir, zira bu iki cisimlәri bir-birinә vuranda (әllәrini qoşa tutub yavaşca bir-birinә vurur), aşkardır ki, dәmir daşı sındıracaq.

Rüstәm bәy vә Mirzә Hәsәn yenә gülürlәr.
  
M i r z ә   M ә h ә m m ә d ә l i.  Hә ...  gülәrsiniz, gülәrsiniz. Vay sizin halınıza!...  Afәrin lüğәt yazanlar!
R ü s t ә m    b ә y (gülә-gülә). Sonra? Dәmirdәn sonra bәrk olan şey hansıdır?

Mirzә Mәhәmmәdәli durur ayağa, istәyir getsin. Rüstәm bәy durur, onun qabağını kәsir.

R ü s t ә m   b ә y. Mәhәmmәdәli, uşağa uşaq deyәrlәr, böyüyә dә böyük deyәrlәr. Sәn sözünü de, әgәr sәnin sözün haqdır, gәrәk onu demәkdәn çәkinmәyәsәn. Allaha şükür, sәn vaizsәn, müәllimsәn; sәn baxma bizim gülmәyimizә, sәn sözünü de. Әgәr bizә lazım olar, lüğәtә dә bir şey yazarıq, lazım olmaz,--olmaz.
M i r z ә    H ә s ә n. Mirzә Mәhәmmәdәli, mәn sәndәn xahiş edirәm, hövsәlә elәyәsiniz vә bәyanatınızı başa yetirәsiniz.
M i r z ә   M ә h ә m m ә d ә l i (bir qәdәr fikir elәyib, oturur yerindә vә sonra başlayır). Dәmirdәn bәrk olan şey odur ki, dәmiri әridir vә özü dә sәxtlik әnasirindә üçüncü dәrәcәdәdir. Oddan bәrk olan şey sudur ki, odu söndürür vә sәxtlik әnasirinin dördüncü dәrәcәsindәdir.

Rüstәm bәy vә Mirzә Hәsәn  әllәrini ağızlarına basıb gülürlәr.

Sudan  bәrk olan şey buluddur ki, su haman buluddan әmәlә gәlir. (Yenә içәri otaqdan  sәs gәlir, yenә Mirzә Mәhәmmәdәli hirsli deyir). Sәs gәlmәsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bәli, ağama әrz olsun ki, buluddan bәrkraq olan şey yeldir ki, buludlara hәmişә yeldәn fәrman çıxır. (Bir qәdәr dikәlib hәvәsә gәlir). Yeldәn bәrk olan şey mәlәkdir ki, yellәri idarә edir; yәni haraya göndәrmәlidir, göndәrir; göndәrmәli deyil, göndәrmir. (Bir az da ucadan vә hәvәsli). Mәlәkdәn bәrk şey mәlәkül-mövtdür ki, mәlәki qәbzi-ruh edir. Hı ... gülәrsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mәlәkül-mövtdәn dә bәrk olan şey bilirsiniz nәdir? Ölümdür, ölüm! Hı ... gülәrsiniz! (Dәxi dә hirsli). Bәs bilirsiniz ki, ölümdәn bәrk şey nәdir? Bilirsinizmi, ey lüğәt yazanlar?... Ölümdәn bәrk şey xudavәndi-alәmin әmridir ki, lazım olan yerdә ölüm varid olur, lazım olmayanda olmur. Lazım olan yerdә vaqe olur bәlayi-nagәhanlar, misli-vәlvәleyi-sәqf-asimanlar, zәlzәleyi-sәthi-xakidanlar, xüsuf-küsuf, yenә xüsuf, yenә küsuf, ma-tәaqәbәl-mәlәvan! (Әllәrini yuxarı qalxızır vә cuşә gәlir). Siz gәrәk xәcalәt çәkәsiniz, adınızı müsәlman qoyub islam elmlәrinә istehza edirsiniz (çığıra-çığıra durur ayağa). Niyә gülürsünüz? Burada ilan oynatmırlar ki? Mәgәr insan öz qәbahәtini gәrәk annamaya? Eyb deyil? (hirsli gedir qapıya tәrәf).

Rustәm  bәy vә Mirzә  Həsәn dururlar ayağa vә Mirzә Mәhәmmәdәlinin qabağını kәsib deyirlәr.

R ü s t ә m    b ә y   vә  M i r z ә    H ә s ә n. Dayan bir, dayan bir!

Çöl  qapıdan S ә m ә d  V a h i d  girir içәri vә qiylu-qalı görüb deyir.

S ә m ә d    V a h i d.  İştә irkaklar! Hayda arkadaşlar!
M i r z ә    M ә h ә m m ә d ә l i (hirsli vә ucadan Sәmәd Vahidә). A kişi, hәlә bilmirәm bu nә deyir ey!...

Sәmәd Vahid gedib oturur yerindә vә kağız-qәlәmini çıxardır. Rüstәm bәy vә Mirzә  Hәsәn yenә gülmәkdәdirlәr. Mirzә Mәhәmmәdәli istәyir başmaqlarını geyә, gedә.  

Z ә h r a   b ә y i m   qapıda görsәnib, Mirzә Hәsәndәn utanır vә çәkinir. Mirzә Həsən bunu anlayıb, Rüstәm bәydәn izin alıb çıxır, gedir. Zәhra bәyim yavaşca içәri girir vә qorxa-qorxa gәlir çökür bir tәrәfdә. Rüstәm bәy öz yerinә oturub kitaba baxır. Mirzә Mәhәmmәdәli qapının ağzında dayanıb, bir istәyir çıxa, bir istәyir qala.

Z ә h r a   b ә y i m (Mirzә Mәhәmmәdәliyә). Ay balam, bir dayan görüm, hara gedirsәn? Axı nә üstә bu qәdәr savaşırsınız? Ay belә sizә mәn qurban olum, axır min dәrd-sәrimiz, dost-düşmәn var!
M i r z ә   M ә h ә m m ә d ә l i. Ana, sәn allah sәn dә әl götür bizdәn!
Z ә h r a   b ә y i m.  Bala, sizin belә mәn qadanızı alım, mәnim axır siznәn vacib işim var. Mәhәmmәdәli, bala, bir gәl otur, arxayın danışaq. Sәn özün, allaha şükür, yaxşı-yamanı bilәnsәn. Axır, o qızı hәr yandan istәyirlәr; qız uşağının evdә qalmağının da bir vaxtı var. Nә deyirsәn, ay Rüstәm bala? Sәn nә deyirsәn, Sәmәd bala? Niyә dinmirsәn, Mәhәmmәdәli  bala! Bir deyin görüm, nә mәslәhәt görürsünüz? Sizә gәlәn qada-bala mәnә gәlsin.
M i r z ә   M ә h ә m m ә d ә l i (acıqlı). Mәnә dәxli yoxdur! Hәr kәsә istәyirsiniz verin.
R ü s t ә m   b ә y  (kitabı qoyur, durur ayaq üstә). Ana, mәn qabaqca da sәnә demişәm, indi dә yenә deyirәm, qoy oğlanların da eşitsinlәr: qız gәrәk öz xoşu ilә hәr kәsә ki, kefi istәdi, onu görә vә bәyәnә vә әrә gedә. Dәxi o әsrlәr keçibdi ki, qızı zornan istәmәdiyi adama әrә verirdilәr. Ancaq yenә mәn mәslәhәt görürәm ki, Gülbaharı Aslan bәyә verәk.
M i r z ә   M ә h ә m m ә d ә l i (hirsli). Әstәğfürullah! Әstәğfürullah! Әgәr Gülbahar mәnim bacımdır, mәn bu әmrә hәrgiz razı ola bilmәnәm!
R ü s t ә m   b ә y. Nә sәbәbә razı ola bilmirsәn? Xub, nә eybi var, razı olmursan, sәn de görәk kimә verәk?
M i r z ә   M ә h ә m m ә d ә l i. Mәn nә bilim? Kimә qismәt olar, ona verәrik.
R ü s t ә m   b ә y. Axır necә kimә qismәt olar? Hazır qızı istәyirlәr, dәxi yüz il gözlәtmәyәcәyik ki?
M i r z ә   M ә h ә m m ә d ә l i (bir qәdәr dinmәyib). Mәnә qalırsa, Gülbaharı Mirzә Bәxşәliyә verәrik.
                
Rüstәm bәy gülür.

S ә m ә d   V a h i d. Necә Mirzә Bәxşәliyә? Müәllim Mirzә Bәxşәliyә?
M i r z ә   M ә h ә m m ә d ә l i. Bәli, haman Mirzә Bәxşәliyә.
S ә m ә d   V a h i d. Bәn buna hәrgiz razı olmam.
M i r z ә   Mә h ә m m ә d ә l i (tәәccüblü). Necә yәni razı olmazsan? Hәlә sәn nәçisәn?
S ә m ә d   V a h i d. Bәnә qalıyorsa, Gülbaharı Hüseyn Şahidә vermәli.
M i r z ә   M ә h ә m m ә d ә l i (sağ әlini  fırladır). Pәh-pәh-pәh, buna bax sәn allah! Bu da bizә müştәri tapdı.
3 ә h r a    b ә y i m. Ay balalarım, sizә belә mәnim canım qurban, bir mәnә deyin görüm, o dediyiniz adamlar kimdilәr? Yaxşımı adamdılar, nәçidirlәr?
R ü s t ә m    b ә y. Ana, mәn dediyim Aslan bәy çox yaxşı adamdı; özü dә keçәn il yurist dәrsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetә girdi. İndi istәyir mal hәkimi olsun.
Z ә h r a    b ә y i m (Sәmәd Vahidә). Bala, sәn dediyin adam kimdi, nәçidi? Bir qulluğu varmı?
S ә m ә d   V a h i d. Ana, Hüseyn Şahid bizim gәnc әdiblәrimizdәndir, özü dә xeyriyyә mәktәbindә әdәbiyyat dәrsi müәllimidir.

Mirzә Mәhәmmәdәli başını bulayır.