Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ad günü". Hekayə. (Latın Amerikası, Kosta-Rika, 1918-1997)

Müəllif:

Fabian Dobles


Kateqoriya:

Amerika ədəbiyyatı



Qısa Təsvir:

Fabian Dobles. "Ad günü". Hekayə.  (Latın Amerikası, Kosta-Rika, 1918-1997)


Baxış sayı: 3616
    
    


Hesabdar yuxudan oyandı və o andaca yadına düşdü ki, bu gün onun ad günüdür.
O, adətinə xilaf çıxaraq ailə başçısı kimi heç kimə "sabahın xeyir"- deməsə də bunun fərqinə varan olmadı.
Səhər yeməyi zamanı çörəyin yanında oturan milçəyi öldürmək üçün əlini stola möhkəmcə çırpdı. Bu hərяkəti də nə aşbaz qadının, nə arvadının, nə də ki, hələ də ailə qurmayıb valideyn himayəsində yaşayan böyük övladlarının diqqətini çəkdi.

Üzünü qırxanda azca kəsdi və yeddi mərtəbəli bir söyüş söydü. Əlbəttə ki, söyüş söyməyi təəccüb doğuracaqdı,lakin heç kim onu eşitmədi.

Evdən idarəyə - işə gedəndə donya Eufrasiyanı öpmədi, lakin bu elə də böyük əhəmiyyət daşımırdı, çünkü hərdяn arvadını öpməyi yaddan çıxarırdı. Dəlicəsinə qapını çırpması arvadını həyacanlandırdı.
Avtobusda isə don Antonio ayağını basdalayan sərnişini möhkəm acıladı, və onu intizama çağıran sürücüyə köhnə tanışlarının təəccübünə rəğmən, qəzəblə yumruq göstərərək"aşağı düş"- dedi. Köhnə tanışlar düşündülər ki, Don Antonio təhqir olunub ki, söyüş söyür?! Belə bir şeyi həyatda az hallarda görərsən.

Onlar hiss etmədilər ki, avtobusdan düşəndə don Antonio öndə gedən sərnişinə təpik atmağa cəhd etdi, amma təpiyi boşa çıxdı.
O, iş yerini itirmək qorxusunu gizlətməyə çalışaraq idarədə də özünü həmin qaydada apardı.

Ayaq yolunda olanda bilərəkdən su bakını xarab etdi və ürəyində rəisin anasını doyunca söydü.
Nahara evə gələndə çox az yedi, heç kimi danışdırmadı. Evdən çıxanda qapını örtmədi, amma acıqla qaşını çatıb itə tüpürdü. O, otuz beş il idi ki, tüpürmürdü.

Hələ də müşahidə qabiliyyətini itirməyən donya Eufransiyanın ağlına gəldi ki, təmkinli, sakit təbiətli ərinə nəsə olub və bütün günü onsuz da özündə olmayan ərindən, onu daha da əsəbləşdirmədən nə baş verdiyini öyrənməyin yollarını aramağa başladı.

Nahardan sonra idarəyə qayıdan don Antonio həddini daha da aşdı.Mühasib heç bir səbəb olmadan nə isə soruşmaq məqsədilə ona yaxınlaşan köhnə iş yoldaşına sillə çəkdi,vacib sənədləri cırıb katibənin üzünə çırpdı.Onun bu hərəkətləri o qədər qəribə görünürdü kü, təəccüblənmiş rəisi onu işdən çıxartmaqdan çox, psixatr çağırmaq barədə düşünürdü.

Axşam saat beşdə işdən çıxandan sonra Mərkəzi parkla üzbəüz yerləşən barda bir neçə böyük qədəh boşaltdı və səkidə durmuş
jandarmı kobudcasına itələdi.Lakin jandarm heç bir ölçü götürməmək qərarına gəldi, fikirləşdi ki, bu hörmətli, abırlı şəxs sadəcə olaraq onu görməyib.

Səkkiz radələrində adamların seyrək olduğu küçələrin birində qəfildən qışqırmağa başladı; - Manuel Mora! Rədd olsun Şimali Amerika İmperializmi! - və yenidən tüpürdü, fikrindən keçirdi ki, başqalarından eşitdiyi bu şüarı ömrü boyu neçə dəfə qışqırmalıydı.
Saat ona yaxın evə gəldi. Artıq hamı şam etmişdi.

- Nə üçün məni gözləməmisiniz? - hirsindən pörtmüş halda qışqır-bağır saldı.O, əvvəllər əsəbləşəndə sifəti çəhrayıya çalardı, ya da ki, daha dəqiqi, yasəmən rəngi alardı.

Donya Eufrasiya ərinə tərəf atıldı, onu qücaqlayıb yırğalanan kürsüyə otuzdurdu, əlini çiyinlərinə qoyaraq mülayimcəsinə, nəvazişlə soruşdu:
- Hə , əzizim, de görüm, sənə nə olub? Heç vaxt səni belə görməmişdik. Biz qorxudan öləcəyik.

Bu vaxt evdə olan hər iki qızı və kiçik oğlu dayanıb heyrətlə- atalarının hərəkətlərinə baxırdılar. O, ayağa durub qəzəblə əllərini silkələdi, ayaqlarını yerə döyərək dilləndi:
- Mənə nə olub? Heç nə! Başa düşürsünüz, heç nə! Bu gün mənim altmış yaşım tamam olur. Bütün bu illər boyu həyatımda yadda qalan heç bir şey baş verməyib.
...Və onun gözləri yaşla doldu.

Tərcümə edəni:  MÜQƏDDƏS ŞAHBAZOV


E-mənbə / link: http://kultaz.com/2009/06/24/fabian-dobles-ad-gunu