Norveç yazıçısı, Nobel sülh mükafatı laureatı Knut Hamsun öz yaradıcılığı ilə yeni dövr dünya ədəbiyyatına incilər bəxş etmiş sənətkarlardandır. Onun bədii irsinin dünya ədəbiyyatı tarixində özünəməxsus yeri vardır. Avropanın şimalında yerləşən ölkəsinə, doğma torpağına qəlbən bağlı olan Hamsun öz əsərlərində geniş ictimai əhəmiyyət kəsb edən məsələlərə toxunmuş, iyirminci yüzildə dünya sivilizasiyasının əxz etdiyi bir çox yeni ziddiyyətləri və bəşəri mövzuları işıqlandırmışdır.
Təəssüf ki, dünya şöhrətli Knut Hamsunu Azərbaycan oxucuları çox az tanıyır. Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, son dövrlər hər şeyin siyasi rəngə boyandığı ölkəmizdə Knut Hamsun da bədii və elmi yaradıcılığından çox siyasi mövqeyinə görə tanınmaqdadır. Halbuki, bütün sənət adamları kimi, "pis" siyasətçi olan Hamsunun bədii irsi bəşər sivilzasiyası üçün olduqca qiymətli xəzinədir və bu xəzinədən Azərbaycan oxucusunun faydalanmasında böyük yarar vardır.
Azərbaycan oxucusunun Hamsunun yaradıcılığı ilə ilk tanışlığı keçən əsrin otuzuncu illərinə təsadüf edilir. Yazıçının "Aclıq" romanı ilk dəfə 1930-cu ildə Azərbaycan dilinə tərcümə olunaraq əski latın qrafikası ilə kitab şəklində çap olunmuşdur. Hazırda M.H. Axundov adına Milli Kitabxanada qorunan nüsxədə tərcüməçinin və naşirin adı göstərilməmişdir. Tərcümənin dili o dövrün ədəbi dilinə uyğun olduğundan bugünkü geniş oxucu kütləsi üçün o qədər də oxunaqlı və anlaşıqlı sayıla bilməzdi. Odur ki, bu əsəri müasir üslubda yeni tərcümə etməyi məqsədəuyğun saydıq. Hamsunun "Sirli dərd" adlı hekayəsi professor Cəlil Nağıyev tərəfindən tərcümə olunaraq 1990-cı ildə çap olunmuş "Bağban" toplusuna daxil edilmişdir. Yazıçının "Viktoriya" romanı isə bəndəniz tərəfindən tərcümə olunaraq bu ilin may ayında kitab halında çap olunmuşdur.
Knut Hamsunun əsərləri Azərbaycan dilində ilk dəfə geniş həcmdə çap olunacaq. Yazıçının hazırda təqdim olunan əsərlərinin iki cildliyinin birinci cildində oxucular "Aclıq", "Vitoriya" romanları, "Nağıllar diyarında" oçerki və "Sirli dərd" hekayəsi ilə tanış ola biləcəklər. İkinci cildə isə onun Nobel mükafatına layiq görülmüş "Torpağın bərəkəti" romanı və "Pan" romanı daxil ediləcəkdir. Birinci cild bu ilin sonunadək, ikinci cild isə gələn ilin may ayınadık işıq üzü görəcəkdir. Azərbaycan oxucularının Knut Hamsunun yaradıcılığı ilə geniş şəkildə tanışılığına yaxından kömək göstərdiyinə görə Norveçin Azərbaycandakı səfirliyinə və keçmiş səfir Steynar Gilə öz dərin təşəkkürümüzü bildirirəm.
Hamsunun əsərlərində həyat eşqi olduqca güclüdür. O, təbiətin sirləriniə, insanı öz əzəmətli harmoniyasına cəlb edən əzəli və əbədi varlığa iti nəzərlərlə baxırdı. Onun əsərlərini oxuduqca biz dünyanın təbii gözəlliyini görür və duyuruq. Yazıçının təbiətlə bərabər, insanın duyğularını, daxili aləminin disharmoniyasını, sevgi ehtiraslarının insanı kölə etməsini, qəribəliklərini, şıltaqlıqlarını, insan emosiyalarının dolaşıq oyunlarını, münasibətlərdə insanın gündəlik həyatındakı adiliyin və bayağılığın arxasında gizlənmiş konflikt və ziddiyyətləri təsvir etməsi daha önəmlidir.
Hamsunun əsəbi, zərif və oynaq nəsri öz qatı lirizmiylə də seçilir. Lakin bu, onun başlıca xüsusiyyəti deyil, çünki Hamsun Norveç kəndində və əyalətində on illər boyu mövcud olan dəyərləri bilən, onları doğru və canlı tərzdə təsvir edən və inamla mürəkkəb xarakterlər yaradan epik sənətkardır. Lirizm onun əsərlərinə özənəməxsus bir melodiklik verir: Hamsun öz əsərlərində Norveç kəndindəki və əyalətindəki ictimai ziddiyyətlərin, eyni zamanda şəxsiyyətin taleyinin təhlilinə geniş yer verir. O, yeni, iyirminci yüzilliyin dolaşıq tarixi hadisələrinin gətirdiyi dəyişiklikləri, yeni baxışları və insanların düşüncə tərzini zəbt edən ictimai-siyasi prosesləri təsvir edən romanlar silsiləsi yaratmışdır. Norveç kənd məişətinin və əski ənənələrin hər yerdə çat verdiyini, industrial tərəqqiylə birlikdə insafsız sahibkarlığın da durmadan onun ən ucqar guşələrinə yol tapdığını müşahidə edərək kapitalist inkişaf yoluna tamamilə tənqidi yanaşan Hamsun Norveç kəndinin ənənələrinə və təməllərinə söykənən sosial və əxlaqi dayaq axtarırdı. Hamsuna görə, doğma torpağın qoruduğu dəyərlər əbədidir.
Onun əsərləri XIX əsrin sonu XX əsrin əvvəllərindəki Norveç həyatının koloritli, şirin, canlı təcəssümüdür. Lakin yazıçının yaradıcı təxəyyülünün qayəsini yalnız bu amil təşkil etmir. Onu daha çox qəhrəmanlarının cəmiyyətlə və özləriylə mübarizədə düşdükləri konfliktoloci-psixoloci situasiyaların təsviri maraqlandırır və cəlb edirdi. Hamsunun yaradıcılığnda sosial problemlər birbaşa deyil, dolayı yolla öz əksini tapırdı, o, dünya ədəbiyyatında psixoloci realizmin görkəmli nümayəndələrindən sayılır.
Hamsun doğma vətəni Norveçi başdan-başa işğal edən kapitalizmlə mübarizəyə çox erkən başlamış və bu mübarizə onun uzun ömrünün son günlərinədək davam etmişdir. Antikapitalist motvləri və burcua demokratiyasına mənfi münasibət onun yaradıcılığında özünü açıq şəkildə büruzə vermişdir. Əsərlərində torpaq sevgisini yorulmadan tərənnüm edən Hamsun daim kapitalizmi tənqid edən mühafizəkar bir yazıçsı kimi çıxış etmişdir. O, öz retrospektiv idealını azad Norveç kəndlisinin patriarxal həyat tərzini Norveçin kapitalist inkişaf yoluna qarşı qoyurdu.
Knut Hamsun 1859-cu il avqustun 4-də Norveçin şimalında kəndli ailəsində anadan olmuşdur. Hamsunun uşaqlıq illəri olduqca ağır və yoxsulluq şəraitində keçmişdir. Yalnız kənd məktəbində ibtidai təhsil alan Hamsun bütün digər bilikləri əlinə keçən kitablardan öyrənmişdir. Hamsunun yaradıcılıq qabiliyyəti çox erkən aşkara çıxmışdır. Ədəbiyyatda özünə cığır açmaq üçün bir neçə il uğursuz cəhd etdikdən sonra 1882-ci ildə o, Amerikaya gedir. Orada Hamsunu da, əlbəttə, bir çox skandinaviyalı emiqrant kimi, xoşbəxt həyat deyil, bir qarın çörək üçün ağır əzab-əziyyət gözləyirdi. Düçar olduğu ağır xəstəlik Hamsunu iki ildən sonra vətənə dönməyə məcbur edir. Lakin bir-birinin ardınca gələn uğursuzluqlar onun gələcəyə olan böyük inamını sarsıda bilmir. "Mən yazıçıyam. Gün gələcək Norveçdə mənim haqqımda danışacaqlar", - o, amerikalı dostlarından birinə yazırdı. 1886-cı ildə o yenidən Amerikaya gedir; yazıçının nəsibi yenidən fermalardakı ağır işlər, Çikaqo şəhər nəqliyyatındakı üzücü əmək olur.
1888-ci ildə Hamsunun həyatında yeni dövr başlanır. O, Avropaya qayıdaraq Kopenhagendə yerləşir. Qəzetlərdə çap olunan "Amerikanın mənəvi həyatı" adlı oçerki böyük marağa səbəb olur. 1890-cı ildə "Aclıq" romanı küll halında çap olunanda Avropa ədəbiyyatına yeni, qüdrətli və özünəməxsus bir istedadın gəlişi hər kəsə aydın olur.
Hamsunun Kristianiyada (indiki Oslo) keçirdiyi əzablı və qorxunc gənclik illərinin üzərindəki pərdəni bir az qaldırsaq, "Aclıq" romanını bir çox cəhətlərinə görə avtobioqrafik əsər də adlandırmaq olar. O vaxtlar yazıçsının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların biganəliyi və daşürəkliyi büsbütün romana köçürülmüşdür. Onun aclıqdan fiziki əzab çəkən qəhrəmanı ətrafdakıların tam etinasızlığı ilə qarşılaşır. Hamsunun sözlərinə görə, o bu əsərdə ?ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, əsəb sarsıntılarını təsvir etməyə səy göstərib?. Əsərin qəhrəmanının hərəktlərindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloci aclıqla bağlı deyil. O sanki iki aləmdə ? gerçək və özünün uydurduğu xəyali aləmdə yaşayır. Bu ikilik romanın adında da özünü göstərir:
Yüksək poetikliyi ilə seçilən "Pan" romanında Hamsun insana təbiətin ayrılmaz bir parçası kimi yanaşmışdır. Əsərin qəhrəmanı leytenant Qlan öz ov tulası Ezopla birlikdə meşədə yaşayır. O, Edvarda adlı bir qızı sevir, həqiqi azadlığı və xoşbəxtliyi şimal yayının batmayan günlərində tənhalığa çəkilərək təbiətin sakit nəfəsini dinləməkdə görür. Sivil dünya onun üçün darıxdırıcı və cansıxıcıdır.
1898-ci ilin payızında işıq üzü görən "Viktoriya" romanı yeni dövr dünya ədəbiyyatında məhəbbət mövzusunda yazılmış ən yaxşı əsərlərdən biri kimi qəbul olunur. Dəyirmançı oğlu Yuhanneslə ağa qızı Viktoriyanın uğursuz məhəbbətini Hamsun böyük ilham və yüksək poetizmlə qələmə almışdır. Zəmanə, sosial maneələr, qəhrəmanların şəxsi həyatında baş verən dəyişikliklər bir-birini sevən iki gəncin məhəbbəti qarşısında acizdir. Hamsunun bütün qəhrəmanları kimi, Yuhanneslə Viktoriya da mürəkkəb xarakterə malik şəxsiyyətlərdir, onların incə və həssas qəlbə, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə, həssas və məğrur insanlara xas ziddiyyətli təbiətə malik olması əsərə emosional-pisxoloci məzmun verir. "Viktoriya" bu gün də Hamsun pərəstişkarlarının ən dəyərli əsərlərindən biri olaraq qalır. Bu əsəri ədibin özü də yüksək qiymətləndirmiş və təsadüfi deyil ki, böyük qızına Viktoriya adını vermişdi.
"Viktoriya" çap olunduqdan bir il sonra, 1899-cu ilin payızında Hamsun Rusiyaya və Qafqaza səfər edir, Peterburqu, Moskvanı, daha sonra Vladiqafqazı, Tiflisi, Batumu, Bakını gəzir. 1903-cü ildə o, səfər təəssüratlarından bəhs edən ?Nağıllar diyarında? adlı yol qeydlərini qələmə alır. Dərin müşahidəçilik qabiliyyətinə, incə yumor hissinə və güclü ironiyaya malik Hamsun ucsuz-bucaqsız Rusiya çölləri, başı göylərə çatan Qafqaz dağları, köhnə Tiflis, neft Bakısı, buranın insanları haqqında olduqca maraqlı fikirlər söyləmişdir. Hamsun öz oçerkində Moskva Kremli, Tiflisdəki "Asiya Məhəlləsi", Bakıdakı "İçərişəhər" və Suraxanıdakı "Atəşgah" haqqında da Azərbaycan oxucularının hədsiz marağına səbəb olacaq fikirlərini açıqlayır. Lakin bizim üçün daha böyük maraq kəsb edən onun bədnam qonşularımız haqqında qələmə aldığı müşahidələri və söylədiyi fikirləridir: "Ermənilər burada istisna təşkil edir; onlar müştərilərə öz silahlarını təklif edir, başqa yerlərdə olduğu kimi, burada da ucadan danışaraq onları tovlayırlar. Şərqdə bizə dedilər ki, yəhudi on yunanı aldada bilər, erməni isə həm yunanları, həm də yəhudiləri aldadır. Axı, ermənilərə Ararat dağı və dörd çayın cənnəti andıran yuxarı axarı məxsusdur. Üstəlik onlar xristiandırlar və yəqin ki, müsəlmanlara nisbətən daha çərənçidirlər. Amma harada ki, iqtisadi hökmranlığa nail olurlar, bəzən özlərini elə qudurğan aparırlar ki, hətta zavallı müsəlmanların salamını belə almırlar. Əlbəttə, müsəlman öz növbəsində bundan incimək barədə düşünmür, çünki heç bir şey onun təmkinin poza bilməz. Müsəlman yalnız kafirlərin onun dinini təhqir etməsinə, müqəddəslərini ləkələməsinə, yaxud qadınına əl uzatmasına dözə bilməz. O halda erkək dəvə kimi nərə çəkib hücuma keçər". Yazıçı ermənilərin ta qədimdən militarist olduğuna və silah alveri ilə məşğul olduqlarına diqqət çəkir: ?Şəhərdəki mağazalar alman və şərq mallarıyla doludur. Burada türk və ərəb malları, iran xalıları və erməni silahı almaq olar?. Hamsun bu əsərində türklərə olan rəğbətini də gizlətmir: ?Yunanlarla türklər arasında son müharibə başlayanda bir türk zabiti kimin məğlub olacağını açıq şəkildə söyləyib. Sonra o əlavə edib: ?Ah, orada qan sel kimi axacaq, çiçəklər qana bulaşacaq və yunanlar darmadığın olacaqlar. Bunu haradansa oxumuşam, bu ifadənin dili və ecazkar təsviri məni heyran edib. Qana bulaşmış çiçəklər! Jənab prussiya zabitləri, siz nə vaxt belə danışıbsınız?? Əsər real hadisələrə əsaslanan yol qeydləri əsasında yazılsa da, yüksək sənətkarlığı, bədii-estetik dəyəri, incə yumoru və lirizmiylə seçilir.
Birinci dünya müharibəsinə az qalmış Hamsun ailəsi ilə birlikdə şəhəri tərk edərək kənddə yaşamağı qarara alır. Onun bu qərarı sadəcə olaraq yaşayış yerini dəyişmək deyil, daha böyük məna kəsb edirdi. Hamsuna görə, sosial sabitliyin, milli mədəniyyətin özünəməxsusluğunun, xalqın mənəvi saflığının əsas mənbəyi patriarxal ənənələri malik kənd, torpaqla üzvi bağlılıqdır. O, ölkəsində və dünyada baş verən bütün hadisələrə mühafizəkar kəndli mövqeyindən yanaşır, onun maraqlarını maddi və mənəvi tərəqqinin yeganə meyarı sayırdı. Hamsun da patriarxal-konservativ kəndlilər kimi, şəhərə, şəhər sivilizasiyasına şübhəylə yanaşırdı. Hamsunun individual baxışları xutor kəndlisinin fərdi əhval-ruhiyyəsindən ilham alırdı.
Tarixi hadisələrin gedişi Hamsunun öz prinsiplərində yanılmadığını sübut etdi: məhz sənayeləşmə və kapitalist münasibətlərinin inkişafı birinci dünya müharibəsinin başlanması üçün stimul oldu. Müharibə və onun doğurduğu dəhşətlər onu bir daha tarixi proseslərin doğru yolla getmədiyinə inandırdı. Şəhər mədəniyyəti, maşın əsri, industrial tərəqqi insanın təbiətini dəyişdirir, onu torpağa və zəhəmətə olan üzvi bağdan məhrum edir. Birtərəfli inkişaf insanlarda narazılıq, etiraz və düşmənçilik duyğusu formalaşdırır. Hamsun tarixi tərəqqiyə düzgün istiqamət vermək istəyən qüvvələrin suallarına pozitiv cavab verməyi özünə borc bilirdi. O bu suala XX yüzil dünya ədəbiyyatının ən monumental epik əsərlərindən biri olan "Torpağın bərəkəti" (1917) romanı ilə cavab verdi.
Əsərin qəhrəmanlarının düşüncələri və duyğuları, zəhmət və xoşbəxtlik dolu həyatları tək sadə olsa da, primitiv deyil. "Torpağın bərəkəti" yalnız ürəyində torpaq sevgisi olanlara mənəvi qida verir. İsaakın böyük oğlu Sivert atası kimi kəndli olaraq qalır, odur ki, onun həyatı da sakit keçir. İkinci oğlu Yeliseyi isə şəhər həyatı cəlb edir: o, şəhərdə oxuyaraq oraya öyrəşir, evə qayıtdıqdan sonra ticarətə qurşanır, lakin atasının dəstəyi olmasaydı, hər şeyi çoxdan batırmışdı. O hər şeyi, qeyri-ciddi, başdansovdu edir. Ayaqları artıq doğma torpaqdan üzüldüyündən xoşbəxtlik ardınca Amerikaya gedən Sivert orada məhv olur. "Torpağın bərəkəti" romanı bu gün öz doğma yurd-yuvalarını tərk edərək Rusiya çöllərində məhv olan Azərbaycanlılar üçün də bariz örnək sayıla bilər.
Hamsun açıq publisistikaya müraciət etmədən, sırf bədii vasitələrdən istifadə etməklə kənd həyatının şəhərdən üstünlüyü ideyasını irəldi sürür. Onun torpağa bağlı olan bütün qəhrəmanları həyatın çətinliklərinə və sınaqlarına əzmlə sinə gərirlər. Doğma torpaqdan uzaq düşənlər isə narahat, qeyri-sabit həyat sürərək bədbəxt insanlara çevrilirlər.
"Torpağın bərəkəti" romanı ilə Hamsun bir daha qüdrətli qələm sahibi olduğunu sübut etdi. Əsərdə obrazların universal xarakterə malik, məişət çərçivəsindən kənara çıxaraq daha geniş missiya daşıyıcısı olduqları aydın şəkildə göstərilmişdir. Romanın qəhrəmanları özlərinin monumentallığı və epik dolğunluğu ilə seçilirlər. O zaman roman çox böyük uğur qazandı. Dövrün hərbi və siyasi hadisələri ilə müşahidə olunan qorxu və çaşqınlıq atmosferində Hamsunun əsəri varlığın əbədi himni, bəşəriyyətin oyanışına çağırış kimi səsləndi. "Torpağın bərəkəti" romanı 1920-ci ildə Nobel sülh mükafatına layiq görüldü, əsər bütün Avropa dillərinə tərcümə olunaraq müəllifinə dünya şöhrəti qazandırdı.
1936-cı ildə işıq üzü görən "Qapalı dövrə" romanı ilə Hamsunun yetmiş ildən çox davam edən bədii yaradıcılığı faktiki olaraq sona çatır. Lakin onun son əsəri 1949-cu ildə, yazıçının 90 yaşında çap olunmuş gündəlik qeydlər və xatirələrdən ibarət "Ot basmış cığırlar" kitabıdır. Bu tarixlərin arasındakı zaman kəsiyi Hamsunun həyatının ən ağır və kədərli dövrləridir.
Burcua inkişaf yoluna inamsızlığı, ictimai-siyasi məsələlərə mühafizəkar münasibəti, kapitalist işbazlığının beşiyi saydığı Amerika və İngiltərəyə olan patoloci nifrəti, eyni zamanda Almaniyaya bəslədiyi rəğbət və böyük ümid, təxəyyülünün zənginliyi Hamsunun siyasi baxışlarının formalaşmasında mühüm rol oynamışdı. Norveçin Almaniya tərəfindən işğalı zamanı kollaborasionist damğası vurulan qoca yazıçının mövqeyini birmənalı qiymətləndirmək olmur. Çünki o zaman artıq çox qocalmış və eşitmə qabiliyyətini itirmiş Hamsun ətraf dünyadan tamamilə təcrid olunmuş, insanlarla ünsiyyətdən imtina etmişdi. O, dünyada baş verən hadisələrdən həyat yoldaşı Mariya Andersen vasitəsilə xəbər tuturdu. Bundan əlavə, Hamsunun almanların ona olan rəğbətindən istifadə edərək həbs olunmuş mədəniyyət xadimlərini azad etdirdiyinə, qəddarlığı ilə seçilən faşist generalı Terbovenin Norveçdən uzaqlaşdırılmasını Hitlerdən şəxsən tələb etməsinə dair təkzibolunmaz faktlar mövcuddur.
Knut Hamsun 1952-ci il fevralın 19-da Nörholmdakı evində 93 yaşında vəfat etmişdir. O həm insan, həm də yazıçı kimi ziddiyyətli şəxsiyyət idi. Lakin onun bədii dühası və istedadı o qədər qüdrətli və əzəmətlidir ki, dünya durduqca oxucular tərəfindən böyük rəğbətlə qarşılanacaqdır. O bizim yaddaşımızda daim gözəlliyi və sevgini tərənnüm edən böyük ədib, insan ruhunun dərinliklərini, dünyanın əbədi təzadlarını ustalıqla təsvir edən dahi sənətkar kimi qalacaqdır.
E-mənbə / link: http://www.mia.az/news/1026.html