Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"142 yaşlı Səttarxan"

Müəllif:

Bələdçi


Kateqoriya:

Bilgili



Qısa Təsvir:

Xalq hərəkatının sükanı arxasında qorxmaz və igid bir sərkərdə dayanmışdı


Baxış sayı: 5228
    
    


Qəhrəman Səttarxanın anadan olmasından 142 il ötdü. Etiraf edək, hələ də Azərbaycanın bu qəhrəman oğlunun özünəməxsus cəhətlərinə bir millət olaraq istənilən səviyyədə sahib ola bilməmişik, onun faciəsindən dərs almamışıq. Tariximizin şanlı səhifələri az deyil. Amma çox təəssüf ki, milli tariximizin əksər çağlarında özümüz olmamışıq, yəni tarixi taleyimizə sahiblik etməmişik. Bir xalq olaraq böyüklüyümüz bizi sevməyənləri dəhşətə gətirsə də, bunun fərqində olmamışıq, sürətlə özümüzdən ayrılmışıq. Dünyanın indiki gərgin çağında millətin özünü təsdiqi daim mübarizə tələb edir. Ötən yüzildə Güney Azərbaycanda baş verən tarixi hadisələri dönə-dönə öyrənməyimiz, sabahımız üçün yaşarı qənaətlərə gəlməyimiz bu mənada çox gərəklidir.

Tanınmış araşdırmaçı Əkrəm Rəhimli ilə yenilməzlik rəmzi Səttarxanın ömür yolu, mübarizəsi barədə söhbətləşdik.

Hazırladı: Elçin Qaliboğlu


Ötən yüzilin əvvəllərində Rusiyada çıxan \"Novaya Vremya\" dərgisinin \"Xalq qəhrəmanı\", İtaliya mətbuatının \"İranın Hannibalı\" adlandırdığı Məşrutə hərəkatının rəhbəri Səttarxanın həyatı, onun keçdiyi mübarizə yolu, xüsusən Məşrutə hərəkatındakı tarixi rolu, sərkərdəlik məharəti və ömrümün faciəli sonluğu barədə danışan Ə.Rəhimli deyir: \"Tehranın yaxınlığında, Həzrət Əbdüləzimin \"Tuti\" adlanan bağında adına və qəhrəmanlığına layiq olmayan çox sönük bir məzarda uyuyan Səttar Hacı oğlu 1867-ci il avqustun 16-da Qaradağda anadan olub. Atası Hacı Həsən ailəsini şəxsi təsərrüfatı və xırda alverlə dolandırarmış. Hacı Həsənin vəfat etmiş əvvəlki arvadından bir qızı və bir oğlu, sonrakı evləndiyi arvadından isə Səttar, İsmayıl və Qafar adlarında üç oğlu, bir qızı dünyaya gəlir. Səttar üçüncü oğlan uşağı idi. O, ilk təhsilini mollaxanada almış, erkən yaşlarında mədrəsəni tərk edərək təsərrüfat işlərində atasının köməkçisi olmuşdu\".
Səttar uşaqlığından zirək imiş: \"Çevik, uşaq oyunlarında belə məğlub olmağı sevməyən imiş, bu fərqləndirici cəhətlər onu öz yaşıdları arasında fəxri \"xan\" titulu ilə məşhurlaşdırmışdı. Səttarxanın böyüyüb boy atdığı ailə çarizmin, həm də şahlıq istibdadının barışmaz düşməni idi. Hər iki zülmkar rejimin əleyhinə çıxanlar çox vaxt Hacı Həsənin komasında sığınacaq tapırdılar. Çar məmurlarının zorakılığı əleyhinə olduğu üçün Arazın o biri sahilinə - Qaradağa keçən Fərhad adlı şəxs Səttarxanın qardaşı İsmayıl tərəfindən himayə olunmuşdu. Fərhadı himayə edib gizlətdiyi üçün Təbriz vəliəhdinin əmrilə İsmayıl dara çəkilmişdi.
Oğlunun dərdinə dözə bilməyən, həm də yerli məmurlar tərəfindən təqib olunub izlənilən Hacı Həsən Qaradağdan Təbrizə köçmək məcburiyyətində qalır. O, Təbrizdə uzun müddət yaşaya bilmir, xəstələnir və yenidən Qaradağa qayıdır. Az sonra burada vəfat edir və Ağyazı kəndindəki qəbiristanlıqda dəfn olunur\".
Təbrizə köçdükdən sonra şəhərin sosial-siyasi mühiti və Səttarxanı əhatə edən insanlar onun dünyagörüşünün formalaşmasında, vətənə, xalqa bağlılıqda müstəsna rol oynayır: \"Rejimin əleyhinə çıxan şəxsi müdafiə etdiyinə, həmin şəxsin tərəfini saxladığına görə 1898-ci ildə Səttarxan Təbrizdə həbs olunur və Ərdəbilin \"Narınqala\" zindanında iki ilə yaxın məhbus həyatı keçirir. Səttarxan həbsxanada tanış olduğu bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyilə zindandan qaçır. Bir müddət Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan Səttarxan rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığa qarşı mübarizə aparan dəstələrə qoşulur. Bu haqda Seyid Əhməd Kəsrəvinin, İsmayıl Əmirxizinin, Kərim Tahirzadənin, Səməd Sərdariniyanın, Rəhim Rəisniyanın, Məmmədrza Afiyətin, rus şərqşünası S.M.İvanovun və başqa müəlliflərin əsərlərində dəyərli faktlar var. S.Ə.Kəsrəvinin yazdığından bəlli olur ki, Səttarxan məşrutəçilərə qoşulmazdan xeyli əvvəl dövlətin \"qaçaqçı\" adlandırdığı partizan dəstələri yaratmış, iqtidar nümayəndələrinə, zülmkar məmurlara və mülkədarlara qarşı hücumlar təşkil etmişdi. Rejim əleyhinə silahlı dəstələr təşkil etməzdən əvvəl Səttarxan Mərəndə gəlir və atasının tanışı Rzaqulu xanın vasitəsilə bir müddət Mərənd-Xoy-Salmas xətti üzrə yol mühafizəçisi vəzifəsində çalışır, çox keçmədən bu işi tərk edib əvvəl Tehrana, sonra isə Xorasana gedir və orada çox davam gətirə bilməyib yenidən Təbrizə dönür\".
Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı: \"Xalq hərəkatının xofu qarşısında millətə məşrutə azadlıqları vəd edən Müzəffərəddin şahdan fərqli olaraq taxt-taca gələn Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənib xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu. Bunun ardınca 1908-ci il iyunun 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı.
Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla \"Mərkəze-Qeyb\"in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük və danılmaz xidmətləri olmuşdu. Bu tarixi xidmət həm İranda, həm də onun hüdudlarından kənarda obyektiv tarixçilər və tədqiqatçılar tərəfindən dönə-dönə qeyd edilib. Məmmədəli şahın Məşrutə hərəkatına xəyanət etməsinə, rejimin işə saldığı zorakılığa və amansız cəza tədbirlərinə qarşı təbrizlilərin etirazı əvvəlcə bazar-dükanın bağlanması və kütləvi nümayişlərlə başlamışdı. Hakimiyyət orqanları və qoşun xalqa qarşı zor tətbiq etmək istədikdə məşrutəçilər zora zorla cavab vermək məcburəyyətində qalmışdılar\".
Əkrəm Rəhimli deyir ki, bu Təbriz üsyanının ilk mərhələsi hesab edilir: \"Qütbləşmədə siyasi qüvvələrin üz-üzə dayandığı və ölkədə vəziyyətin gərginləşdiyi belə bir dövrdə ümumiran miqyasında Məşrutə hərəkatının azadlıq mərkəzi Azərbaycana - Təbrizə keçdi\". Şəhərdə xalq hərəkatının sükanı arxasında Səttarxan kimi qorxmaz və igid bir sərkərdənin dayanması hərəkatın gedişində demək olar, əsaslı dönüş yaratmış oldu: \"Xalqın adından şaha və mərkəzi dövlətə olan müraciətlərə və vurulan teleqramlara heç bir müsbət cavab verilmədiyi üçün xalq zorakılığa zorakılıqla cavab vermək üçün ayağa qalxmaq və haqqını silah gücünə almaq məcburiyyətində qaldı. 1907-ci il yanvarın 26-da dövlət idarələri, rabitə və teleqrafxana, gömrük məntəqələri, silah və hərbi sursat anbarları Təbriz məşrutəçiləri tərəfindən tutuldu. Başda Məmmədəli şahın Azərbaycandakı valisi Nizamülmülk olmaqla dövlət məmurları həbsə alındı, dövlət idarələrinin və evlərin üzərinə məşrutəçilərin bayrağı sancıldı. Beləliklə, Məşrutə hərəkatının ağırlıq mərkəzi Təbrizə keçir\".
Hadisələrdə diqqəti çəkən ən mühüm cəhətlərdən biri Tehrandakı əhalinin və digər əyalətlərdəki insanların böyük əksəriyyətinin Azərbaycandakı olaylara və onun rəhbərlərinə bəslənilən hüsn-rəğbətin yüksək olması və bu işin alqışlanmasıdır: \"1907-ci ilin fevralında Azərbaycandakı məşrutəçilərin uğurları, Azərbaycandan Tehrana danışıqlar üçün gedən nümayəndəliyin irəli sürdüyü tələblər və şah qoşunlarının hücumunun boşa çıxması, eləcə də rejimə qarşı təzyiqlərin günbəgün artması Məhəmmədəli şahı geri çəkilməyə məcbur etdi: ölkə konstitusiyalı monarxiya elan olundu və xalqın verdiyi tələblərin əksəriyyəti şah tərəfindən qəbul edildi. Bu, Məşrutə hərəkatının qələbəsi idi. Bu qələbədə Səttarxanın başçılıq etdiyi Təbriz üsyanının və bütün Azərbaycan məşrutəçilərinin böyük payı var idi. Ölkənin Məhəmmədəli şahın nəzarətindən tam çıxmaq qorxusu ingilis-rus sazişinin taleyinə ciddi təhlükə törətdiyindən Çar Rusiyası və Böyük Britaniya krallığı bütün vasitələrlə İrandakı despotik quruluşun müdafiəsinə qalxdılar. Onların əlilə Tehran məşrutəçilərə qarşı geniş miqyaslı hücuma hazırlaşdı. 1907-ci ilin payızından 1908-ci ilin əvvəllərinə qədər Tehrandan başlamış İsfahan, Rəşt, Təbriz, Şiraz və digər əyalətlərdə məşrutəçilərin üzərinə çoxşaxəli hücumlar başlandı. Bu hücumların təşkilinə və təchizatına, hətta hərbi rəhbərliyinə İrandakı əcnəbilərin, ilk növbədə rusların və ingilislərin hərtərəfli köməkliyi olmuşdu. 1908-il iyulun 22-də Tehranda hərbi vəziyyət elan olundu.

 

Tehranda şah sarayı xeyrinə baş vermiş olaylar Təbrizdə və Azərbaycanın digər yerlərindəki şahpərəstləri və Məşrutə əleyhinə olan mürtəce qüvvələri məşrutəçilər üzərinə yeni hücumlara ruhlandırdı. 1908-ci ilin yayında Qaradağlı Rəhimxan 500 atlısı ilə Təbriz məşrutəçiləri üzərinə hücum çəkdi. Mərəndli Sücanizam da Təbrizin şimalında Rəhimxana qoşuldu. Onlar mərkəzi hökumətin Mir Haşımın başçılığı altında Təbriz üzərinə yeridilmiş qoşunla birləşib şəhəri hər tərəfdən üzük qaşı kimi mühasirəyə aldılar. Belə bir vəziyyətdə şəhərin bəzi məhəllələrində məyusluq və çaşqınlıq yarandı. Daxildəki düşmən qüvvələr fürsətdən istifadə edib əhalini müxtəlif üsullarla mübarizə meydanından uzaqlaşdırmağa çalışırdılar. Tehranda Məclis dağıdıldıqdan sonra zərbə məşrutəçilərin güclü olduğu Təbrizə yönəldi.
Bu zaman Təbriz isə Tehranda ağır məğlubiyyətə düçar olmuş Məşrutə tərəfdarlarının köməyinə can atırdı. Səttarxanın təşəbbüsü və iştirakı ilə 300 nəfərdən ibarət xüsusi silahlı atlı mücahid dəstəsi Tehrana doğru yola düşdü. Təbrizin hər tərəfdən mühasirəyə alınması və şəhərdə vəziyyətin gərginləşməsi ilə bağlı Təbriz əncüməninin və \"Mərkəze-qeyb\"in məsləhəti əsasında Səttarxanın atlı dəstəsi Basmınc rayonu ərazisinə çatar-çatmaz geri - Təbrizə qayıtmalı oldu. Kəsrəvi bu haqda yazır ki, Səttarxanın Təbrizə qayıdışı düşmənin Təbrizi diz üstə çökdürmək planını pozdu, döyüşən mücahidlərdə ruh yüksəkliyi və düşmən üzərində qələbəyə inamı artırmış oldu, düşmən qüvvələr üzərinə bir-birinin ardınca zərbələr endirildi və ara-sıra evlərin üzərindən asılmış təslimçilik rəmzi olan ağ bayraqlar yoxa çıxdı, pozucu qüvvələrə qarşı təsirli cəza tədbirləri görüldü. Məşrutə uğrunda Təbrizdəki döyüşlər və şəhərdəki mütəşəkillik Səttarxanın səriştəsi, onun sərkərdəlik bacarığını, ağır döyüş məqamında vəziyyətdən məharətlə çıxmaq qabiliyyətini və ən başlıcası hərbi fitri istedada malik olduğunu bir daha nümayiş etdirdi. Bu döyüşlər onu xalqa məğlubedilməz hərbi sərkərdə kimi tanıtdırdı, nüfuzlu, zəkalı tarixi bir şəxsiyyətə çevrilmiş oldu\".
1909-cu ilin fevralından dekabrına qədər Təbriz şəhəri 11 ay düşmənlərin ardı-arası kəsilməyən hücumlarına və mühasirəsinə məruz qalarkən Təbriz Məşrutə hərəkatının qəhrəman şəhəri, Səttarxan isə bu qəhrəman şəhərin əbədi fəxri vətəndaşı adına yüksəldi.
Əkrəm Rəhimlinin sözlərinə görə, Təbrizin qəhrəmancasına müdafiəsi və birləşmiş düşmən qüvvələrə bir-birinin ardınca zərbələr endirilməsi xəbəri ölkənin digər regionlarındakı məşrutəçiləri şahpərəstlərin üzərinə hücuma keçməyə ruhlandırıb: \"1909-cu ilin yanvarında İsfahanda məşrutəçi qüvvələr dirçəldi və dövlət idarələrini tutdular. Hadisələr 1909-cu il 13 iyunda Məhəmmədəli şahın taxt-tacdan əl çəkib qaçması ilə nəticələndi. Məhəmmədəli şahla ölkəni idarə etməyin və İranı təsir dairələrində saxlamağın çətin olacağını anlayan Rusiya və İngiltərə saraydakı çevrilişi dəstəkləmək məcburiyyətində qaldılar. Məhəmmədəli şahın yerinə 14 yaşlı oğlu Əhmədi şahlığa gətirdilər. Müvəqqəti hökumət təşkil olundu. Yeni hakimiyyət, eləcə də Çar Rusiyası və İngiltərə üçün ən çətin problem Güney Azərbaycandakı azadlıq hərəkatını boğmaq və Təbriz məşrutəçilərini susdurmaq idi. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttarxanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirmişdi: \"Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir\". Hərəkatın başçısını və \"Müdafiə Şurası\" üzvlərini ələ almağın, aldatmağın mümkünsüzlüyünü görən çar Rusiyasının Təbrizdəki konsulluğu, onun əlaltıları xəyanətə və hiyləyə əl atdılar. 11 aylıq mühasirə ilə əlaqədar aclıqdan, ərzaq çatışmazlığından dözülməz dərəcədə əziyyət çəkən Təbriz sakinlərinə \"kömək\" məqsədi ilə Culfa-Mərənd-Təbriz yolunun silahlı mücahidlərindən təmizlənməsi və \"azuqə\" gətirən rus hərbiçilərinə toxunmamaq haqda Təbriz Müdafiə Şurasından icazə alındı və bu ad altında silahlı rus \"xilaskarları\" 1909-cu il aprelin 25-də Təbrizə doluşdular. Onların gəlişilə Təbrizdə vəziyyət dəyişməyə başladı. 11 aylıq mühasirə zamanı bir çox qəhrəmanlıq, igidlik və vətənpərvərlik səhnələrilə zəngin olan Təbriz 1910-cu ilin avqustunda yenidən düşmən əlinə keçdi. Sərdari-milli Səttarxanın başçılığı altında hərəkata, xüsusən Təbrizin 11 aylıq qəhrəmancasına müdafiəsinə aid insanı heyrətə salan qəhrəmanlıqdan söhbət açan lövhələr çoxdur. Məşrutə düşmənləri üçün Təbrizdə ən qorxulu və təhlükəli məsələ Səttarxanın Təbrizdə qalması idi. Xalq içərisində böyük hörmət və nüfuzu olan Sərdari-millinin Azərbaycandan uzaqlaşdırılması həm Tehran, həm də əcnəbi qüvvələr üçün çox vacib idi. Səttarxana və onun silahdaşlarına təzyiqlər edildi, yalan və hiylə işə salındı. \"Ümumi razılığa gəlib işləri yoluna qoymaq üçün\" Səttarxan dövlət tərəfindən Tehrana dəvət olundu. Səttarxan Bağırxanla birlikdə 100 nəfər atlı mücahidin müşaiətilə Tehrana yola düşdü. Səttarxan Təbrizdən 100 mücahidlə Təbrizə yollansa da, yolboyu ona razılığı olmasa da, daha 200 könüllü qoşulmuşdu. Səttarxana və onun dəstəsinə dövlət tərəfindən Atabək parkında iqamətgah ayrılır. Səttarxan dəstəsi ilə parkda olarkən Tehran şəhəri polis idarəsinin başçısı, erməni Yepremin əmrilə hər tərəfdən atəşə tutulur. Bu qanlı terror bilərəkdən uzun müddət xalqdan gizli saxlanılmışdı. Erməni dığasının odlu silahından açılan atəşin zəhərli gülləsi Sərdari-millini ayağından yaralayır. Aldığı yaradan uzun müddət yatağa düşən Səttarxan 1914-cü il noyabrın 16-da vətəndən uzaqda - Tehranda gözlərini əbədi yumdu. Onu Tehranın yaxınlığındakı Həzrəti-Əbdüləzimin \"Tuti\" adlanan bağında dəfn etdilər. İranda yaşayan bütün xalqlar İrana azadlıq rüşeymləri gətirmiş və bu yolda canlarını fəda etmiş Məşrutə qurbanlarına və onların sərkərdəsi Səttarxana borcludurlar\".


E-mənbə/link: http://xalqcebhesi.az/news.php?id=7578