Bərdədə olduğum bir həftə ərzində hər iki günə üç kitab oxudum.
“İncil”in kəlamları ilə toxtayandan, arasını ayri gözlə təzədən açdığım Yusif Səmədoğlunun “Qətl günü” ağzımı ayrıq qoyandan, aşıq yaradıcılığına, el bayatılarına, Molla Pənah Vaqifə qayıdıb Azərbaycan türkcəsinin enerjisini canıma çəkəndən, İsi Məlikzadənin “Dədə palıd”ının kölgəsində bir hovr dincələndən, kiril əlifbasına tərcümə olunmuş rumın hekayələrinə nəzər salandan sonra yazıçı Elçinin yaşca məndən iki-üç yaş xırda olan bir kitabını əlimə götürdüm, nəfəsimi içimə çəkib, ön sözünü, yanılmıramsa, xalq yazıçısı Mirzə İbrahimovun yazdığı o cilddən dörd povest oxudum.
Az vaxtda çox kitaba girişməyin kəsiri budur ki, OXU PROSESİ bitər-bitməz cümlə-cümləyə qarışır, fikirlər dolaşır, adam oxuduğundan yox, özündən bədgüman qalır, qafasında hara nə qoyacağını bilmir, istər-istəməz təəsürat təfsilatı üstələyir.
Başım çəkdiyindən Elçinin povestlərini tamamlayıb özümü Qarabağ kanalının qırağında balıq tutmağa verdim- Lək kəndində rəhmətlik Kərəm kişinin kitabxanasından seçdiyim oxunası əsərlərin qalanına yaxın durmadım.
Ürəyimdə tutmuşdum ki, Bərdədən qayıdanacan düşüncələrimi hamarlayım, xüsusən də Şuşanın dumanına həsrət qalmış o qırmızı qoftalı, yaşıl tumanlı, dədə-baba ocağına qayıtmağa hələ də gümanlı gözəlin on yeddi ildir yataqxanalarda, pansionatlarda çəkdiyi zülmü, Qarabağın ağır taxtalı kişilərinin o havaya qol qaldırmadan Şuşanın dumanına ruh kimi qarışmalarını balataya çevirib Elçinin həyat və yaradıcılığı haqqında Bakıda bir yazı yoğurum.
Yuvarlasaq, mənimlə yaşıd olan povestləri ürəyimə salmışdı ki, ŞƏHƏRİ TANIYAN ƏYALƏT ADAMI Yusifdən-“Qətl günü”nün yazarı Yusif Səmədoğludan fərqli olaraq, Elçin ƏYALƏTİ TANIYAN ŞƏHƏR ADAMIDIR.
Azərbaycan türkcəsinin tempramentinə, yerli (milli), sovet və dünya ədəbiyyatının cikinə-bikinə bələd olmaqla bahəm, “Quran”dan çox, “İncil”ə yaxın olan yazardır- məncə, əsl yazıçı elə belə də olmalıdır.
“İncil”i oxumağımla çağdaş Azərbaycan ədəbiyyatının əsas simaları- Anar, Ramiz Rövşən, Vaqif Bayatlı, Kamal Abdulla, Vaqif Səmədoğlu, Əkrəm Əylisli və başqalarının indiyə qədər mənə qaranlıq qalan düşüncə yönlərini kəşf etmişdim və bir də bunu yazmağa məqam gözləmişdim: ELÇİNİN DİLİNİN altındakı azadlıq, üstündəki şəhər etikası ilə “İncil”də gizlənən Romanın polis ruhu, vətəndaşlıq kültürü arasında, sözümü qəribçiliyə salmayın, sanki qılıq var.
Bu gün Qərb dünyasında din dövlətə, hökumət vətəndaşa, cəmiyyət demokratiyaya ona görə təhlükə yaratmır ki, xristianlıq öz bətnində Romanın şəhər mədəniyyətini və vətəndaşlıq fəlsəfəsini gələcək nəsillərə daşıyıb.
“İncil” səmavi kitablar arasında ədəbiyyata məhz ona görə yaxımdır ki, dərinliyində şəhər kültürü yatır.
Ədəbiyyat, özəlliklə də nəsr şəhər mədəniyyətinin, sənayenin, elmi-texniki tərəqqinin (ilk növbədə çap avadanlığının təkmilləşməsinin) elementidir və bu açıdan baxanda 20-ci əsrin ikinci yarısında Azərbaycan prozasını dünyaya çıxartmaq şansı olmuş üç adamdan biri qismində Elçin dəydi gözümə.
Bakıda bilgisayarı açan kimi onun “525-ci” qəzetdə dərc olunan və Zahir Əzəmətin Azərbaycanda ən uğurlu ədəbi web-proyekt olan www.kultaz.com saytında yayınlanan “AZƏRBAYCAN ƏDƏBİ PROSESİNDƏ NƏ BAŞ VERİR?” adlı məqalələr silsiləsini oxudum.
Qoyduğu başlıq dilə yatımlı olmasa da (“… prosesində nə baş verir” sualı əcnəbi sözün mənasını lüğətdə dəqiqləşdirəndə xeyli nataraz görünür) ədəbi çevrələrə təmkinli, ağayana və aydın mesajlar verdiyi üçün görkəmli yazıçımıza nəzakətdən-etiketdən uzaq, səmimi bir təşəkkür düşür.
Elçin müəllimin məqalələri gerçəkdən təqdirəlayiqdir: təkcə YAZIÇIDAN və YAZIDAN QORXAN ƏDƏBİ TƏNQİDƏ dirçəlmək, görüb-götürmək, özünü təsdiq eləmək üçün stumul vermədi; həm də son illər qəsdinə dayanılmış YAZIÇI SOSİAL STATUSUnun qorunması baxımından səmərəli oldu.
Elçinin müəllimin öz harizmasından çağdaş ədəbiyyata avans verməsi, lokal və mətnqırağı intriqalara məhəl qoymayıb ağrılı problemləri incələməsi, yeri gəldikcə ADAMLARLA PROSES ARASINDA BARIŞDIRICI ROL OYNAMAĞA ÇALIŞMASI da çox gözəldir.
Bütün bunların dışında, razılaşdığımız və razılaşmadığımız tezislər isə, əlbəttə, var.
İstənilən yazıda, mətndə ən önəmli olan PROBLEMİN QOYULUŞUdur və usta yazıçımız qaldırdığı problemləri oxucunun qarşısında yerə belə qoyur:
“…bu gün Azərbaycan ədəbi prosesinin xəstə bir cəhəti, bəlkə də, artıq xüsusiyyətidir, çünki bu gün ədəbi prosesdə hegemon- həvəskar sözüdür. …məhz bu hegemonluğa görə də bizim ədəbi prosesdə ədəbi diaqnozlar çox zaman dəqiq qoyulmur, sənət ilə anti-sənət arasındakı ədəbi sərhəd əriyib yox olur. Belə bir eybəcər hegemonluğun əsas səbəbi
1. professional tənqidin kəmiyyət məhdudluğudur;
2. mətbuat bolluğunun həmin məhdudluğu (boşluğu) həvəskar mülahizələri ilə doldurmasıdır;
3. antiədəbiyyatın kütlənin mənəvi dünyasında özünə yer tapmasıdır;
4. bundan istifadə edən ədəbiyyatətrafı adamların ədəbi prosesə müdaxiləsi, bəzi hallarda isə həmlələridir;
5. bütün bunlara görə də professional tənqidin pessimizmə qapanması, geriyə çəkilməsidir.
Sadalanan səbəblərin ortaya çıxartdığı nəticələri isə müəllif belə təsvir edir:
“Deməli, tənqidimiz (professional tənqidimiz!)
a) “oturuşmuş ədəbi proses” görmədiyi üçün, onu “tam və müntəzəm izləmir”, bütövlükdə “ədəbi prosesin obrazını görə bilmir”;
b) icmal yazılarda “imza kütləviliyi” olduğu üçün, onları yazmır;
c) “bütün yazıları oxumaq və təhlil etmək” üçün həvəsi və imkanı yoxdur”.
Xalq yazıçısının ədəbi mühitə, proseslərə, həmin mühitin və proseslərin yönəldici qüvvəsi olan TƏNQİDə qoyduğu diaqnozlarla yüzdəyüz razılaşmamaq mümkün deyil.
Amma çox hörmətli yazarın etiraz etdiyi qeyri-peşakarların hegemonluğuna səbəb olan beş amilin hərəsinə adicə bir NİYƏ sualı əlavə etməklə PROBLEMİN QOYULUŞ SƏMTİNİ dəyişmək də mümkündür.
Həm detalların xırdalamamaq, həm də diqqəti KONKRET MEXANİZMə yönəltmək üçün Elçin müəllimin “mətbuat bolluğunun həmin məhdudluğu (boşluğu) həvəskar mülahizələri ilə doldurması” fikrini müxtəlif suallarla təftiş edək:
a) həvəskar mülahizələrinə mətbuat bolluğumu şərait yaradır, yoxsa mətbuat o boşluğu həvəskar mülahizələri ilə doldurmaq zorundamı qalır?
b) mətbuat o boşluğu niyə peşakarların yox, həvəskarların hesabına doldurmalı olur?
c) Azərbaycanın ali məkltəblərində ən çox filologiya üzrə kadr hazırlandığı halda, nədən həvəskarlar mətbuatda peşəkarları üstələyə bilir?
Bu suallar bizi vadar edir ki, günahı mətbuatda, Yazıçılar Birliyində, Anarda, Elçin Əfəndiyevdə, Əsəd Cahangirdə, Vaqif Yusiflidə, onun qardaşı, mənim dostum Cavanşir bəydə, Tehran müəllimdə, Nərgiz xanımda, hətta BDU-nun keçmiş dekanı Nizami Cəfərovda, BSU-nun Yarfaktının rəhbəri Rüstəm Kamalda görməyək.
Xeyr, məsuliyyəti etiraz ovqatı tənqid mədəniyyətinədən çox-çox yüksək olan, hikkəsi, “baqaj”ı Umberto Ekonun termini ilə desək, empirik oxucu statusunda belə, hansısa kitabı axıracan mütaliə etməyə yol verməyən Elnur Astanbəyli kimi şər-xətaların, yaxud “Ədəbiyyat” qəzetinin naşılığının üzərinə atmaq lazım deyil, əsla!
Çağdaş musiqi ilə bağlı dartışmaların axırı gəlib toy törənlərinə çıxdığı kimi, ağzımızı ədəbiyyat, mətbuat, universitet, oxucu, zövq, həvəskar, peşəkar problemləri ilə nə qədər çox ağrıtsaq da, nəhayətdə başımızı üstdən-aşağı BAZARda yelləyəcəyik.
Axı ekonomisi azad olmayan, bazarı sərbəstləşməyən, vətəndaşı sosial fəaliyyətlərə vaxt və pul tapmayan, intellektin kapital sayılmadığı, çağdaş türk şeirinin nəhəng ismi, virtual dostum Akgün Akovanın sözləri ilə desəm, “bilginin bilgisizlikdən daha çox acı verdiyi” bir ölkədə ədəbiyyata geniş maraq necə oyana bilər? Yazıya-pozuya maraq olmayan məmləkətdə ədəbiyyat necə inkişaf edə bilər? Ədəbiyyat inkişaf etmədiyi yerdə tənqid və tərcümə industriyası necə yüksələr?
Bəli, Elçin müəllimin əl buladığı problemlərin müzakirəsi məhz ona görə fəxri adlara, fəxri xiyabanlara sarı uzanır ki, Azərbaycanda kitab bazarı yoxdur.
Ədəbiyyata da, ədəbi tənqidə və tərcüməyə də keyfiyyət sifarişini, onu rəqabət vəziyyətinə gətirən, bir sözlə, Elçin müəllimin təbirincə desək, ədəbi prosesi formalaşdıran və davamlı edən BAZARdır!
Elçin Əfəndiyev yerdən-göyəcən haqlıdır: Səlim Babullaoğlunun işığa çıxartdığı “İlyas Köçmənin şəkil dəftəri” haqqında ədəbi tənqid susur.
Amma o sükuta görə yazıçı Elçin tənqidçiləri qınamalıdır, yoxsa hansısa qəzetin və ya jurnalın baş redaktoru öz ədəbi tənqidçisinin yaxasından yapışmalıdır?
Bəs o tənqidçi ştatı o qəzetdə yerli-dibli yoxdursa, necə?
Qəzetlərin də məsələsini müzakirə edəndə yenə gəlib reklama, bazara, liberal ekonomiyə çıxacağıq.
Əgər DAHA OPERATİV VƏ DAHA OBYEKTİV yazmaq bir tənqidçinin karyerasına, məvacibinə təsir etmirsə, onda istər-istəməz ədəbiyyatın kölgə iqtisadiyyatı və çirkli pulların yuyulması üçün cəlbedici sahə olmadığını da xatırlatmalı oluruq.
Neft milyardları ölkəyə gəldikcə Azərbaycanda futbol inkişaf edəcək, ədəbiyyat yox!
Ədəbiyyatın inkişafı üçün SƏRBƏST BAZAR gərəkdir, UZUN KABLUKLU AYAQQABILARI TƏZƏDƏN GEYİNMƏYƏ EHTİYAC YOXDUR!
Mənim xalq yazıçısına etirazım, yeganə etirazım Ömər Seyfəddinin bir hekayəsinə istinadən söz saldığı UZUN KABUKLU AYAQQABILAR məsələsinə görədir.
Elçin müəllim, gəlin məsələyə bir də başqa açıdan baxaq:
Administrativ nəzarətin güclü olduğu ölkələrdə dövlət öz vətəndaşlarına məhz nökər, kəniz kimi baxır. Onlar isə əliəyrilik, yaramazlıq, nadürüstlüklər edirlər- uzağa getməyin, gözünüzün qabağına Azərbaycanı gətirin.
Olmazmı ki, DÖVLƏTli Xədicə xanım uzun kabluklarını yenidən geymək əvəzinə, öz xidmətçiləri ilə əmək müqaviləsi bağlasın, maaşlarını artırsın, iş saatlarını azaltsın, məzuniyyətlərini, mükafatlarını vaxtlı-vaxtında versin, yaxşı təqaüd kəssin, onların təhsilinin, sağlamlığının, övladlarının qayğısına qalsın, xeyriyyə tədbirləri keçirsin, müstəqil məhkəmənin, həmkarlar ittifaqlarının fəaliyyətinə, qəzetlərin inkişafına, siyasi partiyaların, QHT-lərin güclənməsinə şərait yaratsın?!
“Uzun kabluklar” həmişə həqiqətin ört-basdır edilməsinə, yalanı və saxtakarlığı görməzlikdən gəlməyə, BİRTƏRƏFLİ BAXIŞa xidmət edir.
Bəlkə elə buna görədir ki, Elçin müəllimin özü də ƏDƏBİ PROSESin bütün cinahlarını görmür, yaxud üstündən sükutla keçir?
Azərbaycanda ədəbi proseslərin cərəyan etdiyi əsas virtual məkana- www.kultaz.com saytına, “Alatoran” jurnalına, Aqşinə, Zahir Əzəmətə, Nərmin Kamala, Günel Mövluda, nəsrimizə gələn yeniliklərə ağsaqqal yazıçımız nədən göz yumur? Azərbaycan ədəbi prosesinə Həmid Herisçinin, Murad Köhnəqalanın təsiri böyükdür, yoxsa Rüstəm Kamalın?
Mən Rüstəm Kamalı şəxsən tanımıram, onun filoloq kimi potensialından xəbərim yoxdur- akademik filologiya ilə aktiv ədəbi tənqid arasında məsafənin, hətta problemlərin olduğunu da nəzərə alıb Allahsızlıq eləmək istəmirəm. Amma onu dəqiq bilirəm ki, Azərbaycanda Rüstəm Kamal adında ədəbi proseslərə cüzi də olsa təsir edən tənqidçi yoxdur.
Elçin müəllimin nasir-şüara cameəsində HADİSƏ YARADAN və mənim BÖYÜK ÖLÇÜDƏ müdafiə etdiyim məqalələri ətrafında Əsəd Cahangirin müzakirə açması Azərbaycanda əsl tənqidçinin ismini, ədəbi proseslərə kimin və necə təsir göstərdiyini aydın şəkildə bir daha ortaya qoydu.
e-Mənbə / link: http://www.mia.az/news/3826.html