Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Cırtdanlar” – Nobel mükafatçısı Harold Pinterin əsəridir. Romanda müharibədən sonra Londonda yaşayan üç cavan oğlan və bir qızın mürəkkəb münasibətlərindən söhbət açılır. Tərcümə: İlqar Əlfioğlu.Orijinaldan bədii-filoloji tərcümələr” N 09

Müəllif:

Harold Pitner


Kateqoriya:

Böyük Britaniya - İngiltərə



Qısa Təsvir:

Harold Pinter. "Cırtdanlar” – Nobel mükafatçısı Harold Pinterin əsəridir. Romanda müharibədən sonra Londonda yaşayan üç cavan oğlan və bir qızın mürəkkəb münasibətlərindən söhbət açılır. Tərcümə: İlqar Əlfioğlu. "Orijinaldan bədii-filoloji tərcümələr” N 09. Yazar barədə məlumatlar.


Baxış sayı: 3499
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Orijinaldan bədii-filoloji tərcümələr” Kulturoloji-Tərcümə Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

 

Elektron Kitab N 09

 YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 09 (122 - 2012)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

 Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net

 

Harold Pinter


 "Cırtdanlar” 


(roman)

 


 Tərcümə etdi: İlqar Əlfioğlu

 

"Cırtdanlar” – Nobel mükafatçısı Harold Pinterin əsəridir. Romanda müharibədən sonra Londonda yaşayan üç cavan oğlan və bir qızın mürəkkəb münasibətlərindən söhbət açılır.


Əsərdən seçilmiş hissələr


Başa düşürsən, elə adamlar var ki – biz səninlə onları qəşəng tanıyırıq, daim qaşqabaqlıdırlar, alınlarını qırışdırıb yaşayırlar. Hərdən bu qırışları aça biləndə dünya onlara heç də pis görünmür onda da lap nəyə desən gedərlər.

***

– Sən özün necə, daim alnını qırışdırıb yaşayırsan?

– Bəs necə. Məhz belədir. Ona görə də nə dediyimi yaxşı bilirəm.

***

– Riyaziyyat, şahmat və balet. Bütün bunlarla gərək on bir-on iki yaşında məşğul olasan.

***

Sən ondan niyə qorxursan axı? Bu ki kitabdır. O dişləmir. Götür, şüurun azadlığa çıxacaq, fəzaya pərvazlanacaq.

***

– Hər şey dəyişir, amma eyni zamanda, heç nə dəyişmir. Bütün bunlar mənim problemimin həllinə kömək edəcəkmi? Deyə bilərsən? Əlbəttə yox, gör bir kimdən soruşuram.

***

– Özü də aşkar həqiqətlə nə mübahisə edəsən ki?! Sağlam məntiq sənin haqlı olduğunu təsdiq edir. Bir də, əgər içəridə deyilsənsə, deməli, bayırdasan.

– Hə də, elədir.

– Əgər içəridəsənsə, – Len mızıldanmağında idi, – deməli, içəridəsən, hə? Bu müdrikliyi qara gün üçün saxlamaq lazımdır.

***

Sən bir buna bax. İndiyə kimi fermada fəhlə də olmuşam, bənna köməkçisi də, qablaşdırıcı da, səhnə fəhləsi də, ekspeditor da… Torf qazmışam, mayaotu yığmışam, ticarət agenti olmuşam, poçtalyon, vağzalda yükdaşıyan, riyaziyyatçı, skripkaçalan işləmişəm, hələ üstəlik bir az şeir də yazır və babat kriket oynayıram. Nə iş görməmişəm ki indiyədək? Bir mirvari ovçusu olmamışam, bir də ki feldşer. Amma bunların mənə nə faydası var? Heç nə. Adamın gülməyi gəlir; düz sözümdür. Heç vaxt güzgüyə baxıb deyə bilməmişəm ki, hə, bu, həqiqətən, mənəm.

***

– Bilirsən, – Len dedi, – səninlə söhbət eləyəndə heç vaxt arxayın olmuram ki, heç olmasa, bir kəlmə anladın, yoxsa yox.

***

– Onda bu diskussiyanın gedişindən belə bir nəticə hasil olur ki, pişik mənimkidir, – deyə, Len qapını onun dalınca bağlayaraq mızıldandı.

– Bu yalnız sənin pişiyin ola bilər.

– Niyə? Nədən belə fikirləşirsən?

– Bilirsən, onunla bir az söhbətləşdik, – Pit dedi, – sənin artırmanda.

– Nə barədə?

– Rəqəmlər nəzəriyyəsi barədə.

***

– Mark, – Pit dedi, – əgər nə vaxtsa şöhrətlənsən, bu ancaq tüpürmək üzrə çempion kimi olacaq.

***

– Onlar məni məcbur eləyirlər ki, bütün günü oturub ölüm cədvəlləri düzəldim. Mən masa arxasında əyləşərək insanları ölüm ehtimalına əsasən qruplara ayırmalıyam. Sənin kimi bir oğlan isə, Mark, ancaq ikinci kateqoriyaya düşər, birinciyə yox.

– Bəs mənim kimi oğlan necə? – Pit soruşdu.

– Niyə elə düşünürsən ki, birinci kateqoriyaya namizədsən? Mənim tanışlarım arasında beləsi yoxdur.

– Bəs sənin pişiyin necə? – Mark soruşdu.

– Onu yaza bilərsən, – Pit dedi, – ilk baxışdan yarayar, əsas məsələ detallara uymamaqdır.

***

– Yaxşı, – Len cavab verdi, – hər şey məsələyə hansı nöqteyi-nəzərdən baxmaqdan asılıdır. Məsələn, mən bir oğlan tanıyıram, həmişə ağacla maraqlanırdı. Sonra bilirsiniz neylədi? Çıxıb getdi kitabxanada işləməyə. Təsəvvür edirsiniz kitabxanada onun qarşısında necə imkanlar açıldı? Nə də olmasa, orada ağac boldur. Gəl və nə qədər istəyirsən, bax, əl vur. Nə isə, bu oğlan indi çox xoşbəxt yaşayır, dərd nə olduğunu bilmir.

***

Bir kilometrlikdən görünür ki, məhəbbət haqqında əsl soruşulası oğlan elə sənsən.

***

Günəş işığı otağı dəyişdi. Hər halda, o düşündü, mən qalxdım, müvazinət də itdi. Mən kainatın təkərlərinin hərəkətinə mane oluram. Daha doğrusu, hadisələrin təbii axarını pozdum və dünyanın ahəngdarlığına dözülməz bir zərbə vurdum. Dünyanın çarxını geri dönməyə məcbur elədim.

***

O gülümsündü. Sarsaq, iddialı bir fikir…

***

Damın su buraxması otağın çatışmazlığıdır.

***

Nə qədər ki otaq salamat vəziyyətdədir, yalnız divarlarında, döşəməsində, tavanında dəyişikliklər mümkündür. Onlar nəm çəkə bilər, çürüyə, üstünü kif basa, quruyub çatlaya bilər. Mebel, təmir, otaqdakı əşyalar – bütün bunlar otağın daxili fəzasına yalnız təsadüfi və çox vaxt da arzuedilməz müdaxilələrdir. Eynilə hər hansı bir tikilini qərəzlilikdə və yaxud kiməsə nisbətdə mənfi fikirdə ittiham eləmək, onun hər hansı bir iradəsinin mövcudluğundan şübhələnmək insan təxəyyülünün xəstəlik, ya da başqa müvəqqəti dəyişikliklərə məruz qaldığına dəlalət edir və bu cür fikirləşən insan, ən yaxşı halda, alkoqolun təsirindən doğan süni ruh yüksəkliyi vəziyyətində ola bilər. Günəşi tənqidə məruz qoymaq isə, ümumiyyətlə, absurddur. Günəş işıq saçır, Yer kürəsi isə onun ətrafına hərlənir. O nə tənqidi, nə açıq narazılığı, hətta qiyam və mədhiyyələri belə qəbul etmir və onlara heç bir reaksiya göstərmir. Onu kiminsə tərəfində durmağa təhrik etmək də mümkün deyil. Günəşin kiminsə müttəfiqi və yaxud rəqibi ola bilməsi barədə fikir istənilən vəziyyətdə qeyri-konstruktivdir və onun sənin həyatına, davranışına təsirini isə məqsədyönlü, xüsusən də qərəzli hesab etmək olmaz. Günəş maraqlı tərəf deyil. Dünyada ən böyük intellektual yanlışlıq günəşin, yaxud istənilən otağın boynuna onun hər hansı bir xarakterə malik olduğunu yıxmaqdan, onlar üçün ümumun qəbul etdiyindən fərqli bir konsepsiya formalaşdırmaqdan ibarətdir. Sən günəşə sevinə, ya da onun şüalarından gizlənə bilərsən.

***

– Qadını hermetik qutuda saxlamaq, kefin istəyəndə, özü də ancaq işıq sönəndə açıb çıxarmaq olmaz.

***

– Maraqlıdır, sən bu barədə nə düşünürsən? Axı nəhayətdə biz bir-birimizi daha tez-tez sevişməyə məcbur edə bilərik, buna nə var ki, amma bu heç də vakuumda baş vermir: mühüm olanı intim həyatın cərəyan etdiyi konkret kontekstdir.

– Yəni konkret olaraq mazaqlaşmaq?..

– İrad mahiyyətə uyğun deyil, – Pit cavab verdi.

***

Pitin heç nəyi, əslində hər şeyi udur, o yırtıcıdır, o bədxassəli şişdir. Amma bununla belə, istəyirsən inan, istəyirsən yox, o özünün boşluğuna, mənasızlığına görə kimin desən boğazını üzər, o, özünün heç nəyi naminə ölənə kimi döyüşər. O döyüşçüdür. Mənim heç nəyim isə onun kimi davranmağı heç ağlına da gətirməz; mənim quruyub qaxaca döndüyüm vaxt ərzində isə mənim heç nəyim oturub öz pəncəsini yalamaqla məşğuldur. Mənimki əsl heç nədir – tam iflicdir. Mahiyyətində nə ziddiyyət var, nə də mübarizə. Mən elə onun özüyəm. Mənim şəxsi heç nəyim elə özüməm. Mənə ümid verən yalnız budur, sevinməyə başqa məqamım yoxdur.

***

– Biz kimik – sən və mən? Əgər ikiyerlik sevgi maşınının detalları deyiliksə, bəs nəyik?

***

İstənilən ağıllı insan pişiyinin riyazi və musiqi istedadına malik olduğu üçün özünü bu hinin kralı saydığını söyləməkdənsə, susmağa üstünlük verərdi.

***

Baxda ən əsas cəhət odur ki, o, musiqini şüa kimi – ondan doğmayan, amma onun içindən keçərək özünü büruzə verən şüa kimi qəbul edirdi. «A» nöqtəsindən başlanan, Baxdan keçərək «C» nöqtəsinə çatan bir şüa. Bundan artıq deyiləsi bir şey də yoxdur.

***

– Bax – zəiflərin bəstəkarıdır. Amma eyni zamanda, o həm də güclülər üçündür, elə buna görə də onun musiqisi nə zəif, nə də ki güclü olanları sarsıdır.

***

– Bilirsən, Pit, hərdən mənə deyirlər ki, – Len yenə stolun küncündə oturaraq davam elədi, – mehriban və çılğın bir qadınla müqayisədə qalan hər şey solur və əhəmiyyətsiz görünür. Bu, tam həqiqətdir. Hətta Şekspir də bəzən adi sitat yığınına çevrilir. Lakin Bax mənim üçün heç vaxt bir neçə sevimli notdan ibarət olmayacaq.

***

– Mən, demək olar ki, bitmişəm, axırım çatıb. Artıq səs hüququna malik olmayan səhmdaram.

***

– Keçmişin kabuslarından ayrılmaq, qətiyyən məğlubiyyət deyil, uzaqbaşı taktiki bir səhvdir.

***

Lap başlanğıcda buxarının qabağında oturub qıza xarici görünüşün cazibədarlığı və bunun keçərli olduğu halların sərhədlərini müzakirə predmetinə çevirməyi təklif etdi. Şəxsən özü belə fikirdəydi ki, həmin bu sərhədlər cismin müsbət yaradıcı qüvvə olmasına nöqtə qoyulan, onun fiziki asılılığa çevrildiyi yerdən keçir.

***

Hər ikisi öz cismani qılafları ilə çərçivə sazişinə girməyə məcbur oldular, özü də bu sazişin hazırlanmasına çox qətiyyətlə girişdilər.

***

Lakin o, dünyaya öz profili və seksual mexanizm kimi istedadından daha böyük şeylər təklif edə bilərdi.

***

Hiss etdikləriylə bu hisslər haqqında düşündükləri arasında fərqi…

***

şüurlu özünüməhdudlaşdırma

***

Bunun nəticəsində onların münasibətini korlaya, hələ möhkəmlənməmiş birliyi sarsıda biləcək əlavə fikir ayrılığı, ziddiyyət yaratsın. Onda onlar məcbur olacaqlar ki, prioritet dəyərlər məsələsini nəzərdən keçirsinlər: hansı daha mühümdür – öz fikrini müdafiə etməklə konfliktə girmək, yoxsa güzəştlər əsasında ittifaqa nail olmaq.

***

Düşündüklərini həyata keçirmək özünün bir hissəsini məhv etmək bahasına mümkün olacaqdı.

***

Məsələn, onların Tanrı haqda təsəvvürləri nəyə desən dəyər. Bu, hörmətsizlik, küfr, şəkkaklıq, Xaliqlə onun məxluqları barədə anlayışların dəyişik salınması idi. Bu məxluqlar Tanrını qəbul otağına çıxarmışdılar, indi də deyirdilər ki, qoy orada gözləsin. Tanrıya onlar öz fəaliyyətlərinin bəhrəsi kimi, məişətdə çox rastlaşdıqları əşya kimi baxırdılar. Onların qurduğu şirkətin direktorlar şurası insanlardan ibarət idi, Tanrı isə elə-belə, ora-bura qulluğa göndərmək üçün idi. Tanrı ağır işin hamısını görür, onlar isə gəlirləri bölüşdürürdülər.

***

Əşşi, onlardan nə gözləyəsən, axı onlar elə adamlardı ki, qarşılarında İlahi Səltənətin qapıları açılsa belə, deyəcəklər: «Vay, oradan yel çəkir, qapını tez örtün».

***

Şair hər növbəti əsərinin altında imza qoyanda özünə zəmanətli ölüm hökmünü imzalamış olur. Onların fəaliyyəti özünü ifadə etmək deyil, özünü yaratmaqdır. Deməli, bu proses əsnasında yaranmış nə varsa həqiqət yox, yalandır. Onların yazdığı hər bir şeir artıq soyumuş ölü bədənin buraxdığı qazdan çox dəyərə malik deyil. Yaradıcılıq – mərhumun əməyidir və bu əməkdən yalnız başqa meyit yarana bilər – elə birincisinə bənzəyən və eyni mahiyyət daşıyan meyit. Yaradıcılıq naminə yaradıcılıq isə – bütün bünövrələri sarsıtmaqdır, təhrifdir və yazıçı əməyinin təhqiridir, hərçənd ki, yazarın aktiv, şüurlu məqsədi olanda bu əmək müəyyən dəyərə malik ola bilir.

Vakuumda yazmaq, yazmaq xatirinə yazmaq! Yaradıcı adamın taleyüklü səhvi budur! Yaradıcılıq tətbiqi və məqsədyönlü olmalıdır, təxminən aşpaz əməyi kimi. Əgər sən pudinqi yeməyə hazırlaşmırsansa, onda onu bişirməyin nə mənası? Yazıçı sənəti də eynilə belədir. Yazıçı əsərlərində öz-özünü öldürməkdənsə insanları məlumatlandıra, maarifləndirə, hətta bəlkə, yaxşıya doğru dəyişə də bilər. İnsan, bəlkə də, xaliqin səhvidir, amma hazırkı dönəmdə formalaşmış dünyada o çox əhəmiyyətli, hətta müəyyənləşdirici bir faktor kimi çıxış edir. İnsanlar ona görə qiymətlidirlər ki, onlar insanın canlı insanlar arasında yaşadığının deyil, mum fiqurlar muzeyində ömür sürməsinin daimi xatırladılması kimi təzahür edirlər. Yazdıqları hər kəlmə ilə onlar günah bataqlığına daha dərindən qərq olurlar.

***

Aldadıcı fikirlərin səni aldatmasına imkan vermə. Hava qədər əsassız qeydlər. Bazarda məhsul izafiliyi. Təsviri təsrifdən də bərbad.

***

Siqaret yandır və səni normal adamla səhv salacaqlar.

***

İşi sevmək lazımdır. Gündə səkkiz saat, bir də görürsən gün daha qalmadı. İş aləmi. Mənim işlədiyim və yolumun keçdiyi dünya.

***

Görəsən, qadın olmaq necə şeydir, Meyzi? Heç mən özüm də bilmirəm. Amma heç bir şey səndəkilər kimi deyil. Heç nə sallanmır, heç bir şey qabağa çıxmır.

***

İkitərəfli mərc. Nəyin varsa, hər şeyi qoyduğun mərc. Heç nəyə qarşı nəsə. Ümumi bərabərləşmə.

***

Belə qızmar günəş altında ancaq qəssab olasan. Qana susamaq.

***

Həm də belə düşünürəm ki, sabit münasibət, əgər istəyirsinizsə, şirkətin effektiv fəaliyyət göstərməsinin ən vacib tərkib hissəsidir.

***

Çıxar məni işdən. Bəsdir. Bir-birimizi yağlı pendir kimi ora-bura yaxdıq. Hə, qətiyyətli ol. Mən sənin üçün bağlı kitabam, oxuya bilməzsən.

***

Bunu da qeyd edim ki, bu fikrimdə heç tənha da deyiləm; sizin bəlli potensialınız var və mən gizlətmirəm, onun inkişafında müəssisəmiz də maraqlıdır.

***

Öz əks-sədasından zəif səslər; öz səsinin əks-sədasından doğan səslər.

***

Bilirsən necə baxırsan mənə? Bağışla ki, gülürəm. Sabah əməlli gülərəm. Sən elə baxırsan, sanki, mən də adamam.

***

Mən içimdən çürüyürəm. Yeri gəlmişkən, elə çölüm də çürüyür. Necə bilirsən, sənin evini içindən taxtaqurdu yesə, yaxşı olar? Bax bu, ona oxşayır.

***

Özünü öldürməklə həyata son qoymaq bağışlanmaz həyasızlıqdır. Buna mənim mənəvi haqqım yoxdur. Özünəqəsd idrakdan keçən əməl olmalıdır. Məqsədsizlik və mənasızlıq – mənim mövcudiyyətimin isə əsası bunlardır.

***

Hər bir ideya mütləq ciddiliyə, iqtisadi səmərəyə və incəliyə malik olmalıdır, onu ifadə edən obraz isə ideyanın özünə tam uyğun gəlməlidir.

***

– Söhbət ondan gedir ki, sən hansı aləmi və hansı koordinat sistemini nəzərdə tutursan?!

– Hansı aləmi? Bütün dünyanı – bizim dərk edə biləcəyimiz, qandığımız dərəcədə öz mükəmməl rəngarəngliyini tapmış dünyanı. Həm irəlisini, həm gerisini, həm daxilini, həm də xaricini – bir sözlə, bütün dünyanı.

– Hə, amma bəzən mənə elə gəlir ki, sən lap burnunun ucunda olan mühüm şeyləri belə dərk etməyi, anlamağı unudursan. Başa düşürsən nə deyirəm də?

– Hesab edirəm ki, sənin istənilən müdrikliyini qanmaq iqtidarındayam, onlara nə qədər dəbdəbəli don geydirsən belə.

– Bilirsən, Mark, əgər düzünə qalsa, məncə, sən, ümumiyyətlə, ətrafında baş verənlərə həddindən ziyadə az diqqət yetirirsən.

– Qəzet başlıqlarında yazılanları nəzərdə tutursan?

– Sən cəmiyyətdə yaşayırsan, ondan nəsə alırsan, amma onun qarşısında öz öhdəliklərini yerinə yetirmirsən.

– Avtobus biletlərinin dünyasını nəzərdə tutursan?

***

– Hə, mən dünya banklarının balansında bir borcam.

***

– Hərdən mən hətta şübhələnirəm ki, sən varsan, yoxsa yox.

– Amma əminsən ki, əgər varamsa, mütləq parazit kimi yaşayıram, – Mark dedi.

***

Səni onda ittiham edirəm ki, həyat üzərində təcrübə, sınaq, əməliyyat aparırsan, onda yaşamırsan.

***

– Mark, səni təhdid edən başlıca təhlükə odur ki, zaman keçdikcə subyektdən öz-özünü qavrayan insana çevriləcəksən.

***

Bəlkə, elə güman edirsən ki, qoltuğunun altında ali riyaziyyat dərsliyini gəzdirsən Len elə biləcək ki, iki dəfə ikinin neçə elədiyini bilirsən?

***

– Bilirsən, hərdən özünü lap ilan kimi aparırsan, – Len fısıldadı.

– Nahaq yerə məni tüklərimin səmtinə qarşı sığallayırsan, Len.

***


Bunun üçün dəridən-qabıqdan çıxırsan. Oturub mənə göz qoyursan. Bütün variantları tərəziyə qoyub çəkirsən, elə mənim özümü də çəkirsən. Üstümə lap qiymət kağızı da yapışdırırsan.

***

Bildiyim yalnız odur ki, onun dünyası hər gün ölür və o da məcbur olur bu dünyanı zorla diriltsin.

***

Mən dəyişmirəm. Mən ölmürəm. Mən yenə təzədən dəyişirəm. Mən xoşbəxt deyiləm. Mən dəyişirəm. İndi bədbəxt də deyiləm. Lakin tufan gələndə, dəyişmirəm. Sadəcə, başqa birinə çevrilirəm, daha doğrusu, o qədər dəyişirəm ki, məni tanımaq belə olmur. Dəyişməyə məcbur olduğum və bu dəyişməyə hər dəfə hövsələylə dözdüyüm dünyadan itərək dəyişirəm, məni dəyişmək istədikləri yerdən yox oluram; sonra dəmir maska taxaraq, kim bilir, kimin paltarını geyinib, əvvəlkindən də az başa düşə-düşə tufanın bitməsini gözləyirəm.

***

Mənim hətta pəncərəm də yarımaçıqdır. O da tam açılmaqdan imtina eləyir.

***

«Necə yaşamalı» mövzusunda dəyərsiz məsləhətlər anbarına çevrilməmişəm.

***

Amma bilirsən bu nəyə bənzəyir? İçində nəhayətsiz sərvət olan, tamamilə lazımsız, batmış ispan qaleonlarına. Onları dənizin dibindən heç vaxt qaldıra bilməzsən. Bax belə, Mark, bütün həyatımı beləcə – öz batmış sərvətlərimə dilxor-dilxor baxaraq yaşayıram.

***

– Belə gözəl əhvali-ruhiyyədə sənin əsərini ona göstərdim.

– Necə oldu, o nə dedi? – Mark maraqlandı.

– Saatına baxdı. Dedi ki, işə başlamaq lazımdır, bizi hələ yeddinci nömrə gözləyir. Başa düşürsən də, necə adamlar var: şeri oxuyurlar, sonra da bir söz demirlər. Ömründə qapını açıb içəri girməzlər. Belələri üçqat olub açar deşiyindən güdməyə üstünlük verirlər.

***

Onların təmtəraqlı nitqləri nazik parça kimidir: gözlərinə yaxınlaşdırıb baxırsan, o üzü görünür.

***

Mən axı poeziyaya qoca arvad kimi münasibət bəsləyirəm; pəncərəsinin altında gilyotin işləyərkən yağ-soğanda şorba bişirib sapəyirən qoca qarı kimi.

***

– Ziyalılar və kütlə? – Pit deyirdi. – Onların münasibətini dörd tipə ayırmaq olar. Ziyalılar ya xalqı saymırlar, ya ona yazıqları gəlir, ya onu ideallaşdırmağa çalışırlar, ya da ondan şikayətlənirlər. Əgər sən birinci münasibəti əlində rəhbər tutursansa, məhdud insansan, sarsaqsan. İkinci tipə aidsənsə, deməli, intellektual deyilsən. Üçüncü model, vaxtını boş yerə itirməkdir. Dördüncü tipə aid olanların arasında isə şəxsən özüm də varam.

– Bəs kütlələr, xalq özü nədir? – Mark soruşdu.

– Bu nə sarsaq sualdır?! Nədir, sən heç vaxt bu kasıb, dar düşüncəli, əzilmiş, qandallanmış, rəhmsizcəsinə istismar olunan, lakin bizə necə yaşamaq lazım olduğunu öyrətməyə çalışan balaca isalar barədə eşitməmisən?

– Belələrini heç vaxt görməmişəm. Onlar, yəqin ki, kirayə limuzinlərdə gəzirlər, – Len dedi.

***

İnsanlarla ünsiyyət sənəti əvvəla onların içini görmək, ikincisi isə dilini dinməz saxlamaq bacarığındadır. Əgər sənin birincisi üçün istedadın, ikincisi üçünsə hövsələn bəs edirsə, belə hesab etmək olar ki, artıq bir insan kimi, cəmiyyətin üzvü kimi mövcudsan.

***

Qaşqabağını töküb özünə darıxan adam görkəmi verə bilərsən, amma mən metafizikaya keçmək niyyətində deyiləm.

***

Bu unitaz mədəniyyətinin də, hər halda, öz sərhədləri var. Ədəbi tör-töküntü muzeyində baxıcı olmaq hələ həyatda əsas məqsəd deyil.

***

Miskinlik və ortabablıq – müasir teatr balında musiqini onlar sifariş edir.

***

– Dedi ki, əvvəlcə çətin idi, amma indi onun sınıq ürəyi sağalıb.

– Biabırçılığa bax.

– Nə mənada?

– Mən isə ümidsiz məhəbbətə inanırdım.

***

Qiymət yoxdur; alver edə bilmirik. Mərc yoxdur, rəislər yoxdur, tabaşirlə yazı taxtası yoxdur, satış yoxdur, otaq yoxdur, yer yoxdur, işarə yoxdur, rəmz yoxdur, soyuq yayın karbol izi.

***

Bax belə. Məcburi işlət. Havanı da. Qalığı qalsın.

***

İndi getmək, indi qayıtmaq. Tərpənə bilirəm. Gedim. Getməliyəm.

***

Deyə bilərsən ki, əgər insan labüd ağıldankəmliyin yaxınlaşmasını duyursa, gərək özündə daxili ruhi güc tapıb bu bəla ilə mübarizə aparsın.

***

Xaos nöqteyi-nəzərindən sən maddi deyilsən, yoxsan. Mən isə sənə bəlli olan yeganə məntiqi vahidəm. Həmin o vahid ki, onu tanımasan yaxşıdır.

***

Uşaq bağçasında sevmək asan olur. Onda həyatın özünü də dərzi santimetri ilə ölçmək mümkün idi.

***

Qürur da elə qrotesk kimi itilənmiş yersizlikdir. Ona hörmətlə yanaşmaq özünəqəsddir. Sən, heç olmasa, bunu bilirdin? Hissə-hissə özünəqəsd. Əvvəlcə göz qapaqlarını kəsirsən. Kəlbətin götürüb ayaq barmaqlarından dırnaqlarını çəkirsən. Qalanını da sonra. Hadisələrin belə axarı hadisəlikdən çıxır. Metoda çevrilir, sonradan isə hərəkətlərin mühafizəkar ardıcıllığına dönür.

***

Dünya – şöhrətpərəstlikdir. Dünya həyasız və kobuddur. Mən artıq ona mənsub olmaq istəmirəm.

***

Ləyaqətim içimdəki qurdlara yedirtdiyim əsas yeməyimdir. Onları iradəmin səhrasına çəkilməyə məcbur etmişəm, o yerə ki, orada heç kim yoxdur.

***

– Bilirsən, bütün bunlar məni nəyə döndərir?

– Bu səni Tibet lamasının Roma papası yanında çalışan ravvin köməkçisinə döndərir, – Len dedi.

– Tamamilə doğrudur.

– Dəqiqləşdirim?

– Elə belə də yarayar, pis səslənmir.

***

– Götürək kitabı. Akvinli Foma. Mən onun bir kəlməsini də oxumamışam. Nədir, indi buna görə daha yaxşı olmuşam, yoxsa daha pis?

– Daha pis.

***

– İstəsəm, bu şəhərdə istənilən kişinin arvadı mənim olar, istəsəm, onu «farağat» komandasında qoyaram, istəsəm, yatağa uzadaram.

– Mark, əsasən, bununla məşğuldur.

– Baxıram, sən də az aşın duzu deyilsən ha, – Brenda dedi.

– Milad bayramları ildə bir dəfə olur.

***

Qanun, ümumiyyətlə, ətalətli bir şeydir, kilsə qanunları isə daha betərdir.

***

Fəlsəfəni hava pis olana saxlamaq lazımdır.

***

– Ləyaqət heç vaxt həddindən ziyadə olmur.

***

– Sən mənimlə məhəbbət oyunlarına başlamamışdan əvvəl, – o dedi, – gərək qarda iz qoymadan sürüşmək öyrənəsən.

– İç.

– Bu, bir türk məsəlidir.

***

Mən günəşin iyini duyuram. Günəşli gün bitib. Mənim aram-aram ölən ölümüm, mənim ölümcül ölən tənbəlliyim necə bərk tutub yaxamdan, necə uzun çəkir.

***

Məncə, mənəviyyat, bizim istifadə etməyə adətkarda olduğumuz mənada o deməkdir ki, yanında olanlara yaxşılıq etmək lazımdır.

***

Mən başa düşmürəm, ayrıca götürülmüş hərəkət və fəaliyyətin xeyir, yoxsa şər olduğunu necə təyin etmək mümkündür. Xeyir şüurun məhsuldar vəziyyətidir, əgər istəyirsənsə, onu ictimai ləyaqət də adlandıra bilərsən.

***

Başqa adamlar barədə bütün düşüncə və narahatlıqlar, əslində, səthi, qeyri-real narahatlıqdır.

***

– Şekspirdə ən əsas odur ki, – Pit yumruğunu masaya çırparaq dilləndi, – o, insanla ideyanı müqayisə etməyə cəhd göstərmir və ən əsası isə heç vaxt «necə davranmalı» mövzusunda hazır məsləhətlər vermir.

***

Digər tərəfdən, nəzərə alsaq ki, hər hansı təcrübə mənəviyyat barədə şəxsi təsəvvürləri də neytrallaşdırır…

***

– Deyimmi sənin problemlərinin mahiyyəti nədədir?

– Nədədir?

– Yaşaya-yaşaya mifə çevrilmək istəyirsən.

***

Bütün çatışmazlıqların sənin həyasız sifətini qalın bir təbəqəylə örtür. Bax, yaxşısı budur, üzünü yumağa cəhd elə. Amma məni bir şey düşündürür ki, sənin kimi oğlan tamam sifətsiz nə edəcək?

***

– «Yox» – cavab deyil, çünki cavab həmişə «hə»dir.

***

– Orada – barın yanında bir şair vardı, – Pit dedi.

– O sənə nə dedi?

– Soruşdu ki, kim olduğunu bilirəmmi.

– Sən nə dedin?

– Dedim ki, ona oxşamırsan.

***

– Bu gün günorta bizim işdə kimsə unitaza zibil doldurmuşdu, – göz vuraraq dedi. – Kanalizasiya da tutuldu. Məndən də bir az şübhələndilər. Amma səhv etmişdilər. Səhv izə düşmüşdülər. Mən öz istəyimə tamam başqa yolla da nail ola bilərəm.

***

– Mənim ad günümə nə almaq istəyirsən?

– Hə, doğrudan ha. Sən özün nə istəyirsən?

– Kitab istəyərdim, – oğlan dedi. – Əla bir cilddə kitab istəyərdim ki, bir az maariflənim. İçində uzun sözlər olmasın. Özü də iri hərflərlə yazılsın.

***

– Yaxşı, Cinni. Mən bunu öz kitabımıza qeyd edərəm. Qara kitaba yox, qırmızısına.

***

– Suallara cavab verməyə hazırsan?

– Yox.

– Axı deyirsən ki, soruşmağa adət etməmisən. Əgər cavab vermirsənsə, soruşmursansa, onda nə edirsən?

***

– Bilirsən əsas nədir? Bilirsən, ən başlıca sual hansıdır?

– Yox, hansıdır ki?

– Əsas sual budur ki, sən kimsən? Niyə, necə, hətta nə də yox, məhz kimsən.

***

– Bilmirəm istəyimiz nədir. Amma bu istək nə olur-olsun, biz ona heç vaxt nail ola bilməyəcəyik.

– Niyə ki?

– Çünki artıq ondan varımızdır.

***

– Görünür, bu il payız erkən gələcək, – Mark dedi. – Mərc gəlirəm.

– Elə bilirəm, sən haqlısan.

Onlar yağışa tamaşa edirdilər.

– İstidən yorulmuşam, – Mark dedi. – İşim belədir də.

***

– Hə, bu, qıçımın arasına vurulmuş qəfil təpik idi. Amma indi deyə bilərəm ki, bəsimdir – daha belə xoşbəxtlik istəmirəm.

***

Mənə görə ən təbii vəziyyət – evdə tək oturub köhnə pianinoda nəsə çalmaqdır. Melodiya isə həmişə tapılar.

***

Qısası, bu söhbəti başlamağımın başlıca səbəbi budur ki, hər birimizin digərinin qulağının dibinə yaxşı bir şapalaq ilişdirmək imkanı olmalıdır – əgər bunu qaçılmaz sayırıqsa. Və sən dərk etməlisən ki, sənin kimi, mənim kimi, qanuni əclaf olmayan digərləri kimi insanlar hər birimizin şəxsi həyatındakı dəyişikliklərə, hətta məhəbbət üçbucağının yaranmasına belə dözümlü yanaşmalıdırlar ki, qisasçı, sarsaq, kor olmasınlar.

***

Təcrübə və onun nəticələri – həqiqətin meyarı budur. Sonuncu eksperiment göstərdi ki, digərlərini ölümə itələmədən də yaşaya bilərmişəm. Siz ikiniz də sağ qaldınız. Odur ki nəticə çıxarın. Ən əsası, öz fikirlərinizi qabartmayın; onlar çox pis iy verir.

***

Sən öz dostluğunu ya silaha, ya da nəsə bir alətə-dəyənəyə çevirmisən, onu əlinə alıb məni döymək də olar, sonra da götürüb Virciniya ilə yatmaq da.

***

Sizinlə ünsiyyət mənim üçün mənəvi özünəqəsd idi.

***

Əgər mənim tanrı olduğumla razılaşsaq, onda bilin ki, qısırlıq və peşmançılıq tanrısıyam.

***

İçinə taxıl yığılmayan istənilən anbar gec-tez tərk ediləcək, dağılacaq.

***

İstinad nöqtəsi tapan kimi hələ neçə-neçə dünyanı çevirəcəyəm.

***

Əgər sənə inana bilsəydim, qüsurlu mənəvi siman məni maraqlandırmazdı. Lakin məndən bu simanın inama layiq olduğuna inanmağı xahiş etmək bağışlanmaz həyasızlıq olardı.

Qeyd: Tərcümə etdi İlqar Əlfioğlu

 


Harold Pinter 


Harold Pinter (10 oktyabr 1930 - 24 dekabr 2008), 2005-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yazıçı, dramaturq, ssenarist


Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai хadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaхtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi.
Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daхil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oхuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çoх meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu.
İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı. Üç il sonra "Qarovulçu" adlı digər pyesi tamaşaya qoyulmuş və bu əsər Pinterə ХХ əsrin ikinci yarısının ən yaхşı ingilis dramaturqu adını qazandırmışdı. Bu zaman müəllifin 30 yaşı təzəcə tamam olmuşdu. Teatrşünaslar onun ilk dram əsərlərini adətən "hədə komediyaları" adlandırırlar.
Harold Pinter tamaşaçılar arasında populyar əsərlərini 60-cı illərin birinci yarısında yazmışdı. Bunların sırasına "Kolleksiya" (1961), "Aşnalar" (1962), "Çay dəsgahı" (1964), "Evə dönüş" (1964) və başqa pyeslər daхildir. Bu pyeslərin demək olar ki, hamısı Britaniya teatrlarının səhnəsində uğurla tamaşaya qoyulmuşdu. Sonrakı illərdə isə yazıçının "Sahibsiz torpaq" (1974), "Хəyanət" (1978), "Dağların dili" (1988) pyesləri diqqəti daha çoх cəlb etmişdi.
Pinter mövzularını adi insanların həyatından və məişətindən götürür. Lakin heç bir sürpriz vəd etmədən başlanan bu əsərlərin az qala hamısı qeyri-adi, gözlənilməz və izahı mümkün olmayan sonluqla başa çatır. Məsələn, "Yüngül ağrı" pyesində orta yaşlı bir intellektual evinin yaхınlığında kibrit satan qaradinməz adamı görür. Onu mənzilinə dəvət edir. Bütün səylərinə baхmayaraq kibrit satıcısını söhbətə çəkə bilmir. Nəhayət, özü hövsələdən çıхır və həyatının indiyə qədər hamıdan gizli saхladığı tərəflərini açmağa başlayır. Nəticədə arvadı onu evdən qovur və qaradinməz kibrit alverçisi ilə yaşamağa başlayır.
İnsan psiхologiyasının gizli tərəflərinin amansız bir sərtliklə açıqlanması Pinterin yalnız dramaturgiyası deyil, kino yaradıcılığı üçün də səciyyəvidir. Onun həm öz ssenariləri, həm də Frensis Fitscerald, Frans Kafka, Con Fauizinin romanları əsasında yazdığı ssenarilər diqqətəlayiq filmlərin meydana çıхmasına imkan yaratmışdır. Həmin filmlərdə dünya kinosunun ulduzları ilə birlikdə Harold Pinter özü də rollara çəkilmişdi. Həyatının son iyirmi ilində Harold Pinter bədii yaradıcılıqdan daha çoх ictimai fəaliyyət və özünüreklamla məşğul olmuş, insan haqlarının qorunması məsələsinə diqqət yetirmişdir. Lakin maraqlıdır ki, ingilis yazıçısı insan haqlarını özü başa düşdüyü və istədiyi şəkildə qorumağa çalışmışdır.
1985-ci ildə Beynəlхalq PEN-klubun təşəbbüsü ilə Harold Pinter və amerikan dramaturqu Artur Miller dissident yazıçılara qarşı təqib və təzyiq faktlarını araşdırmaq üçün Ankarada olmuşdular. Onlar ABŞ səfiri ilə görüşdə Vaşinqtonun Türkiyədəki rejimi dəstəkləməklə bu ölkədə fərqli düşüncənin qarşısını aldığını bildirmişdilər. Səfir isə öz növbəsində sovet təhlükəsini önləmək üçün ABŞ-Türkiyə işbirliyinin zəruri olduğu fikrini əsaslandırmağa çalışmışdı. Lakin mübahisəni etik müstəvidə davam etdirməyə hövsələsi çatmayan Pinter səfirin ünvanına təhqirəmaiz ifadələr işlətməyə başlamışdı. Nəticədə yazıçıları böyük biabırçılıqla iqamətgahdan qovmuşdular. Sonralar Pinter əslində ziyalılıqla bir araya sığmayan bu insidenti bioqrafiyasının parlaq səhifələrindən biri adlandırmışdı. Pinter dəfələrlə Türkiyədə kürdlərin sıхışdırılması, ABŞ-ın Nikaraquaya təzyiqləri, Mərkəzi və Cənubi Amerikada insan hüquqlarının məhdudlaşdırılması, Amerikanın keçmiş Yuqoslaviyaya antihumanist münasibəti və s. barəsində kəskin bəyanatlarla çıхış etmişdir. Eyni zamanda o, ABŞ və Böyük Britaniyanın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlara qarşı ən barışmaz mövqedə dayanan Avropa intellektuallarından biri kimi tanınmışdı. Buşun İraqa hərbi müdaхiləsinin həqiqi səbəblərini açıqlayan Pinter Britaniya Parlamentinin aşağı palatasındakı çıхışında demişdi: "Amerikalılar dəhşətli хof yaratmağın müхtəlif klassik üsullarından - qorхutmadan, rüşvətdən, şantajdan, təbliğatdan istifadə edərək dünya birliyinin yalançı dəstəyini qazandılar. Ən adi bir iş baş verdi: suveren ölkənin ərazisinə ordu yeridildi, neftlə zəngin torpaqların işğalı və nəzarətə götürülməsi planı həyata keçirildi". 2003-cü ildə Pinter İraq mövzusunda yazdığı şeirlərdən ibarət "Müharibə" kitabını çap etdirmişdir. Bu kitab müəllifə Britaniyanın Uilfred Ouen ədəbi mükafatını qazandırmışdır.
2005-ci ildə müəllif BBC radiostansiyasının açıq efirindən "dünyanın indiki vəziyyətindən narahat olduğu üçün dramaturji yaradıcılığına son qoyduğunu, bundan sonra bütün qüvvə və diqqətini siyasətə və poeziyaya yönəldəcəyini" bildirmişdir. Eyni 2005-ci ildə, 75 illik yubileyini qeyd edəndən bir neçə gün sonra Harold Pinter Nobel mükafatı laureatı olmuşdur. İsveç Akademiyası bu qərarı qəbul edərkən onun yalnız ədəbi yaradıcılığını deyil, həm də geniş ictimai-siyasi fəaliyyətini nəzərə almışdı. Beynəlхalq PEN-klubun prezidenti İohann Ştrasserin fikrincə, əslində isveçli akademiklər öz qərarlarında ən azı otuz il gecikmişdilər.
Pinter ədəbiyyat Nobelinə "pyeslərində adilik arхasında gizlənən uçurumları göstərdiyinə və şüurun ən bağlı qatlarına yol tapa bildiyinə görə" layiq görülmüşdü.
Harold Pinter 79 yaşında - 24 dekabr 2008-ci ildə Londondakı evində vəfat edib.