Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

İtalyan ədəbiyyatından üç novella. Dino Buttsati. "İnsanın böyüklüyü". Luçano de Kreşentso. "Oyanış xidməti". "Zorro" (Hekayələr)... İtalyan dilindən çevirəni: Cəmşid Cəmşidov...

Müəllif:

Dino Buttsati


Kateqoriya:

İtaliya



Qısa Təsvir:

İtalyan ədəbiyyatından üç novella. Dino Buttsati. "İnsanın böyüklüyü". Luçano de Kreşentso. "Oyanış xidməti". "Zorro" (Hekayələr)... İtalyan dilindən çevirəni: Cəmşid Cəmşidov...


Baxış sayı: 85
    
    


Orijinaldan tərcümə

Oxuculara təqdim edilən "İnsanın böyüklüyü" hekayəsi tanınmış italyan yazıçısı Dino Buttsatinin (1906-1972) 1958-ci ildə ölkəsinin nüfuzlu Streqa mükafatına layiq görülmüş məşhur toplusunun son nəşrindən (D.Buttsati: "Altmış hekayə", Milano, Mondadori - 2010) götürülmüşdür.

Tərcüməçi

İtalyan dilindən çevirəni: Cəmşid CƏMŞİDOV




Dino Buttsati


 İnsanın böyüklüyü

(Hekayə)



Keşikçilər zülmətə qərq olmuş həbsxananın qapısını açıb, balaca, saqqallı bir qocanı içəri itələyəndə artıq, qaranlıq düşmüşdü.
Qocanın saqqalı dümağ və elə bil, özündən də böyük idi. Ondan bu cansıxıcı, yarıqaranlıq karserə zəif işıq süzülür, bu içəridəki dustaqlarda müəyyən təəssürat oyadırdı.
Ancaq qaranlıq olduğundan, qoca dərhal seçə bilmədi ki, bu mağaraya bənzər həbsxana çalasında ondan başqa da adamlar var, ona görə də soruşdu:
- Kimsə var burada?
Cavab əvəzinə gülüş və acıqlı donqultular eşidildi. Sonra - qəbul olunmuş qayda-qanuna görə, hamı bir-bir özünü təqdim etməyə başladı.
- Rikkardon Marçello, qarət, ağır formada - deyə kimsə xırıltılı səslə dilləndi.
- Bettseda Karmelo, dələduz - residivist, - deyə bir başqası sanki quyudan gələn boğuq səslə özünü təqdim etdi.
Sonra:
- Marfi Luçano - zorlama.
- Lavataro Maks - günahsızam.
Qaranlıqda qulaqbatırıcı qəhqəhə səsləri eşidildi. Zarafat dələduzların xoşuna gəlmişdi, insan qanına susamış islaholunmaz quldur Lavataronu kim tanımırdı ki?
Sonra yenə:
- Espozito Enea - qətl. - Danışanın səsində açıq-aydın qürur hissi duyulurdu.
- Muttironi Vinçentso - ata qatili. Bunun etirafı isə lap qalibiyyət nidası kimi səslənirdi... Yaxşı, bəs sən, qoca birə, sən kimsən?
- Mən... - deyə təzə gələn cavab verdi, - düzünə qalsa, heç özüm də bilmirəm. Məni saxlayıb sənəd tələb etdilər, məndə isə heç vaxt, heç bir sənəd olmayıb.
- Yox, bir...denən tüfeyli, avara! -deyə kimsə nifrətlə söyləndi. Bəs, adın nədi?
- Adım... Adım Morrodur, hm, hm... ləqəbim də ... Böyük!
- Deməli, Böyük Morro. Neynək, pis fikirləşməmisən! - deyə, kimsə bir başqası qaranlıqdan istehza ilə söz atdı. - Ancaq adın sənin üçün bir qədər, çox böyükdür. Sənin kimisinin onuna bəs edər.
- Tamamilə dogrudur, - deyə qoca mülayimcəsinə hay verdi. Ancaq bu mənim günahım deyil. Bu ləqəbi mənə ələ salmaq məqsədi ilə veriblər, indi isə artıq gecdir. Özü də, o, mənə yalnız başağrısı gətirir. Bax, məsələn... yoox, bu çox uzun əhvalatdır...
- Bura bax, döşə gəlsin, görək, - deyə məhbuslardan biri qocanın üstünə kobudcasına çəmkirdi, - burada vaxtımız kefimiz istəyən qədərdir.
O birilər də onu dəstəklədilər. Cansıxıcı həbsxana günlərində hər bir əyləncə bir bayram idi.
- Nə deyirəm ki... - deyə qoca sözə başladı. - Bir gün mən adını çəkmək istəmədiyim bir şəhərdə gəzib dolaşırkən, möhtəşəm bir saray, onun da qarşısında müxtəlif Tanrı təamları ilə ora-bura vurnuxan nökərləri gördüm. Yəqin burada hansısa bayrama hazırlıq gedir, - deyə mən düşündüm və sədəqə diləmək məqsədilə bir qədər yaxınlaşdım. Ancaq heç ağzımı açmağa macal tapmamışdım ki, boyu, yalan olmasın, iki metrlik natarazın birisi yapış yaxamdan və başla bağırmağa: - Budur, budur oğru! Dünən ağamızın çulunu oğurlayan bu idi! Hələ cürətinə bir bax, yenidən qayıdıb gəlib! Neynək, indi biz sənin aşının suyunu verərik!
- Mənim? - deyə təəccüblə soruşuram. Mən ki, dünən buralardan ən azı otuz mil uzaqda olmuşam. Necə olur, axı?
- Mən səni bax, bu gözlərimlə görmüşəm! Çulu dalına atıb aradan çıxanda görmüşəm, - deyə o, bağıraraq məni sarayın həyətinə tərəf sürüklədi.
Mən diz çöküb, yalvarmağa başladım:
- Dünən mən buralardan ən azı otuz mil uzaqda olmuşam. Sizin bu şəhərdə də birinci dəfəyəm. Böyük Morro adıma and olsun!
- Necə-necə? - deyə həmin o qudurmuş, gözlərini bərəldərək bağırdı.
- Böyük Morro adıma and olsun ! -deyə mən təkrar etdim.
Bu pəzəvəng isə birdən necə qəhqəhə çəkməyə başlasa yaxşıdır:
- Böyük Morro? Ay camaat, tez bura gəlin, siz bir buna, bu həşərata baxın, sən demə, bunun adı Böyük Morro imiş!
Sonra o, üzünü mənə tutub deyir: - Sən heç bilirsən, Böyük Morro kimdir?
-Morro mən özüməm, başqa birisini də tanıyıb eləmirəm.
-Böyük Morro, - deyə bu yaramaz məni qandırmağa başlayır, - başqa birisi yox, bizim möhtərəm ağamızdır. Sən, murdar dilənçi isə cürət edib onun adına sahib çıxırsan. Ancaq bil ki, bu dəfə ilişmisən . Budur, ağamız özü də gəlir.
Həqiqətən də. Səs-küyü eşidən saray sahibi özü də həyətə çıxdı. Bu çox varlı tacir, bütün şəhərdə, bəlkə də bütün yer üzündə ən zəngin adam idi. O, mənə yaxınlaşır, sorğu-suala tutur, baxır və gülməkdən uğunub gedir. Təkcə mənim kimi bir dilənçinin onun adını daşıya bilməsi fikri onu əməlli-başlı əyləndirir. Sonra o, nökərinə əmr edir ki, məni buraxsınlar, məni evinə dəvət edir, var-dövlətlə dolu zallarını göstərir, hətta bax, belə-belə qızıl topaları və qiymətli daş-qaşlar saxladığı,zirehli divarları olan bir otağına da aparır,məni yaxşıca yedirtməyi əmr edir və deyir:
-Ey, adı adımdan olan dilənçi qoca! Bu əhvalat xüsusən bir də ona görə çox qəribədir ki, Hindistana səfərim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən mallarımı satmaq məqsədi ilə oradakı bazara yollanmışdım. Adamlar apardığım bahalı şeyləri gördükdə, məni dövrəyə alaraq, sorğu-suala tutmağa başladılar ki, kiməm və haradan gəlirəm.
-Mənim adım Böyük Morrodur, - deyə mən cavab verirəm. Onlar isə üz-gözlərini turşudaraq söyləyirlər: - Böyük Morro? Səndə nə böyüklük ola bilər, miskin alverçi? İnsanın böyüklüyü onun idrakındadır! Yer üzündə tək bircə Böyük Morro var, o da bizim şəhərdə yaşayır. O, bizim məmləkətin fəxridir və sən, fırıldaqçı, öz lovğalığına görə indi onun qarşısında cavab verməli olacaqsan!
Elə oradaca məni qamarlayırlar, əlimi-qolumu bağlayıb, varlığından xəbərim də olmayan həmin o Morronun yanına aparırlar. Sən demə, bu adam hamının az qala, Tanrı kimi sitayiş etdiyi adlı-sanlı alim, filosof və riyaziyyatçı, astronom və münəccim imiş. Xoşbəxtlikdən, o, dərhal başa düşdü ki, anlaşılmazlıq baş verib, güldü, əl-qolumu açmağı əmr etdi, məni öz iş otağına, rəsədxanasına, öz əlləri ilə hazırladığı qəribə cihazlarına baxmağa dəvət etdi. Nəhayət, dedi:
-Ey möhtərəm yadelli tacir! Bu əhvalat xüsusən bir də ona görə çox qəribədir ki, Levant adalarına səyahətim zamanı mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən tədqiq etmək istədiyim bir yanar dağın zirvəsinə pay-piyada qalxarkən, o yerlər üçün qeyri-adi olan üst-başımdan şübhələnən bir dəstə döyüşçü kimliyimi yoxlamaq məqsədi ilə məni saxladı. Adımı söyləməyə macal tapmamışdım ki, qollarımı qandallayıb məni şəhərə doğru sürükləməyə başladılar. - Böyük Morro? - deyə onlar hiddətlənirdi. Səndə nə böyüklük ola bilər, miskin müəllimciyəz? İnsanın böyüklüyü onun qəhrəman əməllərindədir! Yer üzündə tək bircə Böyük Morro var. O da bu adanın ağası, qılıncı bircə dəfə də olsa günəşin altında bərq vurmuş bütün döyüşçülərin ən cəsurudur! İndi o, sənin başını bədənindən ayırmağı əmr edər!
Və onlar məni, həqiqətən də, qorxunc görkəmi olan hökmdarlarının hüzuruna gətirdilər. Xoşbəxtlikdən, mən ona hər şeyi anlada bildim və bu zəhmli döyüşçü belə qəribə təsadüfə gülərək qandallarımı açmağı əmr etdi, mənə bahalı libaslar bağışladı, onun yaxın və uzaq adalarda yaşayan bütün xalqlar üzərində çaldığı qələbələrinin şanlı şəhadətlərini seyr etməyim üçün məni öz sarayına dəvət etdi. Axırda isə dedi:
- Ey, mənimlə bərabər eyni adı daşıyan möhtərəm alim! Bu əhvalat xüsusən, bir də ona görə çox qəribədir ki, Avropa deyilən o uzaq diyarda döyüşərkən mənimlə də eynən belə bir hadisə baş vermişdi. Mən öz döyüşçülərimin önündə bir meşədən keçib gedərkən kobud dağlılar qabağımı kəsib soruşdular: - Sən kimsən ki, silahının cingiltisi ilə bizim meşələrin sükutunu pozursan?
- Mən Böyük Morroyam, - deyə söyləyirəm və öz-özümə düşünürəm ki, təkcə adımı çəkməklə onların canına lərzə salacağam. Onlar isə mərhəmətlə gülümsəyərək deyirlər: - Böyük Morro? Sən, yəqin, zarafat edirsən. Səndə nə böyüklük ola bilər, avara döyüşçü? İnsanın böyüklüyü ehtiraslarını ram edə bilməsində və ruhunun ucalığındadır! Yer üzündə yalnız bircə Böyük Morro var və indi biz səni onun yanına aparacağıq ki, sən insanın əsil böyüklüyünün nə olduğunu öz gözlərinlə görə biləsən. Və onlar məni, həqiqətən də, öz kasıb daxmasında cır-cındır içində həyat sürən, onların dediyinə görə, bütün ömrünü təbiəti dərk etməkdə və Tanrıya ibadətdə keçirən, qar kimi bəyaz saqqallı bir qocanın yaşadığı tənha dərəyə gətirdilər və mən tam səmimiyyətlə boynuma almalıyam ki, həmin o vaxta qədər hələ heç vaxt bu dərəcədə təmkinli, həyatından razı və olsun ki, xoşbəxt bir insan övladı görməmişdim; ancaq, doğrusu, həyat yolumu dəyişmək mənimçün artıq çox gec idi.
Adanın qüdrətli hökmdarı müdrik alimə, alim varlı tacirə, tacir isə onun qapısına sədəqə üçün gəlmiş kasıb qocaya bunları söylədi. Onların hamısının adı Morro idi, hamısı da bu və ya digər səbəbdən "Böyük" ləqəbini almışdılar.
Qoca hekayətini danışıb qurtaranda, qaranlıq həbsxana otağındakı dələduzlardan biri soruşdu:
- Deməli, belə... - əgər mənim bu kəlləmin içindəkilər zir-zibil deyilsə, onda belə çıxır ki, daxmadakı həmin o lənətə gəlmiş qoca, - yəni o, hamıdan böyük, - elə sən özünsən?
-Eh, əziz balalar,-deyə qoca nə "hə", nə də "yox" cavabı vermədən, donquldandı: - Bu həyat ki, var, - çox qəribə şeydir!
Bu yerdə qocanı dinləyən dələduzların hamısı bir anlığa susdu, çünki bəzi şeylər, hətta ən alçaq yaramazları belə, düşünməyə məcbur edir.


Dino Buttsati

İtalyan dilindən çevirəni: Cəmşid CƏMŞİDOV

Ədəbiyyat qəzeti.-2011.- 22 iyul.- S.5.



Luçano de Kreşentso

 (İtaliya)


Oyanış xidməti

(Hekayə)

 

- Sabahınız xeyir, mühəndis, gözəl gündür, eləmi? - deyə, dəhlizdən çıxmağa hazırlaşırkən Salvatore məndən soruşur. - Heç elə bil, dekabr deyil.
- Həqiqətən də, gözəl gündür, Salvatore, bir az da belə getsə, paltomu çıxarıb atıram.
- Allah-taalanın işidir, - necə deyərlər, görəndə ki, qar yağıb, ancaq günə zərurət var, gün ələyər.
- Bəli, bəli, elədir ki, var.
- Yeri gəlmişkən, mühəndis, zərurət demişkən, danışa-danışa fikrim tamam yayınmışdı, bilmirsiz saat neçədir?
- Saat ona işləyib beş dəqiqə.
- Hə, vaxtdır... gərək gedib gənc baron De filippisi oyadım. Bəlkə siz də bir-iki dəqiqəlik mənimlə gedəsiniz?
- Hara? Gənc baron De filippisi oyatmağa?
- Bəli, ancaq evlərinə yox. Keçərik imarətlərinin arxa tərəfinə, pəncərəsinin altından çağırarıq. O, birinci mərtəbədə yaşayır. Sizə deməliyəm ki, bazar günlərindən başqa hər gün düz saat doqquzda gəlib onu oyatmağıma görə mən gənc baron De filippisdən ayda üç min lirə alıram.
- Heç nə anlamıram, məgər zəngli saatdan istifadə etmək onun üçün daha əlverişli olmazdımı?
- Yoox, mühəndis, elə deyil! Zəngli saat məqsədimizə qətiyyən uyğun gəlməzdi.
- Axı, niyə?
- Niyəsini bu saat başa salım, - deyə Salvatore imarətin həyətinə tərəf üz tutaraq cavab verir. - Bilməlisiz ki, gənc baron universitetdə oxuyur. Bəli, sinyor, - o, hüquq öyrənir və istəyir ki, hər gün səhər saat doqquzda kimsə gəlib onu səsləsin, çünki o, dərslərini oxumalıdır, yoxsa diplom ala bilməz.
- Məncə, kim olur-olsun, səhər saat doqquzda elə özü də asanca oyana bilər. Yenə desəydi saat yeddidə, deyərdim hə.
- Elədir, haqlısınız, ancaq gənc baron, necə deyərlər, bir qədər həddən artıq tədbirlidir, - bilmirəm, aydın oldu, ya yox: iş ondadır ki, baronun qadınlardan son dərəcə xoşu gəlir, -deyə Salvatore bic -bic gülümsəyir. - Və məsələ onunla bitir ki, gecə çəkir saat ikiyə, bəzən hətta üçə; bir də ona görə ki, o, Mela diskotekasına rəqs etməyə gedir, nə isə, uşaq korlanıb.
Söhbət edə-edə, nəhayət, gəlib həqiqətən də gənc baronun yatdıgı otağın pəncərəsi altına çatırıq. Bu vaxt Salvatore lap alçaqdan, demək olar ki, pıçıltı ilə guya qışqırır:
- Gənc baron... Baron De filippis... saat doqquzdur... Cənab vəkil... oyanın ...Saat doqquzdur.
- Bura baxın, Salvatore, axı siz bir qədər ucadan qışqırmasanız, o sizi eşitməyəcək.
- Bəli, mühəndis, elə məntiq də ondadır ki, o məni eşitməsin. Çünki mən ucadan qışqırsam, gənc baron mütləq oyanacaq və məndən inciyəcək.
- Yaxşı, onda niyə gəlib dayanmısınız onun pəncərəsinin altında?
- Eeh, mühəndis... siz həqiqətən də heç nə anlamadınız! - deyə Salvatore tələsmədən başa salır. - Mən ki, sizə dedim, - hər səhər, düz saat doqquzda gənc baronun pəncərəsi altına gəlib onu oyatmağa cəhd etdiyimə görə mən ondan ayda üç min lirə pul alıram və öz borcumu yerinə yetirdikdən sonra çıxıb gedirəm. Gənc baron isə öz növbəsində, hər səhər saat doqquzda gəlib onu oyatmaq üçün göstəriş verməklə hamıya, bir növ, özünün əməlisalehliyini nümayiş etdirir, vicdanı qarşısında da təmiz qalır. Siz də indicə buna şahidlik etdiniz. Qısası, belə deyək ki, hamının işi öz qaydasında olur.

Qayda pozuntusu əhvalatı

- Doktor, deyəsən, cərimə qazanmışıq, -deyə taksi sürücüsü ümidsiz bir tərzdə mənə söyləyir.
- Siz "cərimə qazanmışıq" deməklə nəyə işarə edirsiniz? Mən niyə cərimə qazanmalıyam ki?
- Mənə elə gəlir ki, açıq-aydın qazanmısınız.
- Düzünə qalsa, anlamıram. Deməli, bu sizə normal görünür ki, maşını sürən qaydanı pozursa, arxada oturan cərimə ödəməlidir?
- Yoox, doktor, üzr istəyirəm, ancaq səhv edirsiniz. Gəlin, düzünü danışaq! Əvvəlcə deyirsiz "tələsin", sonra isə, nəticəsi pis olanda cərimə ödəmək istəmirsiniz.
- Nə "tələsin"?! Tələsməyin bura nə dəxli var?!
- Necə yəni nə dəxli var? Siz dayanacaqda maşınıma oturanda mənə nə dediniz? "Tələsin, Kapri qayıqlarına tərəf". Belə dediniz, ya yox?
- Qulaq asın, əslində nəzərə alsaq ki, mən ancaq "Kapri qayıqlarına tərəf" demişəm və onu da nəzərə alsaq ki, hətta "tələsin" də əlavə etmişəm - halbuki, bunu təsdiq edəcək bir kəs yoxdur, - maşına cavabdeh yalnız və yalnız sizsiniz.
- Hə də, mənim nəyimə gərəkdi ki, qırmızıda keçirdim? Mən ki, bunu sizin xatirinizə eləmişəm, sizə görə eləmişəm ki, qayıqlara çatasınız. İndi buyurun, işləyib hazırca qazanmaq əvəzinə, hələ bir itirməliyəm də?
- Bir də qırmızıda keçməzsiz.
- Əslində mən sarıda keçmişəm... Mənə belə gəlir... Sizi bilmirəm. Hər halda, odur, polis yaxınlaşır, görək nə oxuyacaq.
- Üzr istəyirəm, nə oxumalıdır ki? Oxuyacaq ki, sürücü qırmızıda keçəndə sərnişin vəsiqəsindən məhrum olur?
- Bilmirəm, indi görərik.
Yol müfəttişi tələsmədən yaxınlaşır, hərbi qaydada salam verib deyir:
- Vəsiqəniz və texniki pasportunuz.
- Bağışlayın, cənab polis, - deyə sürücüm tələb olunan sənədləri çıxara - çıxara söyləyir, - bax, siz iş adamısınız , eləmi? Bütün günü də burada, bu yolun ortasında, nə bilim, yagış yağdımı, yağmadımı, nə isə...Mən də işləyirəm, ancaq bax, bu cənab isə - Kapriyə gedir! İndi siz özünüz deyin, cəriməni kim ödəməlidir?
- Bir dəqiqə, - deyə polis gülərək söyləyir. - Əgər sinyor özü ödəniş etmək istəyirsə, mənim etirazım yoxdur.
-Nə "ödəniş, ödəniş" salmısınız?! Bircə lirə də verən deyiləm!
- Əlbəttə, - deyə taksimizi dövrəyə alan "tamaşaçılardan" biri dilənir, - sinyor haqlıdır. Cəriməni sürücü ödəməlidir, ancaq sinyor da bilməlidir ki, sonra o özü də sürücüyə eyni məbləğdə bəxşiş verməlidir, zərəri ödəməkdən ötrü.
- Bu bədbəxt ki, ailə başçısıdır, - deyə qoca bir qadın başını taksinin pəncərəsindən içəri soxaraq yazıq-yazıq əlavə edir. Özü də yola çıxıb ki, baxsın görsün, necə edə bilər ki, bir - iki min lirə toplaya bilsin, indi isə onun hamısını Kapriyə getməli olan bu cənabın cəriməsinə verməlidir.
-Cənab polis, - deyə sürücüm yol müfəttişi ilə dil tapmaqdan ötrü taksidən çıxır, - təsəvvür edin ki, tək bircə müştəri tapana qədər mən Qaribaldi meydanında düz üç saat növbədə dayanmışam, sinyoru görəndə də elə bilmişəm ki, gəlmədir, bilsəydim ki, bizim Napolidəndir, özü də simicin birisidir, yaxın da buraxmazdım!
-Qulaq asın, - deyə barmağımla saatımı göstərərək, söyləyirəm, ya məni aparırsınız, ya da mən çıxıb gedirəm. Mən burada dayanıb gözləməklə qayıqlara gecikirəm.
-İndi gördünüz ki, tələsə-tələsə gedirsiniz? - deyə sürücüm qalibanə bir tərzdə bildirir.
-Yaxşı, - deyə, müfəttiş söhbətə qarışır, -bu dəfəlik xoş ğetdiniz. Ancaq yadınızda qalsın, gələn dəfə ilişsəz, mənə onu da ödəyəcəksiniz, bunu da. Əgər kimsə əylənməyə gedirsə, gərək tələsməsin, yoxsa daha bunun nəyi əylənmək oldu?
Axırı belə oldu ki, taksi gülüşən, razı bir izdihamın ortasından yola düşdü.
- Doktor, Allaha min şükür ki, hər şey belə yaxşı qurtardı, - deyə, gəlib mənzilə yetişəndə sürücüm söyləyir. - Ancaq, and olsun o əziz surətə, - polis sizi cərimə ödəməyə məcbur etsəydi bu mənə çox pis təsir edərdi, çox!
- Nə qədər? - deyə maşından düşərkən qısaca soruşuram.
- Baxın, görün də, - deyə o, qısaca cavab verir.


Zorro

(Hekayə)

 

- Karamanna Antonio qulluğunuzdadır. Xüsusi dəvətnamələr qalmayıb, prezident çıxıb, nə vaxt qayıdacağı məlum deyil...
- Təşəkkür edirəm, - deyə cavab verirəm, -ancaq mən dəvətnamədən ötrü gəlməmişəm. Mən Napoli azarkeşləri barəsində məlumat toplamaqdan ötrü buradayam və bununla əlaqədar sizin böyük təcrübəyə malik olduğunuzu bildiyimdən, xahiş etmək istərdim, ixtiyarınızda yarımca saat vaxt tapılardısa, mənə bir qədər "Napoli" barəsində danışardınız .
- Siz necə dediniz, "böyük təcrübə"? Əziz sinyor, bəndəniz Napoli futboluna xidmət göstərmək şərəfinə hələ Arenaçça dövründən nail olub: Sentimenti, Pretto və Barra, Milano, fabbro və Qramalya, Buzani, Kappellini, Barrera, Kuario və Rozellini. Bir qədər keçmiş, müharibə qurtarandan sonra Vomeroya, indiki Kollana adlanan Liberazione stadionuna və nəhayət, gördüyünüz kimi San Paoloya köçmüşük, mən də burada biletsizlərə, cinayətkar və xuliqan elementlərə qarşı mübarizə dəstəsinin rəisi vəzifəsində çalışıram.
- Burada biletsizlər çoxdur?
- Çox mühüm oyunlarda təxminən on bir min nəfər müəyyən edirik ki, içəri pul ödəmədən keçir. Sözsüz ki, mən bu rəqəmlərə istər əsl biletsizləri, yəni içəri qeyri-qanuni girməyin yolunu tapmış şəxsləri, istərsə də vəsiqə və dəvətnamə sahiblərini daxil edirəm. Hər halda, əğər bu sizinçün maraqlıdırsa, hesab edin ki, hər oyunda dəvətnamə və müxtəlif vəsiqələri olan dörd min tamaşaçı, üç min saxta bilet sahibi və həmçinin dörd min nəfər müxtəlif yerlərdən içəri soxulanlar var. Bəndəniz Karamanna Antonio da kiçicik, ancaq cəsur bir dəstəsinin başında, hər bazar günü bu on bir minlik orduya qarşı amansız döyüşlər aparır...
-Bəs, niyə bu qədər dəvətnamə paylayırsınız?
-Çünki Napolidə dəvətnamə nəsə bir hörmət işarəsi, sanki ali irqə mənsubluq göstəricisidir. Kaş ki, siz bircə dəfə də olsa girişdə dayanıb bu dəvətnamə sahibinin həmin o sənədi necə vacib görkəmlə nəzarətçiyə təqdim etdiyini görəydiniz. Napolidən olan birisi sizə deyəndə ki: "Mən oyunlara baxmaq üçün bircə dəfə də olsun əlimi cibimə salmamışam" - elə bilin o, eynilə sizə and içir ki: "Mənim əcdadlarım Səlib yürüşlərində can qoyub". Nə isə, başqa sözlə, əgər Napolidə birisi biletə pul verməyə məcbur olursa, onda o, ya heç kimlə tanışlığı olmayan uğursuzun birisidir, ya da onu it yerinə qoyan da yoxdur.
-Bəs, o əsl biletsizlər?
-Bildim, - onları iki kateqoriyaya ayırırıq: biletsiz var ki, güc işlətməklə içəri soxulur, biletsiz də var ki, bicliklə. Birincilər sözsüz ki, bizə o qədər də baş ağrısı vermirlər: polisi yaxşı yerləşdirmək, girişlərə ikiqat maneələr qoymaq, bölmələrin hasarlarına nəzarət etmək kifayətdir. O bicliklə basqın eləyənlər isə, - bax, ən təhlükəlisi onlardır; onlar yüz ölçüb dir biçəndilər. Qarşıdakı bazar günü oyuna gəlsəniz, sizi onlardan biri ilə tanış edərəm, o, təkbaşına bunların yüzünə "dəyər", - adı da Zorro.
- Zorro?
- Bəli sinyor, bu dələduza ona görə Zorro deyirlər ki, hər dəfə bir qara qəpik də vermədən içəri soxulmağı bacarır; hələ oyun qurtarandan sonra yanıma da gəlir, sağ əli ilə sol bazusundan yapışıb, yumruğunu qaldıraraq, ibarə ilə ədəbli ifadələr işlədə-işlədə, mənə Zorronun işarəsini göstərir.
- Bəs, necə eləyir ki, içəri girə bilir? - deyə gülməkdən uğunub gedərək soruşuram.
- Hər dəfə müxtəlif üsullarla, doktor. Məncə, Zorro bütün həftə yalnız bircə şeyi düşünür, - necə etsin ki, bazar günü içəri biletsiz girə bilsin. Deyir ki, əgər Papillon aradan çıxmağın ustasıdırsa, o da içəri soxulmağın sənətkarıdır.
- Bir epizod danışaydınız.
- Zorro elə nəsillikcə artisdir. Onun atası dramatik görüşlərdən birindəki hadisə zamanı son dərəcə gurultulu şəkildə Napoli camaatı arasında ad çıxarmışdı. Təsəvvür edin: Liberazione stadionu, "Napoli" "Bolonya" ilə oynayır, hesab üç-üçdür. Azarkeşlər meydançaya tökülüşür və masa arxasında belə qərara alınır ki, sıfır iki hesabı ilə cəzalandırılaq. İş ondadır ki, əvvəlcə "Napoli" oyunu aparırdı, əgər onun uduzması üçün açıq-aşkar tapşırıq almış milanolu hakim olmasaydı. Gərək obyektiv olduğuma inanasınız, - bütün italyan hakimləri həmişə "Napoli"ni vurublar, o da bu səbəbdən heç vaxt skudetto qazanmayıb, ümid edirik bəlkə gələn il... Nə isə, sizə dediyim kimi, hakim oyunun sonuna az qalmış "Napoli"nin qapısına onbirmetrlik təyin edir. Montevercine hesabı bərabərləşdirir və "Napoli" azarkeşləri meydana hücum çəkirlər, - ölümcül dəyənək zərbələri və yarı dağıdılmış stadion! Baş hakim və iki yan köməkçisi tələsik aradan çıxaraq polis və inzibati xidmətin mühafizəsi altında soyunma otağında gizlənirlər. Azarkeşlər get-gedə daha da azğınlaşıb, soyunma otaqlarının qarşısında izdiham yaradaraq, hakimlər üçlüyünə ölüm tələb edən çagırışlar səsləndirir. Bu zaman Zorronun atası görünür. O, inzibati xidmət qüvvələrinə qoşulur, vəhşiləşmiş azarkeşlərin bir neçə hücumunu dəf edir, tutarlı sözlərlə, təkrar-təkrar sakitliyə çağırışlarla, ən qızğın başları belə, ram etmək bacarığı ilə hüquq -mühafizə məsullarının inamını qazanmağa nail olur, sonra isə dinməzcə soyunma otağına girərək baş hakimin sifətinə yağlı bir sillə ilişdirir. Nəticədə, - üç oyundan kənarlaşdırılma və dörd yüz əlli min lirə cərimə!
- Bəs Zorro, Zorro nə edir?
- Sizə nə deyim, cənab doktor. Zorro mənim varlığıma kəsilmiş cəzadır! Hər oyundan qabaq bütün mümkün keçidləri, bütün girişləri şəxsən bir-bir gəzib yoxlayır və düşünürəm: görəsən, bu fahişə törəməsi harada gizlənə bilər?! Bir dəfə bölmənin divarından bir neçə tuf daşı çıxarıb, iri bir deşik açaraq camaatdan giriş pulu yığırdı: beş yüz lirə yaşlılardan, yüz uşaqlardan. Sonra da, daşları yerinə oturdurdu ki, gələn görüşlərdə fırıldağını təkrar edə bilsin. O öz dəstəsi ilə oyuna gələndə deyərsən, elə bil, Orta əsrlərin silahlı dəstəsi gəlir: əl nərdivanları, kəndirlər, dəmir hasarları aralamaq, tikanlı məftilləri kəsmək üçün müxtəlif alətlər və qarmaqlar...
- Onu heç tuta bilməmisiz?
- Tək bircə dəfə tuta bilmişdik. Elə özü kimi yoldaşı ilə birlikdə "Alcida" dondurmaları daşıyan yük maşınının soyuducu kamerasında gizlənərkən yaxalamışdıq. Az qala donub öləcəkdilər. Bir yarım saat günə verdik ki, buzları açılsın.
- O başqa daha hansı kələklərə əl atır?
- Hamısına, doktor, hamısına. Məsələn, bir dəfə iflic xəstələri üçün pulsuz giriş günü elan ediləndə, əməlli-başlı bığ-saqqal yapışdırıb, məharətlə qrimlənərək, əlil arabasında stadiona girmişdi. Özü də bu dəfə, haradasa, bir iyirmi nəfər yalançı iflic xəstəsi üçün min lirəlik əlil arabası da kirayə etmişdi. Bir başqa dəfə hakimin dalınca vağzala yollanıb, guya hakimlər üçlüyünün rəsmi müşayiətçisidir deyə, stadiona daxil olmuşdu, hələ bir özündən də çıxmışdı ki, niyə onu fəxri tribunaya buraxmırlar. Nə isə, doktor, hansını deyim? Heç görmüsünüzmü təcili yardım maşını necə səs-küy sala-sala stadionda o baş bu başa gedib-gəlir? Elə bilirsiniz xəstə-filan var? Xeyr sinyor, Zorrodur - ailəsini futbola baxmağa gətirib.
- Deməli, möhtərəm cənab, əgər düzgün başa düşmüşəmsə, siz öz məğlubiyyətinizi boynunuza alırsınız.
- Xeyr, doktor, bu dediyiniz - heç vaxt! Təzəliklə eşitmişəm ki, dövlət polis xidmətindən on iki geyim forması çırpışdırıblar. Tam əmin ola biləsiniz ki, bu işdə Zorronun əli var. Ancaq mən onu burada gözləyirəm! Karamanna Antonio təslim olmur! Bazar günü oyuna baxmaga gəlin, bəlkə sizi məmnun edə bildim. Yeri gəlmişkən, doktor, indicə yadıma düşdü, bir dənə dəvətnaməm qalıb, götürün, çox vacib oyun olacaq. "fiorentina" gəlir, ancaq biz arxayınıq, çünki bizim bu baş məşqçimiz deyib ki, bu ilki "Napoli" İtaliyada ən yaxşı futbol oynayır. İrəli "Napoli", irəli!

 

İtalyan dilindən tərcümə edəni: Cəmşid CƏMŞİDOV