ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
"Sevən və sevilən Nazim" layihəsindən
Nazim Hikmət
Pirayə üçün yazılan 21-22 şeirləri
Necə də gözəl duyğudur xatırlamaq səni
Ölüm və zəfər xəbərləri içində.
Həbsdə
Və yaşım qırxı keçəndən sonra...
Necə də gözəl duyğudur xatırlamaq səni
Bir mavi parçanın üstündə unudulan əlində
Və saçlarında
Vüqarlı yumşaqlığı canımın içi İstanbul torpağının...
İçimdə ikinci bir insan kimidir
Səni sevmək səadəti...
Barmaqlarımın ucunda qalan dəfnə yarpağının qoxusu,
Günəşli bir rahatlıq
Və hərarətinin dəvəti:
Qızılı xəttlərlə bölünən
İsti
Tünd qaranlıq...
Necə də gözəl duyğudur xatırlamaq səni
Yazmaq sənin haqqında
Həbsdə kürəyi üstə yatıb səni düşünmək...
Filan gün, filan yerdə dediyin sözün
Özü yox,
Ədasındakı dünya...
Necə də gözəl duyğudur xatırlamaq səni
Sənə taxtadan nəsə düzəltməliyəm yenə:
Bir daxıl,
Bir üzük
Və üç metrlik incə iplik toxumalıyam
Və elə o saat qalxaraq yerimdən
Pəncərəmdəki dəmirlərə yapışaraq
Hüriyyətin açıq maviliyinə
Sənə yazdıqlarımı bağıra - bağıra oxumalıyam...
Necə də gözəl duyğudur xatırlamaq səni
Ölüm və zəfər xəbərləri içindən.
Həbsdə
Və yaşım qırxı keçəndən sonra...
20 sentyabr 1945
bu gecə vaxtı
bu payız gecəsində
kəlimələrinlə doluyam:
zaman kimi, maddə kimi əbədi
göz kimi çılpaq
el kimi ağır
və ulduzlar kimi tər təmiz
kəlimələr
kəlimələrin gəldi mənə
ürəyindən, beynindən, ətindəndilər
kəlimələrin gətirdilər səni,
onlar: anna,
onlar: qadın
və yoldaş olan.
Kədərdidilər, acı doludular, sevincli, ümidli, qəhrəmandılar.
Kəlimələrin insandılar...
21 sentyabr 1945
oğlumuz xəstə,
atası həbsdə
sənin yorğun əllərində ağır başın
dünyanın vəziyyəti kimidir vəziyyətimiz...
insanlar, daha gözəl günlərə insanları daşıyar,
oğlumuz sağalar,
atası çıxar həbsdən
gülər sənin gözlərinin içi
dünyanın vəziyyəti kimidir vəziyyətimiz...
22 sentyabr 1945
kitab oxuyuram,
içində sən varsan.
Mahnıya qulaq asıram,
İçində sən varsan.
Oturdum yeməyini yeməyə
Qarşımda sən oturmusan.
İşləyirəm
Qarşımda sən varsan
Sən ki, hər yerdə hazıra nazirsən,
Danışa bilmərik səninlə,
Eşidə bilmərik bir - birimizin səsini
sən mənim səkkiz illik dul qadınımsan.
23 sentyabr 1945
o indi neyləyir
hal - hazırda, indi görəsən?
Evdədir, küçədədir,
İşləyir, uzanıb, ayaq üstədir?
Qolunu qaldırıb bəlkə də,
- hey gülüm,
O ağappaq, qalın biləyini necə də göstərər bu hərəkətin!... -
O indi neyləyir,
Hal - hazırda, indi görəsən?
Bəlkə dizinin üstündə bir pişik balası var,
Sığallayır,
Bəlkə də harasa gedir, indicə addım atacaq
- hər qara günümdə onu mənə mışıl - mışıl gətirən
sevgili, canım ayaqlar!... -
Və nə düşünür
Məni?
Yoxsa...
Nə bilim...
Paxlanın niyə hələ də bişmədiyini?
Yaxud insanların əksəriyyətinin
Niyə belə bədbəxt olduğunu bəlkə?
O indii nə düşünür,
Hal - hazırda, indi görəsən?
24 sentyabr 1945
ən gözəl dəniz
hələ getmədiyinizdir
ən gözəl uşaq
hələ böyüməyib
ən gözəl günlərimiz
hələ yaşamadıqlarımız
və sənə deməli olduğum ən gözəl söz
hələ indiyə kimi deyə bilmədiyim sözdür
25 sentyabr 1945
saat 21
geniş meydanda saat zəng çaldı.
Bir azdan kameraların qapıları bağlanacaq
Bu dəfə məhbəs uzun çəkdi:
8 il
yaşamaq: ümidli bir işdir, sevgilim,
yaşamaq:
səni sevmək kimi ciddi bir işdir...
26 sentyabr 1945
bizi əsr etdilər,
bizi dustaqlara qatdılar:
mən divarların içində,
sən divarların çölündə.
Balaca məsələdir bizim məsələmiz.
Əslində ən pisi
Bilərək, ya da bilməyərək
Həbsxananı öz içində daşımaqdır.
İnsanların əksəriyyəti bu vəziyyətdədir,
Namuslu, çalışqan, yaxşı insanlar
Və səni sevdiyim kimi sevilməyə layiq...
30 sentyabr 1945
səni düşünmək gözəl bir hiss
ümid verən bir hiss
dünyanın ən gözəl səsindən ən jözəl şərqini dinləmək kimi bir hiss
fəqət artıq ümid bəs etmir mənə
mən artıq şərqiyə qulas asmaq yox,
şərqi söyləmək istəyirəm...
1 oktyabr 1945
dağın üstündə:
axşam günəşi ilə dolu olan bir bulud var dağın üstündə
bu gün də:
səni yarı yarıya dünyasız keçdi bu gün də
bir azdan açılar
qırmızı qırmızı:
gecə səfaları açılar qırmızı - qırmızı
daşıyar həyatımızda səssiz, cəsur qanadlar
vətəndən ayrılığa oxşayan ayrılığımızı...
2 oktyabr 1945
külək axıb gedər
eyi gilas budağı bir dəfə də olsun yellənməz eyni küləkdə.
Ağaclar quşlar cikkildəşər...
Qanad açıb uçmaq istər.
Qapılar qapalıdır
Zorla açmaq istər.
Mən səni istərəm:
Sənin kimi gözəl,
Dost
Və sevgili olsun həyat...
Bilirəm hələ də başa çatmayıb
Səfalətin ziyafəti...
Bitəcək fəqət...
5 oktyabr 1945
ikimiz də bilirik, sevgilim,
öyrətdilər:
ac qalmiağı, üşüməyi,
yorğunluğu ölü kimi
və bir - birimizdən ayrılmağı..
hələ öldürmək məcburiyyətində qalmadıq
və öldürülmək də keçmədi başımızdan
ikimiz də bilirik, sevgilim,
öyrədə bilərik:
döyüşməyi insanlarımız üçün
hər gün bir az da ürəkdən
bir az daha gözəl
sevməyi...
6 oktyabr 1945
buludlar keçir: xəbərlərlə dolu, ağır
büzüşür hələ gəlməyən məktub ovcumda.
Ürək kipriklərin ucunda
Uzanıb gedən torpaq yola salınır
Mən qışqırmaq istəyirəm: - «P i r a y ə,
P i r a y ə !...» - deyə...
7 oktyabr 1945
insan hayqırışları keçdi gecə vaxtı açıq dənizləri küləklərlə
gəzmək təhlükəlidir hələ də
gecə vaxtı açıq dənizlərdə
altı ildir əkilmir bu tarla
qalıb olduğu kimi tank tırtıllarının izləri.
tank tırtıllarının izləri,
örtülür bu qışda qarla.
Ah, gözümün nuru, gözümün nuru
yenə yalan söyləyir ötürücülər:
Alın təri tacirləri bağlaya bilsin deyə yüz faiz karla
Fəqət Əzrailin süfrəsindən dönənlər
Döndülər verlən qərarlarla...
8 oktaybr 1945
dəhşətli bir adama dönmüşəm yenə:
yuxusuz, tərs, lənət.
Birdən görürsən ki,
Ana - bacı söyüşü söyürmüşcəsinə azğın bir heyvan kimi bu gün işləyirəm,
Sonra da birdən görürsən ki,
Ağzımda sönmüş bir siqaret kimi tənbəl bir türkü
Səhərdən axşama kimi arxası üstə yatıram səhəri gün.
Və məni dəli edir büsbütün
Özümə qarşı duyduğum nifrət
Və mərhəmət...
dəhşətli bir adama dönmüşəm yenə:
yuxusuz, tərs, lənət.
Yenə həmişəki kimi haqsızam.
Səbəb yox,
Ola da bilməz.
Bu gördüyüm iş ayıb
Rəzalət
Lakin nə etməli
Əlimdə deyil
Səni qısqanıram
Məni əfv et...
9 okytabr 1945
dünən gecə yuxuma girdin:
dizimin dibində oturmuşdun.
başını qaldırdın, sarı, iri gözlərinlə mənə baxdın.
Nəsə soruşdun.
İslaq dodaqların tərpənir,
Səsini eşitmirəm ancaq
Gecənin içində hardasa aydınlıq bir xəbər kimi saat zəng çalır
Havada pıçıltısı başsızlığın və sonsuzluğun.
Qırmızı qəfəsində quşların «Memonun tüküsü»,
Şumlanmış bir tarlada torpağı bir kənara itələyib yüksələn toxumların çıtırtısı
və qələbəliyin haqlı və müzəffər uğultusu gəlir qulağıma.
Sənin islaq dodaqların eləcə tərpənir
Səsini eşitmirəm ancaq...
Lənət edərək oyandım,
Kitabın üstündə yuxuya dalmışam sən demə...
Düşünürəm:
Yoxsa səninkidir bəlkə bütün o sözlər?!
10 oktyabr 1945
gözlərinə baxanda
günəşli bir torpaq qoxusu vurur beynimə,
bir taxıl zəmisində, buğdaların arasında itirəm...
yaşıl parıltılarla ucsuz - bucaqsız bir uçurum,
dayanıb dincəlmədən dəyişən əbədi maddə kimi gözlərin:
sirrindən hər gün bir hissə açan,
lakin heç vaxt
büsbütün təslim olmayan...
18 oktyabr 1945
qala qapısından çıxanda ölümlə görüşmək üçü,
son dəfə dönüb baxanda şəhərə,
sevgilim, bu sözləri deyə biləcəyik:
«Çox da güldürə bilmədinsə üzümüzü,
çalışdıq gücümüzün çatdığı qədər
səni xoşbəxt
edək deyə.
Davam edir xoşbəxtliyə doğru gedişin
Davam edir həyat
İçimiz rahat,
Könlümüzdə qazandığımız çörəyinə doymuşluq,
Gözümüzdə işığından ayrılmağın kədəri,
Budur, gəldik gedirik
Şən olasan Hələb şəhəri...»
27 oktyabr 1945
bir almanın yarısı biz
yarısı bu qosqoca dünya
bir almanın yarısı biz
yarısı insanlarımız
bir almanın yarısı sən,
yarısı mən
ikimiz...
28 oktyabr 1945
ətir qabında çoxalan qoxu
dənizlərdə uğultular
və bax dolğun buludları və ağıllı torpağı ilə sonbahar...
sevgilim,
yaşa kamala çatdı.
Mənə elə gəlir ki,
Bəlkə min illik bir ömrün macərası keçdi başımızdan.
Amma biz hələ də
Günəşin altında əl - ələ ayaqyalın qaçan
Gözəl gözlü uşaqlarıq...
5 noyabr 1945
Çiçəklənən badam ağaclarını unut
dəyməz,
bu bəhsdə
geri gəlməyi mümkün olmayan şeylər xatırlanmamalı.
İslaq saçlarını günəşdə qurut:
Olğun meüvələrin ləzzəti ilə parıldasın
Nəmli, ağır qızıllıqlar...
Sevgilim, sevgilim,
Payız fəslidir...
8 noyabr 1945
uzaqdakı şəhərimin damları üstündən
və Mərmərə dənizimin dibindən keçib
payız torpaqlarını aşaraq
olğun və islaq
gəldi səsin.
Bu, üç dəqiqəlik bir zamandı,
Sonra telefon qapqara kəsildi...
12 noyabr 1945
damardan boşalan qan kimi ilıq və uğultulu
son küləklər əsməyə başladı.
Havanı dinləyirəm:
Nəbz yavaşladı
Uludağda, zirvədə qar
Və Kirezli - yaylaqda şəhanə və şipşirin yatıb yuxudadır
Qırmızı şabalıd yarpaqlarının üstündə ayılar
Düzəndə qovaqlar soyunur.
İpəkböcəyi sürfələri bir azdan qışlaqlarına gedəcək,
Payız bitdi, bitəcək
Bir azdan gedəcək boylu yuxuya torpaq
Və biz bir qış da keçirəcəyik:
Böyük qəzəbimizin içində
Və müqəddəs ümidimizin atəşində isinərək...
13 noyabr 1945
tərifi yoxdur - deyirlər - İstanbul səfalətinin,
milləti - deyirlər - qırdı qurtardı aclıq,
vərəm illəti - deyirlər - dizə qədər
bu boyda qız uşaqlarını - deyirlər -
yanğın yerlərində, kinoteatr lojalarında...
.......................
qara xəbərlər gəlir uzaqdakı şəhərimdən:
namuslu, çalışqan, yoxsul insanların şəhəri -
həqiqi sərt İstanbulum...
sevgilim, sənin məkanın olan,
və hara sürgün olunsam, hansı məhbəsdə yatsam
çiynimdə, torbamın içində apardığım
və övlad ağrısı kimi ürəyimdə,
sənin xəyalın kimi gözlərimdə daşıdığım şəhər...
20 noyabr 1945
saxsılarda hələ də tək tük qərənfillər varsa da,
düzənlərdə payız əkinlərdə başlayıb çoxdan
toxumlar əkilir,
və zeytunlar əkilir,
bir tərəfdən qışa giririk,
bir tərəfdən bahar fidanlarına yer açılır.
Mənsə həsrətinlə dolu
Və böyük yolçuluqların səbrsizliyi ilə dolu
Yatıram qandallı bir tank kimi Bursada...
1945 - ci il dekabr ayının dördü
ilk göz - gözə gəldiyimiz güekü paltarını çıxar sakndıqdan,
geyin kecin,
bənzə bahar ağaclarına...
həbsdən
məktubun içində yolladığım qərənfili sanc saçlarına,
qaldır, öpüləsi cizgilərlə qırışıq ağ, geniş alnını,
belə bir gündə bezgin və kədərli yox,
qətiyyən,
belə bir gündə bir üsyan bayrağı kimi gözəl olmalıdır Nazim Hikmətin
qadını...
5 dekabr 1945
deşildi sintine,
əsirlər sındırır qandallarını
sərt şimal küləyidir əsən,
qayığı qayaların üstünə atacaq
bu dünya, bu quldur gəmisi batacaq,
nə olursa olsun batacaq
və sənin alnın kimi azad, fərəhli və ümidli bir aləm
quracağıq Pirayəm...
6 dekabr 1945
onlar ümidin düşmənidir, sevgilim,
axar suyun,
meyvə verən ağacın,
böyüyüb inkişaf edən həyatın düşməni.
Çünki ölüm vurdu damğasını alınlarına
- çürüyən diş, tökülən ət -
bir daha geri qayıtmamaq şərtiylə yox olub gedəcəklər.
Və əlbəttə ki, sevgilim, əlbəttə,
Gəzişəcək əlini qolunu ölçə - ölçə,
Gəzişəcək ən şanlı paltarıyla: fəhlə paltarıyla
Bu gözəlim məmləkətdə hürriyyət...
7 dekabr 1945
Bursada dəsmal tikən Rəcəbə
Karabük fabrikində fəhlə Həsənə düşmən.
Yoxsul, kəndli Xədcə qadına,
Rəncbər Süleymana düşmən
Sənə düşmən, mənə düşmən,
Düşünən insana düşmən,
Vətən ki, bu insanların evidir,
Sevgilim, onlar Vətənə düşmən...
12 dekabr 1945
ağaclar düzəndə sonucu dəfə parıldamaqda,
dənə - dənə qızıl,
mis
tunc və taxta...
öküzlərin ayaqları yaş torpağa batır yumşaq - yumşaq.
Və dağlar dumana bürünüb
Qurğuşun rəngində, islaq...
Bəli,
Payız bəlkə də bu gün bitir artıq
Vəhşi qazlar sürətlə gəlib keçdi bayaq
Yəqin İznik gölünə gedirlər.
Havada sərin
Havada his qoxusuna bənzər nəsə var
Havada qar qoxusu var...
İndi çöldə - bayırdv olmaq,
Dörd nala at sürmək dağlara sarı.
«At minə bilirsən ki?» - deyə soruşacaqsan məndən,
ancaq zarafatı boşla və qısqanma;
yeni bir xasiyyət yaranıb məndə həbsxanada
səni sevdiyim kimi olmasa belə
ən azı o qədər sevirəm təbiəti...
və ikiniz də uzaqdasınız...
13 dekabr 1945
gecə qar birdən birə yağmağa başladı.
Ağappaq budaqlardan yüksələn qarğalarla açıldı səhər
Göz işlədikcə Bursa düzənliyində qış:
Başsızlıq və nəhayətsizlik gəlir insanın ağlına.
Sevgilim,
Dəyişdi fəsil
Mübarizə aparan inkişaflardan sonra bir sıçrayışla,
Və qarın altında məğrur
hamarat
Davam edir həyat
14 dekabr 1945
lənət olsun, yenə çox pis başladı qış
sən və namuslu İstanbulum necəsiniz kim bilir?
Kömürün varmı?
Odun almısanmı?
Pəncərələrin kənarına kağız yapışdır,
Şər qarışmamışdan tez yatağına uzan.
Evdə də satmağa heç nə qalmayıb yəqin.
Yarı ac, yarı tox üşümək:
Dünyada, ölkəmizdə və şəhərimizdə
Bu işdə də əksəriyyət bizdə....
YAŞAMAĞA DAİR
1
Yaşamaq zarafat deyil,
Böyük bir ciddiyyətlə yaşayacaqsan,
Bir sincab kimi məsələn,
Yəni yaşamağın xaricində heç nə gözləmədən,
Yəni bütün işin gücün yaşamaq olacaq.
Yaşamağı ciddi qəbul edəcəksən,
Yəni o dərəcədə, o qədər ki,
Məsələn qolları bağlı arxadan, belin divara söykəmisən,
Yaxud iri gözlüklərin,
Ağ köynəyinlə bir laboratoriyada
İnsanlar üçün ölə biləcəksən,
Həm də heç üzünü görmədiyin insanlar üçün,
Həm də səni heç kim buna məcbur etməyib,
Həm də ən gözəl, ən gerçək şeyin
Yaşamaq olduğunu bildiyin bir anda.
Yəni o qədər ciddi qəbul edəcəksən ki, yaşamağı,
Yetmiş yaşında da məsələn zeytun ağacı əkəcəksən,
Həmə də eləcə uşaqlara qalar düşüncəsi ilə yox,
Ölməkdən qorxduğun halda ölümə inanmadığın üçün,
Yaşamaq ağır gəldiyinə görə.
1947
2
deyək ki, ağır əməliyyata girəcək bir xəstəyik,
yəni bəyaz masadan
bir daha qalxa bilməmək ehtimalımiız da var.
Hiss etməmək mümkün olmasa da bir az tez getməyin kədərini
Biz yenə də güləcəyik danışılan bir Bəktaşi lətifəsinə,
Yağış yağırmı deyə baxacağıq pəncərədən,
Yaxud da səbrsizliklə gözləyəcəyik
Son xəbərləri
Deyək ki, uğrunda döyüşməyə dəyən nələr üçünsə,
Deyək ki, cəbhədəyik
Elə orda ilk hücumda, elə o gün
Üzü qoyulu yıxılıb ölmək də mümkün.
Qəribə bir hisslə biləcəyik bunu,
Fəqət yenə də yenə də düşünəcəyik
Bəlkə də illərlə davam edəcək bu savaşın sonunu.
Deyək ki, hbsdəyik,
Yaşımız da təqribən əllidir,
Hələ var açılmağına on səkkiz il dəmir qapının
Yenə də çöl - bayırla birlikdə yaşayacağıq,
İnsanları, heyvanları, davası və ruzgarı ilə
Yəni divarın arxasındakı çöl - bayırla.
Yəni, necə və harda olursaq olaq
Heç ölməyəcəkmiş kimi yaşanacaq...
1948
3
Bu dünya soyuyacaq,
Ulduzların arasında bir ulduz,
Həm də ən balacalarından,
Mavi qədifeyidə bir işıq zərrəsi yəni,
Yəni bu qoca dünyamız.
Bu dünya soyuyacaq bir gün,
Hətta bir buz parçası
Yaxud ölü bir bulud kimi də yox,
Boş bir qoz kimi yuvarlanacaq
Zülmət qaranlıqda ucsuz - bucaqsız.
İndidən duyulacaq ağrısı bunun,
Hiss olunacaq kədəri indidən.
Beləcə seviləcək bu dünya
«Yahadım» - deyə bilmək üçün...
BİR AYRILIQ HEKAYƏSİ
Kişi qadına dedi ki:
- səni sevirəm,
ancaq necə,
ovuclarımda şüşə bir əşya kimi qəlbimi sıxıb
barmaqlarımı qanadaraq
sındırırmışcasına
dəli olurmuşcasına...
Kişi qadına dedi ki:
- Səni sevirəm,
amma necə,
kilometrlərlə dərin, kilometrlərlə dümdüz,
yüzdə yüz, yüzdə min beş yüz
yüzdə hüdudsuz dəfə yüz...
Qadın kişiyə dedi ki:
- Baxdım
dodağımla, ürəyimlə, başımla,
sevərək, qorxaraq, əyilərək,
dodağına, ürəyinə, başına
indi nə deyirəmsə
hamısını qaranlıqda bir pıçıltı kimi sən öyrətmisən mənə...
və mən artıq
bilirəm:
torpağın -
üzü günəşli bir ana kimi -
sonbeşiyini, ən gözəl uşağını əmizdirdiyini...
fəqət neyləyim
saçlarım dolaşıb
ölməkdə olan barmaqlarıma
başımı xilas etməyim
mümkün
deyil!
Sən
Addımlamalısan,
Yeni doğulan bir uşağın
Gözlərinə baxaraq...
Sən
Addımlamalısan
Məni tərk edərək...
Qadın susdu...
Qucaqlaşdılar.
Bir kitab düşdü əllərindən yerə...
Örtüldü bir pəncərə...
AYRILDILAR...
UYGULAYAN: O.HACIMUSALI
http://yazarklub.org/?p=1230
Nazim Hikmət
Nazim Hikmət (20 Yanvar 1902, Saloniki - 3 İyun 1963, Moskva) - Türk şair, yazıçı, rəssam, senarist və dramaturqu, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi olan Nazim Hikmət (Nazim Hikmət Ran) 1902-ci il yanvar ayının 20-də zədagan ailəsində anadan olmuşdur.
O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyəni xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şer yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uçrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.
Nazim Hikmət 1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbsə alınan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.
1929-cu ildə "835 sətir", 1930-cu ildə "Baron-3", 1930-cu ildə "1+1=1", 1931-ci ildə "Səsini itirmiş şəhər" kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı "Cokonda və Şi-Ya - u" poeması, 1932-ci ildə yazdığı "Benerci özünü niyə öldürdü" mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəldilmişdir. Onun "Kəllə", 1932-ci ildə "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", 1935-ci ildə "Şphrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə Türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur.
1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı - "Şeyx Bədrəddinin dastanı" çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin sücetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilmişdir. Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir Türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur.
1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şerləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuşŞ pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eynu adlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.
Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.
Əsərləri
Memleketimden İnsan Manzaraları
Kafatası
Unutulan Adam
Taranta Babu'ya Mektuplar
Ferhad ile Şirin
Kurtuluş Savaşı Destanı
Kız Çocuğu]]
Tahir ile Zühre
Şeyh Bedrettin Destanı
Sevdalı Bulut, (Teatr oyunu)
Seçilmiş əsərləri, 2 cilddə.-B.: Azərnəşr, 1961.-1963; C I.-512 s; C.II.-394 s.
Yaşamaq gözəl şeydir, qardaşım - B.: Yazıçı. 1983. - 180.
Şer kitabları
835 Satır, (1929)
Jokond ile Si-Ya-u, (1929)
Varan 3, (1930)
1 + 1 = 1, (1930)
Sesini Kaybeden Şehir, (1931)
Benerci Kendini Niçin Öldürdü, (1931)
Gece Gelen Telgraf, (1932)
Taranta Babu'ya Mektuplar, (1935)
Portreler, (1935)
Simavna Kadısı Oğlu Şeyh Bedreddin Destanı (1936)
Saat 21-22 Şiirleri, (1965)
Kurtuluş Savaşı Destanı, (1965)
Şu 1941 yılında (Memleketimden İnsan Manzaralarının 3. kitabı), (1965)
Dört Hapishaneden, (1966)
Rubailer, (1966)
Memleketimden İnsan Manzaraları (İlk bölüm), (1966)
Memleketimden İnsan Manzaraları, (1966-1967)
Kuvayi Milliye, (1968)
Oyunları
Kafatası, (1932)
Bir Ölü Evi (veya Merhumun Hanesi), (1932)
Unutulan Adam, (1935)
Ferhat ile Şirin, (1965)
Sabahat, (1965)
İnek, (1965)
Ocak Başında Yolcu (iki oyun birarada), (1966)
Yusuf ile Menofis, (1967)
Romanları
Kan Konuşmaz, (1965)
Yeşil Elmalar (yedi yazardan derleme), (1965)
Yaşamak Güzel Birşey Be Kardeşim, (1967)
Fıkraları
İt Ürür, Kervan Yürür (Orhan Selim adıyla gazetelerde yazdığı yazılar), (1965)
Masal kitabı
Sevdalı Bulut, (1968)
Haqqında olan ədəbiyyat
Bakıya gedirəm: Nazim Hikmət və Azərbaycan.- B.: Yazıçı, 1984.- 167 s.
Fiş R. Nazim Hikmət.- B.: Gənclik, 1981.- 224 s.
İsmayılov A. Nazim Hikmətin həyat və yaradıcılıq salnaməsi.- B.: Yazıçıı, 1990.- 342 s.
Kərimov C. Hikmət xəzinəsi.- B.: Elm, 2000.- 93 s.
Nazim Hikmət.- B.: İşıq, 1978.- 88 s.
Səfərli Ə. Hikmət xəzinəsi.- B.: Maarif, 1992.- 550 s.
Abdullaoğlu A. Nazim Hikmətin pyesləri Azərbaycan tənqidində //Qobustan.-1979.-№ 3.-S.23-27.
Abdulla A. Nazim Hikmət dramaturgiyası Azərbaycan ədəbiyyatşünaslığında //Qobustan.- 1979.- № 4.- S.19-25.
Nazim Hikmət musiqidə //Qobustan.- 1977.- №.2.-.S.22-23.
Nazim Hikmət haqqında yeni kitab //Azərbaycan. -2000.- 27 okt.-S.4.