Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Uşaq hüquqlarının araşdırılması". Demokratiya əlifbasını öyrənək!! İbtidai siniflər üçün dərs proqramı... (Azərbaycan dilində)

Müəllif:

Rolf Qollob, Piter Kraf


Kateqoriya:

Hüqüq ədəbiyyatı və demokratiya



Qısa Təsvir:

"Uşaq hüquqlarının araşdırılması". Demokratiya əlifbasını öyrənək!! İbtidai siniflər üçün dərs proqramı... (Azərbaycan dilində)


Baxış sayı: 3902
    
    


Uşaq hüquqlarının araşdırılması

İbtidai siniflər üçün dərs proqramı

 


Müəlliflər: Rolf Qollob və Piter Kraf

 


Emir Adzoviçlə əməkdaşlıq şəraitində

 


İllüstrasiyaların müəllifi: Emir Haraciç


Giriş


I hissə: 1-9-cu siniflər üçün uşaq hüquqlarına dair kiçik layihələr
Uşaq hüquqları Konvensiyasının dörd əsas prinsipi
1-ci sinif: Mənim adım var - bizim məktəbimiz var
2-ci sinif: Adlar sadəcə hərflərin birləşməsi deyil!
3-cü sinif: Biz sehrbazıq!
4-cü sinif: Bizim hüquqlarımız - bizim xəzinəmiz
5-ci sinif: Biz öz sinfimiz üçün qaydalar yaradırıq
6-cı sinif: Uşaq hüquqları: rəsm əsəri!
7-ci sinif: Mənim istədiyim mənə lazım olandırmı?
8-ci sinif: Mən öz plakatımı düzəldirəm!
9-cu sinif: Biz nəyə görə qaydalara riayət etməliyik?
II hissə: Əlavə
Təməl informasiyalar, sənədlər və tədris materialları
"Bu o deməkdir ki, mənim tənəffüsə çıxmaq hüququm var, elə deyilmi?"
Uşaq hüquqları sinif otağında
Uşaq hüquqlarının tədrisi: tədris metodlarının seçiminə bələdçilik edən əsas
məsələlər
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası ilə bağlı tez-tez verilən suallar
Uşaq hüquqları insan hüquqları prosesinin tərkib hissəsi kimi
Uşaq hüquqları təbii hüquqlar kimi
Uşaq hüquqları necə yaranıb?
Uşaq hüquqları Bəyannaməsi (20 noyabr 1959-cu il)
Uşaq hüquqları haqqında Konvensiya
Aydın de! BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının Kanada gəncləri
üçün hazırlanmış sadələşdirilmiş versiyası
İştirak etməyin yolları
Uşaq hüquqlarına dair İnternet saytları
Uşaq hüquqlarına dair qeydlər


Giriş


Bu kitab ibtidai və aşağı sinif şagirdlərinə uşaq hüquqlarını tədris edən müəllimlər üçün
hazırlanıb. Dərslik aşağıdakıları özündə ehtiva edir:
 Məktəbin ilk 1-ci-9-cu siniflərinin şagirdləri üçün hər biri dörd dərsdən ibarət olan
doqquz kiçik layihə.
 Bu sahədə tədrisə yeni başlayan müəllimlər üçün ətraflı tədris təlimatları. Bu
təlimatlardan müəllimlərin təlimində də istifadə oluna bilər.
 Hər bir layihənin təsviri hissəsinin əvvəlində verilən dərs planı. Dərs planında əsas
suallar, əsas tapşırıqlar və əyani vasitələr göstərilir.
 Tədrisə tapşırıqlarla öyrənmə, diqqətin problemlərin həllinə yönəldilməsi və nümunələrlə
öyrənmə üsulları ilə yanaşma. Bu yanaşma konseptual öyrənmədə, qabiliyyətlərin
aşılanmasında və dəyərlərin və baxışların inkişafında şagirdlərə yardımçı olur.
 Demokratik Vətəndaşlıq Təhsilinin (DVT) əsas prinsiplərinə, açıq və kooperativ
öyrənmənin metod və qaydalarına riayət etmək uşaq hüquqlarını öyrənməyin məzmun və
prinsiplərinin qayəsini dəstəkləyir. (Uşaq hüquqları vasitəsilə öyrənmək, uşaq hüquqları
haqqında öyrənmək və uşaq hüquqları üçün öyrənmək).
 Dərs zamanı fikir yürütmə və müzakirə etmə prosesinə təkan verən vasitə (aşağıya bax).
 Əlavədə tədris üçün və uşaq hüquqları sahəsində əlavə araşdırma aparmaq üçün
materiallar verilib.
Konseptual çərçivə
Uşaqlar hansı hüquqlara malik olduqlarını bilməlidirlər, onlar həmçinin gərək bu
hüquqları dərk etməyi və onlardan istifadə etməyi öyrənsinlər. Buna nail olmaq üçün məktəbdə uşaq hüquqlarının tədrisi sahəsində geniş çeşidli öyrənmə təcrübələrindən istifadə edilməlidir ki, bu öyrənmə təcrübələri də DVT-nin üç əsas kateqoriyası ilə ifadə oluna bilər:
Uşaq hüquqları haqqında öyrənmə: şagirdlər hansı hüquqlara malik olduqlarını bilir və
qavrayırlar (bilik və qavrayış). Uşaq hüquqları "haqqında" öyrənməyə konkret bir sinifdə
konkret bir müəllimin konkret dərs bölgüsü əsasında tədrisi daxildir.
Uşaq hüquqları vasitəsilə öyrənmə: şagirdlər uşaq hüquqlarını sinif otağını və bütövlükdə
məktəbi idarə edən qaydalar kimi təcrübədən keçirirlər (baxışlar, dəyərlər və bacarıqlar).
Uşaq hüquqları üçün öyrənmək: şagirdlər sinifdə və ümumiyyətlə, məktəbdə öz
hüquqlarından faydalanmağa həvəsləndirilir. Bu yolla onlar gələcəkdə demokratik cəmiyyətdə
məlumatlı və fəal bir vətəndaş kimi iştirak etməyə (istər məktəbdə, istərsə də sərbəst həyatda iştirak etməyə) hazırlanırlar. Uşaq hüquqları ruhunda (uşaq hüquqları vasitəsilə) öyrənmək və demokratik cəmiyyətdə necə iştirak etməyi öyrənmək bütövlükdə məktəbin vəzifəsidir. Bütün müəllimlər və baş müəllimlər, eləcə də şagirdlər və onların valideynləri bu işə öz töhfələrini verməlidirlər.
DVT-nin bu üç öyrənmə kateqoriyası bir-birini dəstəkləyir və tamamlayır. Bu dərslikdə
bunun necə baş verdiyi göstərilir. Uşaq hüquqları "vasitəsilə" öyrənmə dedikdə, şagirdlərə
məktəbi insan və uşaq hüquqları normaları ilə idarə olunan bir mikro-icma kimi təcrübədən
keçirməyə imkan verən həssas tədris metodlarının seçilməsi nəzərdə tutulur. Misal üçün, uşaq ona bir şəxs kimi hörmət edildiyini, nə isə müzakirə edilərkən və ya qərar qəbul olunarkən onun fikrinin nəzərə alındığını hiss etməlidir. Təcrübə real həyatda öz əksini tapmalıdır, real həyatdakı təcrübə isə insan və uşaq hüquqları haqqında məlumatlı olmaq və bu barədə düşünməklə birbaşa bağlıdır. İnsan və uşaq hüquqları haqqında məlumatlı olmağın və bu barədə düşünməyin yolu isə uşaq hüquqları "haqqında" öyrənməkdən keçir.
Nümunələr əsasında öyrənmək (induktiv yanaşma) Bu dərslikdə nümunələr əsasında tədrisin klassik induktiv yanaşmasından istifadə olunur.
Bir və ya bir neçə nümunəni öyrənməklə, yaxud təcrübədən keçirməklə şagirdlər ümumi
prinsipi, yaxud mahiyyəti mənimsəyə bilərlər. Bu dərslikdə nümunələrlə tədris zamanı
müəllimlərin etməli olduqları üç şey göstərilir:
1. Müəllim nümunəni diqqətlə seçir və onu hansı üsul və vasitələrlə şagirdlərə çatdırmağa
qərar verir.
2. Müzakirə və fikir yürütmə mərhələlərində şagirdlər ümumi qavrayışlarını inkişaf
etdirir və nümunədə əks olunan əsas ideya və anlayışları mənimsəyirlər.
3. Şagirdlər yenicə əxz etdikləri ideya və anlayışları təkrar tətbiq edirlər.
Müəllimin 2-ci bənddə göstərilənə nail olmasına kömək etmək üçün aşağıda verilən və
DVT-nin və uşaq hüquqları sahəsində tədrisin hər üç kateqoriyasını əhatə edən sual cədvəlindən istifadə olunur. Bu cədvəldə sinifdə şagirdlərin fikir yürütməsinə rəvac verə biləcək başlıca suallar təklif olunur. Şagirdlərin fikir yürütməsi vacibdir, çünki tədrisin məqsədləri müəllimlərin və ya şagirdlərin hafizəsində qapalı informasiya kimi saxlanmamalı, əksinə, şagirdlər onları başa düşdükləri, təcrübədən keçirdikləri, məşq etdikləri, yaxud gələcəkdə etməyi arzuladıqları şeylər kimi öz sözləri ilə ifadə etməlidirlər. Şagirdlərin dərs zamanı öz düşüncələrini öz aralarında bölüşməsindən təkcə onların hər biri yox, bütövlükdə sinif də bir icma kimi faydalanacaq.
Öyrənmə prosesi yalnız o halda güclü və effektiv olar ki, şagirdlər bu və ya digər
informasiyanı, konsepsiya və anlayışı, qabiliyyəti, yaxud demokratik cəmiyyətdə özünü
aparmağın üsul və prinsiplərini niyə və nə üçün mənimsədiklərini bilsinlər. Ona görə də fikir
yürütmə və müzakirə etmə metodlarından təkcə konkret nümunələrdən ümumi nəticələrin hasil edilməsi zamanı yox, bütün öyrənmə prosesində istifadə olunmalıdır. Konstruktiv öyrənmə baxımından, şagirdlərin ümumiyyətlə öyrənməyə öz şəxsi yanaşmaları barədə məlumatı olacaq və onlar özlərinin hansı tip öyrənən olduqlarını, öyrənmə prosesində konkret hansı güclü və zəif tərəflərə malik olduqlarını aşkar edəcəklər. İnsan hüquqları ruhunda tədris ("vasitəsilə") müəllimləri öyrənənlərə nəyisə öyrənmək üçün onların ehtiyaclarına uyğun olaraq vaxt və imkan verməyə həvəsləndirir.
Demokratik idarəçilik perspektivi baxımından, müəllim tədrisin məqsədlərini öz
beynində yalnız ona aid informasiya kimi qapalı saxlamamalı, əksinə onları şagirdlərlə
bölüşməlidir. Belə olduqda dərsin planlanması bir növ demokratik şəraitdə qərar qəbul edilməsi işinə çevrilir.
Beləliklə, uşaq hüquqları dərslərində bu cür öyrənmə bizə elə bir model verir ki, bu
model sayəsində şagirdlərə özlərinin öyrənmə prosesini necə təşkil etməyi öyrətmək olur. Müasir zamanda, məsələn, cəmiyyətdə, texnologiyada, iqtisadiyyatda, qloballaşmada, yaxud ətraf aləmdə getdikcə daha dinamik və mürəkkəb dəyişikliklər baş verir. Bu isə gələcək nəsillər qarşısında həll edilməli yeni vəzifələr qoyur - onlar öz işlərində uğur qazanmaq, qərarların
qəbulu prosesində iştirak etmək üçün bütün həyatları boyu öyrənmə prosesinin içində
olmalıdırlar. Heç kim məktəbdə problemlərin öhdəsindən gələrkən bu günü qabaqcadan görə
bilməz. Ona görə də gərək şagirdlərimiz kooperativ öyrənmə, layihə işi, prosesi qiymətləndirmə və problemin həlli sahələrində mütəxəssis olsunlar. Bu dərslikdə uşaqların öyrənən olaraq həyatlarının ilk çağlarında atması təklif edilən bəzi addımlar təsvir olunub.
Müəllimə köməkçi vasitə kimi, hər bölmənin təsviri hissəsində cədvəl verilmişdir. Həmin
cədvəllərdə müəllimin fikir yürütmə mərhələsində yararlana biləcəyi əsas suallar yer alıb.
İstifadəçi hər bölmənin əvvəlində bu köməkçi vasitəyə rast gələcək.
Bu köməkçi vasitənin sinifdə uşaq hüquqlarını öyrənmə prosesinin hər üç kateqoriyasını
əks etdirən strukturu aşağıda verilir.
Şagirdlərin nə öyrəndiyi barədə həm müəllim, həm də şagirdlər özləri düşünməlidirlər.
Birinci sıradakı suallar müəllim üçün, ikinci sıradakı suallar isə şagirdlər üçün nəzərdə tutulub.
Həm müəllim, həm də şagirdlər üçün olan suallar öyrənmə prosesinin hər üç kateqoriyasını əhatə edir. Öz şagirdlərinin həmin suallara cavab olaraq nə söyləyəcəklərini təxmin etməyə çalışmaq müəllim üçün faydalı olar.